Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7578/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 13022025 №-li icarə müqaviləsi üzrə ödənilməmiş - ƏDV daxil 20,709.00 AZN icarə ödənişi, ƏDV daxil 295 AZN xidmət haqqı, ƏDV daxil 298.06 AZN kommunal ödənişi, ümumilikdə ƏDV daxil 21,302.07 AZN məbləğin və 154 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 aprel 2025-cü il tarixdə icarəyə verən İddiaçıMMC və subicarəçi Cavabdeh MMC (VÖEN:**********) asında 13022025 saylı daşınmaz əmlakın subicarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. (Həmin müqavilənin nüsxəsi bu ərizəyə əlavə olunur) Bildiririk ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış subicarə müqaviləsi əsasında Cavabdeh MMC müəyyən edilmiş sahəni istifadə üçün təhvil almışdır. Müqavilə şərtlərinə görə, cavabdeh hər ay müəyyən olunmuş məbləğdə subicarə haqqını vaxtında ödəməli, sahədən təyinatına uyğun istifadə etməli idi. Lakin Cavabdeh MMC, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, müəyyən olunmuş müddətlərdə subicarə haqqını ödəməkdən yayınmışdır. Bu laqeyd münasibət nəticəsində müəyyən müddət ərzində ödənişlər edilməmiş, borc yığılıb qalmışdır. Bu barədə tərəflər arasında həm yazılı həm şifahi formada borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh buna məhəl qoymamış, müqavilə öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunan müqavilənin predmetinə uyğun olaraq İcarəyə verən (İddiaçıMMC) müqavilənin 1.1.1-ci bəndində göstərilmiş əmlakı Subicarəçiyə (Cavabdeh MMC) icarəyə verməyi, subicarəçi isə öz növbəsində həmin əmlaka uyğun olaraq aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirilməsi və müvafiq əşya/avadanlıqlarla təchiz olunması məqsədi ilə icarəyə verilən əmlak(lar)ın vəziyyətini, o cümlədən həmin əmlaklara dair əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə müfəssəl əks etdirən təhviltəslim aktı əsasında xx.xx.2025-ci il tarixindən cavabdehə təhvil verilmiş, xx.xx.2025-ci il tarixinə qədər icarə haqqı və baxım xərclərindən azad edilmişdir. Nəticə etibarilə,cavabdeh 2025-ci ilin may ayınının 1-dən başlayaraq iddiaçıya ödəniş etməliydi. Müqavilənin 3.1.1-ci bəndindən görünür ki, bir aylıq icarə haqqı həmin bənddə göstərilmiş şərtə əsasən ƏDV xaric 5,670.00 AZN(beş min altı yüz yetmiş manat sıfır qəpik) təşkil edir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərdən yalnız icarə haqqı 2025-ci ilin iyul ayınadək(may, iyun) ödənilmiş olsa da, həmin tarixdən etibarən ödənişlər gecikdirilmiş və ümumiyyətlə ödənilməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan məbləğlər aşağıda ətraflı izah edilmişdir: MT2506 12195650 saylı qaimə əsasında 2025cü ilin iyul ayı üçün ödənilməli olan icarə ödənişləri üzrə ƏDV xaric 5,670.00 AZN məbləğ hələ də ödənilməmiş qalmaqdadır. MT2508 10044982 saylıqaimə əsasında 2025-ci ilin avqust ayı üçün icarə ödənişi üzrə ƏDV xaric 5,670.00 AZN ödənilməmiş qalmaqdadır. Məlumat olaraq bildiririk ki, Müqavilənin 3.1.2-ci bəndinə əsasən, xx.xx.2025 tarixindən etibarən aylıq icarə haqqı ƏDV xaric 5.670 manat deyil, ƏDV xaric 6.210 manat olaraq müəyyən edilmişdir. Nəticə etibarı ilə MT2509 10064433 saylı qaimə əsasında2025-ci ilin sentyabr ayı üçün icarə ödənişi üzrə ƏDVxaric 6,210.00 AZN ödənilməmiş qalmaqdadır. Müqavilənin 3.1.5-ci bəndindən görünür ki, həmin müqavilənin 15-ci bəndində siyahısı nəzərdə tutulmuş müvafiq xidmətlərin müqabilində icarəyə verilən əmlak üçün aylıq ximət haqqı ƏDV xaric 50 AZN təşkil edir. MT2505 10501722 saylı qaimə əsasında 2025-ci ilin may ayı üçün aylıq xidmət haqqı ödənişi üzrə ƏDV xaric 50 AZN ödənilməmiş qalmaqdadır. MT2506 10078533 saylı qaimə əsasında 2025-ci ilin iyun ayı üçün aylıq xidmət haqqı ödənişi üzrə ƏDV xaric 50 AZN ödənilməmiş qalmaqdadır. MT2506 12195678 saylı qaimə əsasında 2025-ci ilin iyul ayı üçün aylıq xidmət haqqı ödənişi üzrə ƏDV xaric 50 AZN ödənilməmiş qalmaqdadır. MT2508 10044455 saylı qaimə əsasında 2025-ci ilin avqust ayı üçün aylıq xidmət haqqı ödənişi üzrə ƏDV xaric 50 AZN ödənilməmiş qalmaqdadır. MT2509 10064677 saylı qaimə əsasında 2025-ci ilin sentyabr ayı üçün aylıq xidmət haqqı ödənişi üzrə ƏDV xaric 50 AZN ödənilməmiş qalmaqdadır. Bundan əlavə, müqavilənin 3.4-ci bəndinə əsasən, icarəyə verilən əmlak(lar)a təchiz olunan hər hansı kommunal xidmət növü ayrıca ölçülmədikdə bu cür ödənişlərin Subicarəçiyə aid olan hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunacaq. Belə ki, hazırkımüqavilə üzrə icarə sahəsinə aid olan kommunal ödənişlər bir qayda olaraq tərəfimizdən ödənilmiş, buna müvafiq olaraq cavabdehə hesab-faktura təqdim edilmişdir. Cavabdeh tərəfindən ödənilməyən kommunal ödəniş məbləğləriaşağıdakı kimidir: Belə ki, 2025 ci ilin avqust ayı üçün MT2508 10345236 saylı qaiməyə əsasən kommunal ödənişi üzrə ƏDV xaric 252.60 AZN ödənilməmiş qalmaqdadır Nəticə etibarilə, hazırda cavabdehin ƏDV xaric 17,550.00 AZN aylıq icarə haqqları, ƏDV xaric 250 AZN baxım xərcləri üzrə və ƏDV xaric 252.60 AZN kommunal ödənişlər üzrə, ümumilikdə ƏDV xaric 18052.60 AZN borcu yaranmışdır. Qeyd edək ki, hazırki tarixə olan ümumi borc məbləği ƏDV daxil 21,302.07AZN təşkil edir. Cavabdeh MMC-nin ödənişdən yayınması nəticəsində iddiaçı əlavə maliyyə çətinlikləri ilə üzləşmiş, digər tərəfdaşları qarşısında öhdəliklərinin icrasında problem yaşamışdır. Bu səbəbdən, borcun yalnız məhkəmə qaydasında tutulması zəruridir. Nəticə etibarilə, Cavabdeh MMC-nin ödənilməmiş borcu tam şəkildə İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Müqavilənin 8.1-ci bəndinə əsasən, tərəflər müqaviləyə xitam vermək niyyətində olduqda ən azı 2 ay əvvəlcədən qarşı tərəfə rəsmi xəbərdarlıq təqdim etməlidirlər. Lakin Cavabdeh MMC heç bir yazılı bildiriş vermədən, birtərəfli qaydada müqaviləni pozaraq icarə obyektini tərk etmişdir. Bu hərəkət müqavilə şərtlərinin birbaşa pozulması ilə yanaşı, iddiaçı tərəfin hüquqlarını da ciddi şəkildə zədələmişdir. Bu səbəbdən İddiaçı MMC-yə əhəmiyyətlimaddiziyan dəymiş, iddiaçının icarə haqqı üzrə gözlənilən gəlirləri təmin olunmamışdır. Nəzərinizə çatdırırıq ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliklər davamlı şəkildə pozulmuş və bu barədə tərəfimizdən dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansı nəticə əldə olunmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixində tərəfimizdən yazılı xəbərdarlıq təqdim olunmuş və son olaraq isə xx.xx.2025-ci il tarixində cavabdehə rəsmi şəkildə pretenziya göndərilmişdir. Bu yazılı müraciətlərlə yanaşı, tərəflər arasında saysız-hesabsız şifahi danışıqlar, xəbərdarlıqlar olmuş, lakin cavabdeh heç bir halda üzərinə düşən məsuliyyəti yerinə yetirməmiş və geri dönüş etməmişdir. Qeyd olunan yazılımüraciətlərin göndərilməsinə dair təsdiqedicisənədlər bu ərizəyə əlavə olunur. Bundan əlavə, vurğulamaq istəyirik ki, icarəyə verilmiş əmlak cavabdehin istifadəsinə xx.xx.2025-ci il tarixində təhvil verilməsinə baxmayaraq, o, icarə haqqının ödənilməsinə və müqavilə üzrə digər öhdəliklərin icrasına məsuliyyətsiz yanaşmış, müqavilə müddəalarına əməletməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1 və 8.2-ci bəndlərinə əsasən, icarəyə verən tərəf subicarəçini yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Bu hüquqdan istifadə edərək, tərəfimizdən xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlıqda cavabdehə öhdəliklərini – xüsusilə də icarə haqqını tam şəkildə ödəməsi barədə sonuncu xəbərdarlığı etmiş, əks təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Lakin cavabdeh bu xəbərdarlığa cavab verməmiş, hər hansı ödəniş etməmiş və öhdəliklərindən məqsədli şəkildə yayınmaqda davam etmişdir. xx.xx.2025-ci il tarixli pretenziyada da cavabdehə yaranmış borcun tam şəkildə ödənilməsi tələb olunmuş və əgər bu tələb yerinə yetirilməzsə, müqaviləyə xitam verilməsi və borc tələbi ilə bağlıməhkəməyə müraciət ediləcəyi qətişəkildə bildirilmişdir. Tərəflərin iradəsini əks etdirən razılaşmaya uyğun olaraq, 12 sentyabr 2025-ci il tarixində notarial qaydada mövcud müqaviləyə qarşılıqlı şəkildə xitam verilmişdir.(Xitam müqaviləsinin surəti ərizəyə əlavə olunur). Nəticədə müqavilə münasibətləri həmin tarixdən etibarən dayandırılmışdır. Hazırda qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilsə də, borc məbləği ödənilməmiş qalmışdır. Yekun olaraq bildiririk ki, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini davamlı və qərəzli şəkildə icra etməkdən boyun qaçırır, tərəfimizdən edilən xəbərdarlıq və tələblərə məhəl qoymur. Bütün bu hallar şirkətimizin fəaliyyəti üçün ciddi maddi zərər yaratdığından və müqavilə pozuntusunun davam etməsi nəticəsində digər hüquqi imkanlarımız da məhdudlaşdığından, yaranmış borcun ödənilməsi ilə bağlıməhkəməyə müraciət etməyə məcbur olmuşuq.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 13022025 №-li icarə müqaviləsi üzrə ödənilməmiş - ƏDV daxil 20,709.00 AZN icarə ödənişi, ƏDV daxil 295 AZN xidmət haqqı, ƏDV daxil 298.06 AZN kommunal ödənişi, 1294.81 manat dəbbə pulunun, ümumilikdə ƏDV daxil 22.596,87 manat məbləğin və 158 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Əhmədova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Bununla yanaşı, iddiaçı həmin ay üçün nəzərdə tutulmuş ödənişlərin tam şəkildə ödənilməsini tələb edir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın subicarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 46D ünvanında yerləşən sahəni subicarəçiyə icarəyə verməyi, subicarəçi isə icarə, xidmət və digər haqları müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.1.1-ci bəndinə əsasən icarə haqqı ƏDV xaric 5670 manat təşkil edir, xx.xx.2025-ci il tarixdən hesablanacaqdır.
10. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bu müqavilə üzrə aylıq icarə haqqı xx.xx.2025-ci il tarixdən 6210 manat + ƏDV hesablanacaqdır.
11. Müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə verənə hər ay 50 manat xidmət haqqı ödəniləcəkdir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə borcu icarəçi ödəyəcəkdir.
13. Müqavilənin 7.2-ci bəndinə əsasən subicarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış İcarə Haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, İcarəyə Verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0.1% (sıfır tam onda bir faiz) məbləğində Subicarəçiyə dəbbə pulu tətbiq etmək hüququna malikdir.
14. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair müqaviləyə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən subicarə müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş hesab edilməlidir.
15. Müqavilənin 3-cü bəndinə əsasən icarəçi həmin tarixə qədər olan bütün öhdəliklərin həyata keçirilməsini təmin etməlidir.
16. İddiaçı tərəfindən cavabdehə aylıq xidmətlə bağlı xx.xx.2025-ci il tarixdə 59 manat, icarə ilə bağlı xx.xx.2025-ci ildə 6690,60 manat, əmlakın elektrik xərci ilə bağlı 298,06 manat, xx.xx.2025-ci ildə baxım xidməti ilə bağlı 59 manat, xx.xx.2025-ci ildə icarə haqqı ilə bağlı 6690,60 manat, xx.xx.2025-ci ildə baxım xidməti ilə bağlı 59 manat, xx.xx.2025-ci ildə baxım xidməti ilə bağlı 59 manat, xx.xx.2025-ci ildə icarə haqqı ilə bağlı 7327,80 manat, xx.xx.2025-ci ildə baxım xidməti ilə bağlı 59 manat dəyərində elektron qaimələr təqdim edilmişdir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Məhkəmə iddia tələbini icarə haqqının tutulması hissəsində qismən əsaslı hesab edir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın icarə müqaviləsi bağlanmış, iddiaçının istifadəsində olan əmlak həmin tarixdə cavabdehin sahiblik və istifadəsinə verilmiş, müqavilə hər iki tərəfin qarşılıqlı razılığı əsasında xx.xx.2025-ci il tarixdə xitam edilmişdir.
23. Məhkəmə hesab edir ki, iddiaçı hazırda müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixə qədər olan icarə haqqı borcunu (16312,32 manat) hazırda cavabdehdən tələb etməklə haqlıdır.
24. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ƏDV-siz iyul ayı üzrə 5670 manat, avqust ayı üzrə 5670 manat, 12 sentyabra qədər isə 2484 manat (6210 manat / 30 gün * 12 gün) icarə haqqı ödənilməmişdir.
25. Məhkəmə sentyabr ayı üzrə tam icarə haqqının cavabdehdən tutulmalı olması barədə iddiaçının dəlilini əsassız hesab edir.
26. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2025-ci il tarixdə xitam edilmiş, müqavilənin özündə həmin tarixə qədər yaranmış borcların ödənilməli olması tərəflər arasında razılaşdırılmışdır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə haqqının tələb edilməsi hissəsində iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixə qədər olan 16312,32 manat icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə iddianı, ikinci 295 manat xidmət haqqının tutulması hissəsində də qismən əsaslı hesab edir.
29. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsinin 3.1.5-ci bəndi ilə razılaşdırılmış aylıq 50 manat xidmət haqqı ödənilməli olduğu halda, 2025-ci ilin may ayından müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixə qədər 220 manat (50 manat * 4 ay + 50 manat / 30 gün * 12 gün) (ƏDV daxil olmadan) xidmət haqqı borcu ödənilməmiş qalmışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə iddianı üçüncü, 298,06 manat kommunal borca görə vəsaitin tutulması hissəsində də əsaslı hesab edir.
32. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2025-ci ilin avqust ayında istifadə edilmiş elektrik enerjisi ilə bağlı yaranmış borc müqavilə tələblərinə əsasən ödənilməmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə iddianı sonuncu, 1294,81 manat dəbbə pulunun tələb edilməsi hissəsində isə qismən əsaslı hesab edir.
35. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış 1294,81 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 800 manat məbləğində müəyyən edilməlidir.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16312,32 manat icarə haqqı, 259,60 manat xidmət haqqı, 800 manat dəbbə pulu, 298,06 manat kommunal xərc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 140,61 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,39 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16312,32 manat icarə haqqı, 259,60 manat xidmət haqqı, 298,06 manat kommunal borc, 800 manat dəbbə pulu, 140,61 manat dövlət rüsumu, ümumilikdə 17810,59 (on yeddi min səkkiz yüz on manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 17,39 (on yeddi manat otuz doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova