Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7479/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh2 (bundan sonra – kredit alan) arasında (Cavabdeh1 və Cavabdeh3 zamin qismində iştirak etməklə) xx.xx.2023-cü il tarixli, 009L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, müqavilənin predmetini həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında iddiaçı tərəfindən kredit alana 120 ay müddətinə (xx.xx.2033-cü il tarixinədək), illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla, 500000 manat məbləğində uzunmüddətli kredit xəttinin açılması təşkil etmişdir. Həmin müqaviləyə əsasən kreditlər ümumi şərtləri bu müqavilə ilə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir. Zamin, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərinə götürür və bank qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Zamin kredit alanın müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımı qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və kredit faizinin banka qaytarılması üçün bankın çəkdiyi məhkəmə və digər xərcləri ödəməlidir (müqavilənin 2, 11.1 və 11.6-cı bəndləri)
2. Həmçinin, iddiaçı ilə kredit alan arasında xx.xx.2023-cü il tarixli, 009L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 009R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq Razılaşmaya əsasən kredit alana 24 ay müddətinə, illik 21 % dərəcəsi ilə, 20 000 manat məbləğində biznes krediti verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş planından görünür ki, kreditin aylıq ödənişi 1032 manat (sonuncu ay üzrə 1041,24 manat olmaqla) məbləğində müəyyən edilmişdir.
3. Kredit müqaviləsi üzrə 20000 manat məbləğində kredit vəsaiti köçürmə yolu ilə kredit alanın hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı 009R********** saylı krеdit razılaşması üzrə 8389.55 manat məbləğində krеdit bоrcu, 660.21 manat məbləğində faiz bоrcu və 224.45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9274 (doqquz min iki yüz yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 112.75 manat məbləğində dövlət rüsumunun cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə kredit alan və zamin Cavabdeh3, Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kredit alanla bağladığı xx.xx.2023-cü il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Kredit alan uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2025-ci il tarixdən banka qaytarmamış, krеdit bоrcundan 11610,45 manat ödəmiş, onun 8389,55 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Kredit alanın kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 119 gün üçün hesablanmış faiz borcu 660,21 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 119 gün üçün hеsablanmış cərimə 224,45 manat təşkil edir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 009L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 009R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarşışıq razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
27. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, kredit alanın xx.xx.2023-cü il tarixli, 009R********** saylı Kredit Razılaşması üzrə iddiaçıya 8389,55 manat əsas, 660,21 manat faiz, 224,45 manat cərimə olmaqla, cəmi 9274,21 manat ödənilməmiş borcu mövcuddur.
28. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
29. Tələbin 224,45 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
30. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
31. Bununla yanaşı, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 009L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin kredit alanın həmin müqavilə və onun əsasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 009R********** saylı kredit sazişindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
32. Məhkəmə zaminlərin xx.xx.2023-cü il tarixli, 009L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsi və onun əsasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 009R********** saylı kredit sazişi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
33. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 112,75 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 009R********** saylı krеdit razılaşması üzrə 8389,55 manat krеdit bоrcu, 660,21 manat faiz bоrcu və 224,45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9274,21 (doqquz min iki yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində bоrc və ödənilmiş 112,75 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı