Məhkəmə qərarları › İş №e-2-2(113)-76/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-76/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-76/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 97.425,66 manat məbləğində əsas, 12.207,84 manat məbləğində faiz borcu, cəmi 109.633,50 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.09.2018-ci il tarixli, 002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 16% hesablanmaqla 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh arasında 12.09.2018-ci il tarixli, 002 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh 01.10.2020-ci il tarixinə 97.425,66 manat əsas, 12.207,84 manat faiz borcu, cəmi 109.633,50 manat kredit borcu mövcuddur. Cavabdeh kreditin qaytarılması haqqında tərəflərindən xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizəni təqdim edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 97.425,66 manat məbləğində əsas, 18.885,35 manat məbləğində faiz borcu, 1.450,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 117.761,98 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat məbləğində bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 0.65 manat məbləğində bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat xidmət haqqının və 0,71 manat bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz borcu, 1.366,67 manat müqavilə müddəti bitdikdən sonra 5 illik faiz hesablanmış borc olmaqla, cəmi 126.591,28 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat məbləğində bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 0.65 manat məbləğində bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 0,71 manat məbləğində bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.09.2019) boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili hesablanan faiz məbləği ilə razı olmadıqlarını, bankın təqdim etdiyi ödənişı cədvəllər arasında müəyyən ziddiyyətlər olduğunu, cavabdehə 2.000-3.000 manat məbləğində tutulmalar ilə kredit verildiyini, cavabdehin bildirdiyinə görə hər dəfə ona növbəti kredit məbləği verilərkən əvvəlki kredit məbləğinin aylıq ödənişinin tutulduğunu, cədvəllərdə bu tutulmaların qeyd olunmadığını, komissiya məbləği hər dəfə fərqli məbləğdə və bu qədər çox ola bilmədiyini, ekspertin rəyində bu çıxılmaların nəzərə alınmadığını bildirərək, məhkəmədən yekun məhkəmə aktı zamanı qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkilinin qeyd etdikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 12.09.2018-ci il tarixli 002 kredit xətti müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətində 100.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində 002 saylı ipoteka predmeti olan əmlak obyektləri çıxış edir. 3.1-cü bəndinə əsasən borc alan kredit xəttindən bu bənddə nəzərdə tutulmuş qaydada bu müqavilə bağlandığı tarixdən 12 ay ərzində istifadə edə bilər. 3.2-ci bəndinə əsasən bu müqavilə bağlandığı tarixdən ilk 12 aylıq dövr ərzində borc alana güzəşt müddəti müəyyən edilir, kredit xəttinin istifadə edilmiş hissəsi üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan başlamaqla hər ayın borcun yarandığı gün borc alan tərəfindən borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla kredit xətti üzrə istifadə edilmiş hər bir kreditə görə əsas və faiz borcunun qaytarılması bu müqavilənin tərkib hissəsi olan və hər bir kredit üzrə ayrıca tərtib edilən ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir. 3.4-cü bəndinə əsasən faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir. 3.8-ci bəndinə əsasən kredit xəttindən isifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında iliik faiz dərəcəsi ilə penya ödəyir. Müqavilə borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı (ipoteka saxlayan), Cavabdeh (ipoteka qoyan-borc alan) arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqavilələrinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka ilə yüklü edilməsi təşkil edir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka qoyanla ipoteka saxlayan arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli, 002 saylı bərpa olunmayan kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak ipoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, ipoteka saxlayana dəymiş zərər və bu müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir. 1.3-cü bəndinə əsasən ipotekanın predmeti, AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li. **********87 reyestr №-li, 03.05.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh (ipoteka qoyanın) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsidir. 1.6-cı bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin 252920 saylı rəyinə əsasən ipotekanın predmetinin bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir. 5.1-ci bəndinə əsasən qanunvericiliklə, kredit xətti müqaviləsi və/və ya bu müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun yönəldilir. 5.2-ci bəndinə əsasən ipoteka saxlayanın məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəltmək hüququ vardır. 8.1-ci bəndinə əsasən bu müqavilə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə qalır. Müqavilə ipoteka qoyan-borc alan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli 18.09.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərində Cavabdeh mülkiyyət hüququ "xxxx" ASC qarşısında 36 ay müddətinə 12.09.2018-ci il tarixli 002 redit xətti müqaviləsi üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.09.2018-ci il tarixli 002 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə sazişdən görünür ki, bu sazişin predmetini kredit xəttinin təyinatı və kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası ilə bağlı müqaviləyə əlavə və dəyişikliklərin edilməsini təşkil edir. Həmin sazişin 2.2-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu müqavilə bağlandığı tarixdən ilk 12 aylıq dövr ərzində borc alana güzəşt müddəti müəyyən edilir, kredit xəttinin istifadə edilmiş hissəsi üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan başlamaqla hər ayın borcun yarandığı gün borc alan tərəfindən borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla hər ay minimum 2.000 manat məbləğində (əsas və hesablanmış faiz borcu) olmaqla 12 ay müddətinə, qalan 12 ay müddətində isə qalıq borc və hesablanmış faiz borcunun ödənişi aylıq annuitet qaydada həyata keçirilir. Bu sazişlə toxunulmayan müqavilənin digər şərtləri dəyişməz olaraq öz qüvvəsini saxlayır. Saziş borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.09.2018-ci il tarixli 002 saylı ipoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə sazişdən görünür ki, bu sazişin predmetini müqavilə üzrə ipoteka ilə təmin edilən kredit xəttinin təyinatının və kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası ilə bağlı müqaviləyə əlavə və dəyişikliklərin edilməsidir. Həmin sazişin 2.2-ci bəndinə əsasən müqavilənin 2.2.6-cı yarımbəndinə aşağıdakı yeni redaksiyada verilmişdir: “kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti üzrə kredit bütünlüklə və ya tranşlarla istifadə oluna bilər. Kredit xətti müqaviləsinin bağlandığı tarixdən ilk 12 aylıq dövr ərzində ipoteka qoyana güzəşt müddəti müəyyən edilir, kredit xəttinin istifadə edilmiş hissəsi üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan başlamaqla hər ayın borcun yarandığı gün ipoteka qoyan tərəfindən ipoteka saxlayana ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla 12 ay müddətinə hər ay minimum 2.000 manat (əsas və hesablanmış faiz borcu), qalan 12 ay müddətində isə 8.246,20 manat təşkil edən annuitet ödəniş hər ayın 20-dək ödənilməlidir. Saziş ipoteka qoyan-borc alan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.09.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərində Cavabdeh mülkiyyət hüququ "xxxx" ASC qarşısında 24 ay müddətinə 12.09.2018-ci il tarixli 002 kredit xətti müqaviləsi və 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə saziş üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir. Bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.08.2020-ci tarixli məktubu ilə təsdiq edilir ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə 19.08.2020-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınması üçün 20 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Cavabdeh ********************m nömrəli bank hesabından çıxarışdan görünür ki, mübahisəli kredit müqaviləsinə əsasən həmin hesabda 20.09.2018-ci il tarixdə 15.000, 01.10.2018-ci il tarixdə 15.000, 09.10.2018-ci il tarixdə 20.000, 01.11.2018-ci il tarixdə 15.000, 03.12.2018-ci il tarixdə 15.000, 07.01.2019-cu il tarixdə 15.00 və 08.02.2019-cu il tarixdə 5000 olmaqla cəmi 100.000 manat məbləğində kredit xətti açılmışdır. 20.09.2018-ci il tarixli FJB**********056 nömrəli, 01.10.2018-ci il tarixli FJB**********597 nömrəli, 10.10.2018-ci il tarixli FJB**********745 nömrəli, 02.11.2018-ci il tarixli FJB**********265 nömrəli, 03.12.2018-ci il tarixli FJB**********301 nömrəli, 07.01.2019-cu il tarixli FJB**********245 nömrəli, 08.02.2019-cu il tarixli FJB**********979 nömrəli məxaric orderlərinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin "xxxx" ASC tərəfindən Cavabdeh cəmi 95.887 manat hissəsini nağdlaşdırmışdır. -"xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin 03.10.2016-cı il tarixə bazar dəyəri 175.000 manat, likvid dəyəri 150.000 manat təşkil edir. Qiymətləndirmə haqqı isə 100 manat təşkil edir. -"xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərindəki tikililərlə bilikdə real bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat təşkil edir. Eskpertiza tədqiqatının dəyəri isə 300 manat təşkil edir. -"xxxx" MMC-nin 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 19.11.2021-ci il tarixinə bazar dəyəri 255.000 manat, likvid dəyəri 244.000 manat təşkil edir. Eskpertiza tədqiqatının dəyəri isə 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 4/1363-9/6916 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 10.10.2018-ci il tarixli FJB**********745 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 02.11.2018-ci il tarixli FJB**********265 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 01.10.2018-ci il tarixli FJB**********597 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 20.09.2018-ci il tarixli FJB**********056 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 08.02.2019-cu il tarixli FJB**********979 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 07.01.2019-cu il tarixli FJB**********245 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, 03.12.2018-ci il tarixli FJB**********301 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza -eyni şəxs- Cavabdeh tərəfindən icra olunmuş və iş materiallarında olan hesabdan çıxarış, 12 sentyabr 2018-ci il tarixli, 002 kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu 02.07.2021-ci il tarixə əsas kredit borcu 97.425,67 manat, faiz borcu 24.767,93 manat; 12.09.2021-ci il tarixə əsas kredit borcu 97.425,67 manat, faiz borcu 27.798,95 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 277 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş 1269 saylı, 23.12.2021-ci il tarixli sonuncu maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 23.12.2021-ci il tarixə Cavabdeh 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz, 1.366,67 manat müqavilə müddəti bitdikdən sonra 5 illik faiz hesablanmış borc olmaqla, cəmi 126.591,28 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı məbləğində borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında 12.09.2018-ci il tarixli 002 kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə 100.000 manat məbləğində kredit xəttinin açılmasını, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kredit xətti açılsa da, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdeh iddiaçıya əsas və faiz borcu yaranmışdır. Mübahisəli kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcunun məbləğinə gəldikdə qeyd edilməlidir ki, göstərilən hal işin mübahisəli halını təşkil etmiş, belə ki, Cavabdeh ilk olaraq müqaviləyə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğinin 20.000 manat hissəsinin ona verilmədiyini iddia etmiş və həmin məbləğin verilməsini təsdiq edən kassa məxaric orderindəki imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Cavabdehin mübahisələndirdiyi göstərilən halın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə kassa məxaric orderlərindəki imzaların cavabdeh tərəfindən icra edilməsi müəyyən edilmişdir. Bundan sonra Cavabdeh kassa məxaric orderlərinə əsasən ona ödənilmiş məbləğin cəmi 95.887 manat təşkil etməsini əsas göstərərək ona mübahisəli kredit xətti müqaviləsinə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğinin tam verilmədiyini bildirmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC-də cavabdehin adına açılmış bank hesabından çıxarışdan da göründüyü kimi həmin hesabda 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğin bir hissəsi cavabdeh tərəfindən nağdlaşdırılmış (95.887 manat), bir hissəsi kredit üzrə ödənişlər kimi hesabdan silinmiş, qalan hissəsi isə bank tərəfindən aparılmış əməliyyatlar ilə bağlı tutulmalı olan ödənişlərə (kassa əməliyyatları üzrə haqq, komissiya, nağd əməliyyatları üzrə sadələşdirilmiş vergi və s.) yönəldilmişdir. Odur ki, cavabdehin ona verilmiş kredit məbləğinin 100.000 manat məbləğindən az olması barədə dəlillərin əsassız olması açıq-aşkardır. Üçüncüsü, Cavabdeh ona bank tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğini də mübahisələndirmiş və əsas kimi kreditin müxtəlif vaxtlarda hissələrlə ayrıldığı halda kredit məbləğinə hesablanmış faizlərin müqavilənin bağlandığı tarixdən bütöv məbləğə hesablanması, eləcə də ayrılmış kredit məbləğlərinin bir hissəsinin əvvəlki kredit məbləğləri üzrə əsas və faiz borcların ödənilməsinə silinməsi və lakin ümumi borc hesablanarkən həmin məbləğlərin ödəniş kimi nəzərə alınmamasına istinad etmişdir. Cavabdehin yuxarıda göstərilən dəlilləri nəzərə alınaraq məhkəmə tərəfindən mübahisəli kredit xətti müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müqavilə müddətinin bitdiyi tarixə, yəni 12.09.2021-ci il tarixə cavabdehin mübahisəli müqavilə üzrə əsas borcunun 97.425,66 manat, faiz borcunun 27.798,95 manat olması müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmamış və əsas kimi mübahisəli müqaviləyə əsasən yeni kredit məbləğləri ayrılarkən əvvəlki kredit məbləğləri üzrə ödəniş kimi bank hesabından silinmiş məbləğlərin ekspert tərəfindən nəzərə alınmamasına istinad etmişdir. Halbuki iş materiallarında olan bank hesabından çıxarışdan da göründüyü kimi ayrılmış kredit məbləğlərindən əvvəlki borclara görə kredit ödənişi olaraq 20.12.2018-ci il tarixdə 893,33; 22.01.2019-cu il tarixdə 371,11; 27.02.2019-cu il tarixdə 1209 manat məbləğində pul vəsaitləri silinmişdir ki, həmin məbləğlər isə ekspertiza rəyində əks olunmuş hesablama cədvəlində ödənişlər kimi göstərilmiş və ekspert tərəfindən borc məbləği hesablanarkən nəzərə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin iş üzrə alınmış məhkəməmühasibatlıq ekspetizasının rəyində müəyyən edilmiş kredit xətti müqaviləsi üzrə əsas və faiz borcu məbləği ilə razılaşmaması üçün əsas mövcud deyil və iddiaçıdan tutulacaq əsas və faiz borcunun məbləği ekspert rəyinə əsasən müəyyən edilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 12.09.2018-ci il tarixli 002 kredit xətti müqaviləsi üzrə "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını, iddiaçı "xxxx" ASC-nin isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 97.425,66 manat əsas, 27.798,95 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1.366,67 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddiaçı "xxxx" ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, "xxxx" ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 12.09.2018-ci il tarixli 002 kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan-borc alan) arasında 12 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımi icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş, nəticədə “İpoteka haqqında” AR Qanununun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutulmalıdır. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı iki qiymətləndirici şirkətin rəyi alınmışdır. -"xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat olması müəyyən edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin 19.11.2021-ci il tarixə hazırkı bazar qiyməti 255.000 manat, likvid qiyməti 244.000 manat olması müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də - "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin 03.10.2016-cı il tarixə bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması gedişində alınmış qiymətləndirici şirkətlərin rəyləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC ekspertiza (qiymətləndirmə) tədqiqatını apararkən ipoteka predmeti olan topraq sahəsini üzərində yerləşən tikililərlə birlikdə, "xxxx" MMC ekspertiza (qiymətləndirmə) isə məhkəmənin qərardadına əsasən ipoteka predmeti olan topraq sahəsini üzərində yerləşən tikililər nəzərə alınmadan qiymətləndirmişdir. İpoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı isə qeyd edilməlidir ki, həmin rəyin verilməsindən 3 ildən artıq müddət keçmişdir. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq yalnız torpaq sahəsinin (üzərində olan tikililərlə birlikdə deyil) göstərildiyini nəzərə alaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş mənzilin likvid dəyərinin (244.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 244.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra boşaldılması, eləcə də Cavabdeh həmin əmlakdan istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsinin qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur. Məsələyə əmlakı açıq hərracda əldə edəcək şəxsin hüquqlarının müdafiəsi baxımından yanaşsaq isə qeyd edilməlidir ki, belə bir məhkəmə qərarın qəbul edilməsi zərurətinin mövcud olması ehtimal edilsə belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ mövcud deyildir. İddianın Cavabdeh ipoteka predmeti olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, istifadə hüququna xitam verilməsi tələbinə dair iddianın qaldırılmasına o halda hüquqi maraq və zərurət ola bilər ki, həmin hüquq müstəqil əşya hüquq kimi mövcud olsun. Cavabdeh ipoteka predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ isə onun mülkiyyət hüququndan irəli gələn və həmin hüququn tərkib hissəsi olan bir hüquqdur. Belə olan halda isə aydındır ki, torpaq sahəsi açıq hərracda satılaraq Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilərsə, mülkiyyət hüququn tərkib hissəsi olan istifadə hüququna da xitam veriləcəkdir. Odur ki, hazırkı halda cavabdehin ipoteka predmeti olan əmlakdan istifadə hüququna xitam verilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi ipoteka predmetini əldə edəcək şəxsin hüquqlarının müdafiə edilməsi nöqte nəzərdən də zəruri və ağlabatan hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın boşaldılması tələbinə dair hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qiymətləndirilən hissədə 100% təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************), iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qiymətləndirici rəylərinin alınmasına görə Cavabdeh 200 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə və 300 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 97.425,66 manat (doxsan yeddi min dörd yüz iyirmi altı manat, altmış altı qəpik) məbləğində əsas, 27.798,95 manat (iyirmi yeddi min yeddi yüz doxsan səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1366,67 manat (bir min üç yüz altmış altı manat, altmış yeddi qəpik) məbləğində faiz borcu, cəmi 126.591,28 manat (bir yüz iyirmi altı min beş yüz doxsan bir manat iyirmi səkkiz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat (otuz bir manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 244.000 manat (iki yüz qırx dörd min) məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutulsun. Qiymətləndirici rəylərinin alınmasına görə Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə və 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar