Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7378/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İM20240604 nömrəli “İcarə müqaviləsi”nə əsasən yaranmış 7.598,00 (yeddi min beş yüz doxsan səkkiz) manat borcun və 96 (doxsan altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024 tarixli İM20240604 nömrəli “İcarə müqaviləsi” bağlanmışdır. Həmin Müqavilənin 1.1 bəndinə əsasən İcarəyə verən ona məxsus konkret tibbi cihazı və avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müvafiq tibbi cihaz xx.xx.2024-cü il tarixdə təhvil təslim aktı ilə təhvil verilmişdir. Həmin Müqaviləyə müvafiq olaraqaylıq ödənişlər üçün Qiymətlərin razılaşması Protokolu imzalanmışdır (surətləri əlavə edilir). Həmin protokollardan da görünür ki, aylıq icarə haqqı 1700 manat, ƏDVdaxil 2006 manat müəyyən edilmişdir. Cihazlar cavabdehin bilavasitə istifadəsində və sahibliyində olması ilə bağlı 2024cü ildə hər ay sonu Akt tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir (surətləri əlavə edilir). Cavabdeh uzun müddət icarə haqqını gecikmə ilə ödəmiş, bir çox hallarda isə nağd ödəmişdir. Gecikmələr səbəbindən müqavilə ləğv edilmiş və cihazlar xx.xx.2025 tarixində geri təhvil alınmışdır. Lakin həmin vaxta qədər cavabdehin müqavilə üzrə 7.598,00 AZN borcu yığılmışdır. Məsələ ilə bağlı xx.xx.2025 tarixdə elektron qaimə faktura göndərilmiş, bu qaimə təsdiq edilmiş, lakin icra edilməmişdir. Sonralar cavabdeh ilə üzləşmə aktı imzalanmış və müvafiq borcu etiraf etmişdir (surəti əlavə edilir). Həmin borcun tutulması ilə bağlı şifahi danışıqlar aparılsa da nəticə vemrəmiş, xx.xx.2025 tarixində pretenziya göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İM20240604 nömrəli “İcarə müqaviləsi”nə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcərəyə verən ona məxsus aşağıda göstərilən cihazı və avadanlıqları (bundan sonra "cihaz" adladırılacaq) İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Cihazın icarə müddətində yerləşdiyi ünvan: Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi 147
9. Müqavilənin 1.2-ci bəndinə əsasən cihazın adı: Voluson E8
10. Müqavilənin 1.4-cü bəndinə əsasən cihazın ötürücüləri və printer: 4D, Vaginal, Convex, Linear, Cihaz üzərində printer verilir. Printer markası: Sony Up 897
11. Müqavilənin 1.4-cü bəndinə əsasən bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İcarəçi mülahizəsinə görə istənilən vaxt İcarəyə verənin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı cihazda struktur dəyişiklikləri (o cümlədən rabitə, kompyüter, elektrik və s. sistemlərin, avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər.
12. Müqavilənin 1.5-ci bəndinə əsasən icarəçinin apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və cihazı zədələmədən ayrılması mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar cihazm ayrılmaz hissəsi hesab olunur və bu dəyişikliklərə görə İcarəçi icarəyə verəndən ödəniş o cümlədən, hər hansı bir öhdəlik tələb etmək hüququna malik deyil.
13. Müqavilənin 1.6-cı bəndinə əsasən əgər Müqavilənin müddəti bitdikdən sonra geri qaytarılan cihazm fiziki görünüşündə və daxili sistemində hər hansı nasazlıq yaranarsa buna görə öhdəliyi icarəçi daşıyır və icarəçi cihaza vurulan ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur.
14. Müqavilənin 1.7-ci bəndinə əsasən icarəçi bu Müqavilə üzrə icarəyə götürdüyü cihazı müqavilənin 1.2 bəndində göstərilən ünvandan başqa bir ünvana subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə yalnız İcarəyə verənin yazılı razılığı ilə verə bilər.
15. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı cihaz 15 gün müddətində 1000 AZN (Min manat) 16-cı günə keçdikdə icarə haqqı 1700 (Min Yeddi yüz manat) Azərbaycan manatı təşkil edir.
16. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 1-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir.
17. Müqavilənin 4.3-cü bəndinə əsasən icarənin üç ayı ərzində icarə haqqının məbləği dəyişməz olaraq qalır. Növbəti aylarda bütün icarə müddətinə və sonradan uzadıldığı dövr ərzində inflyasiya və devalvasiya nəzərə alınaraq İcarə haqqınm məbləği qarşılıqlı razılıq əsasmda dəyişdirilə bilər.
18. Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilənin 3.1.4 bəndi ilə İcarəçiyə aid edilən xərclər icarə haqqma daxil deyil və onlar İcarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilir.
19. Müqavilənin 4.5-ci bəndinə əsasən 1700 AZN 1 aylıq icarə haqqı əvvəlcədən ödənir və icarəçi 2-ci ödənişi 04 iyul 2024-cü il tarixindən başlayaraq hər ay ödəyir.
20. Müqavilənin 4.6-cı bəndinə əsasən 4.1 Bəndində qeyd edilən məbləğə ədv daxil deyil.
21. Tərəflər arasında başlanmış 12/1 №-li 04 iyun 2024-cü il tarixli Qiymət razılaşdırılması protokoluna əsasən Voluson E8 cihazının 1 aylıq icarə haqqı 1700 manat (ədv daxil 2006 manat) məbləğində razılaşdırılmışdır.
22. İddiaçı tərəfindən cavabdehə icarə haqqına dair xx.xx.2025-ci il tarixli MT**********91 saylı 8965,64 manat məbləğində e-qaimə göndərilmişdir.
23. 30 iyun 2024-cü il tarixli 30/06 saylı, 30 iyul 2024-cü il tarixli 30/07 saylı, 30 avqust 2024-cü il tarixli 30/08 saylı, 30 sentyabr 2024-cü il tarixli 30/09 saylı, 31 oktyabr 2024-cü il tarixli, 30/10 saylı, 30 noyabr 2024-cü il tarixli 30/11 saylı, 31 dekabr 2024-cü il tarixli 30/12 saylı Aktlara əsasən 1700 manat məbləğində icarə haqqı təşkil edən avadanlıq Dəniz Hospital” MMC-nin istifadəsində olmuşdur.
24. 01.01.2025-xx.xx.2025-ci il tarixli mühasibat xidməti əsasında qarşılıqlı hesablaşmalar üzrə Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan əsas borc məbləği 7598 manat, ƏDV üzrə borcu isə 1367,64 manat məbləğində müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
31. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
32. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
33. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
34. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında avadanlıqların icarəsinə dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcərəyə verən ona məxsus aşağıda göstərilən cihazı və avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
35. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (e-qaimə, təhvil Aktları və borca dair qarşılıqlı üzləşmə aktı) təsdiqini tapdığından iddia tələbinin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə xx.xx.2024-cü ci il tarixli icarə müqaviləsi üzrə 7598 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 96 manat dövlət rüsumu ödənilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 96 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 7598 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 96 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova