Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-744/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evlə bağlı cavabdehin xx xxxx 2011-ci il tarixli, 432 nömrəli evin qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evlə bağlı cavabdehin xx xxxx 2011-ci il tarixli, 432 nömrəli evin qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunverici qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda əmlakın yenidən qiymətləndirilməsini mümkün hesab etsə də, qiymətləndirici hesabatının ayrıca iddia predmeti olmasını nəzərdə tutmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən qiymətləndirmə hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə, ümumiyyətlə, onun mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmaldır Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş hesabatın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıbyaratmamasının müəyyən olunmasından asılıdır. Məhkəmənin qəynaətinə görə cavabdeh qiymətləndirici “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2011-ci il tarixli, 432 nömrəli Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Hesabat əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilməmiş, belə olan halda hesabat tərtib edilən andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilməz. Müvafiq olaraq iddiaçı da məhz həmin hesabat əsasında qəbul edilən və onun üçün hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Belə mübahisə açarkən isə o, rəyin qanunsuzluğuna və əsassızlığına istinad edə və məhz bu səbəbdən hüquqi məsuliyyət yaradan qərarın ləğvini tələb edə bilər. Çünki rəyin tərtib edilməsi və rəy əsas götürülməklə iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir, rəyin tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları və azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2011-ci il tarixli, 432 nömrəli Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün olmadığından rəyin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Prosessual qanunvericilik işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları əks etdirən məlumatları, o cümlədən yazılı sübutları, ekspert rəylərini sübut hesab edərək belə məlumatları sübutetmə vasitələrinin sırasına aid etmiş, həmçinin məhkəmə tərəfindən sübutların aidliyini, mümkünlüyünü, doğruluğunu, tamlığını müəyyən etmək üçün maddi və prosessual hüquq normalarına uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb qiymətləndirmə aparmasını nəzərdə tutmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı işdə mübahisələndirdiyi Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi də mübahisənin həlli ilə bağlı yazılı sübut (rəy) olmaqla prosessual hüquq normalarına müvafiq olaraq qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qiymətləndirmə rəyinin müstəqil iddia olaraq mübahisələndirilməsi məhkəmə baxışının predməti ola bilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evlə bağlı cavabdehin xx xxxx 2011-ci il tarixli, 432 nömrəli evin qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-744/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-744/2021
01.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver