Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7389/2025 25.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, delikt, maddi ziyan) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1021 manat maddi ziyan, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 30,21 manat rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon R3 Minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. xx.xx.2025-ci il tarixində avtomobil sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Servisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş və baxış zamanı aşağıdakı zədə və nöqsanlar aşkar olunmuşdur: Ön təkərlər və nakladkalar (əyləc) yeyilib, sükan idarəetmə mexanizmi, su radiatoru, ön amortizatorlar və mühərrik yağı dəyişilməli, həmçinin razval olunmalıdır. Mühərrik düzgün işləmir – boğulur. İnjektor yuyulmalıdır. Qeyd olunan zədə və nöqsanlar sürücünün diqqətinə çatdırılsa da, sürücü Cavabdeh avtomobilə vurduğu zərəri ödəməkdən və aktı imzalamaqdan imtina etdi. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1021 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Ön təkərlər, ön nakladkalar (əyləc qəlbi), razval işləri, rulevoy (sükan idarəetmə mexanizmi), injektor, zaslonka və forsunkaların yuyulması, mühərrik yağı və filtr (ümumi dəyişilməsi), su radiatoru, ön amortizatorlar. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Çilingər: bütün nasaz ehtiyat hissələrinin sökülüb dəyişdirilməsi, cari təmiri və nizamlanması. Ehtiyat hissələrinin cəmi məbləği 871 manat, usta xidməti 150 manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1021 manat ödəmişdir. Bundan sonra, avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanları müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq cavabdehin müqavilə üzrə 700 manat depozit ödəməli olduğu halda 600 manat ödədiyini, əlyazması ilə də 100 manat borcu qaldığını təsdiq etdiyini, həmin məbləğin dəymiş zərər üzrə tələb olunan məbləğdən çıxılmadığını bildirmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən müqavilənin predmetini “Ravon R3 Minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. 2.1-ci bəndə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 2.1.1. Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; 2.1.2. Nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə İcarəyə verənin tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə; 2.1.6. Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə; 2.1.7. Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə. 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. 2.2-ci bəndə əsasən nəqliyyat vasitəsini icarəyəverən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. 2.5-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən müqavilənin bütün bəndlərində nəzərda tutulan əsaslara və qaydalara əməl olunmadıqda nəqliyyat vasitəsini icarəyə verən şəxs birtərəfli qaydada nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən alır və müqaviləyə xitam verir. 3.1-ci bəndə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 700 manat depozit məbləğini nəqliyyat vasitəsini icaryəverən şəxsə ödəməlidir. 3.2-ci bəndə əsasən nəqliyyat vasitəsini icarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük (nəqliyyat vasitəsinin vəziyyətindən asılı olmayaraq) 23 manat icarə haqqı verir. (vergi xaric). 4.1-ci bəndə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə har hansı bir ziyan dəyərsə dəymiş zərər depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini İcarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin barpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair 05 dekabr 2024-cü il tarixli təhvil-təslim aktına (müqaviləyə Əlavə 1) əsasən “Ravon R3 Minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyəverən tərəfindən icarəyəgötürənə təhvil verilmiş, hər iki tərəf təhvil-təslimi imzaları ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmada qeyd olunmuşdur ki, avtomobilin icarəsinə görə 600 manat depozit haqqı ödəmişdir. Əgər avtomobili 6 ay ərzində qaytarmasa qoyduğu depoziti qaytarmağı tələb edə bilməz. Həmin müddətdə avtomobilə zərər vurarsa vurmuş olduğu zərər depozit məbləğindən çıxılmır. Depozitdən 100 manat borclu qaldı. 08 mart 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, ön təkərlər və nakladkalar (əyləc) yeyilib, sükan idarəetmə mexanizmi, su radiatoru, ön amortizatorlar və mühərrik yağı dəyişilməli, həmçinin razval olunmalıdır. Mühərrik düzgün işləmir,boğulur. İnjektor yuyulmalıdır. Həmin akt İddiaçı, Əliyev M.T adlı şəxs tərəfindən imzalansa da, Cavabdeh həmin aktı imzlamaqdan imtina etmişdir. RS Avtoservis tərəfindən tərtib olunmuş 10 mart 2025-ci il tarixli qüsur aktında qeyd olunmuşdur ki, ehtiyat hissələrinin cəmi məbləği 871 manat, usta-təmir xidməti 150 manat olmaqla, cəmi 1021 manat təşkil edir. RS Avtoservis tərəfindən tərtib olunmuş 12 mart 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı məxsus, 2019-cu il istehsallı, "RAVON R3 minik sedan" markalı, ağ rəngli, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 871 (səkkiz yüz yetmiş bir) manat, təmir-usta xidmətlərinin qiyməti 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə cəmi; 1021 (bir min iyirmi bir) manat məbləğ xx.xx.2025-ci il tarixdə avtoservisə ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda ümumi 1021 manat pulun 03 gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 30,21 manat məbləğində pul İddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə əsasən “Ravon R3 Minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan zaman avtomobilə müqavilə üzrə istifadə nəticəsində deyil, ehtiyyatsız və məsuliyyətsiz istifadə nəticəsində 1021 manat ziyan dəymişdir. Bu hal iş üzrə tədqiq olunmuş sübutlarla (qüsur aktı, fotoşəkillər) öz təsdiqini tapmış, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya heç bir münasibət (etiraz) bildirməmiş, dəymiş zərərin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı cavabdehdən müqavilənin 2.1.8-ci bəndinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş zərərin depozit məbləği hesabına aradan qaldırılmasını, həmçinin əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməli olmasını, cavabdeh tərəfindən 600 manat depozit məbləğinin ödənildiyini, iddiaçının bunu təsdiq etdiyini, lakin dəymiş zərərdən çıxmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, “Ravon R3 Minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan depozitə ödənilmiş 600 manat çıxılmaqla dəymiş ziyanın əvəzi olaraq (1021-600) 421 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,21 manat dövlət rüsumunun 12 manat hissəsi, həmçinin notariat qaydasında çəkilmiş xərclərə görə 17,25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyan üzrə 421 (dörd yüz iyirmi bir) manat, dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat, notariat qaydasında çəkilmiş xərclərə görə 17 (on yeddi) manat 25 (iyirmi beş) qəpik pul vəsaitinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7389/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7389/2025
25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver