Məhkəmə qərarları › İş №e-2-2(113)-7322/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7322/2024

31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7322/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi və pulun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 140788,94 manat ümumi borcun 103714,60 manat hissəsinin **********00000 saylı abonent hesabından silinməsi, ümumi borcdan ödənilmiş 37074,34 manat məbləğində pulun iddiaçının **********00000 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 430,79 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən,İddiaçı MMCyəməxsus qeyri-yaşayış sahəsi (çörək sexi) müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2023-cü ilin may ayına qədər tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə aramızda mübahisə yaranmışdır. Belə ki, sonradan bizə məlum olduğu kimi xx.xx.2017-ci il tarixli, A000225 saylı akt əsasında 29216,20 manat, xx.xx.2017ci il tarixli, S0004757 saylı akt əsasında 990,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 24220,46 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 23250,70 manat, 2023-cü ilin fevral ayında (akt bizə təqdim edilməyib) 17021,84 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 24085,38 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 22003,96 manat ümumilikdə isə 7 akt əsasında bizə 140788,94 manat əsassız borc hesablanmışdır. Sözügedən aktlarla bağlı (tərtib edilmələrindən məlumatımız olduqdan sonra) tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə bizə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmizdə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabımıza işlənmişdir. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Çörək bişirmə sexinə qazın verilməsinin dayandırılması istehsalın tamamən dayanması və MMC-nin müflis olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduğumuz üçün məcbur qalıb hesablanmış borcun 37074,34 manat hissəsini ödədik. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu bizə ödətdirməyə çalışır. Bir ildən artıq müddətin keçməsindən sonra cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və bizim aldadıldığımız bizə aydın oldu. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı Məhkəmənin nəzərini bir neçə məqama çəkmək istəyirəm. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi və tam qanunsuz tərzdə bizə ümumilikdə 140788,94 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış sorğuya verilmiş cavabdan görünür ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar dövlət qeydiyyatına alınmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında 13 iyul 2018-ci il tarixli Qaz paylayıcısı ilə sənaye Qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

8. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2017-ci il tarixli, A000225 nömrəli akta görə, iddiaçıya 2017-ci ilin avqust ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 29216,20 manat təşkil edir.

9. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2017-ci il tarixli, S0004751 nömrəli akta görə, iddiaçıya 2017-ci ilin sentyabr ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 990,40 manat təşkil edir.

10. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta görə, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 24220,46 manat təşkil edir.

11. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə, iddiaçıya 2023-cü ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 23250,70 manat təşkil edir.

12. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə, iddiaçıya 2023-cü ilin mart ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 24085,38 manat təşkil edir.

13. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə, iddiaçıya 2023-cü ilin aprel ayı üçün hesablanmış qaz sərfinin ümumi məbləği 22003,96 manat təşkil edir.

14. İddiaçının abonent saldosundan görünür ki, iddiaçının 2024-cü ilin oktyabr ayına olan borcu 103714,60 manat təşkil edir.

15. İddiaçının abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında 2017-ci ilin avqust ayında 29216,20 manat, 2017-ci ilin sentyabr ayında 990,40 manat, 2022-ci ilin dekabr ayında 24220,46 manat, 2023-cü ilin yanvar ayında 23250,70 manat, 2023-cü ilin fevral ayında 17021,84 manat, 2023-cü ilin mart ayında 24085,38 manat, 2023-cü ilin aprel ayında 22003,96 manat borc hesablanmışdır.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, cavabdeh tərəfindən İddiaçı MMC-də xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınamamış və bununla bağlı müraciət daxil olmamışdır. Cavabdehin müraciəti əsasında iddiaçı ilə bağlı ümumiyyətlə hər hansı yoxlama ilə bağlı qeydiyyat aparılmamışdır.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 13 iyul 2018-ci il tarixli tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür.

18. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında 2017-ci ilin avqust ayında 29216,20 manat, 2017-ci ilin sentyabr ayında 990,40 manat, 2022-ci ilin dekabr ayında 24220,46 manat, 2023-cü ilin yanvar ayında 23250,70 manat, 2023-cü ilin fevral ayında 17021,84 manat, 2023-cü ilin mart ayında 24085,38 manat, 2023-cü ilin aprel ayında 22003,96 manat borc hesablanmış, iddiaçı tərəfindən həmin aktlar üzrə cavabdehə ümumilikdə 37074,34 manat vəsait ödənilmişdir.

19. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi aktlar cavabdeh tərəfindən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması faktı üzrə tərtib edilmişdir.

20. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktlarda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

21. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

22. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

23. Materiallardan isə görünür ki, cavabdeh həmin aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

24. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən ona zərər vurulması faktı, qaz sayğacında ümumiyyətlə nasazlıq olması, habelə həmin nasazlığın (olduğu təqdirdə) iddiaçının təqsiri nəticəsində əmələ gəlməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

25. Bundan əlavə, iddiaçıya məxsus abonet haqqında məlumatda göstərilmiş 2023cü ilin fevral ayında tərtib edilmiş akt isə ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, “X1”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

27. Materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrdən görünür ki, sayğac göstəricilərinə əsasən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlarda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “X1”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “X1” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

29. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

30. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

31. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

32. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

34. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

35. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

36. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

37. “X1”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

38. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “X1”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

39. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

40. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

41. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 140788,94 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

42. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 140788,94 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya mübahisələndirilən aktlar üzrə əsassız olaraq hesablanmış 140788,94 manat borcdan 103714,60 manat məbləğində borc silinməli, iddiaçı tərəfindən həmin aktlar üzrə cavabdehə ödənilmiş olan 37074,34 manat məbləğində vəsait isə iddiaçının abonent hesabına geri qaytarılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 430,79 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumu qaytarılır.

47. Belə ki, iş materiallarında olan **********50 və ********** nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi verilərkən 430,79 manat dövlət rüsumu artıq ödənilmişdir. Buna görə də artıq ödənilmiş 430,79 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 37074,34 (otuz yeddi min yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pulun İddiaçı MMC-yə məxsus abonent hesabına geri qaytarılması və İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 103714,60 (bir yüz üç min yeddi yüz on dörd manat altmış qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 430,79 (dörd yüz otuz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 430,79 (dörd yüz otuz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar