Məhkəmə qərarları › İş №e-2-2(113)-752/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-752/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-752/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Hüsiyev Araz Oktay oğlunun, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “xxxx” ASC-yə qarşı icarə haqqınnı ödənilməsi tələbinə dair ilkin iddiası, “xxxx” ASC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə müqaviləsinə xitam verilməsi və artıq ödənilmiş icarə haqqının geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.11.2020-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 71.100 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinə tutularaq Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 12.01.2018-ci il tarixli, 419 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1 C ünvanında yerləşən, dövlət mülkiyyətində olan 3950 kv.m torpaq sahəsi “xxxx” ASCnin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 30.11.2020-ci il tarixinə 71100 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 26.08.2020-ci il tarixli, **********70 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. 03.03.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsini təqdim edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “xxxx” ASC arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli, 419 nömrəli icarə müqaviləsinə 31 yanvar 2020-ci il tarixdən xitam verilməsi, “xxxx” ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 12.01.2018-ci il tarixdən dekabr 2019-cu il tarixədək icarə haqqı kimi artıq ödənilmiş 65.175 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınaraq “xxxx” ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" ASC (İcarəçi) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (İcarəyə verən) arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli, 419 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Babək prospekti, 1 C ünvanındakı əmlak kompleksinin yerləşdiyi 3.950 kv.m torpaq sahəsi icarəyə verən tərəfindən icarəçinin istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən icarə müqaviləsinin müddəti 12.01.2018-ci il tarixdən 12.01.2033-cü il tarixədək, torpaq sahəsinin illik icarə haqqı 71,110 manat, aylıq icarə haqqı isə 5.925 manat məbləğində müəyyən olunmuşdur. İcarə müqaviləsi bağlandığı vaxtdan 2019-cu ilin dekabr ayına kimi icarəçi "Cavabdeh" ASC tərəfindən müqavilə şərtlərinə tam əməl edilmiş və icarə haqqı tam ödənilmişdir. "Cavabdeh" ASC tərəfindən həmin torpaq sahəsinin icarəyə götürməkdə məqsəd həmin sahədə bank üçün inzibati bina tikmək olmuşdur. Lakin həmin sahədə tikinti işlərinə başlamaq üçün təhlillər aparılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsindən strateji kommunikasiya xətləri olan tunel keçir və belə olduğu halda gələcəkdə bu sahədə tikinti işlərini başlamaq üçün əvvəlcədən nəzərdə tutulmamış razılaşmalar və irihəcmi investisiya tələb edən mühəndis işləri aparılmalıdır. Bundan sonra həmin torpaq sahəsinin bank üçün bir əhəmiyyəti qalmamış və bank tərəfindən icarə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə 10.01.2020-ci il tarixli məktub göndərilmişdir. Həmçinin həmin məktuba Bankın məsul şəxsi tərəfindən imzalanmış və Dövlət Xidmətinin məsul işçisi tərəfindən imzalanmalı olan icarə müqaviləsinə 31.01.2020-ci il tarixdən xitam verilməsinə dair razılaşma da əlavə edilmişdir. Lakin bankın bu müraciətinə Dövlət Xidməti tərəfindən baxılmamış və bankın məktubu heç bir əsas gətirilmədən geri qaytarılmışdır. 22.01.2020ci il tarixdə təkrar göndərilmiş eyni məzmunlu müraciətləri isə ümumiyyətlə cavablandırılmamışdır. Bu səbəbdən, bank tərəfindən surəti Prezident Administrasiyasına və İqtisadiyyat Nazirliyinə ünvanlanmış 31.01.2020-ci il tarixli təkrar müraciət məktubu Dövlət Xidmətinə göndərilmiş, lakin Dövlət Xidməti bu məktubu almaqdan imtina etmişdir. Göstərilən məktub həm də digər dövlət orqanlarına göndərildiyi və həmin qurumlar tərəfindən də bankın müraciətinə baxılması üçün Dövlət Xidmətinə göstəriş verildikdən sonra nəhayət, cavabdeh qurum tərəfindən bankın məktubu cavablandırılmışdır. Verilən cavabda isə işin mahiyyətinə aid olmayan məsələlər və tələblər qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh qurum icarə müqaviləsinə xitam verilməsi barədə bankın müraciətlərinə qəti cavab verməkdən yayınmış və son nəticədə "Cavabdeh" ASC-yə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki icarə müqaviləsinin şərtlərinə və qanunvericiliyə əsasən bank tərəfindən artıq 31.01.2021-ci il tarixdə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmiş və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət də göndərilmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə "Cavabdeh" ASC (İcarəçi) arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli, 419 nömrəli icarə müqaviləsinə 31 yanvar 2020-ci il tarixdən xitam verilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adıçəkilən dövlət xidmətinə keçmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə Cavabdeh ASC (icarəçi) arasında bağlanmış Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1 C ünvanında yerləşən, əmlak kompleksinin yerləşdiyi 3.950 kv.m. torpaq sahəsi icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən illik icarə haqqının məbləği 71.100 manat, aylıq icarə haqqı 5.925 manat məbləğində müəyyən edilmişdir. 7.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsinə yol verilən hallar sadalanmışdır. - tərəflərin qarşılıqlı razılığı ilə; -torpaq sahəsinə dövlətin və ya bələdiyyənin ehtiyacı olduqda; -bu müqavilənin 2.2,5.2, 5.3, 6.1-ci bəndləri icarəçi tərəfindən pozulduqda; -tərəflərin biri müqavilə şərtlərinə əmək etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə; -icarəçi tərəfindən iki ardıcıl müddətdə icarə haqqı ödənilmədikdə. İcarə müqaviləsinin müddəti 12.01.2018-ci il tarixdən 12.01.2033-cü il tarixədək müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 05.12.2019-cu il tarixdə Cavabdeh ASC tərəfindən “xxxx” MMC-yə məktub ünvanlanaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 1C ünvanında Cavabdeh ASC-nin yeni ofis binasının tikintisi nəzərdə tutulmuş, lakin həmin ərazidə aparılan müşahidəyə əsasən bank tərəfindən icarəyə götürülmüş əraziyə yaxın məsafədə yerləşən “xxxx” MMC-nin istifadəsində olan yarımstansiyanın həyətində yeraltı elektrik kabellərin keçməsi məlum olmuşdur. Sonda kabellərin yerinin dəyişdirilməsinin mümkün olub-olmaması barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. - 10.01.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlanaraq tərəflər arasında 12.01.2018-ci il tarixdə bağlanmış müqaviləyə xitam verilməsi təklif edilmiş və bununla bağlı razılaşma imzalanması üçün təqdim edilmişdir. Məktubda həmçinin 2019-cu il dekabr ayından Cavabdeh ASC tərəfindən müqavilə üzrə ödənişlərin dayandırıldığı bildirilmişdir. - 31.01.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlanaraq müraciətlərinə rəsmi cavab verilmədiyi bildirilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış müraciətlərə rəsmi cavab verilməsi üçün müvafiq tapşırıqlar verilməsi xahiş edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 19.02.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh ASC-nin müraciətlərinə xidmətdə baxılaraq müraciətlərdə qeyd edilən ünvana baxış keçirilmişdir. Nəticədə icarəçinin mülkiyyətində olan əmlak kompleksinin bir hissəsinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə qarşılıqlı razılaşma əsasında “xxxx” ASC-yə bağışlanması notarial qaydada rəsmiləşdirildikdən sonra müraciətlərdə qaldırılmış məsələ ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 03.09.2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, icarə müqaviləsinə xitam verilməsi barədə bankın müraciətlərinə xidmətdə baxılmışdır və nəticə olaraq müraciətdə qaldırılan məsələyə baxılması üçün icarə müqaviləsi üzrə icarə haqqı borclarının ödənilməsinin təmin edilməsi tələb edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 26.08.2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bağlanılmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.08.2020-ci il tarixinə olan icarə haqqı borcunun ödənilməsi 7 gün müddətində tələb olunmuşdur. - Cavabdeh ASC-nin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 20.08.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh ASC 2019-cu ilin dekabr ayından etibarən icarə haqqı üzrə ödənişləri dayandırdığı üçün icarə müqaviləsinin 5.3-cü bəndini rəhbər tutaraq (icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir) Dövlət Xidməti ilə bağlı bağlanmış müqaviləyə 01.02.2020-ci il tarixdən xitam verilmiş olduğunu hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (iddiaçının hüquqi sələfi) (icarəyə verən) ilə Cavabdeh ASC (icarəçi) arasında 12 yanvar 2018-ci il tarixli 419 saylı icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin müqavilə üzrə yaranmış icarə haqqı borcunun Cavabdeh ASC-dən tutulmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC 31.01.2020-ci il tarixdən icarəyə götürdüyü torpaqdan imtina etdiyini, bu barədə cavabdehə məlumat verdiyini və icarə müqaviləsinə xitam verilməsini təklif etdiyini, eləcə də icarə obyekti olan torpağın icarəyə götürdüyü məqsəd üçün yararsız olduğunu əsas göstərərək icarə müqaviləsinin 31.01.2020-ci il tarixdən, yəni xitam verilmə ilə bağlı icarəyə verənə müraciət etdiyi vaxtdan xitam verilməsini, eləcə də artıq ödədiyi icarə haqqının geri qaytarılmasını tələb edir. Hazırkı işdə ilkin iddianın baxılması nəticəsi qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə qarşılıqlı iddiaya münasibət bildirilməsini zəruri sayır. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC qarşılıqlı iddia ərizəsində iki tələb irəli sürmüşdür.

1. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə 31 yanvar 2020-ci il tarixdən xitam verilməsi. Həmin hissədə tələb onunla əsaslandırılmışdır ki, “xxxx” ASC mübahisəli icarə müqaviləsinə qarşılıqlı razılaşma əsasında 31.01.2020-ci il tarixdən xitam verilməsi məqsədilə 10.01.2020-ci il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin Xidmət razılaşmanı imzalamadan geri qaytarmışdır. Belə olan halda isə icarə müqaviləsinə Torpaq Məcəlləsinin 73.1 və 75.2-ci maddələrinə əsasən icarəçinin torpaqdan imtina etdiyi andan, yəni 31.01.2020-ci il tarixdən xitam verilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə görə: 73.1 Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə 75.2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Göründüyü kimi istinad edilən qanunvericilik normaları icarə hüquq münasibətlərinin xitamı qaydasını müəyyən etdiyi halda hazırkı iddianın predmeti icarə müqaviləsinə xitam verilməsindən ibarətdir. Buna görə də sözügedən normalar hazırkı mübahisəyə tətbiq edilməli olan qanunvericilik normaları deyil. Hazırkı mübahisəyə tətbiq edilməli olan Mülki Məcəllənin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə görə öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Göstərilən normaların məzmunundan göründüyü kimi müqavilənin ləğv edilməsi üç yolla – tərəflərin qarşılıqlı razılığına əsasən, tərəflərdən birinin tələbi ilə məhkəmə qərarı əsasında və müqavilədən birtərəfli qaydada imtina edilməklə həyata keçirilə bilər. Müqavilədən birtərəfli qaydada imtinaya yalnız Mülki Məcəllə və tərəflər arasında razılaşmada nəzərdə tutulan hallarda (bundan əlavə yalnız öhdəlik tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı olduqda) yol verilir. Hazırkı işin hallarından isə görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin yol verildiyi halların dairəsi həmin müqavilənin 7.2-ci bəndində müəyyən edilmiş və həmin bənddə icarəçinin hər hansı bir əsasla müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərə tutulmamışdır. Eləcə də icarəçi müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsi təklifi ilə icarəyə verənə müraciət etsə də, tərəflər arasında müqavilənin ləğv edilməsi ilə bağlı qarşılıqlı razılıq da əldə edilməmişdir. Beləliklə, hazırkı işdə tərəflər arasında bağlanılmış müqavilə ilə icarəçi tərəfindən müqavilədən birtərəfli qaydada imtina edilməsi istisna edildiyindən, eləcə də tərəflər arasında müqavilənin ləğv edilməsi ilə bağlı razılaşma olmadığından mübahisəli icarə müqaviləsinin icarəçinin təşəbbüsü ilə ləğv edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Belə olan halda isə icarəçinin müqavilənin 31.01.2020-ci il tarixdən ləğv edilməsi barədə icarəyə verənə müraciət etməsinin “müqavilənin ləğv edilməsi” kimi; ləğv edilmə ilə bağlı müraciət etdiyi tarixin isə “müqavilənin ləğv edilmə tarixi” kimi qiymətləndirilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Qarşılıqlı iddiaçının icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə əvvəla onu qeyd edir ki, mübahisəli hüquq münasibətlərində icarəçi olamn “xxxx” ASC dəfələrlə mübahisəli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı icarəyə verənə müraciətlər etmiş, icarə müqaviləsini davam etdirmək niyyətinin və marağının olmaması barədə hələ 2020-ci ilin yanvarında icarəyə verəni xəbərdar etmişdir. Bundan əlavə “xxxx” ASC icarəyə verənə ünvanlanmış müraciətlərdə icarə obyekti olan torpaq sahəsini yeni inzibati bina tikmək məqsədilə icarəyə götürdüyünü, lakin sonradan ona həmin torpaq sahəsindən yeraltı kabellərin keçməsinin və həmin kabellərin tikinti aparılmasına maneə yaratmasının məlum olduğunu bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə ünvanlanmış 19.02.2020-ci il tarixli məktubundan da aydın görünür ki, icarə obyekti olan torpaq sahəsində tikinti işlərinin aparılmasında müəyyən maneələrin mövcud olması barədə icarəyə verən xəbərdar olmuşdur. Bununla yanaşı həmin məktubda Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinə baxış keçirdiyini və icarəçinin qaldırdığı məsələ ilə bağlı zəruri tədbirlərin torpaq sahəsinin bir hissəsinin “xxxx” ASC-yə bağışlanması notarial qaydada rəsmiləşdirildikdən sonra həyata keçiriləcəyini bildirmişdir. Mülki Məcəllənin: 676.0-ci maddəsinə görə bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. 677.1.4-ci maddəsinə görə əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 719.7-ci maddəsinə görə bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi icarəçi Cavabdeh ASC-nin icarəyə götürülmüş torpaq sahəsində tikinti işlərin aparılması ilə bağlı maneələrin mövcud olduğunu, icarəyə verənin həmin maneələrdən məlumatlı olduğunu, lakin həmin maneələrin hal-hazıradək aradan qaldırılmadığını nəzərə alaraq məhkəmə göstərilən maneələri icarə obyekti olan torpağın qüsuru kimi qiymətləndirir və hesab edir ki, göstərilən hal icarə müqaviləsinin Mülki Məcəllənin 677.1.4-ci maddəsinə əsasən məhkəmə tərəfindən vaxtından əvvəl ləğv edilməsi üçün əsas verir. Bununla yanaşı Mülki Məcəllənin: 722.1-ci maddəsinə görə müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir. Beləliklə, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı qətnamə ilə icarə müqaviləsinin ləğv edilməsi gələcəkdə icarə verən tərəfindən torpaq sahəsi icarəyə verənə qaytarılanadək olan müddət üçün icarə haqqının ödənilməsi tələbinin irəli sürülməsini istisna etmir.

2. İcarə haqqının müəyyən edilməsi və Dövlət Xidmətinə artıq ödənilmiş icarə haqqının qaytarılması tələbi. Qarşılıqlı iddia üzrə iddiaçı icarə haqqının müəyyən edilməsi tələbinə dair hissədə iddia tələbini icarə müqaviləsində müəyyən edilmiş icarə haqqının torpağın bazar dəyərinə uyğun gəlməməsi ilə əsaslandırmış, lakin istinad etdiyi halları, o cümlədən torpağın bazar dəyərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə görə icarə haqqı məbləği tərəflər arasında bağlanmış icarə müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Belə olan halda isə icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqının məbləğinin dəyişdirilməsi yalnız həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi yolu ilə mümkündür. Göstərilən tələb isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinə artıq ödənilmiş icarə haqqının qaytarılması tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi hər hansı qanunvericilik normasına istinad etməmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququ tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında yaranmamışdır. Eləcə də həmin tələb ziyan vurmadan irəli gəlmir. Bununla yanaşı hazırkı iddia tələbi əsassız varlanmadan irəli gələn tələb kimi qəbul edildiyi halda da əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı halda varlanmış şəxs olan Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” ASC-nin qaytarılmasını tələb etdiyi məbləği icarə müqaviləsi əsasında icarə haqqı olaraq əldə etmişdir, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin həmin məbləği əldə etməyə haqq qazandıran müqavilə əsası mövcuddur. Göründüyü kimi “xxxx” ASC-nin artıq ödənilmiş pulun qaytarılması barədə iddia tələbi əsassız varlanmaya dair normalara əsasən də təmin edilə bilməz. İlkin iddiaya gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh “xxxx” ASCnin 2019-cu ilin noyabr ayından başlayaraq icarə haqqını ödəməməsi və 30.11.2020-ci il tarixinə mübahisəli icarə müqaviləsi üzrə 71.100 manat məbləğində icarə haqqı borcunun olması işin mübahisəsiz halını təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə ilkin iddia üzrə cavabdeh „xxxx” ASC-nin icarə haqqına görə 30.11.2020ci il tarixinə 71.100 manat məbləğində borcunun olmasını, ilkin iddia üzrə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, 71.100 manat məbləğində icarə haqqı borcu „xxxx” ASC-dən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. “xxxx” ASC-dən 30.11.2020-ci il tarixə olan 71.100 (yetmiş bir min yüz) manat məbləğində icarə haqqı borcu tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 12.01.2018-ci il tarixli 419 saylı müqavilə ləğv edilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar