Məhkəmə qərarları › İş №e-2-2(113)-74/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-74/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-74/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, ipoteka, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsi üzrə banka olan 41215,02 manat əsas, 2551,35 manat faiz, 13386,86 manat cərimə borcu olmaqla, cəmi borcu 57153,23 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına ona olan borcun ödənilməsi; xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 100 000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 080/BK-21 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 130000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 41215,02 manat əsas, 2551,35 manat faiz, 13386,86 manat cərimə borcu olmaqla, cəmi borcu 57153,23 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1., 421.2., 425.1., 427.3., 428.4., 442., 443.1., 445.2.1., 448.1., 448.2.. 449.1., 449.3., 449.4., 462.1., 472.1-ci maddələrinə, İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 33., 39.1ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 16 faiz olmaqla faiz ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16 faiz olmaqla cərimə faizi ödəyir. Müqavilənin 2.6-cı bəndinə əsasən əsas borca görə faizlər borcun Banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qərarı/qətnaməsi (və ya notarisun icra qeyri) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmət(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh1 (İpoteka qoyan) və borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 080/BK-21 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəlikərn icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 2.1-ci bəndinə əsasən ipoteka predmeti ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə ipoteka qoyulur. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: xx.xx.2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsi; 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği): 12 ay güzəşt dövrü olmaqla, 36 aylıq, illik 17 faiz olmaqla 100000 manat; 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsi üzrə vəsaitin borcalana verildiyi tarixdən xx.xx.2024-cü il tarixədək; 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil olmaqla tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə (cərimə) pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmeti ipoteka saxlayanda qaldıqda onun saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə, icra qeydi verilməsi üçün notarius xərcləri və digər xərclərin (icra, hərrac, qiymətləndirmə və s.) ödənilməsi; 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir; 9.2-ci bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas ödənişin yaxud onun bir hissəsinin 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranması üçün əsas verən haldır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1/ fərdi yaşayış evi (“B” tikilisi) ünvanında yerləşən əmlak İddiaçı ASC-nin xeyrinə ipoetka ilə yüklü edilmişdir. 29 noyabr 2021-ci il tarixli Cavabdeh2 məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 hesabına 100000 manat pul köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 41215,02 manat, faiz borcu 2527,86 manat və cərimə borcu 13386,86 manat təşkil edir. xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 117.506,95 manat (100.000 manat əsas, 17.506,95 manat faiz olmaqla) olan illik faiz dərəcəsi 16% olmaqla verilmiş kreditə görə Cavabdeh2 29 dekabr 2021-ci il tarixdən 29 noyabr 2023-cü il tarixinə qədər hər ayın 29-u 4896,12 manat ödəməlidir. 26 noyabr 2023-cü il tarixli MŞB/14/2023-01034 nömrəli mediasiya arayışından və ödəniş tapşırığından məlum olur ki, ilkin mediasiya xərci olaraq 420 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görür ki, İddiaçı ASC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə cavabdehləri xəbərdar etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, "xxxx" QSC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra olunması üçün pretenziya göndərilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1717/2024 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixinə əsas borc 41.313,62 manat, faiz borcu 4.682,21 manat olması müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/75xx-xx/7248/2024 saylı ekspert rəyi ilə ünvan 2 xüsusi mülkiyyətdə olan 108.30 kv.metr yaşayış məntəqələrinin torpaq sahəsinin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 120375,00 manat (1111,49 x 108.30), 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən (133750-10%) 120375 manat məbləğində müəyyən edimişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 16% olmaqla 24 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ilə ünvan 2 İddiaçı ASCdə ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, ekspertiza nəticəsində xx.xx.2021-ci il tarixli BK № 080/BK-21 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə əsas borc 41313,62 manat, faiz borcu 4682,21 manat müəyyən edilmiş, iddiaçının tələbi isə əsas borc üzrə 41215,02 manat, faiz borcu üzrə 2551,35 manatdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, əsas borc üzrə 41215,02 manat, faiz borcu üzrə 2551,35 manat məbləğində tutulmalıdır. Bundan başqa iddiaçı, cavabdehdən 13386.86 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2050 manat müəyyən edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/75xx-xx/7248/2024 saylı ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən əmlakın hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 120375 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə əmlakın ilkin satış qiyməti 120375 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 420 manat mediasiya xərcinin və ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün ödənilmiş 51 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 50 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 41215 (qırx bir min iki yüz on beş) manat 02 (iki) qəpik əsas, 2551 (iki min beş yüz əlli bir) manat 35 (otuz beş) qəpik manat faiz, 2050 (iki min əlli) manat cərimə tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumunun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.02152 ha sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində yerləşən, ümumi sahəsi 220.10 kv.m olan “A” və “B” tikilisindən ibarət 2 ədəd fərdi yaşayış evinin ümumi sahəsi 108.30 kv.m olan hissəsi, B tikilisi, həyətyanı tikililər və qurğularla birlikdə əmlaka yönəldilərək həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilsin, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, əmlakın ilkin satış qiyməti 120375 (bir yüz iyirmi min üç yüz yetmiş beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar