Məhkəmə qərarları › İş №e-2-2(113)-757/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-757/2025

07.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-757/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə və dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabehdən 326521 manat məbləğində pulun və 1000 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq gösərilmişdir ki, məhkəmə qərarlarına əsasən Cavabdeh MMC-nin "xxxx" MMM-ə 3 265 206 manat borcu yaranmışdır. Hazırkı dövrə qədər ödənilməyən borc 1 790 117,55 manat təşkil etmişdir. xx.xx.2024-cü ildə tərəflər arasında borc öhdəliklərinə dair razılıq protokolu imzalanmışdır. Razılıq protokoluna əsasən borcun 1 040 975,94 manatı cavabdehə güzəşt edilmişdir. Bəhs olunan protokola əsasən 500 000 manat əsas borc, 249 141,61 manat əlavə dəyər vergisi ödənilmişdir. Yaranmış borcla əlaqədar Vəkil1la hüquqi xidmət göstərilməsi barədə xx.xx.2016-cı ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə udulmuş məbləğin 10 faizi olaraq vəkilə xidmət haqqı ödənilməli idi. Ödənilməli olan xidmət haqqı 326 521 manat təşkil edir. Hazırda hüquqi xidmət göstərilməsinə görə xidmət haqqı olaraq vəkilə 251 648,57 manat ödənilmişdır. Ödənilməmiş qalan məbləğ 74872 manatdır. xx.xx.2024-cü ildə razılaşma protokolu imzalanarkən şifahi razılaşma ilə xidmət haqqına görə vurulmuş zərəri cavabdeh bir ay ərzində ödəməli idi. Lakin bu günə qədər zərər ödənilməmiş qalmışdır. Cavabdehlə yaranmış məhkəmə mübahisələrə görə iddiaçıya əlavə olaraq 326 521 manat zərər dəymişdir. Borcun güzəşt edilməsinə baxmayaraq, cavabdeh etibarlı tərəfdaş statusu qazanmamışdır. Eyni zamanda hazırkı mübahisəyə görə vəkilə 1000 manat xidmət haqqı ödənilmişdir. İddiada maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 389, 1096 və s. maddələri göstərilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırkı iddianın predmetini iddiaçıya dəyən zərərin təşkil etdiyini, bu səbəbdən hazırkı işə mahiyyəti üzrə baxılmalı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etdi və hazırkı işə məhkəmədə baxılmalı olmadığını, əvvəlki məhkəmə qərarları ilə hazırkı tələbə hüquqi qiymət verildiyini və həmin məhkəmə aktlarının qanuni qüvvəyə mindiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki: 1) İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 328 072,56 manat 2 aylıq abunə haqqının, 32807,25 manat məhkəmə xərcinin, cəmi 360 880,11 pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-138/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən müqavilə şərtlərini pozulmasına görə 328072,56 manat, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və nümayəndəyə çəkiləcək xərc kimi 500 manat, ümumilikdə 328 602,56 manat pul vəsait tutularaq iddiaçı "xxxx" MMMyə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-854/2018 nömrəli 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 138/2018 nömrəli 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-2(102)-281/2019 nömrəli qərarı ilə təmin edilməmişdir; 2) İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 1 899 945,33 (o cümlədən vəkil ödənilən 266 729) manat pulun alınıb İddiaçı MMM-ə ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-56/2018 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-dən 2391105,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat, cəmi 2391120,70 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-143/2019 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyun 2018-ci il tarixli, 2-2(82)- 56/2018 saylı qətnaməsinin qismən – 593 068 manat 92 qəpik hissəsində ləğv edilməsi, iddia tələbinin bu hissədə rədd edilməsi, qətnamənin iddia tələbinin Cavabdeh MMC-dən ******* manat 28 qəpik tutularaq İddiaçı MMM-ə ödənilməsi, ödənilmiş digər 15 manat dövlət rüsumunun İddiaçı MMM-ə aid edilməsi, qətnamənin qalan hissəd dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-2(102)-328/2019 nömrəli qərarı ilə təmin edilməmişdir; 3) İddiaçı MMM cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, 535 056,07 manat əsas borcun, 71294,96 manat iki aylıq ödənişin, 39518,38 manat cərimənin, 30 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 64589,94 manatın – cəmi 710.489,35 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 mart tarixli 2-2(81)-88/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 535.056,07 manat əsas borcun, 71.294,96 manat iki aylıq ödənişin, 5.000 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 611.381,03 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 iyun tarixli 2-2(103)-345/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2-2(102)-461/2018 nömrəli qərarı ilə təmin edilməmişdir; 4) İddiaçı "xxxx" MMM cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2014-cü il tarixli 1569 saylı müqaviləyə əsasən 253 462,36 manat məbləğində pul vəsaitinin alınıb iddiaçının xeyrinə ödənilməsi barədə, sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artıraraq ilkin olaraq 331 295 manat 52 qəpik məbləğində pul vəsaitinin, daha sonra isə 294 956,94 manat əsas borcun, 31270 manat 2 aylıq xidmət haqqı, 88487 manat cərimə, 41474,39 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli 2-2(85)-17/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 294 956,94 manat əsas borc, 31270 manat iki aylıq xidmət haqqı, 5000 manat cərimə, cəmi 331.226,94 manat və 20 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMM-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli 2-2(105)-03/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli 2-2(85)-17/2018 nömrəli qətnaməsinin əsas borcun tutulması hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMM-nin xeyrinə tutulması qət edilən 294 956,94 manat əsas borcun məbləği azaldılaraq 263 686,94 manat həddində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 290 manat məbləğində ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesablaşma hesabına keçirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-333/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********354800 nömrəli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilərək ona qoşulması nəticəsində yenidən təşkil olunmuş və adları çəkilən cəmiyyətlərin hüquqi varisidir. İddiaçı MMM (vəkalət verən qismində) ilə fərdi qaydada fəaliyyət göstərən Vəkil1 (vəkalət alan qismində) arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, müqvilə üzrə “vəkalət alan” “vəkalət verən“ə hüquqi xidmət göstərməsini öz öhdəsinə götürür, “vəkalət verən“ isə bunun müqabilində işlərin dəyərini razılaşdırılmış qiymətlərlə “vəkalət alan”a ödəyir (1.1). Müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin ümumi dəyərini (xidmət haqqı) tərəflər məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə qət olunan məbləğin 10% ilə müəyyən edirlər (1.2). Ödənişin 5%-i vəkalət verən tərəfindən hazırkı müqavilə üzrə məhkəmə qərarları qüvvəyə mindikdən sonra bir ay ərzində, digər 5%-i isə qət olunan məbləğlər “vəkalət verən”in hesabına daxil olduqca bank köçürmələri vasitəsi ilə ödənilir (1.3). Müqavilənin müddəti imzalanan gündən başlayaraq məhkəmə araşdırmalarınm sonunadək və ya konkret işin görülüb qurtamıasınadək müəyyənləşdirilir (1.4). İşin müəyyən olunan halı ondan ibarətdir ki, hazırda iddianın obyektini təşkil edən məbləğ iddiaçı və cavabdeh, o cümlədən cavabdehin hüquqi varisi olduğu hüquqi şəxslər arasında olan ayrı-ayrı məhkəmə mübahisələri üzrə vəkilin iddiaçıya göstərdiyi hüquqi yarıma görə hüquqi yardım xərcidir. Göründüyü kimi, iddiaçı hazırda edilən kömək üçün vəkilə ödənilməli olan xərclərin iddia icraatı qaydasında tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki prosessual qanunvericilikdə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflər kimi məhkəmə xərclərinə aid edilməklə məhz işin nəticəsinə uyğun olaraq tərəflər arasında bölüşdürülür. Bu zaman həmin xərclərin işə baxan məhkəmə tərəfindən konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi qərara alınır. Belə aydın olur ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər ayrıca iddianın predmeti deyil, məhz aid olduğu işə baxılarkən həll edilməli olan xüsusi məsələrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələbə ayrıca iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Digər tərəfdən, hətta vəkillərə etdikləri kömək üçün ödənilən xərclərə ayrıca icraatda baxılması mümkün olsa belə, məhkəmə qeyd edir ki, hazırda tələb edilən 326 521 manat məbləğində pulla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Belə ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü 4 iddia üzrə iddiaçı tərəfindən həm də vəkilə göstərdiyi hüquqi yardıma görə xərcin tutulması tələb edilmiş, tələb olunan məbləğ hazırda tələb olunan məbləğdən daha çox olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə həmin məsələyə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyun 2019-cu il tarixli, C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar dedikdə, məhz eyni tərəflər arasında olan iddiaların eyni faktiki əsasa malik olması və eyni hüquq münasibətinə əsaslanması başa düşülür. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində göstərilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Bu mənada qeyd edir ki, vəkilə edilən xərclərin müstəqil iddia qaydasında tələb edilməsinin mümkün olduğu qəbul edilsə belə, bu zaman eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin olduğu nəzərə alınmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddianın hüquqi əsasının dəyişdirilməsi və ya iddia tələbində onun ifadə olunmasının bu və ya digər formasının seçilməsi özü-özlüyündə iddianın predmetinin dəyişdirilməsi ilə nəticələnmir. Bundan başqa, iş üzrə icraata xitam verildiyindən və bu, iddiadan imtina ilə bağlı olmadığından (MPM-in 122,123-cü maddələri) ödənilmiş 1000 manat hüquqi yardım xərci də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 617 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 617 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 617 (altı yüz on yeddi) manat pul İddiaçınə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar