Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-742/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cəmi 9135,84 (doqquz min yüz otuz beş manat səksən dörd qəpik) manat borc olmaqla – bundan 5100 (beş min bir yüz manat) manat əsas, 3468,55 (üç min dörd yüz altmış səkkiz manat əlli beş qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 567,29 (beş yüz altmış yeddi manat 29 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 111,36 (bir yüz on bir manat 36 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 11 may 2019-cu il tarixli 11/0575/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh5 kredit verilərkən Cavabdeh4 və Cavabdeh3ilə bank arasında 11 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********802 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh5 kredit üzrə cəmi borcu 9135,84 (doqquz min bir yüz otuz beş manat səksən dörd qəpik) AZN təşkil edir. Bundan 5100 (beş min bir yüz manat) AZN əsas, 3468,55 (üç min dörd yüz altmış səkkiz manat əlli beş qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 567,29 (beş yüz altmış yeddi manat iyirmi doqquz qəpik) AZN faiz borcu təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert tərəfindən əsassız olaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə edilmiş 300 manat ödəniş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə edilmiş ödənişlər kimi də nəzərə alınmış, həmin 600 manat vəsait əsassız olaraq faiz borclarına silinmişdir. Halbuki, materiallarda olan hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ümumiyyətlə ödəniş edilməmiş, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə edilmişdir. Həmin tarixdə edilmiş 300 manat ödənişin müqavilə üzrə hesaba köçürülməsi (transfer edilməsi) ekspert tərəfindən yanlışlıqla ödəmələr kimi nəzərə alınmışdır. Həmin 600 manat silinmənin nəzərə alınmamasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı və Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 25 faizlə 36 ay müddətinə 7000 manat kredit götürmüşdür.
13. Müqavilənin 1 saylı Əlavəsində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödəniş tarixləri öz əksini tapmışdır.
14. xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kassa məxaric orderinə görə 7000 manat məbləğində pul Cavabdeh5 verilmişdir.
15. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin borclunun bank qarşısında xx.xx.2019cu il tarixli, 11/0575/KBK nömrəli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyən digər zərərin ödənlməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür.
17. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 xx.xx.2024-cü il tarixinə olan əsas borcu 5100 manat, faiz borcu 3468 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu (5%) 567,29 manat, ümumi borc 9135,84 manat təşkil edir.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10671 nömrəli ekspert rəyinə görə xx.xx.2019cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 25%-lə, müqavilə dövründən sonra illik 5%-lə fazi hesablanmaqla Cavabdeh5 xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış faydfa borcu 8459,05 manat (əsas borc üzrə 5612,15 manat, faiz borcu üzrə 2233,45 manat, əldən çıxmış fayda borcu üzrə 613,45 manat) məbləğində müəyyən edilir.
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
24. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir
25. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faizlə 36 ay müddətinə 7000 manat kredit verilmişdir. Borcun təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2019cu il tarixli, 11/0575/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh5 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit müqaviləsi ödəməli оlduğu vəsaitləri banka vaxtında tam şəkildə qaytarmamışdır.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda kredit müqaviləsi üzrə yaranmış borcların ödənilməsini əsas borcludan tələb etməkdə haqlıdır.
30. Məhkəmə hesab edir ki, cavabdehdən (əsas borclu) tutulmalı olan əsas borcun məbləği iddia tələbi həddində müəyyən edilməlidir, belə ki, ekspert rəyi ilə qalıq əsas borcun məbləği 5612,15 manat müəyyən edilsə, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış faiz borcunun məbləği isə ekspert rəyinə uyğun müəyyən edilməlidir.
32. Bununla yanaşı, materiallarda olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh5 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə (300 manat) edilmişdir. Rəydə isə ekspert tərəfindən əsassız olaraq ödəniş barədə sənədlər olmadığı halda xx.xx.2022-ci il tarixdə 300 manat və xx.xx.2022-ci il tarixdə 300 manat da ödənişlər edildiyi göstərilmiş, həmin 600 manat vəsait ödəniş kimi qəbul edilməklə faiz borcuna silinmiş, faiz borcunun məbləği 2233,45 manat müəyyən edilmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin 600 manat faiz borcuna silinmiş vəsait 2233,45 manat borcun üzərinə əlavə edilməklə Cavabdeh5 tutulmalı olan faiz borcunun məbləği 2833,45 manat (2233,45 manat + 600 manat) müəyyən edilməlidir.
34. İddia ərizəsindən görünür ki, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər qismində ümumilikdə 567,29 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
38. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
39. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
40. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
41. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
43. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
46. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
47. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
48. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan həmin borcun məbləği də iddia tələbi həddində müəyyən edilməlidir, belə ki, ekspert rəyi ilə illik 5 faizlə müəyyən edilmiş borcun məbləği 613,45 manat müəyyən edilsə, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh5 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh5 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh5 xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsi üzrə 5100 manat əsas borc, 2833,45 manat faiz borcu, illik 5 faizlə hesablanmış 567,29 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə iddianı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 aid hissədə əsassız hesab edir.
51. Belə ki, materiallardan görünür ki, xx.xx.2019-cu il tarixli, 11/0575/KBK nömrəli kredit müqaviləsinin müddəti 36 ay olması müəyyən edilmiş, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, borcun ödənilməsi ilə bağlı zaminlərə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir.
52. Məhkəmə qeyd edir ki, zaminliyə xitam verildiyindən iddia tələbi zaminlərə (Cavabdeh4 və Cavabdeh3) aid olan hissədə təmin edilə bilməz.
53. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
54. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh4 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) Cavabdeh5 tutularaq iddiaçıya ödənilməli, qalan 6,36 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
57. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
58. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh5 5100 manat əsas borc, 2833,45 manat faiz borcu, 567,29 manat illik 5 faizlə hesablanmış zərər, 105 manat dövlət rüsumu, ümumilikdə 8605,74 (səkkiz min altı yüz beş manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 6,36 (altı manat otuz altı qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdeh5 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova