Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-749/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasının sədri vəzifəsini icra edən Əli-zadə Arzuxan Baxşəli oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasına qarşı “icarə haqqı üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasından AMİP Nizami rayon Təşkilatı üzrə 1035,42 manat və AMİP Səbail rayon Təşkilatı üzrə 1410,20 manat, cəmi 2445,62 manat məbləğində icarə haqqı üzrə yaranmış borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə cavabdeh Azərbaycan Milli İstiqlal Partiyası arasında bağlanmış “Əmlakın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyə verən - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi balansında olan əmlakını icarəçinin - Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP Nizami rayon Təşkilatının və Səbail rayon Təşkilatının fəaliyəti üçün) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını vaxtlı-vaxtında icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə AMİP Nizami rayon Təşkilatı üçün icarəyə götürülən obyektə dair icarə haqqı üzrə 1035,42 manat, Səbail rayon Təşkilatı üçün icarəyə götürülən obyektə dair icarə haqqı üzrə 1410,20 manat, cəmi Azərbaycan Milli istiqlal Partiyasının müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinə 2445,62 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər eləcə də xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh bugünədək ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.2012-ci il tarixədək yaranmış 2445,62 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasının sədri vəzifəsini icra edən Əli-zadə Arzuxan Baxşəli oğlu izahatında iddia tələbini qəbul etmədiyini və üç illik iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2005-ci il tarixli 2437/2336 saylı “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1 (bir) il müddətinə bağlanmış icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti (köhnə red.) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71,4 m2 təşkil edən Səbail rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini qərargah məqsədilə illik icarə haqqı hər m2-ə 10 000 manat ((manatın 2006-cı il yanvarın 1-dək olan nominal dəyəri) bundan sonra – (köhnə) manat) hesablanmaqla, aylıq icarə haqqı kimi 59 500 (köhnə) manat ödəmək (icarə haqqının müəyyən edilmiş tarifləri dəyişdikcə icarə haqqının məbləğinin dəyişdirilməsi) şərti ilə Azərbaycan Milli İstiqlal Partiyasının istifadəsinə vermişdir. xx.xx.2013-cü il tarixli Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlandığı müraciətindən görünür ki, xx xxxxxx 2005-ci il tarixli 2437/2336 saylı icarə müqaviləsinə əsasən AMİP-in Səbail rayon təşkilatı 2005-ci ilin yanvar ayından ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmiş, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sözügedən müqavilənin müddəti hər il eyni müddətə uzadılmış, icarə haqqı tərəflərindən müntəzəm olaraq ödənilmiş, təxminən 2012-ci ilin noyabr ayının axırlarında naməlum şəxslər (hüquqi və ya fiziki) tərəfindən rayon təşkilatının istifadəsindəki qeyriyaşayış sahəsini və ətrafdakı tikililəri uçuraraq, gələcəkdə aparılacaq yeni tikinti işləri üçün boşaltmış, bina uçurularkən partiya təşkilatının rəsmi sənədləri və əmlakı məhv edilmiş, yaxud naməlum yerə aparılmış və bu səbəbdən partiyanın Səbail rayon təşkilatının yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli iddia müddətinin tətbiq edilməsi haqqında ərizədən görünür ki, cavabdeh qeyri-yaşayış sahələrinin icarəyə götürülməsi barədə xx xxxxxx 2005-ci il tarixdə müqavilə bağladığını, tərəflərindən müəyyən məbləğdə balans kimi iddiaçıya və ƏMDK-ya icarə haqlarını ödədiklərini, 2012-ci ildən sonra həmin icarəyə götürülmüş qeyriyaşayış sahələrinin SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansından Bakı şəhər İcra Hakimiyyətinin balansına verildiyini, həmin vaxtdan da iddiaçının müqavilə tərəfi kimi iştirakına xitam verildiyini, ötən 8 il ərzində iddiaçı qalıq borclarının alınması barədə onlara müraciət etmədiyini, bu səbəbdən iddia müddətinin tətbiqi haqqında ərizə ilə müraciət etdiklərini, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin arayışından görünür ki, xx.xx.2012-ci il tarixə Azərbaycan Milli İstiqlal Partiyasının SOCAR-ın Sosial İnkişaf İdarəsinə ümumilikdə 2445,62 manat məbləğində icarə haqqı borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 700.1 və 700.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Göründüyü kimi tərəflərarasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf özlərinin də qeyd etdiyi kimi müqavilənin müddəti qurtardıqca hər il eyni müddətə uzadılmaqla müqaviləyə əsasən tərəflərindən müəyyən məbləğdə icarə haqları ödənilmiş, bununla da üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, qismən ödənişlər etməklə öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmişdir. Lakin, bununla yanaşı məhkəmə qeyd edir ki, 2445,62 manat məbləğində olan icarə haqqı borcu xx xxxxxxxx 2012-ci il tarixədək olan dövrü əhatə etsə də, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi həmin borcun ödənilməsi ilə bağlı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etməklə 3 illik iddia müddətini ötürmüş, cavabdeh Azərbaycan Milli İstiqlal Partiyası isə hazırki tələblə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək tələbin rədd olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinın cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasından Nizami rayon Təşkilatı üzrə 1035,42 manat və Səbail rayon Təşkilatı üzrə 1410,20 manat, cəmi 2445,62 manat məbləğində icarə haqqının tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinın cavabdeh Azərbaycan Milli İstiqlal Partiyasından Nizami rayon Təşkilatı üzrə 1035,42 manat və Səbail rayon Təşkilatı üzrə 1410,20 manat, cəmi 2445,62 manat məbləğində icarə haqqının tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-749/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-749/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver