Məhkəmə qərarları › İş №e-2-2(113)-73/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-73/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-73/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2,240.77 (iki min iki yüz qırx manat yetmiş yeddi qəpik) manat faiz borcu, 762.30 (yeddi yüz altmış iki manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 22,903.07 (iyirmi iki min doqquz yüz üç manat yeddi qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli DCS00254666-02 nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “20” avqust 2020-ci il tarixli zm- 60/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 19,900 (on doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış DCS00254666-02 saylı kedit müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında xx.xx.2020- ci il tarixli, DG**********4 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış DCS00254666-02 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilibedilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya Fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə Bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2,240.77 (iki min iki yüz qırx manat yetmiş yeddi qəpik) manat faiz borcu, 762.30 (yeddi yüz altmış iki manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 22,903.07 (iyirmi iki min doqquz yüz üç manat yeddi qəpik) manat təşkil edir, gecikmə gününün sayı 283 gün. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 210 manat məbləğində xidmət haqqı ödəmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırlmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2,768.69 (iki min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu, 2,474,46 (iki min dörd yüz yetmiş dörd manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 25,143.15 (iyirmi beş min bir yüz qırx üç manat on beş qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınınn nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə izahatında qeyd etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər pandemiya dövrünə düşdüyündən əsas borca hesablanmış faiz və cərimə məbləğləri nəzərə alınmamlalı idi. Bununla belə ekspert bankın təqdim etdiyi sənədlər əsasında rəy vermişdir. Dövlət tərəfindən sahibkarların kredit tarixçələrinin pozulmaması üçün bir sıra qərarlar qəbul edilmişdir. Bununla bağlı İddiaçı ASC-nin nümayəndələri ilə də görüşlər keçirmiş, 19.900 manat borcun ödənilməsinə hazır olduğunu, əsas borca hesablanmış cərimə və faizləri nəzərə almağı xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, kredit borcuna hesablanmış faiz və cərimələrin hesablanması düzgün aparılmayıb. İddiaçı ASC Cavabdeh2 MMC qarşı kredit borcunun qaytarılmasına dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2 MMC 19,900 manat əsas, 2,768.69 manat faiz borcu, 2,474.46 manat cərimə borcu olmaqla cəmi 25,143.15 manat borcun, əlavə olaraq Mediasiya prosesi üzrə ödənilmiş 210 manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən kredit borcunun faiz borclarını və cərimə faizini (dəbbə pulunu) Cavabdeh2 MMC apardığı bütün ödənişlərə uyğun hesablamayıb. Cavabdeh tərəfindən ödənilmiş 872 manat faiz borcunun və xx.xx.2021 ci il tarixində ödənilmiş 400 manat məbləğ nəzərə alınmamışdır. Qeyd olunan 400 manat məbləğ dərhal faiz və cərimə borclarına silinmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Koronovirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı X4 tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyası kimi məsələləri də nəzərdə tutur. Qərarda banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməsi kimi göstərişlər öz yerini tapmışdır. Pandemiya şəraitinin uzanması səbəbindən Azərbaycan Respublikası Mərkəzi X5 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronovirus (COVİD-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə 30 iyun 2021-ci il tarixli 19/1 nömrəli dəyişikliklər edilməsi barədə Qərar qəbul etmişdir. Qərara əsasən aşağıdakı bəndə əlavə redaktə verilmişdir. 1. 4.3-cü və 6.1-ci bəndlərdə “01 iyul 2021-ci il” sözləri “01 yanvar 2022-ci il” sözləri ilə əvəz edilsin. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ASC və ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00254666-02 nömrəli kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X1 (bundan sonra - Fond) “20” avqust 2020-ci il tarixli zm-60/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 19,900.00 (on doqquz min doqquz yüz) manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. İddiaçı ASC “kreditor” Cavabdeh2 MMC “borclu” və Cavabdeh1 “zamin” olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli, DG**********4 saylı sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış “10” sentyabr 2020-ci iltarixli DCS00254666-02 №-li kredit müqaviləsinə (bundan sonra -kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən İddiaçı ASC-yə göndərilmiş 10 noyabr 2021-ci il tarixli SİF-XO-12/02-12/925/2021 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ZM-60/2020 nömrəli zəmanət məktubuna əsasən İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə xx.xx.2020-ci il tarixdə 18 ay müddətinə ayırdığı 19.900 manat bank kreditinə dövlət zəmanəti verilmişdir. Lakin xx.xx.2021-ci il tarixindən etibarən sahibkarlıq subyekti tərəfindən öhdəliklərinin icrası gecikdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” Qaydasının 8.1-ci bəndinə əsasən zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Bu Qaydanın 2.1.4-cü yarıımbəndinə əsasən zəmanət dedikdə sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyi başa düşülür. Qeyd olunanları nəzərə alaraq, zamanət üzrə tələb hüququnun müddətinin buraxılması səbəbindən xx.xx.2020-ci il tarixli ZM-60/2020 nömrəli zəmanət məktubu qüvvəsini itirmişdir. xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən 420 manat mediasiya Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. xx.xx.2020-xx.xx.2022 tarixlərini əhatə edən Cavabdeh2 MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, qeyd olunan hesaba xx.xx.2020 tarixində 19.900 manat məbləğində mədaxil olmuşdur. PB/PBL-OUT-00593-2022/4 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 20 may 2022-ci il tarixinə Cavabdeh2 MMC-nin İddiaçı ASC qarşısında DCS00254666-02 nömrəli kredit müqaviləsi üzrə 19.900 manat əsas borc, 2.768,69 manat faiz borcu, 2.474,46 manat cərimə borcu olmaqla cəmi 25.143,15 manat təşkil edir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 28 noyabr 2022-ci il tarixli 9/5045 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 19.900,00 manat, faiz borcu üzrə 3.059,51 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19.900 manat, faiz borcu üzrə 3.404,75 manat. Tədqiqatın dəyəri 145 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və İddiaçı ASC arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində faiz məbləğinin iddia tələbində qeyd olunan məbləğdən daha çox göstərilməsini, iddiaçı tərəfindən isə daha az məbləğin tələb olunduğunu əsas götürərək, hesab edir ki, əsas borc üzrə 19.900,00 manat, faiz borcu üzrə 2,768.69 (iki min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu Cavabdeh2 MMC-dən tutulmalıdır. Digət tərəfdən iş materiallarından görünür ki, Cavabdeh2 MMC və İddiaçı ASC arasında bağlanmış krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 ilə arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə borc alan Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş ödəmədiyini, kredit verən İddiaçı ASC-nin kredit məbləğinin, ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh1 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə məbləği 1990 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat məbləğində mediasiya xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 28 noyabr 2022-ci il tarixli 9/5045 №-li məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 145 manat Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2768.69 (iki min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu, 1990 (bir min doqquz yüz doxsan) manat cərimə, 210 manat ödənilmiş mediasiya xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 145 manat tutularaq (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar