Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7449/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11900 manat pulun, 127 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2023-cü il tarixdə, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə iddiaçı "xxxx" MMC arasında 5341.01070/S saylı iaşə xidmətlərinə dair müqavilə imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq, iddiaçı"xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tədbirin keçirilməsini və yüksək səviyyədə keyfiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirməli və cavabdeh isə öz növbəsində iddiaçıya göstərdiyi xidmətlərin dəyərini Müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin etməli idi. Həmin Müqaviləyə əsasən cavabdeh tərəfindən tədbir xx.xx.2023-cü ildə keçirilmişdir. Həmin Müqavilənin 4-cü maddəsinin 4.1-ci bəndinin əsasən iddiaçı cavabdehdən ödənişlərin tələb etməsinə baxmayarq cavabdeh haqqın qalan hissəsinin ödənilməsindən imtina edir. 30 noyabr 2023-cü il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən Tərəflər iaşə xidmətlərinə görə 11 900 (bir on bir min doqquz yüz) AZN dəyərində xidmətlərin göstərilməsini təsdiqləmiş və iddiaçı tərəfindən həmin həcmdə xidmtlərin yerinə yetirildiyi təsdiqlənmişdir. 01 dekabr 2023-cü ildə RBO00000501 saylı hesab faktura təqdim edilmişdir, lakin ödəniş həyata keçirilməmişdir. 05 aprel 2024cü ildə iddiaçı cavabdehə yenidən EBEB serialı, 507986 saylı elektron hesab faktura kəsmişdir və 5 aprel 2024-cü ildə sənədlər qarşı tərəfə elektron poçt vasitəsi ilə göndərilmişdir. 24 aprel 2024-cü ildə elektron imeyl vasitəsi ilə bir daha qarşı tərəfə xatırlatma göndərilmişdir. İddiaçı tərəf bütün öhdəliklərini icra etsədə, qarşı tərəf bugünə qədər borcun ödəniləcəyinə söz versədə, lakin ödənişhəyata keçirilmir. 07 oktyabr 2024cü ildə qarsı tərəfə 68 saylı pretenziya məktubu göndərilir. 21 noyabr 2024-cü ildə bir daha 70 saylı xatırlatma məktubu göndərilir. Nəzərinizə çatdırırıq ki, Müqavilə ilə cavabdeh bütün öhdəlikləri tam şəkildə öz üzrəinə götürməsinə baxmayaraq bugünə qədər yaranmış borcu ödəmək istəmir. Cavabdehə göndərilmiş yuxarıda qeyd olunan e-qaimələr sistem tərəfindən qəbuledilmiş və cavabdeh tərəfindən heç bir etiraz bildirilməmişdir. Hazırda cavabdehin müqavilə üzrə 11 900 (bir on bir min doqquz yüz) AZN borcu yaranıb. Bundan sonra tərəflər arasında borcla bağlı danışıqlar aparılmış, lakin ödəniş bugünə qədər həyata keçirilmir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış münasibətlər dövlət satınalmaları ilə bağlı sahəvi münasibətlərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-1-ci maddəsinə görə dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənir. İddiaçı tərəfin mübahisə predmeti müqavilələrin bağlandığını iddia etdiyi dövrdə - 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovka sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” 20 may 2013-cü il tarixli Q-12 nömrəli Kollegiya Qərarının həmin dövr üzrə qüvvədə olmuş 2-ci bəndinə görə dövlət satınalmalarının müvafiq satınalma prosedurları keçirilməklə aparılması üçün minimum məbləğ 5,0 (beş) min manat müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Qanunun preambulasına əsasən, bu Qanun dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanunverici burada dövlət satınalmalarında ehtiyac duyulan mal və xidmətlərin daha keyfiyyətli şəkildə təmin olunması, eyni zamanda dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunması məqsədini güdür. Qeyd olunan məqsədlərə, bununla da bütövlükdə ictimai mənafelərin təmin edilməsinə nail olmaq üçün məhz tender vasitəsi ilə şəffaf və ədalətli rəqabət mühitinin formalaşdırılması nəzərdə tutulmuşdur. Hazırki mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilə həmçinin qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanılmışdır. Belə ki, mübahisə predmeti müqavilənin bağlandığı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi” qüvvədə olmuşdur. Aydındır ki, qanunvericiliyin həmin imperativ tələbinə də əməl edilməmiş, müqavilə qanunda nəzərdə tutulmuş formaya uyğun bağlanmamışdır. Belə olan halda, yəni satınalma prosedurlarına riayət edilmədən müqavilənin bağlanılması şəraitində həmin müqavilə üzrə ödənişlərin edilməsi də qeyri-mümkündür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
5. İddiaçı cavabdehin yazılı etirazına dair xx.xx.2025-ci il tarixdə yazılı mülahizə təqdim etmişdir.
6. Yazılı mülahizədə göstərilmişdir ki, cavabdeh tərəfin təqdim etdiyi etirazlar hüquqi əsaslara istinad etsə də, həmin arqumentlər aşağıdakı səbəblərdən əsassızdır və iddianın təmin olunmamasına əsas verə bilməz: cavabdeh iddia edir ki, bağlanmış müqavilə "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə uyğun aparılmayıb və bu səbəbdən hüquqi nəticə doğurmamalıdır. Lakin aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikasının 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olan Dövlət Satınalmaları haqqında Qanunu dövlət büdcəsindən maliyyələşən satınalmaları tənzimləyir, lakin bu normativ aktda bir mənbədən satınalma metodundan istifadə şərtlərini müəyyən edir — məsələn, təcili ehtiyac, təxirəsalınmaz xidmətlər və ya dövlətə zərər gəlməsinin qarşısını almaq məqsədilə bağlanmış müqavilələrdə. Həqmin Qanunun 21-ci maddəsinə (Bir mənbədən satınalma metodundan istifadə şərtləri) görə satın alman mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticə 13 olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; bu baxımdan, əgər müqavilə təcili, operativ və dövlət maraqlarının qorunması zərurətindən doğubsa, satınalma prosedurlarına tam riayət edilməməsi avtomatik olaraq müqaviləni etibarsız saymağa əsas vermir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları 30 noyabr 2023-cü ildə keçirdikləri tədbirin təcili olduğunu bildirmiş və bizim idarə etdiyimiz iaşə obyektində ziyafət mərasimi keçirtmişdilər. Cavabdeh tərəf bildirir ki, müqavilə Nazirlər Kabinetinin təsdiqlədiyi "nümunə forma"ya uyğun deyil. Lakin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bundan əlavə həmin Məcəllənin 347-ci maddəsinə əsasən yalnız vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Müqavilə tərəflər arasında iradə sərbəstliyi əsasında bağlandığı və faktiki icra edildiyi halda, forma pozuntusu əsas götürülərək öhdəliklərin inkarı hüquqi səmimiyyət prinsipinə ziddir (Mülki Məcəllə, maddə 6). Cavabdeh xidmətləri faktiki olaraq qəbul edib, onlardan faydalanıbsa, eyni zamanda xx.xx.2023-cü il tarixli Görülmüş işlərin təhvil-təslim aktını imzalayıbsa bu halda qanuna uyğun satınalma proseduru aparılmaması öhdəlikləri ləğv etmir: Mülki Məcəllənin 390 (Müqavilə azadlığı) maddəsinə əsasən, müqavilə icra olunmuşdursa, onun forma və ya proseduru əsas götürülə bilməz. Burda öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipi (Mülki Məcəllə, maddə 425) əsas götürülməlidir. 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasım təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lakin cavabdeh tərəf 2023-cü ildən üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə və bu barədə ona dəfələrlə məktubla müraciət olunmasına baxmayaraq, yalnız hazırkı məhkəmə etirazını təqdim edərək guya müqavilənin düzgün bağlanmadığını əsas gətirir və onun etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş ƏCİQıaməyə görə Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Cavabdehin iddiaçının təqdim etdiyi mallardan və ya xidmətlərdən faktiki istifadə etməsi müqavilənin "konkludent hərəkətlərlə" (yəni, konkret davranışlarla) tanındığını göstərir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfin təqdim etdiyi etirazın əsassız hesab olunması və iddiaçı "xxxx" MMC-nin pul tələbi üzrə iddiasını təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş olunur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7449/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.Ələkbərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə iclasının cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 5341.01070/S iaşə xidmətləri müqaviləsinə əsasən icraçı “Movida Lounge&Dining”, “Harbour Restoran&Pub”, “Paris Bistro”, “Madrid Bar”, "Atelier61 Grill&Terrace" və “El Portalon" adlı obyektdə sifarişçiyə yüksək səviyyədə keyfiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirəcək. Sifarişçi isə öz növbəsində icraçının göstərdiyi xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin edəcək.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq icraçı tərəfindən icra olunmuş xidməti qəbul etmək və haqqı ödəmək, nəzərdə tutulduğundan fərqli keyfiyyətdə və kəmiyyətdə xidmət aşkar edildikdən sonra dərhal icraçıya bu barədə bildiriş göndərmək şirkətin öhdəliyidir.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən şirkət icraçıya bu Müqaviləyə uyğun olaraq təhvil- təslim aktı və İcraçı tərəfindən təqdim olunan müvafiq hesab-faktura əsasında Xidmət Haqqı 10 (on) iş günü ərzində ödəyəcək. Tərəflər arasında başqa razılıq əldə olunmayıbsa, Şirkət Xidmət Haqqının ödənilməsini İcraçıya bank hesablaşma qaydasında həyata keçirəcəkdir.
15. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən iddiaçı xx.xx.2023-cü il tarixli, 5341.01070/S iaşə xidmətləri müqaviləsinə əsasən “Yaradıcı Həftə”nin təşkili çərçivəsində noyabrın 30da ziyafət mərasiminin keçirilməsi ilə bağlı cavabdeh qarşısında öhdəsinə götürdüyü 11900 manat dəyərində xidməti yerinə yetirmişdir.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 11900 manat vəsait ödənilməlidir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEB 507986 nömrəli 11900 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
19. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlandığını, həmin müqavilə üzrə cavabdehə həmin gün cavabdehə iaşə xidmətinin göstərildiyini, cavabdehin müqavilə üzrə hazırda ona 11900 manat borcunun yarandığını göstərmişdir.
20. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında bağlanmış həmin müqavilənin etibarsız olduğunu, qanunvericiliyinin tələblərinin pozmaqla bağlanıldığını bildirir.
21. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.
23. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
29. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
30. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
31. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli Qanununun 18.8-ci maddəsinə əsasən bu Qanunun 3.8-ci maddəsində göstərilən hallar istisna olmaqla, satınalan təşkilat satınalmanı yalnız təsdiq edilmiş satınalma planına uyğun olaraq təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı satınalma predmetinin satın alınmasına təcili tələbat yarandıqda, satınalan təşkilat əsaslandırılmış müraciətlə nəzarət orqanına müraciət edir. Nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra satınalan təşkilat həmin satınalma predmetinin satın alınmasını həyata keçirə bilər. Nəzarət orqanı bu maddədə qeyd olunan hallarla bağlı 3 (üç) iş günü ərzində qərar qəbul edir.
32. Həmin Qanunun 49.1.2-ci maddəsinə əsasən satınalma predmetinə təcili tələbat yarandıqda satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər.
33. Materiallarda olan tərəflərin nümayəndələri arasında olan yazışmalardan görünür ki, müqavilə bağlanması təklifi iddiaçıdan daxil olmuş, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, həmin tarixli görülmüş işlərin təhvil aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə iaşə xidmətləri müqavilə imzalan gün göstərilmişdir.
34. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, hesab faktura və elektron qaimə mübahisələndirilməmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etirazda göstərdiyi dəlillər əsassızdır, iddiaçı hazırda göstərilmiş xidmətlərin dəyərinin (11900 manat) cavabdehdən ödənilməsini tələb etməklə haqlıdır, iddia təmin edilməli, cavabdehdən 11900 manat tutularaq iddiaçıya ödənilməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilmiş 127 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 11900 (on bir min doqquz yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova