Məhkəmə qərarları › İş №e-2-2(113)-7339/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7339/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7339/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina, iradə ifadəsi, restrukturizasiya, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi və onun restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli LM032100163 saylı müqavilə üzrə 6340,46 manat əsas borc, 73,65 manat faiz borcu, 22,98 manat cərimə olmaqla ümumilikdə 6437,09 manat məbləğində pulun və ödənilmiş 84,38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1 iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 12 ay müddətinə illik 27% dərəcəsi ilə 12300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən iddaçının borcalana verdiyi kreditin qalıq məbləği 7425,74 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyənləşdirilmişdir. Daha sonra iddiaçı ilə Cavabdeh2 arasında LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6515,35 manat məbləğində borcu restrukturizasiya olunmuş və borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə, aylıq 111,37 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi bağlanarkən Alıyeva (Kazımova) Esmira Mətləb qızı və Cavabdeh3 ilə iddiaçı arasında LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2.2 Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6437,09 manat: 6340,46 manat əsas, 73,65 manat faiz, 22,98 manat cərimə borcu təşkil edir. 2.3 Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448, 739-cu və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7339/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında borc məbləğini mübahisələndirmədiyini, ödəniş kodunu bilmədiyi üçün ödəniş edə bilmədiyini qeyd etmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 1 dəfə ödəniş etdiyini, borcu hissə-hissə ödəyə biləcəyini bildirdi.

9. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olduğu ünvanlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmışdır. Lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

10. Cavabdeh2 məhkəmənin baxış iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddiaçı (kreditor qismində) ilə Cavabdeh2 (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir (1.1. Kreditor borcalana 12300 USD məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilir (2.2). Kredit 12 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 29014 faiz təşkil edir. (2.4). Güzəşt müddəti yoxdur (2.6).

14. Sözügedən müqaviləyə 1 nömrəli əlavədən görünür ki, kreditin verilmə tarixi xx.xx.2014-cü il, son ödəmə tarixi xx.xx.2015-ci il, kreditin məbləği 12300 USD, kreditin illik faiz dərəcəsi 27%, faktiki illik faiz dərəcəsi 29014%, aylıq ödəniş 1181,20 USD, banka ödəniləcək ümumi faiz məbləği 1874,39 USD, ümumi məbləğ isə 14174,39 USD təşkil edir.

15. 430005074 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 7425,74 ABŞ dolları təşkil edir (1.1). Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin müddəti 12 ay təyin edilir (1.2). Müqaviləyə əlavə edilmiş 13 avqust 2014-cü il tarixli qrafik qüvvədən düşmüş hesab edilir. Tərəflər arasında yeni qrafik tərtib edilir və müqavilənin ayrılmaz hissəsi olmaqla, borcalan tərəfindən kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi müqaviləyə uyğun olaraq həmin qrafik əsasında aparılır (2.3).

16. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2015-ci il, son ödəniş tarixi xx.xx.2016-cı il, hər ay 713,01 ABŞ dolları (sonuncu ay isə 712,93 ABŞ dolları) olmaqla ümumilikdə 8556,04 ABŞ dolları əsas borc, 1130,3 ABŞ dolları faiz borcu üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

17. İddiaçı (kreditor qismində) ilə Cavabdeh2 (borcalan qismində) arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli LM032100163 saylı restrukturizasiya müqaviləsinin şərtlərindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6515 manat 35 qəpik məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür (2.1). Restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir (3.1). Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır (3.3). Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 5 mart 2026-cı il (3.8).

18. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, son ödəniş tarixi xx.xx.2026-cı il, hər ay 111,37 manat (sonuncu ay isə 111,5 manat) olmaqla ümumilikdə 6515,35 manat əsas borc, 166,98 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

19. İddiaçı ilə Alıyeva (Kazımov) Esmira Mətləb qızı (zamin qismində) və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, ləğv prosesində olan bankla borclu arasında bağlanmış LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 6515 manat 35 qəpik borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “zamin” “borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür (1.1). “Borclu” restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “zamin” “borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar (1.2).

20. İddia ərizəsinə əlavə edilmiş 13 fevral 2024-cü il tarixli **********959 nömrəli maliyyə arayışından görünür ki, LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 07 fevral 2024-cü il tarixə əsas borc 6340,46 manat, müqavilə müddətinə faiz borcu 73,65 manat, cərimə borcu 22,98 manat təşkil edir.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, sonuncuya dair LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın 6515 manat 35 qəpik məbləği restrukturizasiya olunmuş, borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq isə Cavabdeh1 və Cavabdeh3 ilə LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncular borcalanın öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər.

22. İddiaçı adıçəkilən 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli LM032100163 saylı müqavilə üzrə 6340,46 manat əsas borc, 73,65 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

23. Cavabdeh2 borc məbləğini mübahisələndirmədiyini, hissə-hissə ödəyə biləcəyini bildirir.

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmirlər, iddiaya heç bir etiraz etmirlər.

25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

26. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

30. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə Cavabdeh2 (borclu) xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə gecikmədə olan borc məbləğinin ödənilməsini tələb etmişdir. Əsas borcun bütünlüklə tələb edildiyi iddia ərizəsinin isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə çatdırıldığı aydın olur.

31. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

32. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

33. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

34. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə borcalan Cavabdeh2 iddia ərizəsini yollayaraq kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

35. Hazırda isə iddiaçı 13 fevral 2024-cü il tarixə olan borc məbləğini tələb edir.

36. 13 fevral 2024-cü il tarixli **********959 nömrəli maliyyə arayışından görünür ki, LM032100163 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 07 fevral 2024-cü il tarixə əsas borc 6340,46 manat, müqavilə müddətinə faiz borcu 73,65 manat təşkil edir.

37. Hesabdan çıxarış məlumatlarını malliyyə arayışı məlumatları ilə müqayisəli təhlil etdikdə aydın olur ki, əsas borc 6340,46 manat, müqavilə müddətinə faiz borcu 73,65 manat təşkil edir.

38. Qeyd olunanları, borcalanın əsas və faiz borcuna etiraz etmədyini, zaminlərin isə prosessual maraq göstərmədiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

39. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

42. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, 24 oktyabr 2014cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli LM032100163 saylı müqavilə üzrə 6340,46 manat əsas borc və 73,65 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASCyə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

44. İddia ərizəsində iddiaçı 22,98 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

47. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

48. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulmalı cərimə məbləğinin 22,98 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

49. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 22,98 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

50. İddiaçı eləcə də 84,38 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 84,38 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,38 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2021-ci il tarixli, LM032100163 saylı müqavilə üzrə 6340,46 manat əsas borc, 73,65 manat faiz borcu, 22,98 manat cərimə olmaqla ümumilikdə 6437,09 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,38 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar