Məhkəmə qərarları › İş №e-2-2(113)-7461/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7461/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7461/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, RB-02/4728 nömrəli Qarantiya müqaviləsi üzrə 21000 manat qarantiya məbləği, 1778 manat faiz məbləği və 0 manat dəbbə məbləği olmaqla, cəmi 22778 manat pul, dövlət rüsumu kimi ödənilmiş 159 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra – “qarant”) ilə Cavabdeh MMC (bundan sonra – “prinsipal”) arasında xx.xx.2023-cü il tarixli, RB-02/4728 nömrəli bank qarantiyası müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasəm bank qarantiyası məktubu ilə ödəniş olunan andan ödənilmiş məbləği prinsipalın 24 % dərəcə ilə kredit hesabına yazır və bununla əlaqədar prinsipalın qarant qarşısında borc öhdəlikləri yaranır. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Səhiyyə Nazirliyi ila Cavabdeh MMC arasında bağlanmış NMR-SN-X0002/23 saylı satınalma müqaviləsinin öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçıASC tərəfindan xx.xx.2023-cü il tarixli, RB- 02/4728 saylı müqaviləyə əsasən 21 000 AZN (iyirmi bir min manat 00 qəpik) avans qarantiyası verilmişdir. xx.xx.2024-cü il tarixlində Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış №2/345 saylı məktuba əsasən NMR-SN-X0002/23 saylı satınalma müqaviləsinin 5.1 bəndinin şərtlərini və müəyyən olunmuş öhdəliklərin vaxtında təmin edilməməsi səbəbindən Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən ödənilmiş 21 000 AZN (iyirmi bir min manat 00 qəpik) avansın geri ödənilməsini tələb etmişdir. Lakin “prinsipal” tərəfindən qarantiya müqavilələrinin şərtlərinə vaxtında və lazımi qaydada əməl edilməmişdir. Hal-hazıra qədər nə qarantiya məbləği, nə də ki, faiz məbləğləri “qarant”a, yəni İddiaçı ASC-yə qaytarılmamışdır. Qarantiya müqavilələrinin şərtlərinin “prinsipal” tərəfindən dəfələrlə pozulması İddiaçı ASC-yə, qarantiya məbləğini və faizləri “prinsipal”dan tam şəkildə tələb etməyə əsas verir. “Prinsipal”ın xx.xx.2023-cü il tarixli, RB- 02/4728 nömrəli bank qarantiyası müqaviləsi üzrə “qarant” qarşısında borclanmasının həcmi müvafiq olaraq 21000 manat qarantiya məbləği, 1778 manat faiz məbləği və 0 manat dəbbə məbləği olmaqla, cəmi 22778 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, RB- 02/4728 nömrəli qarantiya müqaviləsinin şərtlərinə görə cavabdeh müqavilədə qeyd edilmiş faiz və qarantiya məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə, pretenziya bildirilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hazırkı müqavilə üzrə bu günədək heç bir ödəniş edilməmişdir.

4. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə bildirdi ki, iddiaçı ilə uzun müddətdir ki, əməkdaşlıq edirlər, iddia ərizəsi əsaslıdır, tələbi 21000 manat əsas borc, 1770 manat faiz borcu hissəsində qəbul edir, həmin borcu hissə-hissə olmaqla tam şəkildə ödəyəcəkdir.

İİİ. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin:

6. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

7. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

8. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

9. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (qarant) ilə cavabdeh (prinsipal) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB-02/4728 nömrəli bank qarantiyası müqaviləsinə görə, xx.xx.2023-cü il tarixli, NMR-SN-X0002\23 nömrəli müqaviləyə əsasən avans qarantiyası kimi 21000 manat məbləğində pul illik 24% olmaqla xx.xx.2024-cü il tarixədək verilmişdir.

12. Cavabdeh (icraçı) ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi (sifarişçi) arasında bağlanmış “Səhiyyə Nazirliyinə ehtiyac olan proqram təminatının hazırlanması”nın satın alınması üzrə xx.xx.2023-cü il tarixli, NMR-SN-X0002\23 nömrəli müqaviləyə əsasən, sifarişçi müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ehtiyac olan proqram təminatının hazırlanması üçün icraçının 70000 (yetmiş min) manat məbləğində (18% ƏDV daxil olmaqla) tender təklifini qəbul etmişdir.

13. Müqavilənin 2.2-ci bəndinə görə, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə bu müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan malların və xidmətlərin satınalma müqaviləsinin icrasına başlama barədə icraçıya göndərilən bildirişdə qeyd olunan tarixdən 2 ay ərzində təhvil verilməsini öhdəsinə götürür.

14. xx.xx.2023-cü il tarixli, NMR-SN-X0002\23 nömrəli müqaviləyə 2 nömrəli əlavədə sistemdə əksini tapacaq modullar göstərilmişdir.

15. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, RB02/PK-4150 nömrəli maliyyə arayışına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB-02/4728 nömrəli bank qarantiyası müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 21000 manat, faiz borcu 1778 manat təşkil edir.

16. 06.05.2024-cü il tarixli, QT-060524 nömrəli ödəniş tapşırığına görə, 21000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür.

17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən, qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

19. Həmin Məcəllənin 479.1-ci maddəsinə görə qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.

20. Həmin Məcəllənin 487.1-ci maddəsinə görə qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır.

21. Həmin Məcəllənin 489.1-ci maddəsinə görə qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.

22. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, RB-02/4728 nömrəli bank qarantiyası müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 21000 manat məbləğində vəsait ödənilmişdir. Bank qarantiyası müqaviləsi cavabdehlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, NMR-SN-X0002\23 nömrəli müqavilənin icrasının təminatı qismində çıxış etmişdir.

23. Müqavilə üzrə avans qarantiyası kimi 21000 manat pul iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüş, lakin cavabdeh tərəfindən qarantiya müqaviləsi ilə üzərinə düşən öhdəliklər icra edilməmiş, müqavilə üzrə iddiaçıya heç bir ödəniş edilməmişdir.

24. Eyni zamanda cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasındakı izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış 21000 manat əsas və 1778 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 159 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 21000 manat əsas borc, 1778 manat faiz borcu, 159 manat dövlət rüsumu, ümumilikdə 22937 (iyirmi iki min doqquz yüz otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar