Məhkəmə qərarları › İş №e-2-2(113)-736/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-736/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-736/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, sübutetmə yükü və sübutetmə vəzifəsi, icarə obyektinə yaxşılaşdırmaların əvəzləşdirilməsi, icarəyə verənin icarə obyektinin pisləşməsi ilə dəyən zərərin əvəzinin ödənilməsi tələbinə kəsici müddət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 2779 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlamışdır. Cavabdeh icarəyə götürdüyü qeyriyaşayış sahəsi olan kafeni və orada yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, müqavilədən kənar məqsədlərlə istifadə etməməyi, kafedə olan avadanlıqlara dəyən ziyanı ödəməyi, hər ay 472 manat olmaqla icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 2022-ci ilin noyabr və dekabr ayları üzrə icarə haqqı ödənməmiş, müxtəlif bəhanələrlə bundan imtina edilmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddianın hüquqi və faktiki əsasları olmadığına görə rədd olunmasını xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə təhvil aktı əlavə etmişdir ki, həmin aktda cavabdehin imzası yoxdur. Bu da onu göstərir ki, akt cavabdehin iştirakı olmadan tərtib olunmuşdur. Noyabr və dekabr ayları üçün icarə haqqı isə tam şəkildə iddiaçıya ödənmişdir. Vurulmuş zərər və kommunal xərclərlə bağlı iddia tələbi tamamilə uydurmadır, vurulmuş zərərin həcmi, miqdarı, əsasına dair hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə, iddiaçı öz iddia ərizəsində iddia tələbini əsaslandırmamış, formal olaraq maddi hüquq normalarını qeyd etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 2022-ci ilin dekabrın sonundan icarə obyektini icarəyə verənin tələbi ilə boşaltmışdır. 2022-ci ilin noyabr ayı üçün icarə haqqını tam ödəmiş, dekabr ayı üçün isə ödəniş etməmişdir. Belə ki, cavabdeh icarəyə götürdüyü obyektə əhəmiyyətli yaxşılaşdırmalar etmişdir və həmin yaxşılaşdırmalar icarə haqqı ilə əvəzləşdirilməlidir. Həmçinin icarə obyektini 2022-ci ilin dekabr ayından tərk etsə də, 5000 manata yaxın dəyərdə avadanlıqlarını götürə bilməmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, icarə haqqını hər ay iddiaçının katibəsinə əlbəəl ödəmişdir. Ödənişi təsdiqləyən hər hansı sənədi yoxdur. Eyni zamanda kommunal borclarla da razı deyildir. Dəymiş zərərlə bağlı isə göstərildi ki, iddia ərizəsinə əlavə olunmuş akt birtərəfli qaydada tərtib edilmişdir. İcarə obyektinə heç bir zərər dəyməmişdir. Aktda qeyd olunan əmlaklar icarə obyektində olmamışdır.

8. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq iddiaya etirazla razı olmadığını, cavabdehin xəbərsiz olaraq icarə obyektini tərk etdiyini və pis vəziyyətə saldığını, cavabdeh tərəfindən hər hansı təmir-tikinti işinin aparılmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının, kommunal xərclərin və dəymiş zərərin əvəzinin tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcarədar qismində) ilə cavabdeh (İcarəçi qismində) arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 1/14 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə üzrə İcarədar ona məxsus aşağıda göstərilən sahəni “İcarəçi”yə icarəyə verir, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1). Sahənin yerləşdiyi ünvan: ünvan 1ə məişət binasında 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsini (kafe) icarəyə verir və icarəçi icarəyə (kirayə) götürür (1.2). Sahənin ümumi sahəsi: 100 (bir yüz) kv.m (1.3). İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə “İcarəçi” tərəfindən “İcarədar”a müqavilənin 4.2-ci bəndində göstərilən qaydada ödənilməlidir (4.1). İcarə haqqı 1 kv.m üçün 4.00 manat hesablanmaqla, 100 kv.m x 4.00 manat = 400.00 manat, 400.00 manat x 18% ƏDV = 72.00 manat, cəmi bir ay üçün icarə haqqı 472.00 manat təşkil edir (4.2). Növbəti dövr ərzində inflyasiya nəzərə alınaraq İcarə haqqının məbləği qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər (4.3). Müqavilənin 3.1.5 bəndi ilə “İcarəçi”yə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar “İcarəçi” tərəfindən təyinatı üzrə ayrıca ödənilir.

13. Məhkəməyə təqdim edilən iddiaçı tərəfindən tərtib edilərək birtərəfli qaydada imzalanmış aktdan görünür ki, ümumilikdə 1008,5 manat məbləğində əşyalar təhvil alınarkən əskik olaraq qeyd olunmuşdur.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2019-cu il tarixli 1/14 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ünvan 1ə məişət binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

15. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə 2022-ci ilin noyabr və dekabr ayları üçün aylıq 472 manat olmaqla ümumilikdə 944 manat icarə haqqı, 35 manat sudan istifadə haqqı, 276 manat elektrik enerjisi haqqı və icarə obyekti təhvil alınarkən əskik olduğunu qeyd etdiyi əşyaların dəyərinin və obyektə dəymiş zərərin əvəzi olaraq 1524 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh iddiaya etiraz edərək 2022-ci ilin noyabr ayı üzrə icarə haqqını ödədiyini, icarə obyektinə əhəmiyyətli yaxşılaşdırmalar etdiyini, dekabr ayı üçün icarə haqqının həmin yaxşılaşdırmalarla əvəzləşdirildiyini, dəymiş zərərin isə nədən ibarət olduğunun qeyri-müəyyən olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir.

17. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

21. Məhkəmə icarə haqqı tələbi ilə bağlı bildirir ki, cavabdeh 2022-ci ilin noyabr ayı üçün icarə haqqının ödənildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

22. Göründüyü kimi, iş materialları və cavabdehin izahatları ilə tərəflər arasında icarə münasibətlərinin mövcud olduğu, 2022-ci ilin noyabr və dekabr ayı üçün icarə obyektindən istifadə edildiyi sübut edilsə də, noyabr ayı üçün icarə haqqını ödədiyini iddiaya etiraz kimi irəli sürən cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir.

23. Digər tərəfdən, məhkəmə 2022-ci ilin dekabr ayı üçün icarə haqqının edilən yaxşılaşdırmalarla əvəzləşdirildiyi barədə cavabdehin mülahizələri ilə razı deyildir.

24. Belə ki, 01 iyun 2019-cu il tarixli 1/14 nömrəli icarə müqaviləsinin 1.4-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarəçi” mülahizəsinə görə istənilən vaxt “İcarədar”ın yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı sahədə struktur dəyişiklikləri (o cümlədən rabitə, kompüter, elektrik və s. sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər.

25. Mülki Məcəllənin 700.3-cü maddəsinə uyğun olaraq cavabdehin yaxşılaşdırmaların aparılması ilə bağlı arqumentlərinə tətbiq edilən həmin Məcəllənin 680.2-ci maddəsindən görünür ki, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

26. Həmin Məcəllənin 1090-cı maddəsində isə yaxşılaşdırmaların əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunma üçün üç fərqli tənzimləmə aparılmışdır: – əgər işlərin aparılması sahibkarın (hazırkı halda icarəyə verənin) mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (1090.1); – işlərin aparmağa qəbul olunması sahibkarın (hazırkı halda icarəyə verənin) mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər (1090.2); – işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun (1090.3).

27. Məhkəmə müqavilə şərtlərini və mülki qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, cavabdeh əvvəla belə yaxşılaşdırmaları aparmasını, bu barədə iddiaçıdan yazılı razılıq almasını sübut etməlidir. Başqa sözlə, bu hallar sübut edilmədən Mülki Məcəllənin 1090-cı maddəsinin hazırkı işə tətbiq etmək, yaxşılaşdırmaların icarəyə verənin mənafeyinə və ehtimal olunan istəyinə uyğunluğunu qiymətləndirmək, bu əsasla cavabdehi 2022-ci ilin dekabr ayı üçün öhdəliklərin icrasından azad etmək mümkün deyildir.

28. Belə olan halda, məhkəmə cavabdehin yaxşılaşdırmalarla bağlı mövqeyini də formal mülahizələrə əsaslanmaqla uğursuz hesab edir.

29. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

30. İddiaçı həmçinin kommunal xərclərin, əskik olduğunu qeyd etdiyi əşyaların və obyektə dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

31. Məhkəmə qeyd edir ki, həmin tələblər dəymiş ziyan tələbidir və iddia tələbinin dəymiş zərərlə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

33. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3).

34. Mülki qanunvericiliyin normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, öhdəliyin icra edilməməsi ilə vurulan “zərər”in əvəzinin ödənilməsi üçün 1) zərərin mövcud olması; 2) zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə müvafiq hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

35. Tərəflər arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 1/14 nömrəli icarə müqaviləsinin 3.1.5-ci bəndi təşkil edir. Belə ki, həmin bəndə əsasən, “İcarəçi” müqavilənin 4-cü bəndində müəyyən olunmuş İcarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, su, təbii qaz və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəyir.

36. Cavabdeh həmin tələbə etiraz etdiyindən müvafiq kommunal xərclərin mövcud olduğunu sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Lakin iddiaçı elektrik enerjisi və sudan cavabdehin istifadə etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, elektrik enerjisi və su təbii inhisar subyektləri tərəfindən istehlakçılara paylanır və həmin istifadəyə görə haqq, bir qayda olaraq, sayğac göstəriciləri əsasında müəyyən olunur. İddiaçı isə belə göstəricilərə əsaslanmaqla hər hansı fakturanı məhkəməyə təqdim edə bilməmişdir.

37. İddiaçının əskik olduğunu qeyd etdiyi əşyaların dəyərini və obyektə dəymiş zərərin əvəzini tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əvvəla zərərin mövcud olmasını sübut etməlidir ki, bu barədə yalnız birtərəfli qaydada təqdim etdiyi aktı məhkəməyə təqdim etmiş, başqa sübut təqdim etməmiş, cavabdeh də aktda qeyd olunanların mötəbərliyini mübahisələndirərək qeyd olunan əmlakların icarə obyektində olmadığını bildirmişdir. Beləliklə, iddiaçı qeyd olunan hissədə də sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

38. Digər tərəfdən, Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları ... altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır.

39. İddiaçı hətta zərərin mövcud olduğunu və yuxarıda qeyd edilən halları sübut etsə də, nəzərə alınmalıdır ki, 2022-ci ilin dekabr ayının sonundan icarə obyekti təhvil alınmışdır və iddiaçı yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə 6 aylıq müddəti ötürmüşdür. Qeyd edilən müddət isə mövcud məhkəmə praktikasında kəsici müddət hesab olunur və bu mənada cavabdehin iradəsindən asılı olmayaraq tətbiq edilir. Ona görə də məhkəmə hesab edir ki, dəymiş zərərin ödənilməsi hissəsində iddia əsassız olduğundan təmin oluna bilməz.

40. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış icarə haqqı borcunu iddiaçıya ödəməlidir.

45. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 01 iyun 2019-cu il tarixli 1/14 nömrəli icarə müqaviləsi üzrə 944 manat icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

46. İddia ərizəsinə əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli, MSB18-2023/01433 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 23 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış 1/14 saylı icarə müqaviləsi üzrə 944 (doqquz yüz qırx dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar