Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-762/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3867,79 əsas borc məbləği, illik 5 % hesablanmaqla 193,38 manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində 1856,53 manat gecikdirmə faizi, ümumilikdə 5917,7 manat borc məbləği hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 08 yanvar 2024-cü il tarixli, FT080124SA13S nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X6”-da göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən ödəniş şərtləri “X4” – da göstərilmədiyi halda mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində həyata keçirilir. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X5 ümumi məbləğinin 0,2 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Müqavilənin 8.1-ci bəndinə görə hazırki müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər arasında imzalanmış 16 yanvar 2024-cü il tarixli, 5 181 №-li X3 və 16 yanvar 2024- cü il tarixli, 5 181 №-li Təhvil - Təslim Aktına əsasən aşağıda qeyd olunmuş elektron-qaimə üzrə dəyəri qeyd olunmuş Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır 16 yanvar 2024-cü il tarixli, MT2401 seriyalı, 00260173 nömrəli elektron-qaiməyə əsasən əsas məbləğ 3277,79 manat, ƏDV 590 manat olmaqla, ümumilikdə 3867,79 manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 3867,79 manat dəyərində borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Beləliklə, müqavilə üzrə 3867,79 əsas borc məbləği, illik 5% hesablanmaqla 193.38 manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2% həcmində 1856,53 manat gecikdirmə faizi, ümumilikdə 5917,7 manat borc məbləği yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425.1, 441.4, 442, 443.1, 443.3, 445.1, 445.2.1, 445.7, 462.1, 567, 597, 598-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli FT080124SA13S saylı müqavilədən görünür ki, Satıcı hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterlər Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin: 2-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 göstərilir; 3.1-ci bəndinə əsasən Satıcı bu müqavilə imzalandığı tarixdən, Alıcı tərəfindən öncədən sifarişi qəbul edir və sifarişlərə uyğun olaraq razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə malı Alıcının nümayəndəsinə təhvil verir; 6.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra, Satıcı Alıcının sifarişinə əsasən satdığı malı qaimə-faktura və və ya Təhvil-təslim aktı əsasında Alıcının Bakı şəhərindəki anbarlarında təhvil verir; 7.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə ödənişlər "X4”-na əsasən həyata keçirilir; 7.2-ci bəndinə əsasən mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəniş edilməlidir; 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi Alıcı öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli FT080124SA13S saylı müqavilə üzrə tərtib edilmiş X1 görünür ki, xx.xx.2024-cü il tarixinə tərəflər arasında müxtəlif adlı, miqdar və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 3867,79 manat razılaşdırılmışdır. MT2401 seriyalı, 00260173 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3867,79 manat dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 5 181 saylı təhvil-təslim aktından görünür ki, ƏDV daxil 3867,79 manat dəyərində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. EM-1937VK-7661/24 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil tərəfindən göstəriləcək hüquqi xidmətin dəyəri 300 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 80 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə, 3867,79 manat dəyərində malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-qəbul aktı, e-qaimə və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların dəyərini, 3867,79 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 6559,91 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı cavabdehdən 1856,53 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 190 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 193,38 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz (3867,79 x 5%=193,38) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 300 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun 62,51 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3867,79 əsas borc, illik 5% hesablanmaqla 193,38 manat, öhdəliyin gecikdirilməsinə görə 190 manat cərimə, ümumilikdə 4251 (dörd min iki yüz əlli bir) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti, həmçinin hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manatın, iddia ərizəsinə görə ödənilmiş manat dövlət rüsumunun 62 (altmış iki) manat 51 (əlli bir) qəpiyinin əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-762/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-762/2025
11.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver