Məhkəmə qərarları › İş №e-2-2(113)-7615/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7615/2025

12.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7615/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, subyektiv hüquq, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 2020-ci il tarixli 971 №-li qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27 463.30 manat məbləğində metal borulara görə yaranmış 27 463.30 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınaraq qanunla qadağan olunmamış fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərindən biri dəmir boru və profillərin istehsalı və satışından ibarətdir. Cavabdeh3 şirkətə müraciət edərək, sonradan məlum olduğu kimi Kürdəmir rayonunda doğma qardaşı Ayazın inşa etdiyi istixanaya dəmir boruların lazım olduğunu bildirdi. Cavabdehlər əvvəl özlərini fərdi şəxs kimi təqdim etdikləri üçün aralarında olan şifahi razılaşmaya (alqı-satqı müqaviləsi) əsasən 17 sentyabr 2020-ci il tarixdə İddiaçı MMC şirkətinə məxsus boru-profil istehsal edən müəssisədən 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27 463.30 manat məbləğində metal borular 971 №-li qaiməyə əsasən **-JC-*** nömrəli dövlət nişanı yük maşını ilə Kürdəmir rayonuna cavabehlərə məxsus istixanaya göndərildi. Şifahi razılaşmaya görə göndərilən malın dəyəri çatdırılmadan sonra ödənilməli idi. Cavabdehlər malı alandan sonra bildirdilər ki, yaranmış çətinliklərə görə malın dəyərini hal-hazırda ödəyə bilmirlər və gözləməyi xahiş etdilər. Mütəmadi olaraq onlarla danışıqlar aparıldı. Lakin danışıqlar 2025-ci ilədək davam etsə və malın dəyərinin ödənilməsinə vədlər verilsə də, bunun üçün cavabdehlər tərəfindən heç bir tədbir görülmədi. Aparılan söhbətlər zamanı Cavabdeh1 bildirdi ki, aldığı malın dəyərini ödəmək niyyəti yoxdur. Onda artıq hüquqlarının pozulmasını anladılar və cavabdehlərlə hansısa bir razılığa gəlmək üçün yazışmalara başladılar. Söhbətlərin və yazışmaların nəticəsi olaraq cavabdehlər qarşılıqlı razılaşmaya dair akt tərtib etdilər və məlum oldu ki, tərəf kimi bu razılaşmada həm də Kürdəmir rayon Yaşıllaşdırma İdarəsi iştirak edir. Belə ki, həmin aktda Cavabdeh3 Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖEN-ni göstərərək özünü həmin idarənin təmsilçisi kimi təqdim etmişdir. Cavabdehlər tərəfindən çıxış edən Cavabdeh3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərildi ki, onlar borcun olmasını etiraf edirlər, lakin bir hissəsinin, yəni 10 000.00 manatın ödənilməsi ilə razı olsalarda, digər 17 463.00 manatın onlara dəymiş ziyan kimi qiymətləndirirlər və ödəməkdən imtina edirlər. Ziyanın nədən yaranmasını onlarla araşdırmaq istəsələrdə, bu barədə heç bir izahat ala bilmədilər. Həmin akt Cavabdeh3 tərəfindən tərtib olundu, aktda yazılanlarla razılaşmasalar da cavabdeh buna məhəl qoymadı, aktda müvafiq düzəliş etmədi və aktı imzalayıb onlara göndərdi. Lakin ziyanın nədən yaranması barədə hər hansı bir məlumatın olmaması ilə əlaqədar göstərilən məbləğlə razılaşmadıqları üçün aktda əlyazma ilə müvafiq qeydlər apararaq borcun ödənilməsi üçün xx.xx.2025-ci il tarixədək vaxt təyin etdilər. Bundan sonra, aktı imzaladılar və cavabdehlərə göndərdilər. Həmçinin cavabdehlərə “Azərpoçt” vasitəsi ilə göndərilən xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla aktda göstərilənlərlə razı olmadıqlarını bildirdilər. Buna görə pozulmuş hüquqularının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib 27 463.30 manat borcun, iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilin xidmət haqqının ödənilməsini tələb etmək məcburiyyətindədirlər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 448.2, 567, 597.1, 600.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin elektron qaydada məhkəməyə izahat xarakterli ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə cavabdehlər Kamran və Cavabdeh1ların Kürdəmir rayonundakı istixanası üçün 27 463.30 manat dəyərində metal borular satıb və təhvil verib. Şifahi razılaşmaya görə ödəniş sonradan edilməli idi, lakin cavabdehlər ödənişi uzun müddət həyata keçirməyib və sonda borcu ödəmək niyyətlərinin olmadığını bildirib. xx.xx.2025-ci il tarixli aktda borcun mövcudluğu qismən etiraf edilsə də, məbləğin bir hissəsinin “ziyan” adı ilə ödənilməsindən imtina olunub, lakin ziyanın nədən ibarət olmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmayıb. İddiaçı MMC hüquqlarının pozulduğunu bildiyi andan, borcun tam məbləğdə, eləcə də dövlət rüsumu və vəkil haqqı ilə birlikdə məhkəmə qaydasında tutulmasını tələb edir. Cavabdehin guya iddia müddətinin keçdiyini əsas gətirərək iddianın rədd edilməsi tələbi ilə də razı deyil. Hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-373 maddələrinin tələblərinə uyğun olaraq verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki iclasda Cavabdeh3 nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh3la İddiaçı MMC arasında 17 sentyabr 2023-cü ildə müqavilə şifahi formada bağlanılmışdır. Belə ki, iddiaçıya məxsus metal borular 971 nömrəli qaiməyə əsasən yük maşını ilə Kürdəmir rayonuna cavabehlərə məxsus istixanaya göndərilmişdir. Artıq yazılı müqavilə bağlamağa ehtiyac qalmamışdır. Öhdəliyin icrası ilə bağlı qarşı tərəflə mütəmadi olaraq danışıqlar aparılmışdır. Danışıqların nəticəsi olaraq xx.xx.2025-ci ildə akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra məlum olmuşdur ki, iddiaçı tərəfin hüquqları pozulmuşdur. xx.xx.2023-cü il tarixə kimi aparılan danışıqlarla bağlı heç bir sübut yoxdur. Tərəflər özü bu halı təsdiq edə bilərlər. Cavabdeh1 sualına cavab olaraq bildirmişdir ki, sonuncunun qardaşı Cavabdeh3la 2023-cü ilə kimi danışıqların olması barədə iş materiallarında hazırda sübut yoxdur. Zənglərin edilməsi ilə bağlı çıxarış zərurət olduğu təqdirdə məhkəməyə təqdim edilə bilər. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında olan danışıqlara əsasən mallar çatdıqdan sonra pul ödənilməli idi. Cavabdeh1 müqavilə tərəfi olmamışdır. Sadəcə müqavilə bağlanılan zaman Cavabdeh1 da şəxsən qardaşının yanında iştirak etmişdir. Cavabdeh3 malları almış və aktı imzalamışdır. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin cavabdeh qismində iştirak etməsi onun VÖEN-ünün olması ilə əlaqədardır. Cavabdeh tərəfindən tərtib edilmiş aktda Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖEN-ü qeyd edilmişdir. İlkin məlumatlara əsasən Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsi cavabdeh qismində qoymuşlar. Hazırda da əgər cavabdeh Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi işlə əlaqəsi olmadığını bildirirsə, onun cavabdehlər qismində çıxış etməsi məsələsinə məhkəmə prosesi gedişatında baxılıb məhkəmə tərəfindən bu hala qiymət verilər. 30000 manat verilmiş mal üzrə ödənişin edilməsi barədə məlumatı yoxdur, hazırkı məhkəmə prosesində məlumatı olmuşdur. xx.xx.2020-ci il tarixdən tərəfə heç bir mal verilməmiş və heç bir ödəniş edilməmişdir. Verilmiş boruların keyfiyyətsiz olması barədə qarşı tərəf heç bir pretenziya məktubu ilə iddiaçıya müraciət etməmişdir. 27000 manat məbləğin ödənilməsi müddəti isə ağlabatan müddət olmuşdur. 57000 manat məbləğində mallar tərəfə verilmiş və 30000 manat məbləğ ödənilmiş, lakin 27000 manat məbləğlə bağlı borcun ödənilməsini 2023-cü ilin yanvar ayına kimi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddia tələbinin istinad edildiyi qaimə fakturanın özü də əsassızdır. Qaiməfakturanın kim tərəfindən təhvil alınıb, kimə təhvil verilməsi halları qeyd edilməmişdir. İstənilən şəxs bu formada qaimə tərtib edə bilər. İş üzrə əsas sübut qismində qiymətləndirilməli olan elektron qaimə yoxdur. Belə ki, iddiaçı tərəf Cavabdeh1 Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri olduğunu bildiyi üçün əsassız olan borc məbləğinin ödənilməsi üçün ona müxtəlif təzyiqlər göstərməyə başlamışdır. İşlə əlaqəsi olmayan tərəfə belə təzyiqlərin edilməsi bir növ şantaj xarakterli idi. Cavabdeh1 işgüzar nüfuzuna xələl gəlməməsi üçün, üzləşmə aktına 10000 manat məbləğin ödənilməsi üzrə qardaşından qol çəkməsini xahiş etmişdir. Həmin aktın özü də etibarsızdır. Təqdim edilmiş üzləşmə aktını tərəflər heç biri qəbul etmir. Verilmiş iddia həm əsassızdır, həm də iddia müddətini ötürmüşlər. 2023-cü ildə heç bir zaman tərəfə bu barədə məlumat verilməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdir. Hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə belə bir qaimə olmamış və ona 971 qaimə üzrə 27463,30 manat dəyərində boru göndərilməmişdir. Həmin qaimənin yalnız İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanması və təhvil almanın, yəni iş üzrə cavabdeh tərəfin həmin qaimədə heç bir qeydinin və ya imzasının olmaması buna sübutdur. Digər Cavabdeh1 verdiyi izahatında Cavabdeh3 İddiaçı MMC-dən 57000 manat dəyərində boru aldığını, həmin məbləğin 30000 manat hissəsinin bankdan kredit götürülərək ödənildiyini qeyd etmişdir. Alınan 57000 manatlıq boruların bir hissəsi keyfiyyətsiz olmuş, həmin boruların keyfiyyətsiz olması onun qardaşına məhsul yetişdirdikdən sonra istixananı fəaliyyətə salması zamanı bəlli olmuşdur. Sonradan iddiaçının nümayəndəsi tərəfindən istixanaya baxış keçirilmiş və Cavabdeh3 məxsus olan istixanada yetişdirilən məhsulun onların verdiyi keyfiyyətsiz boruların partlaması səbəbi ilə məhv olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də İddiaçı MMC tərəfindən pulun qalan hissəsi ziyan əvəzinə hesablanmışdır. Bu mübahisə 2020-ci ilin dekabr ayında öz həllini tapmış və iddiaçının nümayəndəsi ilə Cavabdeh3 öz aralarında razılaşmışdır. Aradan 4-5 il müddət keçdikdən sonra isə iddiaçı tərəf Cavabdeh1 Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri olduğunu bilmiş və əsassız olaraq özləri tərəfindən qanunsuz şəkildə tərtib edilmiş 17 sentyabr 2020-ci il tarixli 971 nömrəli qaimə üzrə olan 27463,30 manat məbləğin ödənilməsini tələb edərək ona müxtəlif təzyiqlər göstərməyə başlamışdır. Cavabdeh1 işgüzar nüfuzuna xələl gəlməməsi və işini itirməməsi üçün Cavabdeh1 hüquqlarını müdafiə etdiyi şəxsə 10000 manat pulun əmək haqqısı hesabına ödəyəcəyini bildirmiş və üzləşmə aktına həmin məbləğin ödənilməsi üzrə qol çəkməsini xahiş etmişdir. Lakin, həmin aktda iddiaçının nümayəndəsi Vidadi Əliyevin imzası ilə qeyd yazılmış və aktla razılaşmadıqları bildirilmişdir. xx.xx.2025-ci il tarixli məktubla isə İddiaçı MMC xx.xx.2025-ci il tarixli aktı hüquqi sənəd kimi tanımadığını bəyan etmişdir. İş üzrə digər Cavabdeh1 verdiyi izahatdan və təqdim etdiyi sənədlərdən də göründüyü kimi iddiaçıya onun tərəfindən dəfələrlə məhkəməyə müraciət etməsi bildirilsə də, iddiaçı tərəf müxtəlif qanunsuz yollarla iddia etdikləri məbləği əldə etmək, qanunsuz olaraq varlanmaq yolunu seçmişdir. Eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə iddiaçıdan 17 sentyabr 2020-ci il tarixli 971 nömrəli qaimə üzrə 27463,30 manat dəyərində mal alınmamışdır. Lakin Cavabdeh1 bildirdiyi 57000 manat dəyərində olan razılaşmadan qalan dəymiş ziyan üzrə silinmiş 27000 manat qalığın iddiaçı tərəfindən istənilməsi həm əsassız, həm də qanunvericiliyin tələblərinə ziddir. Çünki 17 sentyabr 2020-ci il tarixli qaimə üzrə icra müddəti 17 sentyabr 2023-cü ildə bitmişdir. İddiaçının nümayəndəsi sözügedən qanunsuz qaimə üzrə yaranmış öhdəliyin 2022-ci ilə qədər ödənilməsi barədə tərəflər arasında razılaşma olduğunu bildirməsi də iddia müddətinin tətbiq edilməməsi üçün qeyd edilən müdafiə üsuludur və bu da əsasızdır. Çünki, nümayəndənin bildirdiyi ağlabatan müddətin 2 il olaraq qeyd edilməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh3 bildirdiyinə görə və iş materiallarında olan sənədlərdə də öz təsdiqini tapan boruların keyfiyyətsiz olmasıdır. Bu boruların keyfiyyətsiz olması isə 2020-ci ilin oktyabr-noyabr aylarında iddiaçıya bildirilmişdir. 2020-ci ilin dekabr ayında iddiaçının nümayəndəsi istixanaya baxış keçirmişdir. Əgər tərəflər arasında boruların keyfiyyətsiz olması barədə olan danışıqlar razılaşma kimi qəbul edilərsə belə xx.xx.2020-ci il tarixli 971 nömrəli qaimədə iddia etdikləri öhdəlik üzrə icra müddətinin 2023-cü ilin dekabr ayının sonunda bitməsi nəzərə alınmalıdır. İddia ərizəsində yazışmaların 2025-ci ilə qədər davam etdirilməsinin qeyd edilməsi də əsassızdır. Çünki iddiaçı tərəf 2025-ci ilə qədər heç bir hərəkət etməmiş, əgər etmişsə də məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də hazırki iş üzrə verilmiş iddia əsassız olduğundan və qanunvericiliyin təlləblərinə cavab vermədiyindən iddia tələbi rədd edilməlidir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq qaimə-fakturada qeyd edilən malların cavabdeh tərəfindən alınıb-alınmamasını təsdiq edən sübutun olmadığını, tərəflər arasında da öncədən əməkdaşlıq münasibətlərinin olduğunu və malın alındığını, lakin hazırda mübahisələndirilən qaimədə qeyd edilən mallarla bağlı heç bir sübutun olmadığını, üzləşmə aktının da etibarsız olduğunu, həmin imzanın atılma səbəbinin də qardaşı ilə əlaqədar olan səbəbə görə olduğunu, üzləşmə aktında qeyd edilən 17463 manat dəymiş ziyanla bağlı məlumatının olmadığını qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, tərəfin özündən soruşduqda demişdi ki, üzləşmə aktıyla bağlı heç bir məlumatı olmamış, qardaşı tərəfindən tərtib edilmişdir. Qardaşının işgüzar nüfüzuna xələl gəlməməsi üçün həmin akta imza çəkmişdir. Malların alınıb-alınmaması barədə dəqiq məlumat ona verilməmişdir. Üzləşmə aktı Cavabdeh1 tərəfindən tərtib edilmişdir. Ödənişlərin hansı formada, hissə-hissə və ya birdəfəlik ödənilməsi barədə Cavabdeh3 heç bir məlumat verməmişdir. Cavabdeh3 bildirdiyinə görə 2020-ci ilin sonuna kimi borc məbləği ödənilməli idi. Mallar verilən zaman belə bir razılığa gəlmişdilər. Daha sonra da boruların keyfiyyətsiz olması səbəbindən həmin borc məbləği tələb edilməmişdir. 27000 manat məbləğlə bağlı ayrıca qaimə-faktura olmamışdır. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2023cü il tarixdə başa çatmışdir. "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma idarəsinə qarşı "borcunun qaytarılması" barədə iddia tələbi iddia müddətinin keçməsi səbəbindən iddia rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, qardaşı Cavabdeh3 ilə İddiaçı MMC arasında olan metal boru alqı-satqısında onun heç bir iştirakı olmamışdır. O, onların alqı-satqısında iştirak etməmiş və onun İddiaçı MMC ilə 17 sentyabr 2020-ci il tarixdə heç bir telefon əlaqəsi, yazılı və şifahi heç bir zəmanəti olmamışdır. O, qardaşı ilə rayonda eyni bir evdə yaşadığı üçün bu hadisələrdən məlumatlı olmuşdur. Belə ki, 2014cü ildə qardaşı istixana tikən zaman İddiaçı MMC-dən 120000 manat məbləğində mal almış və vaxtlı-vaxtında da ödənişlərini etmişdir. 2020-ci ildə 57500 manat məbləğində mal götürmüş, bu məbləğdən 30000 manat ödəniş etmişdir. Verilmiş borular qardaşının ona verdiyi məlumata əsasən keyfiyyətsiz olmuşdur. Həmin boruların keyfiyyətsiz olması qardaşına istixanada məhsul yetişdirdiyi zaman istixananın fəaliyyətə salınması zamanı bəlli olmuşdur. Sonradan iddiaçının nümayəndəsi tərəfindən istixanaya baxış keçirilmiş və qardaşına məxsus olan istixanada yetişdirilən məhsulun onların verdiyi keyfiyyətsiz boruların partlaması səbəbi ilə məhv olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də İddiaçı MMC tərəfindən pulun qalan hissəsi ziyan əvəzinə hesablanmış və müəyyən bir razılığa gəlmişlər. Öz günahlarına görə borcun ödənilməsini tələb etməmişlər. Bu ilin yanvar ayında işlədiyi yerə iddiaçı tərəfindən göndərilmiş kriminal aləmin adamları ilə təzyiq göstərilməyə başlanılmışdır. 5 gün müddətində borcun ödənilmədiyi təqdirdə rəhbərliyinə şikayət ediləcəyi qeyd edilmişdir. O, da məktuba cavab olaraq bildirmişdir ki, qeyd edilən istixana qardaşı Cavabdeh3 məxsusdur və bu mübahisə qardaşı ilə bağlıdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı MMC-nin direktoru Vidadi Əliyev arasında bağlanmış aktla bağlı qeydetmişdir ki, İddiaçı MMC-nin direktoru Vidadi Əliyev ona, YAP Mərkəzi Aparatının rəhbərliyinə onu şantaj edərək müraciət etmişdir. Bundan sonra o, qardaşına İddiaçı MMC ilə arasında yaranan 27463 manat borcun 17000 manat çıxılmaqla 10000 manatın ödənilməsini təklif etmişdir. Qardaşına bildirmişdir ki, işini itirməmək xətrinə 10000 manat pulu əmək haqqısından ödəyəcək və qardaşına aidiyyatı olmayacaqdır. Qardaşı bundan sonra razılaşaraq aktı imzalamışdır. İddiaçı MMC-nin direktoru Vidadi Əliyev əvvəlcədən YAP Mərkəzi Aparatına 10000 manatı ödəməyinə razılıq verməsinə baxmayaraq onun razılaşdığını görüb məbləğin 5000-5000 manat məbləğ formasında daha sonra isə birdəfəlik 10000 manat məbləğin ödəniılməsini tələb etmişdir. Daha sonra iddiaçı 27463 manatın tam ödənilməsini tələb edərək aktın üzərində etiraz yazaraq razılaşmamaqla bağlı imza çəkmişlər. Daha sonra rəhbərliyə onların ona qarşı heç bir əsası olmadan pul tələb edilməsini və dələduzluq faktını sübut edəndən sonra YAP Mərkəzi Aparatı onların şikayətinin əsassız olduğunu bildirmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, o işini itirməmək xətrinə aktı hazırlayıb qardaşının imza çəkməsini xahiş etmişdir. Borc məbləği ilə bağlı qardaşı məhkəməyə verilməlidir və çəkişmə prinsipi əsasında onlar arasında mübahisə olmalıdır. Bu işlə bağlı onun heç bir aiddiyyatı yoxdur. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 27000 manat məbləğin hansı müddətə ödənilməsi barədə məlumatı yoxdur. Çünki nisyə mal alqı-satqısı olmuşdur. Sadəcə keyfiyyətsiz mal olduğundan qarşı tərəf 27000 manat məbləğlə bağlı razılıq əldə etmiş, 4 il ərzində nə qardaşından, nə də ondan borcun ödənilməsi tələb edilməmişdir. 27000 manat məbləğində mallar qardaşına təhvil verilmişdir. Boruların keyfiyyətsiz olmasını qardaşı aldıqdan 2-3 ay sonra bilmiş, 2020-ci ilin oktyabr-noyabr aylarında iddiaçıya bu barədə məlumat vermişdir. Ödənişlərin hansı formada ödənilməsi barədə məlumatı yoxdur. xx.xx.2025-ci il aktın yazılmasında Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi də iştirak etmiş, ola bilər ki, texniki səhvliklə öz VÖEN-nün qeyd etmişdir. Borcun məbləğini isə o özü qeyd etmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi iddianı qəbu etməyərək izahatında bildirmişdir ki, o YAP-ın üzvüdür və Ayaz Cəbraylov da YAP-ın sədri olduğundan bu formada tanışlıqları var. Cavabdeh3ı isə tanımır, idarənin bu adda işçisi yoxdur. Bu barədə məhkəməyə məlumat vermişdir. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur, heç bir mal almamış və öhdəlik götürməmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən Cavabdeh3 ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli, 971 nömrəli, dəyəri 27 463,30 manat olan qaimə iddiaçı tərəfindən imzalanmışdır. Kürdəmir rayonu Atakişili kənd sakini Cavabdeh3 və "xxxx" MMC-nin direktoru X1 arasında imzalanmış, hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı razılaşma aktında Cavabdeh3 27463 manat dəyərində metal boru, F40 mm divar qalınlığı (3.0 mm)olan metal borunun alınması nəticəsində İddiaçı MMC-yə borcunun yarandığını, ona dəymiş ziyan 17463 manat çıxıldıqdan sonra qalan 10 000 manat borcu İddiaçı MMC-yə ödəməyə hazır olduğunu, İddiaçı MMC-nin direktoru X1 isə 27.463 (iyirmi yeddi min dörd yüz altmış üç) manat borcdan Cavabdeh3 dəymiş ziyan 17.463 (on yeddi min dörd yüz altmış üç) manat çıxıldıqdan sonra 10.000 (on min) manat məbləğində vəsaitin ödənilməsinə razı olduğunu, 10.000 (on min) manat məbləği ödədikdən sonra Cavabdeh3 qarşı heç bir iddiasının olmayacağını qeyd etmişlər. Daha sonra X1 əlyazma ilə akta əlavə olaraq qeyd etmişdir ki, 17.463 (on yeddi min dörd yüz altmış üç) manat məbləğində ziyanın dəyməsi barədə aktda göstərilənlərlə razı deyil, 27.463 manat borcun xx.xx.2025-ci il tarixinədək tam həcmdə ödənilməsini tələb edir. İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda da qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixli qarşılıqlı razılaşma aktı ilə tanış olundu. Razılaşma sənədində göstərilən məbləğ və şərtlər "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmir. Təqdim edilən 27.463 (iyirmi yeddi min dörd yüz altımış üç) manatlıq borcun yalnız bir hissəsinin ödənilməsi ilə bağlı təklif, şirkətin hüquqi və maliyyə maraqlarını təmin etmir. Bu səbəbdən təsisçi 27.463 (iyirmi yeddi min dörd yüz altımış üç) manatlıq borcun tam məbləğdə və qeyd-şərtsiz şəkildə ödənilməsini tələb edir. Təqdim edilən sənəd hüquqi əsas kimi tanınmır və şirkət tərəfindən qəbul edilmir. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsininin 14 noyabr 2025-ci il tarixli, 19/5-56-36 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh3, Cavabdeh1 Kürdəmir rayon Yaşıllaşdırma idarəsində işləməyib. Hal-hazırda işləmir. Kürdəmir rayon Yaşıllaşdırma idarəsi xidməti idarədir. İdarə eldar şam ağacları, gül kolu, gül şitillərı, mineral gübrələr alır. İddiaçı “Hun Metal" MMC ilə Kürdəmir rayon Yaşıllaşdırma idarəsi arasında illər ərzində heç bir alış-verişi və heç bir əlaqəsi olmamışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 173 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarından göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən pul tələbi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsi hazırkı mübahisə üzrə iddiaya cavab verməli şəxs deyillər. Belə ki, Cavabdeh1 iddiaçı ilə Cavabdeh3 arasında şifahi bağlanmış metal boruların nisyə alğı-satqısı müqaviləsi üzrə tərəf deyil, onun həmin müqavilə üzrə alıcı olması, həmçinin onun malların alğı-satqısı zamanı, müqavilə üzrə danışıqlarda iştirak etməsi sübut olunmur. İddiaçının nümayəndəsi də Cavabdeh1 müqavilə üzrə alıcı olması barədə sübutu olmadığını təsdiq etmşdir. Eyni zamanda Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin də hazırkı mübahisəyə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iddiaçı nümayəndəsi Kürdəmir rayon Yaşıllaşdırma İdarəsini iş üzrə cavabdeh qismində qeyd etməsinin səbəbi kimi həmin idarənin VÖEN-inin müqavilədə olması ilə əsaslandırmışdır. Cavabdeh1 özü tərəfindən tərtib edilmiş aktda texniki səhv olaraq Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖENünün qeyd edildiyini bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçının cavabdehlər Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa tədqiq olunan sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında şifahi qaydada bağlanmış metal boruların nisyə alğı-satqı müqaviləsi üzrə hüquq münasibətləri mövcud olmuşdur. Hazırda iddiaçı 17 sentyabr 2020-ci il tarixdə 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27463,30 manat olan metal boruların 971 №-li qaiməyə əsasən **-JC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Kürdəmir rayonuna cavabeh Cavabdeh3 məxsus istixanaya göndərildiyini, şifahi razılaşmaya görə göndərilən malın dəyərinin çatdırılmadan sonra ödənilməli olduğunu, daha sonrakı izahatlarında isə ödənişin 2022-ci ilin sonunadək ödənilməli olduğunu bildirərək 27463,30 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi isə iddiaya etiraz etmiş, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək tərəflər arasındakı şifahi razılaşmaya əsasən malların dəyərinin 2020ci ilin dekabrın sonuna kimi ödənilməsinin razılaşdırıldığını, belə olan halda isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə 3 illik müddətin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin o, ilkin olaraq malların iddiaçı tərəfindən təhvil verilmədiyini bildirsə də, sonradan cavabdeh Ayaz Cəbayılovun bildirdiklərinə əsasən satılan boruların verildiyini, lakin keyfiyyətsiz olması səbəbindən 2020-ci ilin dekabr ayında 27463,30 manat dəyərində malın ziyan əvəzinə hesablandığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 satdığı malın dəyərini tələb etmək hüququ olsa da, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və sonuncunun nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. İddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyən cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 qardaşı Cavabdeh3 iddiaçı tərəfindən nəyinki 27643,3 manat, hətta 57000 manat dəyərində mal verildiyini, 30000 manatın dərhal ödənildiyini, keyfiyyətsiz boruların partlaması nəticəsində istixanada yetişdirilən məhsullar məhv olduğu üçün, iddiaçı tərəfindən həmin istixanaya baxış keçirildiyini, qalıq 27000 manatı dəymiş ziyana hesablayaraq ödənilməməsini və razılaşma əsasında qardaşı Cavabdeh3 dəymiş zərərin əvəzi kimi hesablandığını bildirmişdir. Həmçinin Cavabdeh3 nümayəndəsi də sonradan Cavabdeh1 dediklərinə istinad etmişdir. Lakin iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdehin nümayəndəsi bu barədə müraicət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edilməlidir ki, malların dəyərinin ödənilməsi vaxtı ilə bağlı tərəflər arasında yazılı razılaşma olmamış, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclasında mallar çatdırıldıqdan sonra ödənişin edilməli olduğunu qeyd etmiş, lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildikdən sonra malların dəyərinin 2022-ci ilin sonunadək ödənilməli olduğunu bildirmiş, ancaq bu faktı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə həmin tarixi, yəni 2022-ci ilin sonunu məqsədli şəkildə qeyd etmişdir ki, iddia müddəti ötürülməsin. Odur ki, iddiaçının nümayəndəsinin ilkin bildirdiyi kimi mallar çatdırıldıqdan sonra ödəniş edilməli olmasını, cavabdehin nümayəndəsinin isə mallar verildikdən sonra 2020-ci ilin sonuna kimi ödəniş edilməsi barədə dediklərini ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, işin faktiki hallarına əsasən malların ödənişi hissə-hissə olmaqla 2021-ci ilin 1 yanvar tarixinədək tam ödənilməli idi. Beləliklə məhkəmə iddiaçının Cavabdeh3 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki tərəflər arasında şifahi bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənişlərin xx.xx.2021-ci il tarixinə kimi tam ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2020-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən 3 il ərzində borcu etiraf etməsini göstərən hərəkətlər edilməmiş, yalnız 5 il keçdikdən sonra xx.xx.2025-ci il tarixində qarşılıqlı razılaşma aktı imzalanmışdır ki, həmin akt imzalansa belə razılaşma baş tutmamışdır. Belə ki, işin mübahisəsiz hallarından cavabdeh tərəfindən qarşılıqlı razılaşmanın hazırlanaraq iddiaçıya göndərildiyi, iddiaçının isə razılaşmadakı şərtlərlə razılaşmadığı müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə xx.xx.2025-ci il tarixli qarşılıqlı razılaşma aktı ilə bağlı qeyd edir ki, həmin akt hüquqi qüvvəyə malik sənəd kimi nəzərə alınsa belə, qanunvercilikdə nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra imzalanmışdır. Müddət başa çatdıqdan sonra hər hansı etirafedici hərəkətin edilməsi (qarşılıqlı razılaşma aktının imzalanması, ödəniş edilməsi və s.) iddia müddətinin axımını bərpa etmir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən şifahi alqı-satqı müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, alqı-satqı müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Buna görə də məhkəmə, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, iddiaçının cavabdehlər Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə münasibətdə mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, Cavabdeh3 münasibətdə iddia müddətini ötürməklə iddia qaldırdığını nəzərə alaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri (dövlət rüsumu, vəkil xərci) onun özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar