Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7319/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi, lizinq avadanlığının geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, müqaviləyə xitam verilməsi, pul tələbi, lizinq obyektinin qaytarılması) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı müqaviləyə xitam verilməsi, lizinq avadanlığının geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 973.93 manat gecikdirilmiş borcunun, 163.05 manat cərimə borcunun və 31.36 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli KTA-KTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi və “Maschio Gaspardo W 125 CH” markalı 01 ədəd bitki qalıqlarını xırdalayan aqreqatın saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Maschio Gaspardo W 125 CH” markalı 01 ədəd bitki qalıqlarını xırdalayan 18 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 3650 manat təşkil etmişdir. Həmin məbləğin 1352,16 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 730 manat məbləğində ilkin ödəniş ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-cü il tarixə 973.93 manat gecikdirilmiş borcu, 163.05 manat cərimə borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında lizinq avadanlığının hazırda cavabdehin özündə olduğunu, cavabdehin ötən məhkəmə prosesində avadanlığın zəmanət müddəti ərzində “X5” QSC tərəfindən təmir edilməməsini əsas gətirdiyini, bu halın araşdırılması üçün “X5” QSC ilə əlaqə saxladığını, həmin hüquqi şəxs tərəfindən təqdim edilmiş təqdim edilmiş təmir aktının məhkəməyə təqdim edildiyini, xx.xx.2023-cü il tarixli təmir aktına əsasən rediktorun valının dəyişdirildiyini, digər akta münasibətdə istismar xətasının olduğunu və bu barədə cavabdehə məlumat verildiyini, ehtiyat hissənin dəyərinin ödənilməsi yolu ilə təmir ediləcəyi bildirilsə də, cavabdehin ehtiyat hissəsini almadığını, özbaşına avadanlığa müdaxilə etdiyini, qonşudan avadanlığın həmin hissəsini alaraq öz avadanlığına birləşdirdiyini, əldə olunan məlumata əsasən avadanlığın işlək vəziyyətdə olduğunu, cavabdehin avadanlığın 2024-cü ilin yanvar ayından nasaz olduğunu bildirməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 419,67 manat ödəniş edildiyini, cavabdehin ödəniş etməklə texnikanın işlək vəziyyətdə olduğunu qəbul etdiyini, avadanlığın maliyyələşdirilməsi ilə məşğul olduqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi avadanlığın düzəldilməsini iddiaçıdan xahiş etdiyini, qeyd edilən borc məbləğini aylıq qrafik üzrə ödəməyə imkanının olduğunu, avadanlığı 2023-cü il tarixdə aldığını, lakin 5 ay sonra xx.xx.2024-cü il tarixdə avadanlığın nasaz vəziyyətə düşdüyünü, bu barədə iddiaçıya məlumat verdiyini, ustanın rediktorun valının qırıldığını bildirdiyini, bu barədə aktın da tərtib olunduğunu, Şəmkir filialında Ramin bəylə əlaqə saxladığını, valın dəyərinin 700 ABŞ dolları olduğunu, ödəniş ediləcəyi təqdirdə yenisi ilə əvəz edə biləcəklərini bildirdiyini, iddia tələbi üzrə yalnız əsas borcu qəbul etdiyini, cəriməni qəbul etmədiyini, texnikanın hazırda işləmədiyini, müqavilənin ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş (“Maschio Gaspardo W 125 CH” markalı 1 ədəd bitki qalıqlarını xırdalayan aqreqat) kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 3650 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 1352,16 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 2.3.1-ci bəndinə əsasən avans məbləğindən 730 manat ödənilmişdir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yerinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. 1xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li X2 müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektini “Maschio Gaspardo W 125 CH” markalı 01 ədəd bitki qalıqlarını xırdalayan aqreqat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Maschio Gaspardo W 125 CH” markalı 1 ədəd bitki qalıqlarını xırdalayan aqreqat Cavabdeh2 təhvil veril, lizinq alan aktı imzası ilə təsdiq etməklə texnikanı qəbul etmişdir. xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li X2 müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 19 ay müddətində 1-ci ay 17.42 manat, daha sonra 2-ci aydan başlayaraq hər ay 87.1 manat (sonuncu ay 69.72 manat) olmaqla cəmi 1567.84 manat məbləğində lizinq ödənişləri edilməli idi. xx.xx.2023-cü il tarixli GMC ******* nömrəli təmir aktında qeyd olunmuşdur ki, “reduktorun valının salniki” dəyişdirilməlidir. xx.xx.2023-cü il tarixli, GMC ******* nömrəli təmir aktında qeyd olunmuşdur ki, texnikaya baxış keçirilərkən müəyyən olundu ki, “reduktor”un içərisindən yağ sızır, “reduktor” yenisi ilə əvəzlənməlidir. xx.xx.2024-cü il tarixli, GMC ******* nömrəli təmir aktında qeyd olunmuşdur ki, “aqreqatın rediktor valı” qırılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 31,36 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi dörd hissədən: 1) xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li müqavilə üzrə xx.xx.2025-cü il tarixə 973.93 manat əsas borcunun tutulması; 2) xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li müqavilə üzrə 163.05 manat cərimə borcunun tutulması; 3) xx.xx.2023- cü il tarixli KTA-KTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə xitam verilməsi; 4) “Maschio Gaspardo W 125 CH” markalı 01 ədəd bitki qalıqlarını xırdalayan aqreqatın saz və işlək vəziyyətdə geri qaytarılması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında X2 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə lizinq predmeti olan “Maschio Gaspardo W 125 CH” markalı 1 ədəd bitki qalıqlarını xırdalayan aqreqatı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığını və cavabdehin məhkəmə iclasında əsas borcu qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də, xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 973,93 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 163,05 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 48 manat müəyyən olunmalıdır. İddia tələbinin üçüncü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış mübahisəli lizinq müqaviləsində lizinq müddətinin 18 ay olması göstərilmiş, yəni müqavilənin qüvvədə olma müddəti xx.xx.2024cü il tarixdə bitmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qüvvədə olma müddəti bitmiş müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamış, həmçinin bunun üçün zərurət də qalmamışdır. Odur ki, lizinq müqaviləsinin müddəti bitdiyindən ona xitam verilməsinə ehtiyac olmadığı üçün iddia tələbi müqaviləyə xitam verilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin dördüncü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan Cavabdeh2 lizinq haqqını ödəmək öhdəliklərini tam şəkildə icra etməyərək, ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişlər etmədiyindən, İddiaçı ASC lizinq obyekti olan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də həmin hissədə iddia təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30,21 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq predmeti olan “Maschio Gaspardo W 125 CH” markalı 1 ədəd bitki qalıqlarını xırdalayan aqreqat saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh2 xx.xx.2023-cü il tarixli KTAKTT-23/12751 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 973 (doqquz yüz yetmiş üç) manat 93 (doxsan üç) qəpik əsas borc, 48 (qırx səkkiz) manat cərimə borcu və 30 (otuz) manat, 21 (iyirmi bir) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddaiçı İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7319/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7319/2025
06.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver