Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-740/2024 06.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx) “torpaq sahəsindən istifadəyə edilən müdaxilə və maneələrin aradan qaldırılması, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: neqator iddia, hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx) “torpaq sahəsindən istifadəyə edilən müdaxilə və maneələrin aradan qaldırılması, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində işlər aparan fəhlələr və iş icraçısı tərəfindən görülən işlərə edilən müdaxilə və maneələrin aradan qaldırılması, İddiaçı tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X6) müəyyən hüquqa malik olmaları”, “xxx” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 manatın və 20 manat mediasiya xərcinin, ödənilmiş 80 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının qanuni istifadəsində olan xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsində inşa işlərinə başlamaq üçün aparılan hazırlıq işlərinə, cavabdeh tərəfindən edilən bilə-bilə qanunsuz müdaxilələrə, eləcə də son zamanlar yenidən iddiaçı barədə həqiqətə uyğun olmayan məlumatlarla müraciətlər etməklə sonuncunun bəzi əməkdaşları arasında iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaydığına görə pretenziya və təkliflə onlayn kargüzarlıq vasitəsilə cavabdehə müraciət olunmuş və göstərilən hərəkətlərə son qoyulması xahiş edilmişdir. Lakin müraciət cavablandırılmadığından, mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bundan sonra mediasiya arayışı alınmışdır. 2.2. Belə ki, təxminən 15 il bundan öncə, cavabdeh xx.xx.2008-ci il tarixdə beh müqaviləsi əsasında tək təsisçisi və qanuni təmsilçisi olduğu “X25” Kiçik Müəssisəsinin istifadəsində olan 27 sot torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə və sonuncu tərəfindən orada yerləşən “xxx” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsinin yenidənqurma işlərinin aparılmasına etiraz etməməsi barədə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısına müraciət edəcəyi, eləcə də 5 il ərzində “xxx” adlı restoran kompleksini iddiaçıya satacağı barədə öhdəlik götürmüş, “X25” Kiçik Müəssisəsinin 21 nömrəli xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsinin abadlaşdırılması və “xxx” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsinin yenidən qurularaq fəaliyyətinin davam etdirilməsi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilməsi və gölün çirkləndirilməsinin, çirkab suların axıdılmasının qarşısının alınması və fiziki şəxslər tərəfindən qanunsuz istifadə olunmasına nəzarəti həyata keçirmək məqsədi ilə iddiaçıya təhkim olunması qərara alınmışdır. 2.3. Bununla yanaşı, qarşılıqlı razılıq əsasında cavabdehlə şərtləşdirilmiş dəyər məbləği tam olaraq ona ödənilmiş və pulun alınmasına dair onun tərəfindən şəxsən imzası ilə və tək təsisçisi olduğu müəssisənin möhürü ilə, eləcə də şəxsi imzası ilə təsdiq olunmuş əqdlər bağlanmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, “xxx” adlı restoranın alqısatqısını həyata keçirmək üçün sənədlər tam hazır olmasa da, şərtləşdirilmiş məbləğin iddiaçının direktoru tərəfindən xx.xx.2013-cü il tarixdə cavabdehə nağd qaydada ödənilməsinə hazır olduğu bildirilmiş, cavabdeh xx.xx.2013-cü ildə özünün tanıdığı Bakı şəhəri 10 saylı dövlət notariat kontoruna ərizə ilə müraciət etmiş və ona məxsus daşınmaz əmlakın iddiaçıya satılması üçün razılığa gəldiyini bildirilmişdir. Lakin alqı-satqı müqaviləsi 10 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş, eləcə də cavabdehə ödənilməli həmin məbləğ bank vasitəsilə cavabdehin hesabına köçürülmüşdür. Həmçinin “xxx” adlı restoranın və daşınar əşyaların iddiaçının balansına təhvil verilməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə bağlanmış, iddiaçının balansına qəbul edilmiş “xxx” adlı restoran və orada yerləşən əmlaklar üzərində hüquqlar həyata keçirilərkən həmin əmlaklarla bağlı əvvəllər və müqavilənin bağlanması tarixinə hər hansı bir 3-cü şəxslər qarşısında yaranmış istənilən öhdəliklərə görə məsuliyyətin cavabdehin üzərində qalmaqla, həmin öhdəliklərin ödənilməsinin cavabdeh tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. Məhz buna görə də cavabdehə şərtləşdirilmiş pul vəsaiti tam olaraq ödənilmişdir. 2.4. Cavabdeh restoran kompleksinin və orada yerləşən əmlakların iddiaçıya faktiki olaraq 2013-cü ilin iyun ayının axırlarına kimi təhvil verilməsini xahiş etmiş və səbəb olaraq, 2013-cü ilin iyun ayında keçiriləcək toy məclislərinə görə, bir neçə müştəridən əvvəlcədən beh məbləği aldığını bildirmiş, iddiaçı cavabdehin xahişini nəzərə alıb, təhvil-təslimin 2013-cü ilin iyun ayının axırlarında həyata keçirilməsinə razı olmuş. lakin 2013-cü ilin iyun ayının axırlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh bütün daşınar əmlakları götürmüş və restoran kompleksinin, demək olar ki, söküntüsünü başa çatdırmışdır. Tikili və orada yerləşən əmlakların iddiaçı üçün böyük bir əhəmiyyət daşımadığını, yəni tikilinin yenidən qurulması üçün nəticə etibarilə restoran kompleksi sökülməli olduğu və yeni istirahət mərkəzi inşa olunacağını nəzərə alıb, iddiaçı cavabdehdən ziyan tələb etməmişdir. 2.5. Digər tərəfdən, ümumiyyətlə, cavabdehin həmin əmlaklara dair hər hansı bir hüququ qalmamış və onu həmin ərazidən məcburi olaraq uzaqlaşdırmışlar. Xüsusi olaraq qeyd olunmalıdır ki, əvvəllər də cavabdeh tərəfindən ifrat dərəcədə alkoqolu içki qəbul etməklə, yəni sərxoş vəziyyətdə iddiaçının tikinti işlərinə maneələr törədildiyinə, eləcə də iddiaçının guya ona borcu olması barədə bilə-bilə yalan məlumatlar yaymaqla iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlara görə Yasamal Rayon Polis İdarəsinə müraciətlər olunmuş və iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması bildirilmişdir. 2.6. İddiaçı ilə cavabdehin və onun keçmiş həyat yoldaşı, həmçinin digər ortaqları arasında müxtəlif sayda məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələri üzrə yekun, yəni qanuni qüvvədə olan məhkəmə qərarları ilə xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsi və “xxx” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsi üzərində, nə cavabdehin, nə onun keçmiş həyat yoldaşının, nə də digər ortaqlarının hər hansı bir hüquqlarının mövcud olması müəyyən edilmişdir. Əksinə, xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsi və “xxx” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının qanuni əsaslarla yarandığı və həmin əmlak üzərində cavabdehin, eləcə də onun şəriklərinin subyektiv hüquqlarının olmadığı müəyyən edilmişdir. 2.7. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2227/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsində iddiaçı tərəfindən yenidənqurma işlərinin aparılmasına dair eskiz layihəsinə münasibət bildirilməsi və müvafiq sərəncamın verilməsi Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, Bakı şəhəri, xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun, eləcə də tikinti-inşaat işlərinin həyata keçirilməsinə dair edilən maneələr və müdaxilələrin aradan qaldırılması qərara alınmışdır. Göstərilən məhkəmə işi üzrə Cavabdeh 3-cü şəxs qismində tərəf olaraq iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-1206/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2227/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin 2- 1(102)-1122/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-1206/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2.8. Başqa məhkəmə işi üzrə iddiaçı “X25” MMC cavabdeh Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçınə qarşı Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2091/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1132/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2091/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilmişdir. Ali Məhkəmənin 2- 1(102)-1482/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1132/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, “X25” MMC özünün razılığı ilə verilmiş və artıq özünə aid olmayan və başqa şəxslərin istifadəsində olan torpaq sahəsi üzrə iddia qaldırıb. Belə olan halda, iddiaçı “X25” MMCnin hazırkı iddia tələbi qaldırması üçün subyektiv hüququ yoxdur. Ali Məhkəmənin 2- 1(102)-1482/2014 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçı “X25” MMC-nin “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizəsi təmin edilməmişdir. 2.9. Başqa məhkəmə işi üzrə “X25” MMC-nin adına oxşar adlı və cavabdeh tərəfindən təsis edilmiş, eləcə də qanuni təmsilçisi olduğu “X25 F” MMC ilə "xxxx" MMC arasında uydurma əqd əsasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi imzalanmış, iddiaçının xəbəri olmadan "xxxx" MMC ilə “X25 F” MMC arasında süni məhkəmə mübahisəsi yaradılmış və iddiaçının balansına təhvil verilməli qeyri-yaşayış sahəsinin təhvil verilməməsinə cəhd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 2537/2013 nömrəli xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilmişdir. Həmin məhkəmə mübahisəsindən xəbərdar olan kimi iddiaçı tərəfindən 3-cü şəxs qismində iddiaçı "xxxx" MMC-yə və cavabdeh “X25 F” MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2537/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası təmin edilməmiş, 3-cü şəxs İddiaçı iddiası qismən təmin edilmiş, "xxxx" MMC ilə “X25 F” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" MMC peşəkar idman klubunun Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə İddiaçınə ayrılan Bakı şəhəri, xxxxdə 2700 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 119/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qətnamənin icra olunması üçün xx.xx.2014-cü il tarixdə icra vərəqi verilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdeh “X25 F” MMC tərəfindən xx.xx.2012-ci il tarixli icarə müqaviləsində "xxxx" MMC-yə tamamilə başqa sahənin icarəyə verilməsi göstərilsə də, cavabdeh vaxtı ilə ona məxsus olmuş, hazırda isə hər hansı əmlak hüququ ilə özünə məxsus olmayan və qanuni əsaslarla İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində özbaşına inşa edilmiş qeyri-yaşayış sahəsini iddiaçı "xxxx" MMC-yə icarəyə vermişdir. 2.10. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-119/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı ilə qətnamə qanuni qüvvəyə minənədək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə xxxxdə 2700 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin istifadə edilməsi "xxxx" MMC və MMC-nin fəaliyyətinə cəlb olunan şəxslərə qadağan edilmişdir. Həmin qərardad Ali Məhkəmənin 2-2(102)-235/2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 2.11. Başqa məhkəmə işi üzrə Cavabdeh sabiq həyat yoldaşı X3, eləcə də şərikləri olan X14 və X15 iddiaçıya və Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçılar “X25” MMC ilə əvəz olunmuşlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-73/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6487/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 2(102)-1856/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində müəyyən olunmuşdur ki, “Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı Şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4\3 nömrəli Qərarına əsasən Bakı şəhəri, 593-cü məhəllədə yerləşən sahə abadlıq işlərinin görülməsi və istirahət mərkəzinin yaradılması məqsədilə “X25” kooperativinin istifadəsinə verilmişdir. Daha sonra, “X25” kooperativi yenidən təşkil edilərək, “X25” Kiçik Müəssisəsi kimi fəaliyyətini davam etdirmişdir”. “Daha sonra məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X25” kooperativinin təsisçisi və rəhbəri olan Nəbiyev X12 Rayon İcra Hakimiyyətinə xx.xx.2008-ci il tarixli 22 saylı məktubla müraciət edərək, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4\3 nömrəli Qərarı ilə müəssisənin istifadəsinə verilmiş ərazidəki 2700 kv.m torpaq sahəsindən və həmin ərazidə yerləşən “xxx” kompleksindən imtina etdiyini bildirmiş və həmin əraziyə hüquqlarının İddiaçınə keçirilməsinə razılıq vermişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsi abadlaşdırılması və “xxx” adlı qeyri-yaşayış sahəsinin (restoran kompleksi) yenidən qurularaq fəaliyyətinin davam etdirilməsi məqsədi ilə icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. “Bundan əlavə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010cü il tarixli qətnaməsi ilə “X25” MMC-nin nizamnamə kapitalının 50%-i Məmmədova (Nəbiyeva) Şəmsiyyə Məmməd qızına, digər 50%-i X4, X11 və X7 aid edilmişdir. 2.12. Başqa məhkəmə işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3413/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə “X25” kooperativinə icarəyə verilmiş və hazırda “X25” MMC-nin istifadəsində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yaradılmış əmlak və tikililərdən Cavabdeh çıxarılması qət edilmişdir. Cavabdeh və ortaqları, o cümlədən sabiq həyat yoldaşı arasında olan məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3413/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli aktın 2-ci səhifəsində səlis anlaşılan qaydada və açıq-aşkar göstərilmişdir ki, “icra sənədinin icrası ilə əlaqədar sözügedən ünvanda olduq və həmin ərazidə yerləşən “xxx” restoranının borclu Cavabdeh tərəfindən söküldüyü aşkar olundu. Cavabdeh sözügedən əraziləri tərk etməsi bildirildi və borclu həmin ərazilərdən çıxarıldı. Mübahisəli sahə iş üzrə tələbkarlar X16 və Nəbiyeva (Məmmədova) Şəmsiyyə Məmməd qızına təhvil verildi.” 2.13. Sonradan, yəni iddiaçının istifadəsinə verilmiş ərazinin ələ keçirilməsi istiqamətində cavabdehin və 3-cü şəxslərin planlarından xəbərdar olan kimi, iddiaçı ilə tərəflər arasında bir sıra məhkəmə mübahisələri başlamışdır. Yuxarıda göstərildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə həm cavabdehin, həm də 3-cü şəxsin və onların yaratdığı MMC-nin həmin ərazi üzərində subyektiv olaraq hər hansı bir hüquqlarının olmadığı müəyyən edilmiş və həmin ərazinin qanuni əsaslarla iddiaçının istifadəsinə verilməsi müəyyən olunmuşdur. 2.14. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi üzərindəki hüquqlarına münasibətdə Cavabdeh və onun ortaqları, o cümlədən sabiq həyat yoldaşı arasında yaranmış mübahisələrə hüquqi müəyyənlik gətirilmiş və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi üzərindəki hüquqlarının qanuni əsaslarla yaranması açıq-aşkar təsdiqlənmişdir. Digər tərəfdən, iddiaçının qeyd olunan əmlak hüquqlarının mübahisələndirilməsi üçün Cavabdeh və onun ortaqlarının, o cümlədən sabiq həyat yoldaşının və onların yaratdıqları MMC-nin də subyektiv hüquqlarının olmaması açıq-aşkar sübut olunmuşdur. 2.15. Belə olan halda, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş faktları və tərəflərin hüquq münasibətlərini yenidən bu və ya digər formada mübahisələndirilməsi, eləcə də inşa işlərinə başlamaq üçün aparılan hazırlıq işlərinə qanunsuz müdaxilələr edilməsi, eyni zamanda iddiaçı barədə həqiqətə uyğun olmayan məlumatlarla müxtəlif şəxslərə müraciətlər edilməklə iddiaçının bəzi əməkdaşları arasında da işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması qəbul edilən deyil. 2.16. Hazırkı məhkəmə işi üzrə mübahisəsiz hallar aşağıdakılardan ibarətdir: İddiaçınə ayrılmış 2700 kv.m torpaq sahəsi və gölün çirkləndirilməsinin, çirkab suların axıdılmasının qarşısının alınması və fiziki şəxslər tərəfindən qanunsuz istifadə olunmasına nəzarəti həyata keçirmək məqsədi ilə İddiaçınə təhkim olunmuş ərazi Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında verilmişdir; Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı etibarlıdır, həmin ərazilər qanuni əsaslarla iddiaçıya ayrılmışdır və həmin sərəncam əsasında iddiaçının yaranmış əmlak hüquqlarının mübahisələndirilməsi üçün cavabdehin və 3-cü şəxsin subyektiv hüquqları mövcud deyildir. Digər tərəfdən, həmin ərazidə yerləşən “xxx” restoranının Cavabdeh tərəfindən söküldüyünün aşkar olunması və onun həmin ərazilərdən çıxarılması-faktları da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3413/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında, Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar sübut olunmuşdur. 2.17. Qeyd olunmalıdır ki, hazırda inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin zibillərdən təmizləmə işlərinə cavabdeh tərəfindən müxtəlif vaxtlarda bilə-bilə və əksər hallarda isə ifrat dərəcədə alkoqolu içki qəbul edilməklə, yəni sərxoş vəziyyətdə maneələr törədilir. Belə ki, cavabdeh iddiaçının tikinti işlərini aparan fəhlələrə və iş icraçısına yaxınlaşaraq özünü həmin ərazinin 600 kv.m-nin mülkiyyətçisi kimi təqdim etmiş və iddiaçı barədə yazılı müraciətini iş icraçısına təqdim edərək, həmin müraciətdəkiləri işçilər arasında səsləndirmiş və işlərin dayandırılmasını israrlı şəkildə tələb etmişdir. 2.18. Cavabdehin təqdim etdiyi yazılı müraciətdə, ümumiyyətlə, iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə həmin müraciətin ünvanlandığı göstərilmiş; qanuni qüvvədə olan məhkəmə qərarları əsasında qeyd olunan ərazidə cavabdehin və onun ortaqlarının, o cümlədən 3-cü şəxsin hər hansı bir subyektiv hüquqlarının olmadığı təsdiq olunduğu halda, həmin ərazidə onların müəyyən hüquqa malik olmalarına cəhd edilmiş, iddiaçının istifadəsinə qanuni əsaslarla 0,27 ha (yəni 2700 kv.m) torpaq sahəsi verildiyi halda, bilə-bilə yalandan 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi qeyd olunmuş, “xxx” restoranının cavabdeh tərəfindən söküldüyü faktı Yasamal Rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar sübut olunduğu və qanuni qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin, ümumiyyətlə, həmin ərazidə hər hansı bir hüququnun olmadığı müəyyən edildiyi halda, bilə-bilə yalandan həmin restoranın guya axır daşına qədər iddiaçı tərəfindən söküldüyü bəyan edilmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008ci il tarixli sərəncamı əsasında iddiaçının əmlak hüquqları ilə bağlı cavabdeh və 3-cü şəxs arasında yaranmış bütün mübahisələrə və münasibətlərə hüquq müəyyənlik gətirildiyi halda, iddiaçı haqqında bilə-bilə yalan məlumatlar yaymaqla guya iddiaçının cavabdehə 400 000 manat borcu olduğu göstərilmiş və cavabdehin subyektiv hüququ olmayan əmlak üzərində özünün məkrli planının həyata keçirilməsi göstərilmişdir. 2.19. Xüsusi olaraq, iddiaçı haqqında yuxarıda göstərilən bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan məlumatların iddiaçının tikinti işlərini aparan fəhlələrinin və iş icraçısının yanında bildirilməsi, eləcə də iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə edilmiş müraciətdə göstərilən həqiqətə uyğun olmayan məlumatların yayılması onu müəyyən edir ki, cavabdeh tərəfindən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində cavabdehin və onun ortaqları, o cümlədən 3-cü şəxsin hər hansı bir subyektiv hüquqları olmadığı halda, “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyini və həmin ərazidə onların müəyyən hüquqa malik olmalarını, restoranın axır daşına qədər Şirkət tərəfindən söküldüyünü, eləcə də Şirkətin cavabdehə 400 000 manat borcu olduğunu” göstərmiş və bununla da açıq-aşkar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmaqla, özü üçün gələcəkdə pul tələb etməsinə cəhd edilmişdir. Deməli, iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə ünvanlanmış müraciətin və həmin müraciətdə göstərilənlərin iddiaçının tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunması, açıq-aşkardır ki, 1994-cü il tarixdən, yəni 30 ilə yaxın müddət ərzində fəaliyyət göstərən iddiaçını nüfuzdan salmaqla ona təsir göstərilməsi məqsədi daşıyır, eləcə də göstərilən əməllə iddiaçı hesabına əsassız varlanmağa cəhd edilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 16, 23, 1096, 1097-ci və s. maddələr, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli, “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarları göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə xxxx mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının istifadəsində olan Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində tikintiyə hazırlıq üçün aparılan təmizlik işlərinə mane olur. Belə ki, o, sərxoş vəziyyətdə adıçəkilən torpaq sahəsinə daxil olur, iddiaçının fəhlələrini qorxudur, özünü iş texnikasının önünə ataraq işə maneə törədir, müxtəlif şəxsləri iddiaçının təsisçisi X1 pul tələb etmək üçün göndərir, iş icraçısına iddiaçının ona borcunun olması, iddiaçı tərəfindən cavabdehə məxsus restoranın söküldüyü barədə Cavid müəllimə ünvanlanan məktub verir. Eyni zamanda cavabdeh “xxx” restoranının iddiaçı tərəfindən söküldüyünü bildirir, lakin Yasamal Rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli aktda restoranının cavabdeh tərəfindən söküldüyü təsdiqlənir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddiaçı bir neçə dəfə polis çağıraraq cavabdehin Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsindən çıxarılmasına nail olsa da, maneələr aradan qaldırılmamışdır. Musaev Rapik cavabdehin keçmiş şəriki olmuşdur. O da torpaq sahəsindən istifadəyə maneələr yaratmışdır, lakin bununla bağlı iddiaçının sübut mövcud deyildir. Cavid müəllimə ünvanlanan məktub isə iddiaçının iş icraçısı Məzahir adlı şəxsə verilmişdir. Həmin şəxs iddiaçının işçisi olmasa da, xidmət müqaviləsi əsasında iddiaçıya xidmət edir.
8. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh işdə olan Cavid müəllim adlandırılan şəxsə ünvanlanmış yazılı müraciətin və həmin müraciətdə qeyd edilənlərin cavabdeh tərəfindən şəxsən tərtib edilməsi faktlarını, alkoqollu içki qəbul etməyə meyilli olması, lakin istirahət günlərində içməsi, bir neçə il bundan öncə içkili vəziyyətdə iddiaçının tikinti işlərinin dayandırılmasını tələb etməsi və hazırda isə iddiaçının istifadəsində olan torpaq sahəsinə arabir gəlməsi və orada maneə törətmədən torpaq sahəsini müşahidə etməsi faktlarını, iddiaçının iş icraçısı olan Məzahir adlı şəxsi yaxından tanıdığını və onunla müxtəlif vaxtlarda ünsiyyətdə olduğunu, hətta onunla nərd oynadığını etiraf etmişdir. Bundan başqa, adıçəkilən müraciətin təxminən 4-5 ay bundan öncə cavabdeh tərəfindən Cavid müəllim adlandırılan şəxsin katibəsinə təqdim edilməsi kimi yeni fakt müəyyən edilmiş, iddiaçının istifadəsinə 27 sot torpaq sahəsinin verilməsinə etiraz edilməməsi barədə imzası ilə və möhürlə təsdiqlənmiş ərizə verməsi faktını, iddiaçıya yalnız 21 sot torpaq sahəsinin verilməsinə etiraz edilmədiyini göstərməklə, cavabdeh bilə-bilə yalandan və açıq-aşkar təhrif etmiş, iddiaçının istifadəsində qanuni əsaslarla 27 sot torpaq sahəsinin olması faktını ümumilikdə torpaq sahəsinin 60 sot olduğunu, 21 sotu iddiaçının və qalan 39 sotun isə qarşı tərəfin balansında qaldığını göstərməklə, yəni anlaşılmayan ifadələrlə bilə-bilə yalandan və açıqaşkar təhrif etmişdir. Eyni zamanda Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar təsdiqini tapmış “xxx” restoranının cavabdeh tərəfindən söküldüyü və qanuni qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin, ümumiyyətlə, həmin ərazidə hər hansı bir hüququnun olmadığını müəyyən edən faktları həmin restoranın guya axır daşına qədər iddiaçı tərəfindən söküldüyü və həmin ərazidə onların müəyyən hüquqa malik olmalarını bəyan etməklə cavabdeh bilə-bilə yalandan və açıq-aşkar təhrif etmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında iddiaçının əmlak hüquqları ilə bağlı cavabdeh və 3-cü şəxs arasında yaranmış bütün mübahisələrə və münasibətlərə hüquq müəyyənlik gətirilən faktları iddiaçı haqqında bilə-bilə yalan məlumatlar yaymaqla, yəni iddiaçının cavabdehə 400 000 manat borcu olduğunu göstərməklə, cavabdeh açıq-aşkar təhrif etmişdir.
9. Cavabdeh məhkəmənin əvvəlki iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, 400 000 manatın iddiaçı tərəfindən ona verilməsi barədə razılaşma şifahi olmuşdur. İddiaçı hər ay 3000-5000 manat ödəniş etsə də, daha sonra ödəniş etməmişdir. Söküntü işləri onun tərəfindən aparılmamışdır. İddiaçı obyektdə söküntü işləri apararkən cavabdeh sərxoş halda söküntüyə mane olmağa çalışmış, pulun tam ödənmədiyini bildirmişdir. Daha sonra Bakı şəhəri, xxxxdə aparılan hər hansı işə mane olmamışdır. Lakin iddiaçıya 21 sot torpaq sahəsi verilmişdir, halbuki ümumi torpaq sahəsinin həcmi 60 sota yaxındır. İddiaçı 21 sotun verilməsinə razı olmuşdur. Qalan torpaq sahəsi isə iddiaçıya verilməmişdir. Cavid müəllim rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir və cavabdehlə tanışlığı olmuşdur. Cavid müəllimin həmçinin iddiaçı ilə də əlaqələri olmuşdur. Həmin məktub da Cavid müəllimin katibəsinə verilmişdir ki, o, mübahisənin həllinə köməklik etsin.
10. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, keçən il o, bir neçə nəfərlə razılaşmışdır ki, iddiaçının təsisçisi Namiq Quliyevlə danışsınlar, onu mübahisəni həll etməyə dəvət etsinlər. Lakin razılaşdığı şəxslər buna nail ola bilməmişlər. Bundan başqa, iddiaçıya verilməsinə razılıq verdiyi torpaq sahəsinin 21 sot olmasını yanlış xatırlamışdır, həmin torpaq sahəsi elə 27 sotdur (“X25” Kiçik Müəssisəsinin Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan məktubu ilə tanış olduqdan sonra). Halhazırda cavabdeh iddiaçıya maneə törətmir, sadəcə olaraq arabir hasarın kənarında dayanaraq keçmiş obyektinə baxır.
11. Cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Neqator iddia və işgüzar nüfuzun müdafiəsi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 13 aprel 1990-cı il tarixli, 4/3 nömrəli Qərarına əsasən Bakı şəhəri, 593-cü məhəllədə yerləşən sahənin abadlıq işlərinin görülməsi və istirahət mərkəzinin yaradılması məqsədilə “X25” Kooperativinin istifadəsinə verilmişdir. Daha sonra “X25” Kooperativi yenidən təşkil edilərək, “X25” Kiçik Müəssisəsi kimi fəaliyyətini davam etmişdir. “X25” kooperativinin təsisçisi və rəhbəri olan Cavabdeh tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə 15 dekabr 2008-ci il tarixli 22 saylı məktubla müraciət edərək, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 13 aprel 1990-cı il tarixli, 4/3 nömrəli Qərarı ilə müəssisənin istifadəsinə verilmiş ərazidəki 2700 kv.m torpaq sahəsindən və həmin ərazidə yerləşən “xxx” restoran kompleksindən imtina etdiyini bildirmiş və həmin əraziyə hüquqlarının İddiaçınə keçirilməsinə razılıq vermişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xxxxdə yerləşən 2700,00 kv.m torpaq sahəsi abadlaşdırılması və “xxx” adlı qeyri-yaşayış sahəsinin (restoran kompleksinin) yenidən qurularaq fəaliyyətinin davam etdirilməsi məqsədi ilə icarə əsasında İddiaçı istifadəsinə verilmiş, gölün çirkləndirilməsinin, çirkab sularının axıdılmasının qarşısının alınması və fiziki şəxslər tərəfindən qanunsuz istifadə olunmasına nəzarəti həyata keçirmək məqsədilə göl İddiaçınə təhkim olunmuşdur. “X25” MMC Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin sərəncamın etibarsızlığı tələbini irəli sürmüş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının 2-1(102)-1482/2014 nömrəli 09 dekabr 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən iddia mümkün sayılmamışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2010-cu il tarixli qətnaməsi ilə “X25” MMC-nin nizamnamə kapitalının 50%-nin X2, digər 50%-nin X4, X11 və Rafik Musayevə aid edilmişdir. Hazırkı iş üzrə tərəflər, habelə üçüncü şəxslər arasında mübahisəli torpaq sahəsinə hüquqların müəyyən edilməsi ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələri olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. O cümlədən “X25” MMC-nin Cavabdeh və İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2017-ci il tarixli 2(102)-1856/2017 nömrəli qərarı ilə qanuni qüvvəyə minmişdir.
16. Birincisi, iddiaçı Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində işlər aparan fəhlələr və iş icraçısı tərəfindən görülən işlərə edilən müdaxilə və maneələrin cavabdeh tərəfindən aradan qaldırılmasını tələb edir.
17. Cavabdeh iddiaya etiraz edərək hər hansı müdaxilə və maneə yaratmadığını bildirir.
18. Məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən tələbi neqator iddia hesab olunur.
19. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Göründüyü kimi, mülki qanunvericilikdə neqator iddianın məzmunu açıqlanmış, iddianın subyekti kimi mülkiyyətçi ilə yanaşı, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsin də çıxış edə biləcəyi təsbit edilmişdir.
22. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətlərini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir, birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi; üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evinin pəncərəsi qarşısında tikilən hasarı sökmək və s.).
23. Hazırkı işin hallarından görünür ki, iddiaçı xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsindən qanuni əsaslarla istifadə edir və istifadənin hüquqi əsasını təşkil edən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamın etibarlılığı məhkəmə qaydasında da yoxlanılmışdır. Cavabdeh isə iddiaçının söküntü işlərinə maneə törətdiyini (bir neçə il əvvəl, sərxoş halda), bir neçə nəfəri iddiaçının təsisçisi X5 yanına göndərərək onu cavabdehin təklifi ilə razı salmağa sövq etdiyini, müxtəlif vaxtlarda hasarın ətrafından baxış keçirdiyini və s. bildirir.
24. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclaslarında qeyd etdiklərinə faktın etirafı kimi yanaşılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
25. xxxxdə yerləşən 2700 kv.m torpaq sahəsindən istifadə olunmasına müxtəlif maneələr törətdiyini etiraf edən, lakin hərəkətlərinin məcmusuna maneə kimi yanaşmayan cavabdeh öz hərəkətlərinin qanuniliyini sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki neqator iddiasının əsası dedikdə, iddiaçı tərəfindən məhkəməyə verilən tələbin əsaslandığı hallar başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərini şərtləndirən hallar; cavabdehin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Hazırkı işdə birinci hal sübutlar əsasında, ikinci hal isə faktın etirafı qaydasında təsdiqlənir. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmamasını sübut etməyə və əsaslandırmağa borclu deyildir. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Çünki bu zaman ehtimal olunur ki, cavabdeh öz hərəkətinin hüquqa uyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır.
26. Cavabdeh isə hazırkı iş üzrə öz hərəkətlərinin - xxxxdə yerləşən torpaq sahəsində işlərin aparılmasına maneə törədilməsinin, iddiaçının təsisçisini həmin işlərin aparılması ilə bağlı razılığa sövq etmək üçün müxtəlif şəxslər vasitəsilə “danışıqlar” aparmasının, müxtəlif vaxtlarda hasardan işlərə nəzarət etməsinin hüquqa uyğun olmasını sübut edə bilməmişdir.
27. Beləliklə, məhkəmə hesab edir ki, neqator iddia təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində iddiaçının tikinti işlərini aparan fəhlələri və iş icraçısı tərəfindən görülən işlərə Cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılmalıdır.
28. İkincisi, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3cü şəxs xxxx) müəyyən hüquqa malik olmaları”, “xxx” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması tələb edilir.
29. İddiaçı həmin tələbinin əsası kimi iş icraçısına (Məzahir adlı şəxs) cavabdeh tərəfindən verildiyini iddia etdiyi məktubu (Cavid müəllimə ünvanlanan) təqdim edir, Cavid adlı şəxslə iddiaçının hər hansı əlaqəsinin olmadığını bildirir.
30. Cavabdeh adıçəkilən məktubun özü tərəfindən yazıldığını qəbul edir, lakin iddiaçının iş icraçısına deyil, şəxsən Cavid müəllimə təqdim etdiyini, məqsədinin mübahisənin həll edilməsi olduğunu göstərir.
31. Mübahisələndirilən və Cavid müəllimə ünvanlanan məktubdan görünür ki: “Çox hörmətli Cavid müəllim. Sizə müraciətimin əsas məqsədi keçmiş Yasamal Rayon İcra hakimiyyətinin aşağı təqdim olunan qərarı əsasında mənə verilmiş su sahəli torpaq sahəsində İddiaçı Şirkəti ilə birgə iş görməkdir. Xahiş edirəm, təqdim olunan və qırmızı xətlə qeydə alınmış sənədi hüquqşünaslar diqqətlə nəzərdən keçirsinlər və lazım bilsəniz, çox əlverişli vasitə tövsiyə edilən təklifimi qəbul etsinlər. Əlavə olaraq bildirirəm ki, keçmiş göl restoranı 0,60 hektar sahədə yerləşməsi baxmayaraq, İddiaçı Şirkətinin nümayəndələrinin qəti qərarı ilə 0,60 hektar torpaq sahəsinin cəmi 0,21 hektar sahəsi icra hakimiyyətinin qərarı ilə İddiaçı Şirkətinə verilmiş, qalan 0,39 hektar sahə isə qarşı tərəfin balansında qalmış və məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qarşı tərəf orda iş başlamaq fikrindədir. İddiaçı Şirkəti mənə çatacaq 400 000 məbləği verməmiş, amma restoranı axır daşına qədər sökmüşdür. Mən tələb və xahiş edirəm ki, 400000 pulun yarısını, yəni 200 000-ni qaytarsınlar, qalan hissəsini isə müsbət həll edilərsə, onlara halal edirəm. Mənim bu pula İddiaçı Şirkətindən fərqli olaraq çox böyük ehtiyacım var. Xahiş edirəm pulumun yarısını qaytarsınlar və belə olsa, qarşı tərəf qalan 0,39 hektar sahəni qaytarılmasını təmin edəcəm. Əgər gölün sahəsini birgə qurutmalı olsaq, onun 60%-ni İddiaçı Şirkətinə verəcəm və qalan hissəsini isə çox əlverişli satqı yolu ilə onların balansına keçirəcəm. Xahiş edirəm mənim təklifimə biganə yanaşmayasınız. Cavabdeh. Əlaqə nömrəsi:***-***- **-**”.
32. Göstərilməlidir ki, həmin məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh məktubu Cavid adlı şəxsin katibəsinə şəxsən verdiyini bildirsə də, həmin şəxsin iddiaçı ilə hər hansı bağlılığı icraatın gedişində sübut oluna bilməmişdir. Belə olan halda, nə qədər ki sözügedən məktub iddiaçı tərəfindən təqdim olunmuş və Cavid adlı şəxsin iddiaçı ilə hər hansı əlaqəsinin olmadığı bildirilmiş, cavabdeh tərəfindən isə Cavid adlı şəxsin iddiaçı ilə əlaqəsi və məktubun Cavid adlı şəxsin katibəsinə verildiyi sübut edilə bilməmişdir, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı vəzifələrinə uyğun olaraq həmin məktubun iddiaçının iş icraçısı Məzahir adlı şəxsə təqdim edildiyi həqiqi qəbul olunmalıdır. Məzahir adlı şəxsin xidmət müqaviləsi əsasında iddiaçının adından Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində müvafiq işlər gördüyünü isə iddiaçı bildirmiş, cavabdeh təsdiq etmişdir.
33. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
34. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
35. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
36. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
37. Məhkəmə mülki qanunvericiliyin istinad olunan normalarına və Ali Məhkəmə Plenumunun müvafiq Qərarına istinad edərək qeyd edir ki, hüquqi şəxslərin işgüzar nüfuzunun müdafiəsi təşkil edilərkən məlumatın hüquqi şəxsin işgüzar nüfuzuna təsiri; bu məlumatların yayılması; həmin məlumatların doğru olub-olmaması kimi üç element üzrə yoxlama aparılmalıdır.
38. Əvvəla, məhkəmə qeyd edir ki, kommersiya hüquqi şəxslərinə münasibətdə işgüzar nüfuz onlarla sahibkarlıq fəaliyyəti subyektləri kimi əmlak istifadəsi, malların istehsalı və (və ya) satışı, işlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı bazar subyektləri və ya digər şəxslər arasında formalaşmış davamlı və ardıcıl etimad münasibətlərinin qorunmasına əsaslanır. Bu münasibətlər zəminində hüquqi şəxsin öz öhdəliklərini vicdanla həyata keçirməsi, mübahisələrin həllində qarşılıqlı fəaliyyət göstərməsi və s. kimi amillər əsasında əmtəə bazarında sonuncunun işgüzar nüfuzu formalaşır.
39. Lakin məhkəmə qeyd edir ki, hüquqi şəxsin fəaliyyəti çərçivəsində digər şəxslərlə yaranan mübahisələr zəminində kontragentin öz mənafeyinin müdafiəsi üçün səsləndirdiyi və ya yazdığı istənilən məlumat hüquqi şəxsin işgüzar nüfuzunu zədələyən məlumat hesab oluna bilməz. Hüquqi şəxs barəsində ifadə olunan məlumatın işgüzar nüfuzunu ləkələyən məlumat olub-olmaması yoxlanılarkən nəzərə alınmalı məqam belə məlumatın ifadə olunmasında güdülən məqsədin kontragent tərəfindən mübahisənin həlli yoxsa hüquqi şəxsin nüfuzunun ləkələnməsi istiqamətində olmasının müəyyən olunmasıdır. Əks halda şəxslər arasında yaranan mübahisələr zamanı tərəflərin öz mənafeyinin müdafiəsi üçün əsaslandığı faktiki halların sonradan həqiqətə uyğun olmadığının müəyyən olunması hər bir halda şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunmasına gətirib çıxara bilər.
40. Bu mənada məhkəmə mübahisələndirilən məktubdakı ayrı-ayrı ifadələrin kontekstdən çıxarılaraq müstəqil şərh edilməsini doğru hesab etmir. Belə ki, həmin məktubda cavabdeh, əvvəla, özünün Bakı şəhəri, xxxxdə torpaq sahəsinin olduğunu xatırladır, daha sonra iddiaçının ona borca olduğunu bildir, yekunda öz təklifini göstərir.
41. Göründüyü kimi, qeyd edilən sənəd mübahisənin danışıqlar yolu ilə həll edilməsi vasitəsilə təqdim edilmiş pretenziya məktubunun elementlərini daşıyır. Cavabdeh iddiaçıya öz tələbini bildirir, tələbin qarşılıqlı güzəşt yolu ilə həllini təklif edir. Həmçinin məhkəmənin suallarına cavab olaraq cavabdeh sübutlarının zəif olduğunu və bu səbəbdən birbaşa məhkəmə müraciət edə bilmədiyini qeyd edir.
42. Digər tərəfdən, məhkəmə həmin məlumatın yayılması ilə bağlı iddiaçının mövqeyini də əsassız hesab edir.
43. Belə ki, hüquqi şəxslər təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Həmin şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Bu mənada hüquqi şəxs barədə məlumatların yayılması dedikdə həmin məlumatların hüquqi şəxsə aidiyyəti olmayan şəxslərə yayılması nəzərdə tutulur.
44. Halbuki hazırkı işin hallarından müvafiq məktubun iddiaçının iş icraçısına verildiyi görünür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
45. Başqa sözlə, iddiaçının xidmət müqaviləsi üzrə xidmətlərindən istifadə etdiyi şəxsə həmin xidmətləri icra etməsi ilə əlaqədar xidmət sahəsində təqdim edilən sənəd də hüquqi şəxsə ünvanlanmış sənəd hesab olunmalıdır. Belə olan halda, mübahisələndirilən məktubdakı məlumatların yayılması da işdə olan materiallarla təsdiqlənmir.
46. Məhkəmə hesab edir ki, 2 meyar üzrə qiymətləndirmənin aparılması nəticəsi 3cü meyar, yəni məlumatların doğru olub-olmamasının yoxlanılması zərurətini aradan qaldırır.
47. Beləliklə, məhkəmə hesab edir ki, Əşrəfoğlu” İstehsalat Şirkətinin tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X8) müəyyən hüquqa malik olmaları”, “xxx” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də “Şirkətin cavabdehə 400 000 manat borcu olduğu” məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.
48. Üçüncüsü, iddiaçı işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi 5000 manatın tutulmasını tələb edir və digər tələbində olduğu kimi Cavid müəllimə ünvanlana məktuba istinad edir.
49. Mülki Məcəlləni 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
50. Prosessual qənaət prinsipinin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, zərərin ödənilməsi iddiası üçün əsas kimi çıxış edən müvafiq məktub iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab olunmadığından ona istinad edilməklə hər hansı zərərin ödənilməsi də istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, işgüzar nüfuza dəymiş zərər hissəsində iddia təmin edilməməlidir.
51. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində iddiaçının tikinti işlərini aparan fəhlələri və iş icraçısı tərəfindən görülən işlərə Cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
52. İddiaçı həmçinin 20 manat mediasiya xərcinin, ödənilmiş 80 manat dövlət rüsumunun və 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02508 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və iddiaçı tərəfindən 20 mediasiya xərci ödənmişdir.
54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 80 manat məbləğində dövlət rüsumu iddiaçının qanuni təmsilçisi X17 tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
55. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 330 manat məbləğində pul iddiaçının qanuni təmsilçisi tərəfindən Bakı şəhəri 13 saylı vəkil bürosuna ödənilmiş, xx.xx.2023-cü il tarixdə sonuncu ilə iddiaçı arasında 1455 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmış, ******* nömrəli order verilmişdir.
56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
58. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (iş məhkəməyə daxil olarkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
59. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
60. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
61. İş materialları ilə müəyyən olunur ki, müvafiq maneə və müdaxilənin aradan qaldırılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
62. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
63. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
64. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, xxxxdə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində iddiaçının tikinti işlərini aparan fəhlələri və iş icraçısı tərəfindən görülən işlərə Cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 (iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova