Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7447/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisələrinə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 107.769.39 manat məbləğində əsas borcun, əsas borca hesalanmış 45343.09 manat borc üzrə əlavə hesablanmış cərimənin – cəmi 153.112,48 manat məbləğində pulun və iddia tələbi üzrə ödənilmiş 443,11 manat məbləğində dövlət rüsumunun Cavabdeh Şirkətidən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Хidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 05 oktyabr 2011-ci il tariхdə kommersiya hüquqi şəхsi kimi qeydiyyata alınmışdır. Sonradan İddiaçı MMC-nin nizamnaməsində dəyişiklik edilmiş və həmin dəyişiklik 01 sentyabr 2020-ci il tariхdə qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı yaradılmış və kommersiya hüquqi şəхslərinin dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və İddiaçı Nizamnaməsinə uyğun olaraq həyata keçirir. İddiaçı Nizamnaməsinin 3cü bölməsində cəmiyyətin fəaliyyət növləri göstərilmişdir.Nizamnamənin 3.1-ci bəndinə əsasən, Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq хüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Şərh olunduğu kimi, İddiaçı MMC Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və İddiaçı Nizamnaməsinə uyğun olaraq həyata keçirmişdir. Fəaliyyətinin icrası qaydasında qanunla və nizamnaməsi ilə icazə veritlən fəaliyyət növləri ilə məşğul olmuşdur. Həmçinin digər hüquq subyеktləri ilə alqı-satqı münasibətlərində mülki hüquq münasibətlərinin müstəqil iştirakçısı kimi çıхış еdir. İddiaçı MMC ilə cavabdеh Cavabdeh Şirkəti arasında 18 sentyabr 2024-cü il tarixində, 52/2024 saylı Alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən satıcı «X3»nda sadalanan cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə yuxarıda sadalanan Malları qeyd edilən Müqavilədə və ona dair razılaşdırılmış Əlavədə nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləği (qiyməti) satıcıya ödəməyi üzərinə öhdəlik olaraq götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən imzalanmış qarşılıqlı razılaşma ilə satıcı hazırki müqavilə müddəti ərzində Malları bir və ya bir neçə partiya ilə təhvil verə bilər. Müqvilənin 2.3-ci bəndinin tələbinə əsasən isə X7 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Müqavilənin şərtlərinə uyğun olaraq 29 noyabr 2024-cü il və 26 dekabr 2024-cü il tarixlərində ƏDV daxil 107.769.39 manat dəyərində avadanlıqlar müvafiq olaraq **********4/2024 saylı təvhil-təslim aktı ilə və **********9/2024 saylı təhvil-təslim aktı ilə "xxxx" Şirkətinə təhvil verilsə də, bu günə kimi həmin avadanlıqların dəyəri İddiaçı MMCninhesabına ödənilməmiş və ödənişlərin edilməməsi barədə İddiaçı MMC-nə hər hansı bir rəsmi məlumat verilməmişdir. Müqavilənin 4.1.1 maddəsinə əsasən Satıcı Alıcıya keyfiyyətli və yararlı Malları satmalı və 4.2.1 bəndinin tələbinə əsasən həmin Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini Alıcıdan tələb etməlidir. Eyni zamanda Həmin müqavilənin 4.3.1-i bəndinə əsasən, bu müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” QaiməFakturada göstərilən mallarla “Alıcı”nı təchiz etməyi, Alıcı isə ona təhvil verilmiş malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərni müqavilədə göstərilən müddətdə və məbləğdə satıcıya ödəmək alıcının- Cavabdeh Şirkətinin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Daha sonra Müqavilənin 6.2 bəndinin tələbinə əsasən mallar Alıcıya təhvil verildikdən sonra Müqavilə ilə müəyyən edilmiş müddət ərzində Malların dəyəri ödənilmədikdə, Alıcı ödənişi gecikdirdiyi hər günə görə 10% (on faiz) məbləğində dəbbə pulu ödəməlidir, lakin dəbbə pulunun məbləği ödəniləcək məbləğin 5%-dən (beş faiz) çox olmayacaqdır. Baxmayaraq ki, Cavabdeh Şirkətinə təhvil verilmiş avadanlıqlar üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən 03 iyul 2025-ci il tarixdə, MYB-50/2025 saylı məktubu ilə Cavabdeh Şirkətinə müraciət olunmuş, lakin Cavabdeh Şirkəti tərəfindən qəbul edilmiş avadanlıqların dəyəri hələ də məlum olmayan səbəbdən ödənilməmişdir. İddiaçı MMC tərəfindən müqavilənin şərtləri pozulmamış, öhdəlik "xxxx" MMC tərəfindən icra olunmuş, lakin müqavilənin şərtləri Cavabdeh Şirkəti tərəfindən aşkar surətdə pozulmuş, müqavilənin şərtlərinə uyğun olaraq avadanlıqların müəyyən bir qismi Cavabdeh Şirkətinə təhvil verilsə də, bu günə kimi həmin avadanlıqların dəyəri İddiaçı MMC-nin hesabına ödənilməmişdir. Göstərilən səbəbə görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə Cavabdeh Şirkətinə müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. Müqavilənin şərtlərinə əsasən 29 noyabr 2024-cü il və 26 dekabr 2024-cü il tarixlərində ƏDV daxil 107.769.39 manat dəyərində avadanlıqlar təhvil-təslim aktı ilə Alıcı- Cavabdeh Şirkətinə təhvil verildiyindən həmin avadanlıqların dəyəri İddiaçı MMC-nin hesabına ödənilməmiş, ödənişlərin gecikmə günü 252 gün təşkil etmişdir ki, bu da İddiaçı MMC-nə müqavilənin şərtələrinə uyğun olaraq ƏDV daxil 45343.09 manat cəriməni tələb etmək hüququnu yaradır. Sadalanan qanunvеricilik aktı normalarına əsasən, İddiaçı MMC ilə cavabdеh Cavabdeh Şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh Şirkəti avadanlıqların onun tərəfindən əldə еdilməsi hüququna malik olduğu kimi, еyni zamanda həmin avdanlıqların dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin, cavabdеh "xxxx" Şirkəti avadanlıqları qəbul еtsə də, avadanlıqların dəyərini ödəməməklə müqavilə öhdəlyini pozmuşdur. Buna görə də İddiaçı MMC mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtməkdə haqlıdır.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq qarşılıqlı iddiaçıya dəymiş zərərə görə 200.000 (iki yüz min) məbləğində əsas borc, əldən çıxmış faydaya görə 90600 (doxsan min altı yüz) manat məbləğində ödəniş edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumunun cəmi 291090 (iki yüz doxsan bir min doxsan) manatın qarşılıqlı cavabdeh İddiaçındən tutaraq qarşılıqlı iddiaçı Cavabdehnə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə imzalanmış 52/2024 nömrəli xx.xx.2024-cü il tarixli "Alqı-satqı Müqaviləsi"nin (sonradan "Müqavilə" adlanacaq) 1.1-ci bəndinə əsasən, Satıcı ("xxxx" MMC) hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə "X1" göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcının ("xxxx" MMC) mülkiyyətinə verməyi, Alıcı isə yuxarıda sadalanan Malları hazırki Müqavilədə və ona dair əlavələrində nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləğini (qiyməti) Satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər. İmzalanmış "X3"na əsasən, "xxxx" MMC tərəfindən 8 (səkkiz) adda Malın təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2024 va xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC tərəfindən cəmi 2 (iki) adda Mal təhvil verilmiş, 6 (altı) adda Mal bu günə kimi təhvil verilməmişdir. Qeyd etmək istəyirik ki, müqavilə üzrə alınan Mallar 3-cü şəxsə (son istifadəçiyə) satılması üçün nəzərdə tutulduğundan, son istifadəçi ilə satınalma müqaviləsi imzalanmış və Malların satış qiymətləri son istifadəçiyə təqdim edilmişdir. Lakin, "xxxx" MMC tərəfindən Müqavilənin şərtləri pozularaq Mallar təhvil verilmədiyi səbəbindən "xxxx" MMC həmin Malları son istifadəçiyə təqdim edə bilməmişdir. Nəticədə, "xxxx" MMC Malların vaxtında çatdırılmaması görə 200000 (iki yüz min) manat məbləğində cərimə ödəmişdir. İmzalanmış Müqavilənin 6.3-cü bəndinə əsasən, X6 qeyd olunan mallar Alıcı son istifadəçi ilə bağlanan satınalma müqaviləsinə əsasən satın alır. Malların çatdırılmasına görə son istifadəçi tərəfindən Alıcıya tətbiq edilən bütün cərimə və sanksiyalar həmin an Alıcı tərəfindən Satıcıya birbaşa tətbiq ediləcək. Bundan başqa, "xxxx" MMC-dən alınmış Malların satışından "xxxx" MMC 90600 (doxsan min altı yüz) manat məbləğində gəlir əldə etməli idi, lakin "xxxx" MMC tərəfindən Müqavilə üzrə öhdəliklərinin pozulması səbəbindən SEM-AZ" MMC həmin gəlirdən məhrum olmuşdur. İmzalanmış Müqavilənin 6.1-ci bəndinə əsasən, Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. Qeyd etmək zəruridir ki, sonradan bizə məlum olmuşdur İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirə bilməyəcəyini əvvəlcədən bildiyi halda, bu barədə tərəfimizi vaxtında məlumatlandırmamış və əksinə, avadanlıqların təchizatını tam həcmdə və müqavilə şərtlərinə uyğun şəkildə təmin edəcəyini vəd etmişdir. Bu əsasda tərəflər arasında müqavilə imzalanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 386.2-ci maddəsinə əsasən həmin məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin maddənin 2-ci bəndinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. AR MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. AR MM-nin 465-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi yazılı mülahizəsinin məzmununa uyğun çıxış edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallar təhvil-təslim aktına əsasən cavabdeh tərəfə verilmişdir. Malların təhvili müqavilənin 2.2-ci maddəsinə əsasən tənzimlənmişdir. Cavabdeh tərəflə müqavilə icra edilənədək qüvvədə qalmalıdır. Müqaviləyə əsasən mallar təhvil verildikcə ödəniş olunmalı idi. Müqavilədə ödəniş məsələləri xüsusi tənzimlənməmişdir. Cavabdeh tərəfə 107.000 manat məbləğində mal təqdim olunmuşdur, qarşı tərəf malı almış, 3-cü tərəfə satmış və heç bir ödəniş etməmişdir. Avropa iddiaçıya malları satmağı qadağan etdiyi üçün 3 adda analoq malı Amerikadan gətirmişlər. Bu barədə cavabdeh tərəfə pretenziyalar göndərsələr də, heç bir geridönüş edilməmişdir. Tərəflər arasında olan müqavilədə avans ödənişi nəzərdə tutulmamışdır. Cavabdeh tərəf onlardan aldığı malları 3-cü tərəfə satacağını bildirməmişdir, müqavilədə də belə hal qeyd olunmamışdır. Qarşılıqlı iddia tələbini qəbul etmirlər, cavabdeh tərəfin üçüncü şəxslə bağladığı müqavilənin onlara heç bir aiddiyatı yoxdur.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi bildirdi ki, ilkin iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. 107.769,39 manat məbləğində mal cavabdehə verilmişdir, lakin ödəniş etməmişlər. Bütün mallar onlara iddiaçı tərəfindən təhvil verilməmişdir. Müqavilənin 3.8-ci maddəsinə əsasən müqavilənin icrası tam başa çatdıqdan sonra cavabdeh tərəfindən ödəniş olunmalı, tərəflər arasında son haqq-hesab olunmalı idi. Öhdəlikləri olan üçüncü tərəf onlardan malların ölkəyə gətirilməsinin mümkün olmaması ilə bağlı rəsmi məktub istədi. Onlar mail vasitəsilə iddiaçının nümayəndəsi Ramazan bəydən bu sənədi istəsələr də, təqdim olunmamışdır. Tenderdə onlar iki şirkət adından iştirak etmişlər. Malların çox hissəsi iddiaçı şirkət tərəfindən təchiz olunmuşdur və iddiaçı şirkət də yaxşı bilir ki, tenderin başlama və bitmə müddəti 1 illikdir, mallar gecikdirilmədən təhvil verilməlidir. İddiaçı tərəf malları onlara 25 dekabr tarixinə qədər təhvil verməli idi. Təhvil verilmə ilə bağlı müqavilədə hal nəzərdə tutulmamışdır. Qarşı tərəf tender qarantiyası ilə icra təminatını qarışdırır. Üçüncü tərəflə olan müqaviləyə əsasən cavabdeh 25 dekabr 2024-cü il tarixinə qədər malları təhvil verməli idi. Daha sonra icra müddəti 04 aprel 2025-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı tərəf malları vaxtında təqdim etmədiyinə görə cavabdeh üçüncü tərəflə olan müqaviləyə əsasən 200.000 manat məbləğində cərimə olunmuşlar. Hesab edirlər ki, həmin 200.000 manat məbləğ və əldən çıxmış fayda iddiaçı tərəfindən ödənməlidir. Üçüncü tərəflə olan müqavilədə 65 adda malı cavabdeh həmin 3-cü şəxsə təhvil verilməli idi, həmin mallardan iddiaçı tərəfindən isə 8 adda mal təhvil verilməli idi. Hesab edirlər ki, daha çox məbləğdə mal iddiaçı tərəfindən təchiz olunmalı olduğuna görə cəriməni iddiaçı tərəf ödəməlidir. Onlar sayca çox mal təqdim etməli olsalar da, iddiaçının təqdim etməli olduğu malların qiymətləri daha bahadır. Üçüncü tərəfə olan öhdəliyini gecikdirmə səbəbləri digər tərəflərdən malların gec təqdim olunması ilə bağlıdır. Ramazan bəylə olan danışıqlara əsasən proyekt bitdikdən sonra onlar tərəfindən ödəniş olunmalı idi. Tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən hazırlanmışdır və cavabdeh tərəfə təqdim olunmuşdur. Hər iki tərəfin nümayəndələri müqavilənin qüsurlu olduğunu qəbul edir, müqavilədə bir çox hallar nəzərdə tutulmamışdır, həmçinin ən əsası müddəti qeyd olunmamışdır.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 52/2024 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin aşağıdakı maddələrinə əsasən:
9. 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə (X1) (bundan sonra birlikdə “Əlavələr”) göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin (bundan sonra birlikdə “Mallar”, ayrılıqda “Mal” adlandırılacaq) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcının mülkiyyətinə verməyi, Alıcı isə yuxarıda sadalanan Malları hazırkı Müqavilədə və ona dair Əlavələrində nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləğini (qiyməti) Satıcıya ödəməyi öhdəsinə götürür.
10. 1.2-ci bəndinə əsasən alıcının (və ya onun nümayəndəsinin) Satıcıya (və ya onun nümayəndəsinə) telefon (zəng və ya proqram tətbiqi yolu ilə), elektron poçt və ya kuryer (poçt) vasitəsilə sifariş etdiyi Malların növü, miqdarı, çeşidi, sayı, ölçüsü, standartı, zəmanət və çatdırılma müddəti hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilən hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə müəyyən edilir.
11. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə Əlavələrdə başqa hal nəzərdə tutulmayıbsa, Malların Alıcıya çatdırılması Satıcını hesabına nəql edilməsi yolu ilə həyata keçiriləcək.
12. 2.2-ci bəndinə əsasən qarşılıqlı razılaşma ilə Satıcı hazırki Müqavilə müddəti ərzində Malları bir və ya bir necə partiya ilə təhvil verə bilər.
13. 2.3-cü bəndinə əsasən X7 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Malların təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması mümkün olan Malların keyfiyyətindəki qüsur və çatışmazlıqlar aşkar olunduğu halda onu Alıcının seçimi ilə razılaşdırılmış müddət ərzində yenisi ilə əvəz etmək və ya qiyməti mütənasib olaraq azaltmaq və ya onun dəyərinin Alıcıya geri qaytarılmasını təmin etmək, eləcə də bu barədə Alıcıya müvafiq təsdiqedici sənədi təqdim etmək. Təhvil-Təslim aktında qeyd olunan qüsur və çatışmazlıqlar 1 ay müddətində aradan qaldırılmadıqda Satıcı 6 3-cü maddəsi üzrə məsuliyyət daşıyır.
14. 2.4-cü bəndinə əsasən qüsurun Satıcının təqsiri ucbatından əmələ gəldiyi təsdiqlənərsə, o, Malları Alıcının tələbinə əsasən yenisi ilə əvəz etməyi və yaxud dəymiş ziyanı ödəməyi öhdəsinə götürür.
15. 2.5-ci bəndinə əsasən malların Təhvil-Təslim Aktı imzalandığı və quraşdırılıb tam işlək vəziyyətdə təhvil verildiyi andan Malların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riski Alıcıya keçir.
16. 2.6-cı bəndinə əsasən alıcı gizli olan və ya Təhvil-Təslim imzalandığı və quraşdırılıb tam işlək vəziyyətdə təhvil verildiyi zaman aşkar edilməsi mümkün olmayan qüsurların sonradan aşkar edilməsi üzrə Satıcıya 15 iş günü ərzində məlumat bildirilməlidir. Satıcı bu halda 1 ay müddətində aşkar edilmiş belə qüsurları aradan qaldırmalı, yenisi ilə əvəz etməli və ya belə Malların dəyərini Alıcıya geri ödəməlidir.
17. 3.1-ci bəndinə əsasən alıcı tərəfindən sifariş olunmuş Malların dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə müəyyən edilir.
18. 3.2-ci bəndinə əsasən Satılan Malların qiymətində, miqdarında və konfiqurasiyasında dəyişiklik yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.
19. 3.3-cü bəndinə əsasən müqavilə üzrə təqdim ediləcək Mallar müqavilində alıcı tərəfindən satıcıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 906860.76 (doqquz yüz altı min yeddi səkkiz yüz altmış manat 76 qəpik) (bundan sonra Müqavilə qiyməti adlanacaq) təşkil edir.
20. 3.4-cü bəndinə əsasən hazırki müqavilə üzrə avans ödənişi nəzərdə tutulmamışdır.
21. 3.6-cı bəndinə əsasən təchiz olunmuş Mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması Aktı tərtib oluna bilər.
22. 3.7-ci bəndinə əsasən tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyalarını və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir. Malların dəyərinə Azərbaycan Respublikasının qanunvericiyi ilə nəzərdə tutulmuş bütün vergi və məcburi ödənişlər daxildir.
23. 3.8-ci bəndinə əsasən müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilat\a təchizatçı arasında son haqq-hesab aparılır, təhviltəslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir.
24. 4.1-ci bəndinə əsasən Satıcının öhdəlikləri aşağıdakılardır:
25. 4.1.1-ci bəndinə əsasən alıcıya keyfiyyətli və yararlı Malları satmaq;
26. 4.1.2-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad Mallar təqdim etmək;
27. 4.1.3-cü bəndinə əsasən sifarişçinin sifarişi ilə Malların Alıcıya müvafiq qaydada təhvil verilməsini təmin etmək;
28. 4.1.4-cü bəndinə əsasən malların təyinatına uyğun istifadə üçün yararlılığına və keyfiyyətinə dair zəmanət vermək;
29. 4.1.5-ci bəndinə əsasən malların təhvil-təslim anına qədər onların təsadüfən zədələnməsi və ya məhv olmasına görə məsuliyyət daşımaq;
30. 4.1.6-cı bəndinə əsasən malların çatdırılması zamanı onların məhv olması, habelə onların miqdarı, çeşidi və keyfiyyətində Alıcı ilə əvvəlcədən razılaşdırılmamış çatışmazlıqlar aşkar olunduqda, onları Alıcının seçimi ilə razılaşdırılmış müddət ərzində yenisi ilə əvəz etmək və ya qiyməti mütənasib olaraq azaltmaq və ya onun dəyərinin Alıcıya geri qaytarılmasını təmin etmək, eləcə də bu barədə Alıcıya müvafiq təsdiqedici sənədi təqdim etmək;
31. 4.1.7-ci bəndinə əsasən mallar Alıcıya təhvil verdikdə və bu Müqavilədə nəzərdə tutulan sənədlər satıcı tərəfindən alıcıya verilir;
32. 4.2-ci bəndinə əsasən satıcının hüquqları aşağıdakılardır:
33. 4.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini Alıcıdan tələb etmək,
34. 4.2.2-ci bəndinə əsasən alıcı Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından azı 1 (bir) ay əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə birtərəfli qaydada imtina etmək;
35. 4.3-cü bəndinə əsasən alıcının öhdəlikləri aşağıdakılardır
36. 4.3.1-ci bəndinə əsasən hazırkı Müqavilənin şərtlərinə uyğun tədarük olunmuş Malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək.
37. 4.3.2-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən tədarük olunan Malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin Satıcı tərəfindən pozulması halları barədə Satıcını 3 (üç) iş günü ərzində məlumatlandırmaq;
38. 4.4-cü bəndinə əsasən alıcının hüquqları aşağıdakılardır:
39. 4.4.1-ci bəndinə əsasən malların Tərəflər arasında razılaşdırılmış standartlara və keyfiyyətə uyğun olmasını tələb etmək,
40. 4.4.2-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun Malların salamatlığını, keyfiyyətini, miqdarını və çeşidini müşayiətedici sənədlər əsasında yoxlamaq və həmin yoxlama zamanı aşkar edilmiş hər hansı qüsurlar və ya uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə Satıcıya yazılı bildiriş vermək.
41. 4.4.5-ci bəndinə əsasən satıcı Alıcıya Əlavələrdə müəyyənləşdirildiyindən az miqdarda Mallar verdikdə, çatışmayan miqdarda Malların verilməsini tələb etmək, belə Malların dəyərini ödəməmək və ya Malların dəyəri ödənilmişdirsə, artıq ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;
42. 4.4.6-cı bəndinə əsasən satıcının təhvil verdiyi Malların göstəriciləri və keyfiyyətində hər hansı bir qüsur və/və ya çatışmazlıq ortaya çıxarsa, həmin mal(lar)ı yenisi ilə əvəz edilməsini və yaxud dəymiş ziyanın ödənilməsini tələb etmək;
43. 6.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.
44. 6.2-ci bəndinə əsasən Mallar Alıcıya təhvil-verildikdən sonra Müqavilə ilə müəyyən edilmiş müddət ərzində Malların dəyəri ödənilmədikdə, Alıcı ödənişi gecikdirdiyi hər günə görə 10% (on faiz) məbləğində dəbbə pulu ödəməlidir, lakin dəbbə pulunun məbləği ödəniləcək məbləğin 5%-dən (beş faiz) çox olmayacaq,
45. 6.3-cü bəndinə əsasən X6 qeyd olunan malları Alıcı son istifadəçi ilə bağlanan satınalma müqaviləsinə əsasən satın alır. Malların çatdırılmasına görə son istifadəçi tərəfindən Alıcıya tətbiq edilən bütün cərimə və sanksiyalar həmin an Alıcı tərəfindən Satıcıya birbaşa tətbiq ediləcək.
46. 6.4-cü bəndinə əsasən heç bir Tərəf, Müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı bir gəlirin itirilməsinə görə məsuliyyət daşımır. Bu şərt Müqavilənin xitamından sonra da qüvvədə qalır.
47. 6.5-ci bəndinə əsasən bir Tərəf digər Tərəfə müvafiq Tərəf tərəfindən Müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan və ya bununla bağlı olaraq meydana çıxan məqbul vəkil haqları və xərcləri, həmçinin, cərimələr də daxil olmaqla istənilən və bütün növ iddialar, itkilər, tələblər, hərəkətlər, məsrəflər və xərclər nəticəsində dəyən yalnız faktiki zərəri ödəməlidir.
48. 6.6-cı bəndinə əsasən bu Müqavilə üzrə cərimələrin ödənilməsi tərəfləri bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.
49. 12.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi (əgər varsa) tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliyini icra edənədək qüvvədə qalır.
50. Tərəflər arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli X2 əsasən 8 adda malın ƏDV daxil qiyməti 906860,76 manat müəyyən edilmişdir.
51. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə **********92024 №-li Malların təhvil-qəbul aktına əsasən ƏDV daxil 101152,86 manat məbləğində mallar 26 dekabr 2024-cü il tarixində, **********42024 №-li Malların təhvil-qəbul aktlarına əsasən ƏDV daxil 6616,53 manat məbləğində mallar 29 noyabr 2024-cü il tarixində təhvil verilmişdir.
52. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2412 serialı 11919594 nömrəli 101152,85 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 12764869 nömrəli 6616,53 manat məbləğində eqaimələr göndərilmişdir.
53. Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanmış SM-27/08/24-25 saylı xx.xx.2024-cü il tarixli Malların satınalma müqaviləsinə əsasən Təchizatçı reaktivlərin, cihazların, avadanlıqların, ehtiyat hissələrinin Qiymət cədvəli (Vİ Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər və digər xərclər daxil 1986889,93 AZN məbləğinə və İcra qrafiki (Vİİ Bölmə) bölməsində müəyyənləşdirilmiş müddətdə göndərməyi və əlaqədar xidmətləri göstərməyi (tətbiq olunarsa), Satınalan təşkilat isə müqavilənin nəticələrini (malları və əlaqədar xidmətləri) təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür.
54. Həmin müqavilənin 22.1-ci bəndinə əsasən müqavilənin ümumi şərtlərinin 27-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Təchizatçı malların hər hansı birini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa və ya əlaqədar xidmətləri müqavilə ilə müəyyən edilmiş müddətdə göstərməzsə, Satınalan təşkilat Müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi müqavilə məbləğindən gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərin qiymətinin Müqavilənin xüsusi şərtlərinin 20-ci hissəsində göstərilən faizi qədər faktiki tamamlanma tarixinə qədər hər gün Müqavilənin xüsusi şərtlərinin 21-ci hissəsində göstərilən maksimum faiz həddinə (10 faizi keçməmək şərtilə) qədər çıxa bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat Müqavilənin ümumi şərtlərinin 29-cu hissəsinə uyğun olaraq müqaviləni ləğv edə bilər. 22.2-ci bəndinə əsasən müqavilənin ümumi şərtlərinin 9.2-ci bəndində nəzərdə tutulan sertifikat təqdim edilməyən malların məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur. 22.3-cü bəndinə əsasən müqavilə üzrə əlaqədar xidmətlərin göstərilməsi üzrə Qanunun 33.14-cü maddəsinə əsasən güzəştli düzəlişin tətbiq edildiyi hər bir işçiyə münasibətdə Təchizatçının təqdim etdiyi təklifinə daxil edilən arayışda qeyd edilən məbləğin ödənilməsi barədə həmin işçinin bank hesabına köçürülməni təsdiq edən bank tərəfindən verilmiş çıxarışı təqdim edilməyən əmək haqqı fondu məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur. 22.4-cü bəndinə əsasən satınalan təşkilat müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Təchizatçı ödənilməsi gecikdirilmiş məbləğlərə görə Müqavilənin xüsusi şərtlərinin 22-ci hissəsi ilə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.
55. Həmin müqaviləyə 2 nömrəli Əlavəyə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti ilə Cavabdeh MMC arasında 154 adda malın cəmi qiyməti 1986889,93 manat məbləğində müəyyən edilmişdir.
56. 05 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış bildirişdə bildirilmişdir ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanılmış 27 avqust 2024-cü il tarixli SM-27/08/24-25 nömrəli satınalma müqaviləsinin 3 nömrəli əlavəsi - “İcra qrafiki”ndə malların təhvil verilmənin son tarixi 25 dekabr 2024-cü il tarixində bitəcəkdir. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilənin 22.1 -ci bəndinə əsasən Təchizatçı malların hər hansı birini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa, Satınalan təşkilat müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi tamamlanma tarixinə qədər hər gün müqavilə məbləğindən gecikdirilmiş malların qiymətinin 0,1 faizi həcmində, maksimum 10 faiz həddinə qədər cərimə tətbiq edə bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat müqavilənin ümumi şərtlərinin 29-cu hissəsinə uyğun olaraq müqaviləni ləğv edə bilər. Bundan başqa, sözügedən müqavilənin 7.1 -ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinin 13-cü hissəsinə əsasən tərəfinizdən Yelobank vasitəsilə 200 000 (iki yüz min manat, 00 qəpik) AZN məbləğində xx.xx.2024-cü il tarixli 5-AS/4184-24 nömrəli icra təminatı (bank qarantiyası) təqdim edilmişdir. Sözügedən bank qarantiyasına müvafiq olaraq Təchizatçı müqavilə şərtlərini pozduğu təqdirdə, müqavilə müddətinin bitməsindən, yəni cari ilin dekabr ayının 25-dən sonra Xidmətin əsaslandırılmış müraciəti əsasında Təchizatçı tərəfindən icra təminatı qismində banka qoyulmuş həmin vəsait də Xidmətin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən xəbərdarlıq edirlər ki, 2024-cü il dekabr 25-dək müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikləri təqdirdə icra təminatı qismində banka qoyulan vəsait Xidmətin hesabına köçürüləcək, habelə müqavilə üzrə təhvil verilməmiş malların qiymətinin 10 faiz həddinə qədər Cavabdeh MMC-yə cərimə tətbiq ediləcəkdir. Nəzərə alınmalıdır ki, cərimə məbləği könüllü olaraq ödənilməzsə, Təchizatçı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək və müqavilə ləğv ediləcəkdir.
57. 22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Cavabdeh MMC-nin direktoruna məktub ünvanlayaraq bildirmişdir ki, Cavabdeh ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanılmış 27 avqust 2024-cü il tarixli SM-xx/xx/2024-25 nömrəli satınalma müqaviləsinin 3 nömrəli əlavəsi - “İcra qrafiki”ndə malların təhvil verilməsinin son tarixi olaraq 2024-cü ilin 25 dekabrı müəyyən edilmişdir. Lakin bu müddət ərzində Təchizatçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, ümumilikdə 65 adda malı Satınalan təşkilata təhvil verməmişdir. Sözügedən müqavilənin 7.1-ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinin 13-cü hissəsinə əsasən tərəfinizdən 200 000 (iki yüz min manat, 00 qəpik) AZN məbləğində 18 sentyabr 2024-cü il tarixli 5-AS/4184-24 nömrəli icra təminatı (bank qarantiyası) təqdim edilmişdir. Həmin bank qarantiyasında göstərilir ki, Təchizatçı müqavilə şərtlərini pozduğu təqdirdə Satınalan təşkilatın əsaslandırılmış müraciəti əsasında Təchizatçı tərəfindən icra təminatı qismində banka qoyulmuş qeyd olunan vəsait Satınalan təşkilatın hesabına ödənilməlidir.
58. Bank hesabından çıxarışa əsasən Cavabdeh MMC-nin hesabından 200.000 manat məbləğində vəsait öhdəliyin vaxtında yerinə yetirimədiyinə görə ödənilmişdir.
59. Məhkəmə tərəflərin izahatlarını dinlərib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir.
60. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
62. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
63. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
64. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
65. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
66. 443.1 maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
67. 443.2 maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
68. 443.4 maddəsinə əsasən Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
69. 443.7 maddəsinə əsasən Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
70. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
71. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
72. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
73. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
74. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
75. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
76. 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
77. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
78. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
79. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
80. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 52/2024 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı Müqaviləsi bağlanmış. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcının mülkiyyətinə verməyi, Alıcı isə yuxarıda sadalanan Malları hazırkı Müqavilədə və ona dair Əlavələrində nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləğini (qiyməti) Satıcıya ödəməyi öhdəsinə götürür.
81. İlkin iddia üzrə əsaslandırma:
82. İlkin iddia üzrə birinci tələb malların təhvil verilməsinə görə 107769,39 manat məbləğində əsas borcun tutulmasıdır. İddiaçı bildirir ki, tərəflər arasında 18 sentyabr 2024-cü il tarixində, 52/2024 saylı Alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən 2 adda mal təhvil-təslim aktına əsasən cavabdeh tərəfə təqdim olunmuşdur, qarşı tərəf malı almış, 3-cü tərəfə satmış, lakin iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi bildirmişdir ki, 107.769,39 manat məbləğində iki ədəd mal onlara həqiqətən verilmişdir, lakin müqaviləyə əsasən təqdim edilməli olan bütün səkkiz maldan yerdə qalan 6 adda mal təhvil verilmədiyi və ödənişlər bütün mallar təqdim edildikdən sonra ödənilməli olduğu və 6 adda malların təqdim edilməməsinə görə cavabdeh üçüncü şirkət tərəfindən cərimələndiyi üçün iki malın ödənişini iddiaçıya ödəməmişdir və qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsini xahiş edir.
83. Məhkəmə cavabdeh tərəfin arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təchiz olunmuş Mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması Aktı tərtib oluna bilər. 3.7-ci bəndinə əsasən tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyalarını və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir. Malların dəyərinə Azərbaycan Respublikasının qanunvericiyi ilə nəzərdə tutulmuş bütün vergi və məcburi ödənişlər daxildir. 3.8-ci bəndinə əsasən müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilata təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir.
84. Qeyd edilən müqavilə bəndlərinin məzmunundan cavabdehin bildirdiyi “ödənişlər yalnız bütün mallar təqdim edildikdən sonra edilməlidir” birmənalı nəticəyə gəlmək mümkün deyil. Əksinə, müqavilənin 3.6-ci maddəsindən görürün ki, təchiz edilmiş mallar üzrə aparılmış ödənişlərin qarşılıqlı hesablaşmaların aparılması belə nəzərdə tutulub. Müqavilənin 3.8-ci bəndi isə sadəcə son haqq-hesab məsələlərini tənzimləyir. Digər tərəfdən, cavabdehin bu cür arqument ilə çıxış etməsi belə fikir formalaşdırır ki, müqavilə üzrə nəzərdə tutulmuş 8 adda mallardan hər-hansı biri belə təqdim edilmədikdə alıcı tərəfindən ödəniş edilməyəcək. Lakin, qeyd edilən hallar müqaviləyə və alqı-satqı münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarına tamamilə ziddir, cavabdehin ilkin iddiaya olan etiraz arqumentləri əsassız və qanunsuz hesab edilməlidir.
85. Buna görə də, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və e-qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 107769,39 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
86. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra etmədiyini, nəticədə iddiaçıya 107769,39 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 107769,39 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
87. Bundan əlavə ilkin iddia üzrə iddiaçı müqavilənin 6.2-ci maddəsinə istinad edərək 45343,09 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını da xahiş etmişdir.
88. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
89. Məhkəmə hesab edir ki, iki adda malların cavabdehə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində təhvil verilməsi, cavabdeh tərəfindən isə bir ildən artıq müddət ərzində ödənişlərin edilməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
90. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
91. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (107769,39 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 5388 manat məbləğində müəyyən edilməli, ilkin iddia üzrə cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.
92. Qarşılıqlı iddia üzrə əsaslandırma:
93. Qarşılıqlı iddia üzrə tələblər - icra olunmamış müqavilə üzrə qarşılıqlı iddiaçıya dəymiş zərərə görə 200.000 məbləğində əsas borc, əldən çıxmış faydaya görə 90600 manat məbləğində ödənişin edilməsidir.
94. Qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd edir ki, İddiaçı MMC ilə imzalanmış 52/2024 nömrəli xx.xx.2024-cü il tarixli Alqı-satqı Müqaviləsi bağlanmışdır. İmzalanmış "X3"na əsasən, "xxxx" MMC tərəfindən 8 (səkkiz) adda Malın təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2024 va xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC tərəfindən cəmi 2 (iki) adda Mal təhvil verilmiş, 6 (altı) adda Mal bu günə kimi təhvil verilməmişdir. Qeyd edirlər ki, müqavilə üzrə alınan Mallar 3-cü şəxsə (son istifadəçiyə) satılması üçün nəzərdə tutulduğundan, son istifadəçi ilə satınalma müqaviləsi imzalanmış və Malların satış qiymətləri son istifadəçiyə təqdim edilmişdir. Lakin, "xxxx" MMC tərəfindən Müqavilənin şərtləri pozularaq Mallar təhvil verilmədiyi səbəbindən "xxxx" MMC həmin Malları son istifadəçiyə təqdim edə bilməmişdir. Nəticədə, "xxxx" MMC Malların vaxtında çatdırılmaması görə 200000 manat məbləğində cərimə ödəmişdir. İmzalanmış Müqavilənin 6.3-cü bəndinə əsasən, X6 qeyd olunan mallar Alıcı son istifadəçi ilə bağlanan satınalma müqaviləsinə əsasən satın alır. Malların çatdırılmasına görə son istifadəçi tərəfindən Alıcıya tətbiq edilən bütün cərimə və sanksiyalar həmin an Alıcı tərəfindən Satıcıya birbaşa tətbiq ediləcək. Bundan başqa, "xxxx" MMC-dən alınmış Malların satışından "xxxx" MMC 90600 manat məbləğində gəlir əldə etməli idi, lakin "xxxx" MMC tərəfindən Müqavilə üzrə öhdəliklərinin pozulması səbəbindən SEM-AZ" MMC həmin gəlirdən məhrum olmuşdur.
95. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaya etiraz edərək yazılı mülahizəsində bildirmişdir ki, SEM-AZ MMC üçüncü şəxslə bağlamış olduğu müqavilənin şərtləri barədə onlara hər hansı bir yazılı və şifahi məlumat verməmiş, həmin müqavilənin surəti İddiaçı MMCyə təqdim olunmamışdır. Yalnız məhkəmə prosesi zamanı qarşılıqlı iddia ərizəsi təqdim olunarkən belə bir müqavilənin mövcudluğundan xəbərləri olmuşdur. SEM-AZ MMC 18 sentyabr 2024-cü il tarixdə MAYBO MMC ilə 52/2024 nömrəli alqı-satqı müqaviləsini bağlayır və müqavilənin müddət anlayışını tətbiq edilərkən hər iki tərəf qrşılıqlı surətdə müqaviləni imzalayırlar ki, müqavilə tərəflərin imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliyini icra edənədək qüvvəsindədir. “SEM-AZ MMC İddiaçı MMC ilə müqaviləni müddətsiz bağladığı halda üçüncü şəxslə müddətli bir müqavilə bağlayır və sonradan əsassız, qanunsuz olaraq tərəflərindən onlara təhvil verilən avadanlığın dəyərini ödəməkdən yayınmaq bəhanəsi ilə əlavə olaraq onlardan 291.090 manat pul tələb edir ki, guya Maybo MMC müqavilənin şərtlərini icra etməyib. Daha sonra MAYBO MMC 10 oktvabr 2024-cü il tarixdə rəsmi məktubla SEM-AZ MMC-nə müraciət edərək 18 sentyabr 2024-cü il tarixli 52/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən bəzi malların təchizində çətinliklərin yaranması barədə rəsmi xəbərdarlıq edilmiş, Fors-Major vəziyyətinin yaranması barədə xəbərdarlıq edilmişdir. (Raid-M lOOplus, Bruker, Hand-held Chemical Agent detector (mövqe N2), Target F500, X4 (RiD) (mövqe N3) və Dozimetr radiometr MKS-OM1401K-3P (mövqe №5). Səbəb olaraq göstərilmişdir ki, sözügedən malların istehsalçıları ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, Avropa Birliyinin Azərbaycan Respublikasına tətbiq etdiyi və hazırda da qüvvədə olduğu hərbi və ikili təyinatlı mallara dair embarqosu səbəbindən bəzi mallarınin ölkəyə təchiz olunması mümkün olmamışdır. Yəni ki, Avropa İttifaqında (Aİ) "dual-use” - yəni ikiqat təyinatlı hesab edilən yüksək texnoloji avadanlıqları müvafiq dövlət icazəsi olmadan Banqladeş, Vyetnam, İndoneziya, Nigeriya və Pakistan kimi ölkələrə, o cümlədən Azərbaycana ixrac edilməsi qadağan edilmişdir. Göstərilən səbəbə görə cavabdehə həmin malların analoqları təklif edilmişdir. Daha sonra müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC tərəfindən aparılan danışıqlar nəticəsində Azərbaycana ixracı nəzərdə tutulan və dəyəri 66.196.60 ABŞ dolları təşkil edən həmin avadanlıqların ABŞ şirkətlərindən satın alınması barədə razılıq əldə edilmiş, (hondlıeld Gamma dedector, Rayrnon 10 Quant, D3S wearable personal radiation dedector, Kromek), lakin Cavabdeh şirkəti Qanunu pozaraq və müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək onlara təhvil verilmiş 107.769.39 AZN dəyərində avadanlıqların pulları üzrə yaranmış borclarını bu günədək ödəmədiyindən və gələcəkdə ödəməyəcəklərini acıq tərzdə bildirərək müqavilənin icrasından bilərəkdən boyun qaçırmış və ödəməməyin səbəblərini də bildirməmişlər. Baxmayaraq ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nərmin Hüseynova və Vəkil məhkəmə iclası zamanı izahatlarında etiraf edərək bildirdilər ki, həqiqətən də MAYBO MMC tətəfındən 107.769.39 manat məbləğində avadanlıqlarını satın olaraq almışlar, daha sonra həmin avadanlıqlar SEM-AZ MMC tərəfindən üçüncü bir şirkətə satılmış və satılmış avadanlıqların dəyəri onlara ödənilsə də, lakin bu günədək MAYBO MMC-yə olan borclarını səbəbsiz olaraq ödəməmişlər. SEM-AZ MMC tərəfindən 200.000 manat cərimə olunmaları barədə 18 dekabr 2025-ci il tarixdə məhkəməyə imzalanmamış və möhürlənməmiş “ödəmə tapşırığı“ kimi təqdim etdikləri iki ədəd sadə şəkilli bir cədvəli xatırlatmış və hər hansı bir rekvizitləri olmayan sənəd təqdim edərək məlum məbləğin MAYBO MMC-dən tutulmalarını xahiş etmişlər. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş 27 avqust 2024-cü il tarixli müqavilənin məzminundan görünür ki, SEM-AZ MMC ilə üçüncü şəxs arasında 154 çeşiddə avadanlığın alınıb satılmasına dair alqısatqı müqaviləsi imzalanmışdır. 154 çeşiddə avadanlığın yalnız 8 çeşiddə malları yalnız MAYBO MMC-yə sifariş verilmişdir. Daha sonra Bank qarantiyası kimi məhkəməyə təqdim etmiş olduqları məktubun məzmunundan aydın olur ki, SEM-AZ MMC 27 avqust 2024-cü il tarixdə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə üçüncü şəxslə qarantiya müqaviləsi imzalanmışdır. Məlum müqavilənin bağlanmasından təxminən bir ay sonra SEM-AZ MMC MAYBO MMC ilə müqavilə imzalayaraq sonuncuya 8 ədəd çeşiddə malın alqı-satqısını sifariş vermiş, MAYBO MMC 29 noyabr 2024-cü il və 26 dekabr 2024-cü il tarixlərində iki malı onlara təhvil versələr də, sifariş verilən digər mallara nisbətdə SEM-AZ şirkəti alınan avadanlığın pulunu ödəməyərək digər malların istifadəsinə artıq ehtiyac olmamasını bildirərək müqavilənin icrasından birtərfli qaydada imtina edir. SEM-AZ MMC-in nümayəndələri bunu onunla izah edirlər ki, guya onların üçüncü şəxslə bağlanmış olduqları müqavilə artıq 24 dekabr 2024-cü il tarixdə artıq bitmişdi, baxmayaraq ki, MAYBO MMC ixrac olunan avadanlığın birini 26 dekabr 2024-cü il tarixində onlara təhvil vermiş və bu haqda tərəflər rəsmi qaydada təhvil-təslim aktını imzalayaraq təsdiq etmişlər. Daha sonra SEM-AZ MMC-nin nümayəndəsi üçüncü şəxslə bağlamış olduqları 27 avqust 2024-cü il tarixli müqaviləni hər iki tərəflərin qarşılıqlı razılığı ilə uzadılmaları barədə fikrini bilidirsə də, bunu təsdiq edəcək sübütu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda onu da məhkəmənin nəzərinə bildirir ki, SEM-AZ MMC tərəfindən məhkəməyə təqdim olunan 23 dekabr 2025-ci il tarixli YeloBank tərəfindən verilən məktubun məzmunundan aydın olur ki, 5-AS/4184-24 saylı qarantiya müqaviləsi 18 sentyabr 2024-cü il tarixdə imzalanmışdır. 18 sentyabr 2024-cü il tarixli YeloBank tərəfindən verilən öhdəliklərin icrasının təminatı formasında təqdim olunan BANK QARANTİYASlnın məzmunundan isə aydın olur ki, 27 avqust 2024-cü il tarixində bağlanan müqavilə zaman etibarı ilə müəyyən müddət sonra bağlanacaq müqavilənin qarant müaviləsidir. Amma qanunun tələbinə görə gələcək zaman üçün bağlanan müqavilə etibarsızıdr. Hazırda SEM-AZ məhkəmə prosesi zamanı MAYBO MMC-nə 107.769.39 manat məbləğində borclu olmağını etiraf etsə də, qarşılıqlı iddia tələbində sonuncudan 200.000 manat pul tələb edir, əldən çıxmış faydaya görə 90600 (cəm olaraq 291.090 manat) manat məbləğində ödəniş edilməsini tələb edir. Baxmayaraq ki, MAYBO MMC SEM-AZ şirkətinin üçüncü şəxs qarşısında bağlanmış olduğu müqavilə tələbləri üzrə tərəf olmamış və hər hansı bir öhdəlik götürməmişdir. Belə olan təqdirdə üçüncü şəxs qarşısında heç bir öhdəliyi və məsuliyyəti olmayan MAYBO MMC-dən 291.090 manat pulun tələb olunması nə qədər qanunidir? Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırır ki, hər iki tərəfin razılaşdırılaraq imzaladıqları Müqavilənin 6.4-cü bəndinin tələbinə əsasən heç bir tərəf Müqavilənin yerinə yetirilməməsi və ya lazımı qaydada yerinə yetirilməməsindən yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı bir gəlirin itirlməsinə görə məsuliyyət daşımır. Bu şərt Müqavilənin xitamından sonra da qüvvədə qalır. Müqavilənin bir çox şərtlərini inkar edən və açıqcasına pozan SEM-AZ MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müqavilənin bu bəndini də aşkar surətdə pozur. MAYBO MMC-nə ƏDV daxil 122.486.00 manat borclu olan SEM-AZ müqavilənin şərtlərindən yayınmaq məqsədilə saxta bir qarşılıqlı iddia tələbi ilə borcunu ödəməmək bəhanəsi ilə borcundan üç dəfə çox mənfəət əldə etmək üçün məhkəməyə müraciət edir. Baxmayaraq ki, cavabdehdən üçüncü şəxsə verəcəyi 156 çeşiddə mal-materialdan (MAYBO MMC tərəfindən verilən 6 çeşiddə mal istisna olmaqla, iki mal təhvil verilib) neçəsinin təhvil verilib verilməməsi barədə suallar qarşı tərəfin nümayəndələri tərəfindən cavabsız qalmışdır. Əlavə olaraq onu da qeyd edir ki, müqavilənin 12.1 maddəsinin tələbinə əsasən məlum Müqavilə tərəflərin imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliyini icra edənədək qüvvəsindədir.
96. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız hesab edir. Belə ki, birincisi, tərəflər arasında bağlanmış müqavilədə müddət və ya malların çatdırılması üçün müddət nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində Cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış müqaviləyə (SM- 27/08/24-25 saylı xx.xx.2024-cü il tarixli) heç bir istinad yoxdur. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qarşılıqlı iddiaçı ilə 3-cü şəxs ilə bağlanmış müqavilədən sonra imzalanmışdır. Əgər İddiaçı MMC-dən alınacaq mallar bilavasitə göstərilən 3-cü şəxsə satılması üçün alınırdısa, həmin müqavilənin müəyyən şərtləri (müddətlər və s.) hazırkı iş üzrə tərəflər arasında imzalanmış müqaviləyə uyğunlaşdırıla bilərdi. Digər tərəfdən, hətta zənn edilsə belə ki, məhz İddiaçı MMC-dən alınacaq mallar qarşılıqlı iddiaçının 3-cü şəxs kimi göstərdiyi qruma satılması üçün alınırdı, lakin iş materiallarından görünür ki, 3-cü şəxsin Cavabdeh MMC-yə tətbiq etdiyi 200.000 manat cərimə qarşılıqlı iddia üzrə cavabdehin təhvil vermədiyi yalnız 6 adda əşyaya görə deyil, daha çox - 65 adda olan (cəmi 154 adda olan mallardan) əşyaya görə tətbiq edilmişdir. Digər tərəfdən, qətnamənin yuxarıdakı paraqraflarından da göründüyü kimi İddiaçı MMC tərəfindən iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilə üzrə müəyyən öhdəliklər (iki adda malların təhvil verilməsi) icra edilsə də, Cavabdeh MMC tərəfindən isə müqavilə üzrə öhdəliklər (iki adda malların dəyərinin ödənilməsi) bir ildən artıq müddətdir ki, ümumiyyətlə icra edilməmişdir. Belə olan halda isə 200.000 manat cərimənin qarşılıqlı iddia üzrə cavabdehə tətbiq edilməsini məhkəmə əsassız hesab edir.
97. Qarşılıqlı iddia üzrə digər tələb - əldən çıxmış faydaya görə 90600 manat təşkil edir. Tərəflər arasında imzalanmış Müqavilənin 6.4-cü bəndinə əsasən heç bir Tərəf, Müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı bir gəlirin itirilməsinə görə məsuliyyət daşımır. Bu şərt Müqavilənin xitamından sonra da qüvvədə qalır. Göründüyü kimi tərəflər müqavilə şərti ilə əldən çıxmış faydaya görə qarşılıqlı məsuliyyəti istisna etmişlər. (MM-nin 443.1 maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur). Beləliklə, həm qeyd edilən müqavilə şərtinə əsasən, həm işin qeyd edilən bütün digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə də rədd edilməlidir.
98. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən 18 sentyabr 2024-cü il tarixində, 52/2024 saylı Alqı-satqı müqaviləsinə əsasən 107769,39 manat əsas borc və 5388 manat məbləğində dəbbə pulu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir.
99. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 445 manat, qarşılıqlı iddiaçı tərəfindən 590 manat dövlət rüsumu ödənilmişdir.
100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
101. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
102. Məhkəimə hesab edir ki, ilkin iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 403 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalıdır; qarşılıqlı iddia rədd edildiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
103. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 107769,39 manat əsas borc, 5388 manat dəbbə pulu olmaqla cəmi 113157,39 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 403 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova