Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7601/2025 26.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə 6904.77 manat əsas borc, 404.54 manat faiz borcu və 3.69 manat cərimə borcu olmaqla ümumilikdə 7313 manat borcun və 93.13 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 11 iyun 2024-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 22 faizlə 20 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ,X1 ilə 11 iyun 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 12 may 2025-dək Cavabdeh4 banka 11 iyun 2024cü il tarixli kredit müqaviləsi üzrə 6904.77 manat əsas borc, 404.54 manat faiz borcu və 7.37 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7316.68 manat borcu vardır. Cavabdeh4 11 iyun 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 7.37 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %ımiqdarında olmaqla, yəni 3.685 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
İİ. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20-MCR-1-677- 23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,5 % olmaqla 30000 manat məbləğində kredit limiti ayrılmışdır.
5. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677- 23/2 saylı Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 22 faiz olmaqla 20 ay müddətində 10000 manat məbləğində kredit götürmüşdür.
6. xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsinə 1 saylı əlavəsində müqavilə üzrə ödənişlər, onların tarixi, əsas və faiz məbləğləri öz əksini tapmışdır.
7. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixli Z/21656/23 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdehlər xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.
8. Cavabdeh4 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 10000 manat kredit məbləği sonuncunun hesabına köçürülmüşdür.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6904.77 manat əsas borc, 404.54 manat faiz borcu və 7,37 manat cərimə borcu olmaqla ümumilikdə borcu 7316.68 manat təşkil edir.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6429,58 manat əsas borc, 784,85 manat faiz borcu və 56,14 manat cərimə borcu olmaqla ümumilikdə borcu 7270,57 manat təşkil edir.
11. Cavabdeh4 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, 20- MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir.
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
19. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR- 1-677-23/2 saylı kredit müqaviləsindən, xx.xx.2024-cü il tarixli Z/21656/23 saylı zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
23. İddiaçı iddia ərizəsində 6904,77 manat məbləğində əsas borc, 404,54 manat məbləğində faiz borcunun tutulması xahiş etsə də, iddiaçı tərəfindən verilmiş sonuncu maliyyə arayışından və təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 6429,58 manat, faiz borcu 784,85 manat təşkil edir.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixli, 20- MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə 6492,58 manat məbləğində əsas bоrc tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi həcmində müəyyən edilməlidir.
26. Bu səbəbdən cavabdehlərdən iddia tələbinə uyğun olaraq 404,54 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20- MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə 3,69 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2024-cü il tarixli, 20-MCR-1-677-23/2 saylı kredit müqaviləsi üzrə 6429,58 manat əsas borc, 404,54 manat faiz borcu və 3,69 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 88,38 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 4,75 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
III. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə (müştərək) qaydada 6429,58 manat əsas borc, 404,54 manat faiz borcu, 3,69 manat cərimə, 88,38 manat dövlət rüsumu, ümumilikdə 6926,19 (altı min doqquz yüz iyirmi altı manat on doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,75 (dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova