Məhkəmə qərarları › İş №e-2-2(113)-7388/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7388/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7388/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1404 (bir min dörd yüz dörd) manat maddi ziyan, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 34,04 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 SX MİNİK” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Sürücü Cavabdeh **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 fevral 2025-ci il tarixdə zədəli nasaz halda avtoservisə gətirmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə texniki baxış keçirilmişdir. Baxış keçirilən zaman aşağıdakı zədə və nöqsanlar müəyyən edilmişdir. Avtomobilin ön hissəsiciddi xəsərətlər alaraq möhkəm əzilib. Ön bufer, kapot, krılo, fara, dumannı, podkrelnik və digər detallar tamamilə yararsız hala düşüb. Zədə və nöqsanların tam görünməsi üçün bufer, kapot və krılo sökülməlidir. Avtomobilə dəymiş zərər və zərərin aradan qaldırılması üçün lazım olan məbləğin 1500 manata qədər ehtimal olunması sürücünün diqqətinə çatdırılmışdır. Lakin sürücü bu məbləği ödəməkdən və aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1404 (bir min dörd yüz dörd) manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakıehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Krılo ön sağ, qara qoruyucu turba, bufer ön, fara ön sağ, duman fənəri ön sağ, duman fənərinin (oçkisi) kantı, zibil qutusu, podkrelnik ön sağ, brızqavik ön sağ (palçıq ötürən), obliçovka üst. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Dəmirçi: Bakavin və panel dartılır düzəldilir, kapot və şveller döyülüb düzəldilir, krılo sökülüb dəyişdirilir. Rəngsaz: kapotun iç-çölü, bakavin sağ, krılo ön sağ, bufer ön-rənglənir, polirovka olunur (materiallar daxil) Plastmastçı/Armaturçu: ön bufer,zibil qutusu, podkrelnik, brızqovik, obliçovka-sökülüb dəyişməsi Elektrik: ön sağ fara, ön duman fənəri və oçkisinin sökülüb dəyişdirilməsi. Ehtiyat hissələrinin cəmiməbləği 724 (yeddi yüziyirmi dörd) manat, usta xidməti 680 (altı yüzsəksən) manat təşkiletmişdir. Cavabdehə bu barədə məlumat verilsə də,Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1404 (bir min dörd yüz dörd) manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixində pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Eyni zamanda iddia ərizəsi də cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Cavabdeh maddiziyanın alınmasınımümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçıarasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə; - 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəzetməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.11-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir.

8. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 550 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. 6 aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur.

11. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 6.1-ci bənddə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq.

12. Müqavilənin 6.3-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, aralarında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılacaqdır.

13. xx.xx.2025-ci il tarixli təhvil təslim aktına görə “Ravon Nexia R3 Minik” markalı, 77- HB-291 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir.

14. Nəqliyyat vasitəsinin təhvil alınmasına dair xx.xx.2025-ci il tarixli akta görə, “Ravon Nexia R3 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə avtoservisə gətirilmiş, keçirilən baxış zamanı avtomobilin qəzalı olduğu müəyyən olunmuşdur.

15. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1404 manat təşkil edir.

16. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Ravon Nexia R3 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumilikdə 1404 manat məbləği xx.xx.2025-ci il tarixdə avtoservisə ödənilmişdir.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd cd diskdə mövcud olan görüntülərdən məlum olur ki, sürücünün iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinə zərər dəydiyi müəyyən edilir.

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

22. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

23. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

24. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

25. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

26. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

29. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

30. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

31. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan “Ravon Nexia R3 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025ci il tarixli müqavilə əsasında cavabdehin sahiblik və istifadəsinə vermiş, avtomobil xx.xx.2025-ci il tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 550 manat iddiaçıya vəsait ödənilmiş, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsi cavabdeh tərəfindən geri qaytarılmış, icarə müddəti ərzində avtomobilə zərər dəymişdir.

33. İddiaçı iddia tələbində nəqliyyat vasitəsinə dəymiş 1404 manat zərər məbləğinin tutulmasını xahiş etsə də, iddiaçı tərəf məhkəmə iclaslarında verdiyi izahatda cavabdeh tərəfindən müqavilə bağlanan zaman müqavilənin 3.1-ci bəndinə əsasən 550 manat məbləğində avans ödənildiyini və həmin vəsaitin cavabdehə qaytarılmadığını etiraf etmişdir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulacaq zərərin məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmiş olan 550 manat məbləğ nəzərə alınmaqla 854 manat (1404 manat – 550 manat) müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4,04 manat dövlət rüsumu və notariat xidmətləri üçün çəkilmiş 17,25 manat xərc isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 854 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 884 (səkkiz yüz səksən dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,04 (dörd manat sıfır dörd qəpik) manat dövlət rüsumu, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat xidmətləri ilə bağlı xərc İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar