Məhkəmə qərarları › İş №e-2-2(113)-7610/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7610/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7610/2025 27.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə Cavabdeh1 (bundan sonra - borc alan) arasında xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair Bank xidmətinin göstərilməsi üzrə standart şərtlərə əlavə 4 nömrəli Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən borc alana 120 ay müddətinə aylıq faiz dərəcəsi 2.50 % olmaqla (cərimə faizi 0,20 % olmaqla) 20000 manat kredit limitinin ayrılması müəyyən edilmişdir. Razılaşmanın 3-cü bəndinə görə Borc alan Razlaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razılaşdığını və Razlaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə mail edilməsinə etiraz etmədiyini bəyan etmişdir.

2. Həmçinin, iddiaçı ilə borc alan arasında kredit verilməsinə dair xx.xx.2024-cü il tarixli, 28-MCR-1-624-23/2 saylı müqavilə imzalanmış, həmin müqavilə ilə iddiaçı tərəfindən borc alana dövriyyə vəsaitlərinin artırılması məqsədilə 18 ay müddətinə aylıq 1,67% dərəcəsi ilə, 20000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 4.4-cü bəndinə əsasən razılaşma xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək kreditin aylıq ödənişi 1295,26 manat (ilk ay 1317,49 manat olmaqla) müəyyən edilmişdir.

3. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məxaric orderinə əsasən 15000 manat, xx.xx.2024-cü il tarixli kassa məxaric orderinə əsasən 4694 manat, xx.xx.2024-cü il tarixli kassa məxaric orderinə əsasən 921 manat məbləğində kredit vəsaiti borc alana verilmişdir.

4. Eyni zamanda, iddiaçı ilə borc alan arasında xx.xx.2023-cü il tarixli bank hesabının açılmasına dair Razılaşma (Əlavə №2) imzalanmışdır.

5. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/12436/23 saylı, Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, Z/01449/24 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zaminlər, xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit müqaviləsi üzrə borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyırlar (zamanlik müqaviləsinin 1.1 və 4.2-ci bəndi).

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7821.03 manat əsas borc, 523.62 manat faiz borcu və 25.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8370.64 manat borcun və 103.71 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən borc alana iddiaçı tərəfindən 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə və xx.xx.2024-cü il tarixdə Cavabdeh3ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən borc alan iddiaçıdan illik 20% olmaqla 18 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin iyunun 3-dək borc alanın banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7821.03 manat əsas borc, 523.62 manat faiz borcu və 51.98 manat cərimə borcu, ümumilikdə cəmi 8396.63 AZN borcu vardır. Borc alanın xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 51.98 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 25.99 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır

b) İddiaya qarşı etirazın dəlilləri

8. Cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdehlər etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

16. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

18. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır(xx.xx.2023-cü il tarixədək olan redaksiya).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

26. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, 28-MCR-1-624-23/2 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini tələb edir.

28. 03.06.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2024-cü il tarixli, 28-MCR-1-624-23/2 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas və faiz borc üzrə sonuncu ödəniş xx.xx.2025-ci il olmaqla, 715,28 manat əsas, 154,66 manat faiz borcuna görə olmuş, bundan sonra borc alanın əsas borc üzrə qalıq məbləği 7821,03 manat, faiz borcu üzrə qalıq məbləği 523,62 manat, cərimə borcu üzrə qalıq məbləğ 51,98 manat olmaqla, cəmi borcu 8396,63 manat müəyyən edilmiş, kreditin bitmə tarixi xx.xx.2025-ci il göstərilmişdir.

29. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

30. Tələbin 25,99 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.

31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

32. Bundan başqa, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/12436/23 saylı, Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, Z/01449/24 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər.

33. Məhkəmə zaminlərin xx.xx.2023-cü il tarixli, 28-MCR-1-624-23 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

34. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 103,71 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7821,03 manat əsas borc, 523,62 manat faiz borcu və 25,99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8370,64 (səkkiz min üç yüz yetmiş manat altmış dörd qəpik) manat məbləğində pul və 103,71 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar