Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-744/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, dəbbə pulunun azaldılması, iddianın qismən etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 13492,27 manat əsas borc, 2481,79 manat faiz borcu və 1000 manat dəbbə borcu olmaqla cəmi 16974,06 manat məbləğində pulun və ödənilmiş 141,40 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24% faizlə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş (məqsədli təyinatı – biznes, əsas vəsaitlərin artırılması) və kreditin aylıq 793 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında 04 oktyabr 2023-cü il tarixdə BAKU1- 39430-2322+ACAM2-15297 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh3 09 oktyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 13492,27 manat əsas borc, 2481,79 manat faiz borcu və 1000 manat dəbbə borcu olmaqla cəmi 16974,06 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445.2-ci maddələri göstərilmişdir.
4. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 xx.xx.2024-cü il tarixli ərizə ilə iddia tələbini 13492,27 manat əsas borc və 1618,29 manat faiz borcu hissəsində etiraf etmişdirlər.
5. Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbini 13492,27 manat əsas borc və 1618,29 manat faiz borcu hissəsində etiraf etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddianın etiraf edilməsi barədə ərizənin məzmununa uyğun izahat verdilər.
8. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın etiraf edilməsi barədə ərizəsinin məzmununu təsdiq etdi.
9. Cavabdeh2 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı ilə Cavabdeh3 arasında 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətə illik 24 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli BAKU1- 39430-2322+ACAM2-15297 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncular Cavabdeh3 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh3 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
14. İddiaçı 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 nömrəli kredit müqaviləsi üzrə 13492,27 manat əsas borc və 2481,79 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
15. Cavabdehlər iddia tələbini 13492,27 manat əsas borc və 1618,29 manat faiz borcu hissəsində etiraf edirlər.
16. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır.
17. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh3 poçt rabitəsi vasitəsilə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda bütün əsas borc məbləğini tələb etmiş, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir. Qeyd olunan məktub xx.xx.2024-cü il tarixdə cavabdehlər tərəfindən qəbul edilmişdir.
18. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
19. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
20. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
21. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
22. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
23. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh3 pretenziya məktubunu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən – xx.xx.2024-cü ildən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişləri cavabdehlərdən tutula bilər.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 nömrəli kredit müqaviləsi üzrə əsas borc 13492,27 manat, faiz borcu 1618,29 manat təşkil edir.
25. Beləliklə, məhkəmə hesab edir ki, 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430- 2322 nömrəli kredit müqaviləsi üzrə müqavilənin xitam tarixinə tutulmalı əsas borc 13492,27 manat, faiz borcu isə 1618,29 manat təşkil edir.
26. Həmin hissədə isə iddia cavabdehlər tərəfindən etiraf edilmişdir.
27. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
28. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
29. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
30. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
31. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddianı qismən etiraf edərək əsas və kreditdən istifadəyə görə razılaşdırılmış faiz məbləği hissəsində iddianı etiraf etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
32. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
33. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 04 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 13492,27 manat əsas borc, 1618,29 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddiaçı 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 nömrəli kredit müqaviləsi üzrə 1000 manat məbləğində cərimənin də cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasını məhkəmədən xahiş edir.
35. 04 oktyabr 2023-cü il tarixli BAKU1-39430-2322 nömrəli kredit müqaviləsinin 4.3cü bəndinə əsasən, “Borcalan” kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən “Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% (bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.
36. xx.xx.2023-cü il tarixli BAKU1-39430-2322+ACAM2-15297 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin kreditor qarşısında məsuliyyətinin əsasları aşağıdakılardır: əsas borcun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə qaytarılmaması; faiz borcunun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcunun (cərimə və peniya) və ya sığorta məbləğinin ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirilməməsi. Zaminliklə təmin edilən tələbin həcminə əsas borc, onun faizi, dəbbə borcu, sığorta məbləği, öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə kreditorun çəkdiyi məhkəmə, hüquq xidməti xərcləri və digər zərərlər daxildir.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
40. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamış, məhkəmə icraatının gedişində cavabdeh tərəf əsas və faiz borcu hissəsində iddianı qismən etiraf etmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
41. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği 550 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
42. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 550 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
43. İddiaçı həmçinin ödənilmiş 141,4 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən dövlət büdcəsinə 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 13492,27 manat əsas borc, 1618,29 manat faiz borcu, 550 manat dəbbə pulu olmaqla ümumilikdə 15660,56 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova