Məhkəmə qərarları › İş №e-2-2(113)-732/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-732/2023

10.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-732/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Şimşek Kənanın (eyni zamanda Cavabdeh2 qanuni təmsilçisi) iştirakları ilə, İddiaçı cavabdehlər Şimşek Kənana və Cavabdeh2nə qarşı “dividendlərin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şimşek Kənana və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəmiyyət tərəfindən ödənilməli olan dividentlərin hesablanaraq İddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh Kənan Şimşek (22 iyul 2014cü il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Rəsmi nikahda olduğu dövrdə cavabdeh 07 dekabr 2016-cı il tarixində Cavabdeh2 təsis etmiş və Cəmiyyətin təkbaşına icra orqanı olan direktor vəzifəsini özü icra etmişdir. İddiaçı və Cavabdehin rəsmi nikahı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli e-2(006)-659/2021 nömrəli Qətnaməsi ilə pozulmuş və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölüşdürülmüşdür. Həmin Qətnaməyə əsasən Cəmiyyətin Cavabdehin mülkiyyətində olan tam təsis payı tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bölünmüş və İddiaçı Cəmiyyətin nizamnamə kapitalındakı payın əlli faizinin mülkiyyətçisi kimi tanınmışdır. Cavabdeh Cəmiyyətin təsis payının bölünməsi hissəsi də daxil olmaqla məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2(103)-5343/2021 nömrəli Qətnamədə Cavabdehin iddiasını aliment hissəsi istisna olmaqla təmin etməmişdir. Bu iş üzrə digər mərhələlərdə Cəmiyyətin payının bölünməsi məsələsi mübahisələndirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Cəmiyyətin təsisçisi (iştirakçısı) kimi dövlət qeydiyyatına alınmışdır. 16 mart 2022-ci il tarixində Cəmiyyətin fəaliyyəti onun direktoru və təsisçisi olan Cavabdeh tərəfindən Cəmiyyətin yenidən təşkili və onun təşkilati-hüquqi formasının dəyişdirilməsi səbəb göstərilməklə 31 dekabr 2050-ci il tarixinədək dayandırılmışdır. İddiaçı Cəmiyyətin təsisçisi kimi dövlət qeydiyyatına alındıqdan sonra təsisçi (iştirakçı) və birgə nikah dövründə əldə olunmuş əmlakın mülkiyyətçisi olaraq öz hüquqlarını həyata keçirmək məqsədilə Cəmiyyətin maliyyə məlumatlarının təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Cəmiyyətin təkbaşına icra orqanı olan direktor vəzifəsini icra edən Cavabdehə müraciət etmişdir. Müvafiq olaraq, 16 may 2022-ci il və 25 may 2022-ci il tarixli cavab məktublarında İddiaçının bu müraciəti rədd edilmişdir. İddiaçının Cəmiyyət tərəfindən Cavabdehə ödənilməli olan dividentlərə olan hüququ Cəmiyyət təsis edildiyi tarixdən mövcud olmuşdur. Belə ki, Cəmiyyət təsis edildiyi tarixdə, yəni 7 dekabr 2016-cı il tarixində İddiaçı və Cavabdeh rəsmi nikahda olmuşlar. İddiaçının bu hüququ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli e- 2(006)-659/2021 nömrəli və Bakı Apelyasiya Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2(103)- 5343/2021 nömrəli Qətnamələri ilə təsdiq edilmişdir. Buna uyğun olaraq, İddiaçı Cəmiyyətin iştirakçısı olaraq dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şimşek Kənan (eyni zamanda Cavabdeh2 qanuni təmsilçisi) izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********871500 saylı çıxarışından məlum olur ki, Cavabdeh2 MMC-nin təsisçiləri İddiaçı (nizamnamə kapitalındakı payı-50%) və Şimşek Kənandır (nizamnamə kapitalındakı payı-50%). Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Şimşek Kənandır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 iştirakçılarının xx.xx.2022-ci il tarixli növbədənkənar yığıncağının qərarına əsasən cəmiyyətin xalis mənfəətin iştirakçılar arasında onların paylarına mütənasib şəklində divident şəklində ödənilməsinin növbəti yığıncaqda müəyyyən olunacağı və növbəti yığıncağın 09 iyun 2022-ci il tarixində saat 11:00-da keçiriləcəyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli 17/2022 saylı, xx.xx.2022-ci il tarixli 21/2022 saylı məktublarında MMC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2050-ci il tarixə kimi fəaliyyətini rəsmi olaraq dayandırmaq məcburiyyətində qaldığı, bu səbəbdən İddiaçı pay hüququ əldə etdiyi xx.xx.2022-ci il tarixə ödənilmiş və ya ödənilməmiş dividend barədə, cəmiyyətin xalis mənfəəti barədə məlumat olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubuna əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2050-ci il tarixənədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Hazırda, iddiaçı tərəf ona məxsus paya uyğun olaraq dividendin (xalis mənfəətin) hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında divindendin hesablanmasının nədən ibarət olması iddiaçı tərəfindən soruşulmuş, iddiaçı tərəf də, MMC-nin xalis mənfəətinin hesablanaraq bölüşdürülməsini nəzərdə tutulduğu bildirmişdir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları normaları nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90-1.1-cı maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3- və 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. Sadalanmış normaların məzmunundan da, göründüyü kimi cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla bağlı izah edilməlidir ki, cəmiyyətin üzvü mənfəətin bölüşdürülməsi və ümumi yığıncağının keçirilməsi üçün Cəmiyyətə müraciət etməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şimşek Kənana və Cavabdeh2nə qarşı “dividendlərin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar