Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-756/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh2 qarşı iddia və iddiamım dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ilə bağlı 45.000 manat icarə haqqının, 15.763,81 manat istismar xərclərinin, 816,94 manat sudan istifadəyə görə borcun, 62,74 manat təbii qazdan istifadəyə görə borcun, 1.981,59 manat elektrik enerjisindən istifadəyə görə borcun, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyin vaxtında icra edilməməsinə görə 2.679,06 manat dəbbə pulunun/cərimənin, 20.034,74 manat X1, 349,02 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 500 manat hüquqi/vəkil xidməti haqqının, cəmi 87.188 (səksən yeddi min yüz səksən səkkiz) manat pul vəsaitinin Cavabdeh2 tutulub iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə cavabdeh – fərdi sahibkar Cavabdeh2 arasında 960 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanıb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi bu icarə müqaviləsinin qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixdən icarə sahəsini istifadə etməyi öhdəsinə götürür. İcarə müqaviləsinin 3.1.-ci maddəsinə əsasən 960 kv.m qeyri-yaşayış sahəsinin icarəsi üçün əsas icarə haqqı 15.000 manat həcmində müəyyən olunub. Bundan başqa müqavilənin həmin bəndində müəyyən olunub ki, əlavə olaraq hesablama sayğacına görə elektrik, su və qaz xərcləri və icarəyə götürülən qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 6 manat olmaqla icarəçiyə ümumi istismar xərcləri hesablanacaq və ƏDV toplam məbləğə əlavə olunacaqdır. Cavabdeh xx.xx.2024-cü il tarixdən icarəyə götürülən qeyri-yaşayış sahəsində fəaliyyətə başlayıb. O, bir müddət müqavilədə nəzərdə tutulan icarə haqqını və istismar xərclərini qismən ödəsə də sonradan ödənişlə bağlı öhdəliklərini icra etməyib. Bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddiaçıya 86.338,23 (səksən altı min üç yüz otuz səkkiz manat 23 qəpik), yuvarlaq şəkildə 86.339 manat borcu yaranıb. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini xahiş edib. Tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə tərəflər arasında xx.xx.2024cü il tarixli Xitam Sazişi bağlanıb. Lakin iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, cavabdeh hazırkı vaxtadək 86.339 manat həcmində borcunu iddiaçıya ödəməyib. Buna görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranıb və cavabdehə həm elektron formada, həm də kağız daşıyıcılarda pretenziya məktubu göndərilib.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (icarəyəverən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə sahəsini olduğu kimi bu müqaviləyə əsasən icarəçiyə icarəyə verir və icarəçi bu müqaviləyə əsasən icarəyəverəndən onu icarəyə götürür və müqavilənin müddəti ərzində icarə sahəsini tutmağa razılıq verir.
12. Müqavilənin 3.1-ci maddəsinə əsasən əsas icarə haqqı 01 yanvar 2024-cü il tarixdən etibarən 960 kvadrat metr üçün toplam olaraq hər ay 15.000 manat, əlavə olaraq hesablama sayğacına görə elektrik, su və qaz xərcləri və hər kvadrat metr üçün 6.00 manat olmaqla ümumi istismar xərcləri hesablanacaqdır.
13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xitam sazişinə əsasən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və müqavilə qüvvədən düşmüş hesab edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00141317 nömrəli dəyəri 24.496,8 manat, xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00084336 nömrəli dəyəri 26.304,37 manat, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00131790 nömrəli dəyəri 26.753,51 manat, xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00228450 nömrəli dəyəri 26.484,2 manat, xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10042268 nömrəli dəyəri 25.786,88 manat, xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı 10489616 nömrəli dəyəri 3.679,38 manat, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10128172 nömrəli dəyəri 672,42 manat olan elektron qaimələr göndərilmişdir.
18. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixində 45.000 manat məbləğində depozit ödənişi, xx.xx.2024-cü il tarixində 2.700 manat, xx.xx.2024-cü il tarixində isə 15.000 manat, xx.xx.2024-cü il tarixində 6.000 manat elektron qaimələr əsasında ödəniş edilmişdir.
19. Hazırda iddiaçı icarə haqqı borcu üzrə 45.000 manat, ƏDV borcu üzrə 20.034,74 manat, istismar xərcləri üzrə 15.763,81 manat məbləğində borcunun olduğunu bildirərək, cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
20. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında sahəni icarə götürdüyünü, lakin fəaliyyətinin uğurlu olmadığını, icarə haqqı borcu, istismar xərcləri üzrə borc və ƏDV borcu ilə razı olduğunu bildirmişdir.
21. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia icarə haqqı, istismar xərcləri və ƏDV borcunun tələb edilməsi hissəsində əsaslıdır və icarə haqqı borcu üzrə 45.000 manat, istismar xərcləri üzrə 15.763,81 manat, ƏDV borcu üzrə 20.034,74 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
22. Məhkəmə iddianın kommunal xərclərə görə pulun tələb edilməsi hissəsi ilə bağlı bildirir ki, müqavilənin 3.1-ci bəndində tərəflər əlavə olaraq hesablama sayğacına görə elektrik, su və qaz xərclərinin hesablanacağı barədə razılığa gəlmişlər.
23. Bundan başqa iş materiallarına kommunal xərclərlə bağlı hesab fakturalar əlavə edilmişdir.
24. Belə ki, cavabdehin də kommunal xərclərlə razı olduğunu və müqavilənin 3.1-ci bəndinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia sudan istifadəyə görə 816,94 manat, qazdan istifadəyə görə 62,74 manat, elektrik enerjisindən istifadəyə görə 1.981,59 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehən tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan başqa, məhkəmə 2.679,06 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
27. Məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 2.679,06 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
28. Məhkəmə iddianın 500 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı UNİON Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli order verilmişdir.
30. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona hüquqi yardım göstərilməsi üçün UNİON Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir
31. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
32. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 349,02 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 349,02 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 45.000 (qırx beş min) manat, istismar xərcləri üzrə 15.763 (on beş min yeddi yüz altmış üç) manat 81 (səksən bir) qəpik, sudan istifadəyə görə borc üzrə 816 (səkkiz yüz on altı) manat 94 (doxsan dörd) qəpik, təbii qazdan istifadəyə görə borc üzrə 62 (altmış iki) manat 74 (yetmiş dörd) qəpik, elektrik enerjisindən istifadəyə görə borc üzrə 1.981 (bir min doqquz yüz səksən bir) manat 59 (əlli doqquz) qəpik, ƏDV borcu üzrə 20.034 (iyirmi min otuz dörd) manat 74 (yetmiş dörd) qəpik, cərimə borcu üzrə 2.679 (iki min altı yüz yetmiş doqquz) manat 06 (sıfır altı) qəpik olmaqla ümumilikdə, 86.338 (səksən altı min üç yüz otuz səkkiz) manat 88 (qəpik) məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 349 (üç yüz qırx doqquz) manat 02 (sıfır iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov