Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-738/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, pretenziya, inzibati xəta, protokol, təqsir, səbəbli əlaqə, hüquqazidd əməl) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qanuni nümayəndə2 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 960 manat məbləğində maddi zərərin, 40 manat mediasiya xərcinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məhkəmə prosesində iştirak üçün yol xərclərinin cavabdehdən İddiaçı (bundan sonra İddiaçı MMC) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra məhkəmə iddiaçı Qanuni nümayəndə2 əsl İddiaçı MMC ilə əvəz etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının balansında olan **-AR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobilə Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qeyri-qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən eyni tarixdə iki ədəd protokol tərtib edilmişdir. Belə ki, yerli polis idarəsi iddiaçıya göndərmiş olduğu sorğunun qeyd edilmiş ünvana və şəxsə çatmadığını bildiyi halda, həmin protokolları tərtib etmişdir. Halbuki hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Sorğunun ünvana çatmadığı halda protokolun tərtib edilməsi qeyri-qanuni hesab edilir. İddiaçının ünvan ünvanlanan sorğu məktubuna cavab olaraq, yerli polis idarəsi tərəfindən göndərilmiş məktubun başqa ünvana və şəxsə çatdırıldığı rəsmi olaraq etiraf edilmiş və üzrxahlıq məktubu göndərilmişdir. Nəticədə iddiaçı hüquqi şəxsə protokolların hər biri 480 manat olmaqla 960 manat məbləğində maddi ziyan dəymişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydaları Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 12-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. Həmçinin daxili poçt göndərişlərinin çatdırılmaması, vaxtında çatdırılmaması, zədələnməsi və itirilməsi, habelə pul köçürmələrinin ödənilməməsi və vaxtında ödənilməməsi ilə bağlı şikayətlər poçt göndərişinin, pul köçürməsinin qəbul günündən sonrakı 6 ay müddətində irəli sürülür və poçt göndərişinin qəbul günündən altı aydan çox vaxt keçdikdə pretenziya təmin olunmadan geri qaytarılır. Lakin iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən aydın olduğu kimi poçt göndərişinin xx.xx.2020-ci il tarixində poçt şöbəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 9 aydan artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi və əlavə etdiyi qoşmadan məlum olduğu kimi xx.xx.2021-ci il tarixli məktub Cavabdeh MMC-nin müvafiq poçt şöbəsi tərəfindən cavablandırılmışdır. Lakin fiziki və ya hüquqi şəxslər tərəfindən daxil olan müraciət, sorğu və digər başqa təyinatlı məktublar birbaşa Cavabdeh MMC tərəfindən cavablandırılmalıdır. Bu səbəblə Cavabdeh MMC-nin müvafiq poçt şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 6PF-13/780 nömrəli məktubu səlahiyyəti olmayan şəxs tərəfindən göndərildiyindən həmin məktub məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olmayan sənəd kimi mötəbər sübut hesab edilməməlidir. Əlavə olaraq, iddiaçı ərizəsində və ya ərizəyə əlavə etdiyi sənədlərdə ona iddiaçının təqsiri nəticəsində zərər dəydiyi barədə sübut təqdim etməmiş və həmin sübutları təqdim etməməsi barədə hər hansı üzrlü səbəb göstərməmişdir.
5. Cavabdeh iddiaya etirazının hüquqi əsası kimi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77.1-ci və s. maddələrinə istinad etmişdir. II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat daha əvvəl bir neçə dəfə Binəqədi Rayon Polis İdarəsinə verilsə də, yerli polis idarəsi nəqliyyat vasitəsi sürücüsünün inzibati xəta törətməsi ilə əlaqədar həmin məlumatları yenidən sorğu etmişdir. Bu zaman cavabdehin əməkdaşları həmin sorğu məktubunu iddiaçıya çatdırmamış, lakin xəbərnaməyə Əliyev soyadlı şəxs imza edərək, həmin xəbərnaməni göndəriş çatdırılmış kimi Binəqədi Rayon Polis İdarəsinə qaytarmışlar. Həmin sorğu məktubunda iki ayrı sorğu olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə APXXXX və APXXXX seriya və nömrəli protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Cavabdehin əməkdaşları tərtib edilən protokollarla bağlı keçirilən məhkəmə iclaslarının bildirişlərini də iddiaçıya çatdırmamış, bu səbəbdən həmin iclaslar iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Həmin məhkəmə qərarlarından apellyasiya şikayəti verilmiş, nəticədə protokollardan biri barədə icraata xitam verilmiş, digəri isə qüvvədə saxlanılmışdır.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, inzibati xəta protokolları üzrə çıxarılmış məhkəmə qərarlarından yalnız 2020-ci ilin oktyabr və 2021-ci ilin fevral aylarında xəbəri olmuş, dərhal da iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin 17 noyabr 2020-ci il və 07 dekabr 2020-ci il tarixlərində 6 saylı poçt filialına məktubla müraciət edilsə də, həmin məktublar cavabsız qalmış, yalnız 31 mart 2021-ci il tarixli məktuba poçt filialı cavab verərək, yanlışlığa yol verdikləri üçün üzrxahlıq etmişdir.
8. Cavabdehin nümayəndəsi X2 məhkəməyə iddiaya etirazın məzmuna uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, iddiaçı “Poçt haqqında” Azərbaycan Respublikası Qanununa və “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən nəzərdə tutulmuş 6 aylıq pretenziya müddətini ötürmüşdür. Belə ki, iddiaçı yalnız 31 mart 2021-ci il tarixdə yerli poçt filialına müraciət etmişdir. Qeyd etdiyi digər – 17 noyabr 2020-ci il və 7 dekabr 2020-ci il tarixli məktublarının cavabdehə təqdim edilməsi barədə isə hər hansı sübut təqdim etməmişdir. Həmçinin yerli poçt filialının 31 mart 2021-ci il tarixli məktuba cavab vermək hüququ olmamışdır. Bundan başqa bildirmişdir ki, protokollardan biri üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən həmin hissədə ziyan mövcud deyil, digər protokol üzrə isə inzibati tənbeh tətbiq etmək haqqında qərarın 1 illik icra müddəti keçmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, XXXX iddiaçının məktubuna cavab verilən tarixdə - 07 aprel 2021-ci il tarixdə həqiqətən 6 saylı poçt filialının rəhbəri vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Lakin digər - 07 dekabr 2020-ci il tarixli məktubda adı qeyd edilən S.XXXX xx.xx.2019-cu il tarixdən öz vəzifəsindən azad edilmişdir. Eləcə də hazırda 6 saylı poçt filialı ləğv edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
12. Bundan başqa, qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə inzibati xətalar üzrə icraat çərçivəsində qəbul edilmiş məhkəmə qərarlarının mülki işlər və ya kommersiya mübahisələri üçün preyudisiallığı müəyyən edilmədiyindən, həmin qərarların əsasında duran halların mövcud olub-olmaması da digər hallar kimi sübutlar əsasında qiymətləndirilməlidir.
13. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, xx.xx.2020-ci il tarixdə **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən APXXXX və APXXXX seriya və nömrəli protokollar tərtib edilmiş, inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hər iki protokolun tərtib edilməsinin əsasını Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı MMC-yə göndərilən sorğunun 22 iyun 2020-ci il tarixdə “Əliyev” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilməsinə baxmayaraq, MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı həmin idarəyə təqdim etməməsi təşkil etmişdir. APXXXX seriya və nömrəli protokol üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçı 300 manat məbləğində cərimələnmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək iş yenidən birinci instansiya məhkəməsinə qaytarılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının təqsirsiz olması səbəbindən inzibati xəta üzrə icraata xitam verilmişdir. APXXXX seriya və nömrəli protokol üzrə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı 300 manat məbləğində cərimələnmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Cərimələrin ödənilməməsinə görə hər bir tənbeh üzrə 180 manat dəbbə pulu hesablanmışdır.
14. Bundan başqa məhkəmə müəyyən edir ki, Binəqədi Rayon Polis İdarəsindən iddiaçıya göndərilmiş sorğu məktubu SS660119675AZ izləmə kodlu xəbərnaməyə “Əliyev” soyadlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə imza edilməklə qəbul edilmiş, həmin məktubun 20 iyun 2020-ci il tarixdə Cavabdeh MMC-nin 6 saylı poçt filialı tərəfindən qəbul edilərək səhvən başqa ünvana çatdırıldığı, bu səbəbdən üzrxahlıq edildiyi də həmin filialın 07 aprel 2021-ci il tarixli məktubu ilə təsdiqlənmişdir (məktub poçt filialının rəis əvəzi XXXX tərəfindən imzalanmışdır).
15. İddiaçı poçt filialının yol verdiyi yanlışlıqla bağlı dəymiş zərərin əvəzi kimi 960 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş edir və pretenziya müddətinin ötürüldüyünü və poçt filialının cavab məktubunun səlahiyyəti olmayan şəxs tərəfindən verildiyini qeyd edir. Eyni zamanda, protokollardan biri üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən həmin hissədə ziyanın mövcud olmadığını, digər protokol üzrə isə inzibati tənbeh tətbiq etmək haqqında qərarın 1 illik icra müddətinin keçdiyini bildirir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
18. Məhkəmə, barəsində protokol tərtib edilmiş bir inzibati xəta üzrə iş üzrə icraata xitam verildiyindən həmin hissədə ziyanın mövcud olmadığı ilə bağlı cavabdehin mövqeyini əsaslı, cavabdehin etirazının əsasını təşkil edən digər arqumentləri isə əsassız hesab edir və bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır.
19. Azərbaycan Respublikasında poçt sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsasları, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətlər “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra “Poçt haqqında” Qanun) müəyyən edir.
20. Həmin Qanunun 8-ci maddəsi ilə poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi olan poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri təsbit edilmiş, həmin prinsiplər sırasında istifadəçilərin hüquqlarının qorunması da qeyd edilmişdir.
21. Həmin Qanunun istifadəçilərin hüquqları adlanan 21-ci maddəsinə əsasən, poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir (21.1). Poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər (21.2). İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir (21.3). İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir (21.4).
22. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 1.4.16-cı bəndinə əsasən, istifadəçi dedikdə göndərici və ya alıcı nəzərdə tutulur.
23. Həmin Qaydaların 12.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir.
24. Göründüyü kimi, poçt rabitəsi haqqında qanunvericilikdə istifadəçinin – göndəricinin və ya alıcının poçt rabitəsi operatoruna öz iradını bildirmək, pretenziya vermək hüquqları təsbit edilmiş, poçt rabitəsi istifadəçilərinin hüquqlarının qorunması prinsipindən irəli gələrək şəxsin (istifadəçinin) məhkəməyə müraciət etmək hüququ bilavasitə həmin pretenziya qaydasına riayət edilməsi ilə şərtləndirilməmişdir. Təsadüfi deyildir ki, “Poçt haqqında” Qanunun müvafiq müddəası məhz istifadəçinin məsuliyyəti və ya vəzifələri yox, hüquqları adlandırılmış, həmçinin həmin Qanunun 27-ci maddəsində poçt rabitəsi fəaliyyəti ilə bağlı mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edildiyi qeyd edilmiş, həmin maddədə də istifadəçinin müvafiq vəzifəsi nəzərdə tutulmamışdır. Həmçinin bu hüquq çərçivəsində poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı iradın verilməsi (6 ay müddətində) nəzərdə tutulmuşdur ki, hazırkı mübahisə bilavasitə poçt göndərişinin başqa ünvana çatdırılması ilə bağlı yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının 31 mart 2021-ci il tarixli mahiyyətcə poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmaması ilə əlaqədar pretenziya (irad) olan ərizəsi Qaydaların 12.12.3-cü bəndinə uyğun olaraq əsaslandırılaraq təmin olunmadan geri qaytarılmamış, əksinə mahiyyəti üzrə cavablandırılaraq üzrxahlıq edilmişdir.
25. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının pretenziya vermək vəzifəsi poçt rabitəsi haqqında qanunvericilikdə nəzərdə tutulmamış, həmçinin poçt göndərişinin başqa ünvana çatdırılması ilə bağlı istifadəçinin poçt rabitəsi operatoruna müraciət etmək hüququ isə hər hansı müddətlə şərtləndirilməmişdir (6 aylıq müddət yalnız poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə əlaqədar nəzərdə tutulmuşdur).
26. Eyni zamanda məhkəmə qeyd edir ki, “Poçt haqqında” Qanunda istifadəçinin iradının göndərişin qəbulu günündən keçən 6 ay ərzində verilə biləcəyi qeyd olunmuşdur ki, həmin norma poçt xidmətinin istifadəçisi kimi göndəriciyə aid münasibətləri tənzimləyir. Hazırkı mübahisə üzrə isə iddiaçı poçt xidmətinin istifadəçisi – alıcıdır. Hətta 6 aylıq müddətin alıcıya aid edilməsi nəzərdə tutulsa belə, pretenziya müddətinin başlanğıcının hesablanması qaydası iddiaçıya aid edilə bilməz. Hazırkı iş üzrə iddiaçı, APXXXX seriya və nömrəli protokol (cərimə növündə tənbehin qüvvədə olduğu) üzrə inzibati xəta haqqında iş barəsində 2021-ci ilin fevral ayında xəbər tutduğunu bildirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarından görünür ki, inzibati xəta haqqında materiallara baxılarkən iddiaçı iclasda iştirak etməmişdir. İnzibati xəta haqqında iş üzrə məhkəmə qərarından şikayət vermə müddətinin 10 gün olduğunu, verilən şikayətə daxil olduğu gündən 10 gün müddətində baxılmalı olduğunu, 24 noyabr 2020-ci il tarixli qərardan verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixdə qərar qəbul etdiyini və iddiaçının 31 mart 2021-ci il tarixdə ərizə ilə müraciət etdiyinin təsdiq olunduğunu nəzərə aldıqda görünür ki, iddiaçı APXXXX seriya və nömrəli protokol üzrə inzibati xəta haqqında iş barəsində məlumatı olduğu vaxtdan 6 aylıq müddət daxilində cavabdehin müvafiq filialına müraciət etmişdir.
27. Cavabdehin etirazının digər əsasını təşkil edən 6 saylı poçt filialının iddiaçının 31 mart 2021-ci il tarixli ərizəsinə cavab vermək səlahiyyətinin olmaması ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, “Poçt haqqında” Qanunun 21.2-ci maddəsi istifadəçinin iradını müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verə biləcəyini təsbit etmişdir. Cavabdeh də iddiaçının 31 mart 2021-ci il tarixli ərizəsinə 6 saylı poçt filialının 07 aprel 2021-ci il tarixli cavab məktubunu imzalayan şəxsin rəis əvəzi olduğunu təsdiqləmiş, sənədin mötəbərliyini mübahisələndirməmişdir.
28. İnzibati tənbeh tətbiq etmək haqqında qərarın icra müddətinin keçməsi ilə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 146-cı maddəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasında inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən müddət keçmə əsası ilə icra edilməməsi inzibati cərimə növündə tənbeh istisna edilməklə təsbit edilmiş, daha sonra qanuna edilmiş dəyişikliyə əsasən isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməməsi təsbit olunmuşdur. Göründüyü kimi etiraz bu hissədə də əsassızdır.
29. Məhkəmə dəymiş zərərin tutulması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
31. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Həmin Məcəllənin 1096-cı maddəsi isə mülki hüquq pozuntusuna anlayış verir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusuna görə mülki hüquqi məsuliyyətə cəlb olunma üçün 1) zərərin mövcud olması; 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
33. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2).
35. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Məhkəmə qeyd edir ki, APXXXX seriya və nömrəli protokol üzrə inzibati xəta üzrə icraata iddiaçının təqsirsizliyi müəyyən olunaraq xitam verildiyindən həmin protokola əsasən məhkəmə tərəfindən tətbiq olunan inzibati tənbeh (dəbbə pulu ilə birlikdə) zərər kimi qiymətləndirilə bilməz. Lakin APXXXX seriya və nömrəli protokola əsasən tətbiq edilən inzibati tənbeh – 300 manat məbləğində cərimə iddiaçının əmlakından məhrum olma kimi qiymətləndirilməlidir.
37. Həmçinin Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
38. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
39. Məhkəmə qeyd edir ki, APXXXX seriya və nömrəli protokola əsasən tətbiq edilən cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qəti qərarı ilə qüvvəyə minsə də, iddiaçı müvafiq cərimə məbləğini ödəməyərək zərərin artmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, APXXXX seriya və nömrəli protokol üzrə məhkəmə qərarına əsasən tətbiq edilən cəriməyə hesablanan 180 manat məbləğində dəbbə pulu zərər kimi cavabdehdən tutula bilməz.
40. “Poçt haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirir.
41. Qaydaların 9.13-cü bəndinə əsasən, hüquqi şəxslərə ünvanlanmış sadə və sifarişli məktublar, poçt kartları, poçt göndərişlərinin və pul köçürmələrinin çatdırılması haqqında xəbərnamələr, poçt göndərişlərinin və pul köçürmələrinin daxil olması haqqında bildirişlər, dövrü çap nəşrləri, əgər poçt rabitəsi operatoru ilə bu hüquqi şəxslər (müəssisələr) arasında bağlanmış müqavilə ilə digər qayda müəyyən edilməyibsə, hüquqi şəxsin yerləşdiyi binanın birinci mərtəbəsində dəftərxana, ekspedisiya şöbələrində çatdırılır və ya poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə etibarnamə əsasında verilir. Həmin Qaydaların 9.29-cu bəndinə görə, xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir.
42. Müvafiq məktub isə nə hüquqi şəxsin dəftərxana, ekspedisiya şöbələrinə çatdırılmış, nə də səlahiyyətli nümayəndəsinə etibarnamə əsasında verilmişdir. 6 saylı poçt filialının müvafiq məktubu ilə də təsdiq olunur ki, məhz poçtalyonun səhvi nəticəsində məktub başqa ünvana çatdırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, poçt rabitəsi operatoru sözügedən göndərişi poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun çatdırmamaqla hüquqazidd hərəkətə yol vermişdir.
43. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
44. Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilən sorğu poçt rabitəsi operatoru tərəfindən xx.xx.2020-ci il tarixdə başqa ünvana çatdırıldığından və iddiaçı barəsində müvafiq inzibati tənbehin tətbiq olunmasının əsasını təşkil etdiyindən poçt rabitəsi operatorunun hüquqazidd əməli ilə mövcud zərər arasında səbəbli əlaqə mövcuddur.
45. Hüquqazidd əməlin təqsirli olaraq törədilməsi ilə bağlı bildirilməlidir ki, mülki hüquqda təqsir şəxsin öz əməlinə və onun nəticəsinə qəsd və və ya ehtiyatsızlıq formasında olan psixi münasibətidir. Hazırkı halda, 6 saylı poçt filialının poçtalyonunun müvafiq ünvanları fərqləndirmədən iddiaçıya çatdırılmalı olan məktubu başqa ünvana çatdırması, müvafiq ünvanda məktubu qəbul edənin iddiaçı ilə hər hansı bağlılığının olubolmamasını araşdırmaması, beləliklə öz əmək vəzifələrinin icrasında yayınması müvafiq təqsirin – öz hərəkətləri və onların nəticələrini anlayaraq, onlara müvafiq formada yol verməyin göstəricisidir. Hüquqi şəxs isə öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi APXXXX seriya və nömrəli protokola əsasən tətbiq edilən inzibati tənbehin – 300 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. b) Məhkəmə xərcləri ilə bağlı
47. İddiaçı 40 manat mediasiya xərcinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məhkəmə prosesində iştirak üçün yol xərclərinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB/3-01869 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 06 dekabr 2022ci tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərcini ödəmişdir.
49. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
50. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
51. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
52. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
53. Bundan başqa, Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********* nömrəli qəbzlə 30 manat məbləğində pul iddiaçının qanuni təmsilçisi tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.
56. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.11-ci maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
57. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.1-ci maddələrinə görə, pul vəsaiti alınması haqqında iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir.
58. Hazırkı iddianın qiyməti 960 manat təşkil etdiyindən, iddiaçının məhkəməyə müraciət edərkən ödəməli olduğu dövlət rüsumunun məbləği də 30 manatdır.
59. Eləcə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
60. Belə olan halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən nəzərdə tutulmuş dövlət rüsumunun məbləği mediasiya xərcləri ilə tam əhatə olunduğundan, dövlət rüsumunu ödəməkdən azad edilmişdi. Lakin buna rəğmən, müvafiq məbləğdə dövlət rüsumu ödənmişdir.
61. Məhkəmə hesab edir ki, artıq ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz.
62. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri daxildir.
63. Hazırkı iş üzrə iddiaçı tələb olunan yol xərcləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
64. Yol xərclərinin çəkilməsi ilə bağlı sübutun təqdim edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, tələb olunan məhkəmə xərci cavabdehdən tutulmamalıdır.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçıya vurulmuş zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova