Məhkəmə qərarları › İş №e-2-2(113)-753/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-753/2021

09.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-753/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Nümayəndə Cavabdeh2nə qarşı aktın ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya münasibətdə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli AKT NSQ N 007818 saylı aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi qanunla müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdehlə aralarında olan mövcud müqavilə əsasında elektrik enerjisini istelak edərək pulunu vaxtında ödəmişdir. Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, AKT NSQ N 007818 saylı akt tərtib edilərək, iddiaçıya sanksiya tətbiq edilmişdir. Səbəb kimi, sayğacdankənar elektrik enerjisi axını olduğu bildirilmişdir. İddiaçı cavabdehin bu aktı ilə razı deyil və hesab edir ki, sözügedən akt əsassız tərtib edilmişdir. Odur ki, qanunsuz tərtib edilmiş akt olduğuna görə məhkəmə tərəfindən ləğv edilməlidir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə mübahisəsi bitənədək xx xxxxxxxx 2020-ci il tarixli NSQ N 007818 saylı aktın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4056/2020 saylı qərardadı ilə iddiaçı Nümayəndə Cavabdeh2nə qarşı aktın ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Nümayəndə barəsində tərtib edilmiş Cavabdeh2 ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli, NSQ N 007818 saylı aktının ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə Cavabdeh2nə qarşı aktın ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar