Məhkəmə qərarları › İş №e-2-2(113)-7504/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7504/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7504/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3492.18 manat əsas borc, 209.12 manat faiz borcu və 8.86 manat cərimə borcu olmaqla ümumilikdə 3710.16 manat borcun və 57.1 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 24% olmaqla 30 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin mayın 12-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3492.18 manat əsas borc, 209.12 manat faiz borcu və 17.72 manat cərimə borcu, ümumilikdə cəmi 3719.02 AZN borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17.72 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 8.86 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 29-MCR-1-19- 21saylı Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh2 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.

5. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 29-MCR-1-19-21saylı Kredit limitinin ayrılmasına dair razılaşmanın təminat olaraq xx.xx.2021-ci il tarixli Z/03343/21 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2021-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.

6. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19- 21/3 saylı kredit verilməsinə dair razılaşmaya əsasən iddiaçı cavabdehə illik 24 faiz olmaqla, 30 ay müddətinə 7000 manat məbləğində kredit vermişdir.

7. Cavabdeh2 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 7000 manat kredit məbləği sonuncunun hesabına köçürülmüşdür.

8. xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19-21/3 saylı kredit müqaviləsinə 1 saylı əlavəsində müqavilə üzrə ödənişlər, onların tarixi, əsas və faiz məbləğləri öz əksini tapmışdır.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19-21/3 saylı kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2025-ci il tarixə 3492,18 manat əsas borc, 209,12 manat faiz borcu və 8,86 manat cərimə borcu olmaqla ümumilikdə borcu 3710,16 manat təşkil edir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19-21/3 saylı kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2025-ci il tarixə 2299,64 manat əsas borc, 312,66 manat faiz borcu və 108,31 manat cərimə borcu olmaqla ümumilikdə borcu 2720,61 manat təşkil edir.

11. Cavabdeh2 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 29- MCR-1-19-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 29-MCR- 1-19-21/3 saylı kredit verilməsinə dair razılaşmadan, xx.xx.2021-cü il tarixli Z/03343/21 saylı zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. İddiaçı iddia ərizəsində 3492,18 manat məbləğində əsas borc, 209,12 manat məbləğində faiz borcunun tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən verilmiş sonuncu maliyyə arayışından və təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19-21/3 saylı kredit verilməsinə dair razılaşma üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 2299,64 manat, faiz borcu 312,66 manat təşkil edir.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, 29- MCR-1-19-21/3 saylı razılaşma üzrə 2299,64 manat məbləğində əsas bоrc tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə hesab edir ki, kredit razılaşması üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi həcmində müəyyən edilməlidir.

19. Bu səbəbdən cavabdehlərdən iddia tələbinə uyğun olaraq 209,12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

20. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 29- MCR-1-19-21/3 saylı razılaşması üzrə 8,86 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

21. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli, 29-MCR-1-19-21/3 saylı razılaşması üzrə 2299.64 manat əsas borc, 209,12 manat faiz borcu və 8,86 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 45,18 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 11,92 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

III. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2299,64 manat əsas borc, 209,12 manat faiz borcu, 8,86 manat cərimə borcu, 45,18 manat dövlət rüsumu, ümumilikdə 2562,8 (iki min beş yüz altmış iki manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 11,92 (on bir manat doxsan iki qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar