Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7516/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı tərəfindən onun əvəzinə ödənilmiş 13.450 ABŞ dolları məbləğində pul vəsaitinin və 160 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində 016-024 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh iddiaçının ixrac və idxal yüklərinin daşınmasını, yüklərin saxlanmasını və ona təhvil verilməsini və hazırkı razılaşma ilə müəyyən edilən şərtlər əsasında və göstərilən qaydada digər yardımçı xidmətlərin icrasını öz üzərinə götürmüşdür. Cavabdehə xidmət göstərən sürücülər cavabdeh tərəfindən xidmət haqlarının gecikdirilməsini əsas gətirərək İddiaçının xüsusi mülkiyyətində olan yükü nəqliyyat vasitəsindən boşaltmaqdan və İddiaçıya təhvil verməkdən imtina etmişdir. Əlavə olunmuş gömrük bəyannamələrindən də görünür ki, cavabdehin qanunsuz sahibliyində saxladığı mallar İddiaçıya məxsusdur, İddiaçı tərəfindən ölkəyə gətirilmiş, İddiaçı tərəfindən idxal gömrük rəsmiləşdirilməsi aparılmışdır. Cavabdeh tərəfindən İddiaçının mülkiyyətində olan əmlaklara qanunsuz məhdudiyyətlər yaradılması İddiaçının bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda, İddiaçı mülkiyyətində olan əmlakların üzərindəki məhduduiyyətin götürülməsi və sürücülərdən müvafiq malları almaq üçün sürücülərə müvafiq xidmət haqlarını Cavabdehin əvəzinə ödəməyə məcbur olmuşdur. Odur ki, cavabdehə xidmət göstərən sürücülərə iddiaçı tərəfindən müxtəlif məbləğlərdə xidmət haqqı ödənildikdən sonra mallar iddiaçıya təhvil verilmişdir. Belə ki, 77ED056 / 99ZD056 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1600 ABŞ dolları, 77HN538/99ZX558 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1600 ABŞ dolları, 99EM036 / 99YE036 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1450 ABŞ dolları, 99BO373 / 99ZX669285 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1650 ABŞ dolları, 77LD612 / 99YD612 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1450ABŞ dolları, 99XH253 / 99YF217 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1450 ABŞ dolları, 77EC335/99ZJ335 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1450 ABŞ dolları, 10TT587-99ZD760 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1400 ABŞ dolları, 10UX21-099ZB210 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə 1400 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə İddiaçı MMC tərəfindən sürücülərə 13 450 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində xidmət haqqı ödənilmişdir. Xidmət haqlarının ödənilməsi sürücülərlə imzalanmış aktlarla da təsdiqini tapmışdır. Lakin, 10TT587- 99ZD760 və 10UX210-99ZB210 qeydiyyat nişanlı avtomobillərin sürücüləri ilə akt imzalamaq mümkün olmamışdır, çünki həmin şəxslər həmin gün iş qrafiklərinin sıxlığı səbəbindən aktı yerində imzalamağa vaxt ayıra bilmədiklərini bildiriblər. Ancaq həmin avtomobillərin ödənişlərinin iddiaçı tərəfindən ödənilməsini isə Cavabdeh etiraf etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, Cavabdeh MMC-də logistika üzrə mütəxəssis vəzifəsində fəaliyyət göstərmiş Raul Rafaelli 6 aprel 2024-cü il tarixində İddiaçı MMC-nin Satınalmalar şöbəsinin müdirinə korporativ elektron poçt ünvanından göndərdiyi elektron məktubda bildirmişdir ki; “cədvəldə qırmızı rənglə işarələnmiş avtomobillər (99EM036 / 99YE036, 77LD612 / 99YD612, 99XH253 / 99YF217, 77EC335 / 99ZJ335, 10TT587 / 99ZD760, 10UX210 / 99ZB210) sizin tərəfinizdən ödənilmiş və boşaldılmışdır. Xahiş edirəm gələcəkdə nağd ödəniş eləyib çıxartdığınız maşınları, bizimlə bölüşün sonra başqa suallar, problemlər yaranmasın (bir maşına iki tərəfin ödəməsi kimi bağlı məsələlə)” Həmin elektron məktubdan da görünür ki, Cavabdeh avtomobillərin xidmət haqlarının İddiaçı tərəfindən ödənilməsini açıq şəkildə etiraf etmişdir. Qeyd edək ki, həmin məktubu alanlar sırasında Cavabdehin bir sıra əməkdaşları, o cümlədən hazırda da qanuni təmsilçisi olan Vəfa Fəttayeva, mövcud olmuşdur. Ancaq, Cavabdehin əməkdaşları və qanuni təmsilçisi Raul Rafaellinin göndərdiyi elektron məktuba hər hansı bir mənfi rəy və ya təkzib cavabı verməmişdir. Bu hallardan da görünür ki, xidmət haqlarının ödənilməsi barədə məsələ Cavabdeh tərəfindən qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, yalnız cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında daşınma və yükdaşıma xidmətləri haqqında 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqavilə bağlanmışdır.
10. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişi ilə yükdaşımanın həyata keçirilməsini təşkil etməyi, İddiaçı MMC isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
11. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3382/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33571,26 manat məbləğində cərimə, 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının və 30.000 manat məbləğində maddi ziyanın, cəmi 72571,26 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Həmin Qətnamənin 24-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı MMC-dən 75.650 manat yükdaşıma xidmətlərinin haqqının, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 316,95 manat dövlət rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 76.286,95 manat pul vəsaitinin tutulub Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3382/2024 saylı qətnaməsi ilə ilkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiasının rədd edilməsi, ilkin iddia verilərkən ilkin iddiaçı tərəfindən artıq ödənilmiş 193 manat məbləğində dövlət rüsumunun ilkin iddiaçıya qaytarılması, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, qarşılıqlı cavabdeh İddiaçı MMCdən ƏDV daxil 75.650 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 316,95 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMCyə ödənilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1171/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)- 221/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1171/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Hazırda İddiaçı MMC xx.xx.2024-cü il tarixli müqavilə üzrə tırlar vasitəsilə gətirilin malların sürücülər tərəfindən təhvil verilmədiyini, malların təhvil verilməsi üçün sürücülərə ödəniş edildiyini bildirərək, edilən ödənişlərin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
17. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edərək, iddianın ona deyil, sürücülərə qarşı qaldırılmalı olduğunu, bildirmişdir.
18. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş:
19. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 77EC335/99ZJ335 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Elməddinə iddiaçı tərəfindən 1.450 ABŞ dolları məbləğində pul ödənilmişdir.
20. 03.04.2024-cü il tarixli aktdan görünür ki, 99XH253/99YF217 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Vüqara iddiaçı tərəfindən 1.450 ABŞ dolları məbləğində pul ödənilmişdir.
21. 05.04.2024-cü il tarixli aktdan görünür ki, 77LD612/99YD612 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Surxayev Röyala iddiaçı tərəfindən 1.450 ABŞ dolları məbləğində pul ödənilmişdir.
22. 05.04.2024-cü il tarixli aktdan görünür ki, 99EM036/99YE036 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüstəmov Bəyalıya iddiaçı tərəfindən 1.450 ABŞ dolları məbləğində pul ödənilmişdir.
23. 07.04.2024-cü il tarixli aktdan görünür ki, 77HN538/99ZX558 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Xəlilov İsmayıla iddiaçı tərəfindən 1600 ABŞ dolları məbləğində pul ödənilmişdir.
24. 26.04.2024-cü il tarixli aktdan görünür ki, 99BO373/99ZX285 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qafarov Vəliquluya iddiaçı tərəfindən 1.650 ABŞ dolları məbləğində pul ödənilmişdir.
25. 07.04.2024-cü il tarixli aktdan görünür ki, 77ED056/99ZD056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsmayılov İsmayıla iddiaçı tərəfindən 1.600 ABŞ dolları məbləğində pul ödənilmişdir.
26. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3382/2024 saylı qətnaməsi ilə, qarşılıqlı iddia təmin edilərkən müəyyən edilmişdir ki, hazırkı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş və buna görə də, onun xeyrinə 75.650 manat məbləğində pul tutulmuşdur. (45-47-ci bənd)
27. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırda iddia, ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. İddiaçı tərəf qeyd etmiş olduğu sürücülərə qarşı iddia qaldırmaqla, onlara artıq ödənilmiş pulun tələb edilməsi ilə bağlı müraciət etmək hüququ vardır. Belə ki, əgər iddiaçının qeyd etmiş olduğu kimi hal, yəni cavabdeh tərəfindən sürücülərin xidmət haqqının verilməməsi kimi hal varsa da, sürücülər də, cavabdehə qarşı iddia qaldırmaqla onlara çatacaq xidmət haqqını tələb etmək hüquqları vardır.
28. Ona görə də, Məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov