Məhkəmə qərarları › İş №e-2-2(113)-7541/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7541/2024

06.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7541/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümyəndəsi/vəkili İddiaçı2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2024-cü il tarixdə 24_09 №li Alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların ödənilməmiş dəyəri olaraq yaranmış 206.910 (iki yüz altı min doqquz yüz on) manat borcun və 497 manat Dövlət rüsumunun cavabdeh - Cavabdeh MMC-dən alınaraq iddiaçı-"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (Alıcı) ilə "xxxx" MMC (Satıcı) arasında 01 mart 2024-cü il tarixdə 24_09 №li Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əməl edərək satıcı xx.xx.2024-cü il tarixdə 126000 (yüz iyirmi altı min) manat dəyərində mal (düyü) alıcıya təhvil vermiş və bu barədə tərəflər arasında 307314 №li Malların Təhvil-Qəbul Aktı imzalanmışdır. xx.xx.2024-cü il tarixdə 80910 (səksən min doqquz yüz on) manat dəyərində mal (yağ) alıcıya təhvil vermiş və bu barədə tərəflər arasında 307318 №li Malların Təhvil-Qəbul Aktı imzalanmışdır. Müqavilənin 3.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 30 (otuz) gün müddətində ödənilməlidir. Lakin, alqı-satqıdan və sonuncu malın alıcıya təhvil verilməsindən 4 ay keçməsinə baxmayaraq satıcı tarəfindən malların dəyəri (cəmi 206.910 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: manat) hazırki vaxta qədər ödənilməmişdir. Göründüyü kimi,"xxxx" MMC tərəfindən müqavilə öhdəliyi tam icra edilmiş, Cavabdeh MMC tərəfindən isə 01 mart 2024-cü il tarixdə 24_09 №li Alqı-satqımüqaviləsinin şərtləri pozulmuş və müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Müqavilələr üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra “Satıcı” tərəfindən pulun ödənilməsi tələbinə dair dəfələrlə müraciət etməklərinə baxmayaraq hazırki vaxta qədər alıcı tərəfindən hər-hansıməbləğ ödənilməmişdir.Bununla da, tərəflər arasında borc münasibətləri yaranmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə 206.910 manat pul tələbi ilə cavabdehin həm hüquqi həm də vergi elektron sisteminə pretenziyziya məktubu ünvanlanaraq iddiaçı təfəndən 5 (beş) gün müddət müəyyən edilmişdir. Cvabdeh tərəfindən pretensiya qaydasında irəli sürülmüş tələb təmin edilməməklə yanaşı hər-hansımünasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsişifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (maddə 739-740). Tərəflər arasında olan borc münasibətləri Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada olmasa da hər-hansı hüquq pozuntusuna yol verilmədən özaralarında rəsmiləşdirilmişdir. Hesab edirik ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və “satıcının” iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Hesab edirik ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından “alıcı”- Cavabdeh MMC-ninhərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı malın əvəzi olaraq 206.910 manat pul məbləğini tam olaraq qaytarılmalı olduğu halda, öhdəliyi ümumiyyətlə icra etməmiş və hımin məbləğindən hazırki vaxtadək hər-hansı qismini ödəməmişdır. Ona görə də hesab edirik ki, iddiaçı müqavilə üzrə yaranan 206.910 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır və iddia tələbiəsaslıdır. Belə ki, iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və öhdəlik münasibətlərinin yaranmasını təsdiq edən sübutlar (Müqavilə və Malların Təhvil-Qəbul Aktları) təqdim olunmuşdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

5. 23.10.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi X1 bildirmişdir ki, iddiaya qarşı heç bir etirazı yoxdur. Malları alıblar və tender iştirakçısına satıblar. Hazırda başqa şirkətlərdən ödəniş gözlədikləri üçün bu iş üzrə iddiaçıya olan ödəniş gecikir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

10. İş materiallarına əlavə olunmuş satıcı - İddiaçı1 MMC ilə alıcı - Cavabdeh MMC arasında bağlanmış 24_09 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:

11. Müqavilənin 1.2-ci bəndinə əsasən Satıcı ərzaq mallarının qiymətlərini göstərilən qiymətlərlə satmağı, Alıcı isə alınmış malın dəyərini ödəməyi öz öhdəsinə götürür.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən Müqavilənin ümumi məbləği qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətlərə uyğun müəyyən ediləcək.

13. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı tərəfindən təqdim edilmiş hesab-faktura tərəflər arasında təsdiq olunmuş Razılaşdırma Protokoluna əsasən tərtib olunur. Alıcı hesab təqdim olunduğu gündən 30 gün ərzində hesab üzrə məbləği Satıcının hesabına köçürür.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən Təchiz olunan ərzaq mallarının dəyərini ödəmək üçün Satıcı Alıcıya hesab fakturadan əlavə aşağıdakı sənədləri təqdim edir: bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunmuş Razılaşdırma Protokolu, malların təhvilini təsdiq edən qaimə-faktura, əlavə dəyər vergisinin əvəzləşdirilməsini təsdiq edən elektron vergi hesab-fakturası.

15. Müqavilənin 3.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 30 gün müddətində ödənilməlidir.

16. xx.xx.2024-cü il tarixli 307314 nömrəli malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 126.000 manat dəyərində düyü məhsulu, xx.xx.2024-cü il tarixli 307318 nömrəli akta əsasən isə 80910 manat dəyərində yağ məhsulu təhvil verilmişdir.

17. İddiaçı1 MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mallara dair e-qaimələr göndərilmişdir: xx.xx.2024-cü il tarixli EBEB800575 saylı e-qaiməyə əsasən 126.000 manat dəyərində, xx.xx.2024-cü il tarixli EBEC367781 saylı e-qaiməyə əsasən – 80910 manat dəyərində.

18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

20. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı (satıcı) müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi müəyyən edilməlidir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Müqaviləyə əsasən ödəniş malların verildiyi tarixindən sonra 30 gün müddətində həyata keçirilməlidir.

23. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf 206910 manat dəyərində malları qəbul etmiş, lakin bugünə kimi heç bir ödənişi həyata keçirməmişdir. Cavabdehin qanuni nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən malların verilməsi və 206910 manat məbləğində borcun mövcüdluğü işin mübahisə edilməyən halıdır.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 206910 manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 497 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 497 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 206.910 (iki yüz altı min doqquz yüz on) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 497 manat tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar