Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7390/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qayatarılması və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4791 nömrəli və xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5267 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqavilələri” nə əsasən xx.xx.2025-ci il tarixə 6196,56 manat gecikdirilmiş borcunun, 3200,9 manat cərimə borcunun, cəmi 9397,46 manat borcunun və 113.97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4791 № li və xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5267 № “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqavilələri”nə xitam verilməsi və “Karataş 2 İpli” markalı 1 ədəd presbağlayanın və “Köylü 4 uniteli gübreli çapa makinesi” markalı 1 ədəd kultivatorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı iddianın predmetini İddiaçı ASC və Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4791 № li və xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5267 №li X1 müqaviləsinin ləğvi və həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi təşkil edir. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, iddiaçı isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin şəxsi cavabdeh qismində göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yuxarıda qeyd olunan normanın tələbindən də göründüyü kimi, hər hansı şəxsin cavabdeh qismində göstərilməsini iki şərtlə əlaqələndirir: 1. ona qarşı iddia tələbi yönəlməsi.
2. onun fiziki və ya hüquqi şəxs statusuna malik olması. Hazırkı halda isə Cavabdeh fiziki şəxs statusuna malik olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, AR MPM-in 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Göründüyü kimi qanaunvericilik ölən fiziki şəxs sağlığında prosessual-hüquqi statusa (iddiaçı, cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyini nəzərdə tutur. Fiziki şəxs iddia verilənə qədər ölübsə, ölmüş şəxsin malik olmadığı prosessual hüquqi status hüquq varisliyi qaydasında başqasına keçə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ölmüş şəxs cavabdeh sayılmadığına görə, ona qarşı verilmiş iddia icraata qəbul edilib məhkəmə qaydasında baxıla bilməz. AR MPM-in: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qayatarılması və pul” tələbinə iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 113,97 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlham Əhmədov