Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-763/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqavilələri, elektron qaimələr, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçı ilə cavabdeh arasında olmuş icarə münasibətlərinə əsasən 38,940.00 manat əsas borcun, 150.00 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 200.00 manat mediasiya xərclərinin, 8 manat dövlət rüsumunun, cəmi 39298 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü icarə fəaliyyəti göstərilməsindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan ofis sahəsi cavabdehə 01 may 2021-ci il tarixdə icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əlavə dəyər vergisi ilə birlikdə 1,062.00 manat müəyyən edilmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binası (anbar sahəsi) cavabdehə 01 oktyabr 2021-ci il tarixdə icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əlavə dəyər vergisi ilə birlikdə 3,540.00 manat müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki icarə müqaviləsi 01 fevral 2022-ci il tarixdə yenilənmiş, ümumi sahəsi 80 kv.m olan ofis sahəsinin aylıq icarə haqqı məbləği əlavə dəyər vergisi ilə birlikdə 354.00 manat, ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binasının (anbar sahəsinin) aylıq icarə haqqı məbləği isə əlavə dəyər vergisi ilə birlikdə 1,416.00 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında müxtəlif tarixlərdə 4 ədəd icarə müqaviləsinin bağlanmasına razılıq əldə edilsə də, cavabdeh həmin müqavilələri bu müddət ərzində müxtəlif bəhanələrlə imza etməkdən yayınmışdır. Bununla belə, cavabdehə aylıq icarə haqqı məbləğləri ilə bağlı elektron qaimələr göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və icarə haqları məbləğləri ilə bağlı ödənişlər olunmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən olunur ki, cavabdehə ümumi məbləği 48,498.00 manat olan elektron qaimələr göndərilmiş, cavabdeh həmin məbləğdən ümumilikdə 9,558.00 manat ödəniş aparmış, lakin 38,940.00 manat icarə haqqı məbləğini bugünədək ödəməmişdir. Tərtib olunmuş qarşılıqlı üzləşmə aktı da cavabdeh tərəfindən təsdiq edilməmişdir. Beləliklə, cavabdehin 02 noyabr 2022-ci il tarixinədək iddiaçıya olan borcu 38,940.00 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış sahəsi (anbar) aylıq 520 (beş yüz iyirmi) manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İddiaçı özü də iddia ərizəsində bildirir ki, göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən 9.558 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçı qanunsuz olaraq cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh MMC-nin təsisçisi Toğrul Əliyev, direktor Qanuni nümayəndə, digər şəxslər Fərid Atayev, Orxan Ağayev və Elxan Şirinovun iştirakları ilə akt tərtib olunmuşdur. İddiaçı ilə razışlamaya görə təxminən 3-4 ay cavabdeh icarə haqqı verməməli idi. Lakin iddiaçı 2021 -ci may ayında icarə haqqını tələb etdiyi üçün ödəniş həmin vaxtdan başlamışdır. Görünür iddiaçı cavabdehə cəmi 2 ay icarə haqqını güzəşt etmişdir. Tərəflər arasında bağlanmış 01 fevral 2021 -ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №li küçə ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi (ofis) aylıq 100 (yüz) manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Sonradan isə yəni, 2022-ci ilin mart ayından etibarən cavabdeh əmlak kompleksinin ikinci mərtəbəsində olan 60.0 kv.m qeyri-yaşayış sahəsindən (ofis) çıxaraq həmin binanın birinci mərtəbəsində hər biri 20.0 kv.m olmaqla 2 otaqdan ibarət 40.0 kv.m qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Göründüyü kimi iddiaçı 38.940 manat icarə məbləği tələb etsə də həmin məbləğin əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu göstərir ki, iddiaçı cavabdehin maddi vəsaiti hesabına əsassız olaraq varlanmaq niyyətindədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin təqdim etdiyi icarə müqavilələrini qəbul etmirlər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş icarə müqavilələrində (cavabdeh tərəfindən imzalanmasından imtina edilmişdir) nəzərdə tutulmuş qiymətlər üzrə aylıq olaraq cavabdehə elektron qaimələr təqdim edilmiş, həmin qaimələr üzrə qismən ödəniş edilmiş, lakin qalıq borc bu günə qədər ödənilməmişdir. Bu səbəbdən icarə sahələri 2022-ci ilin noyabr ayının 2-də cavabdehdən geri alınmış, bu barədə akt tərtib edilmişdir.
6. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə yazılı izahat təqdim edərək göstərmişdir ki, həqiqətən də iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, ofis sahəsi 2021-ci ilin fevral ayında, anbar sahəsi isə həmin ilin mart ayında faktiki olaraq cavabdehin icarəsinə verilmişdir. Cavabdeh təşkilat iddiaçıya müraciət edərək bildirmişdir ki, onlar yeni təsis olunmuş təşkilatdır və fəaliyyətlərinin təmini, sahibkarlıq subyekti kimi özlərinin biznesinin inkişafı üçün xeyli pul vəsaiti lazımdır. Bu səbəbdən də icarəyə götürdükləri obyektlərə dair icarə ödənişləri üçün onlara müəyyən güzəştli müddət verilməsini xahiş etmişlər. İddiaçı da cavabdehin səmimiyyətinə inanaraq, həm ofis, həm də anbar sahəsi üçün onlara 2021-ci ilin may ayınadək pulsuz güzəştli müddət müəyyən etmişdir (elektron qaimələrə nəzər saldıqda görünməkdədir). Bundan başqa, cavabdeh təşkilat iddiaçı təşkilata bildirmişdir ki, bu güzəşt müddətində tərəflər arasında formal qiymətlərlə, icarə müqaviləsi bağlamaq lazımdır. Belə ki, cavabdeh təşkilat həmin müqavilələri vergi orqanına təqdim edərək, həm ofis, həm də istehsalat sahəsi üçün obyekt kodları almalıdır (obyekt kodu barədə arayış da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur). Cavabdehin fəaliyyətinin təşviqi üçün iddiaçı onların təklifi ilə razılaşmış və iddiaçı ilə cavabdeh arasında, cavabdeh tərəfindən vergi orqanından obyekt kodlarının alınması üçün müqavilələr imzalanmışdır. Lakin, bununla belə məhkəmənin nəzərinə çatdırırıq ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin formal icarə müqavilələri üzrə iddiaçıya heç bir ödəniş edilməmiş, iddiaçı da cavabdehə güzəşt müddəti tanıdığı üçün pul tələb etməmişdir. Bundan sonra isə, 2021-ci ilin may ayında ofis sahəsi və istehsalat sahəsi üçün icarə müqavilələri razılaşdırılmış qiymətlərlə iddiaçı tərəfindən tərtib olunmuş və ona uyğun elektron qaimələr də cavabdehə göndərilmişdir. Cavabdeh ilk aylarda ödənişləri həyata keçirtmiş, lakin müqaviləni imzalayaraq iddiaçıya təqdim etməmişdir. İddiaçı da cavabdehin ödənişləri aparmasını, eyni zamanda elektron qaimələri düzəlişə və ya geriyə qaytarmadığını gördüyü üçün bu məsələnin üzərinə çox getməmişdir. İddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olması nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz halıdır. Hazırda cavabdeh tərəfindən icarə qiymətləri mübahisələndirilməkdədir. Halbuki, iddiaçı tərəfindən cavabdehə ümumi sayı 36 olmaqla, aylıq icarə haqqı ödənişləri barədə elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən həmin ödənişlərə nəinki etiraz bildirilməmiş, hətta elektron qaimələrə istinad verməklə qismən ödənişlər həyata keçirilmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən təsdiqlənməmiş icarə müqavilələrinin təqdim edilməsi ilə bağlı isə bildiririk ki, həmin müqavilələrin cavabdeh tərəfindən vaxtında təsdiqlənməməsi, elə cavabdehin əvvəldən pul ödəməmək niyyətinin olmasının bariz sübutudur. Bununla belə, müqavilələr ikitərəfli imzalanmasa da, ortada qəbul edilmiş elektron qaimələr mövcuddur və cavabdehin elektron qaimələri qəbul etməsi, onlara etiraz etməməsi, düzəlişə göndərməməsi (“susmaq”), o cümlədən həmin qaimələrə istinad verməklə ödənişlər həyata keçirməsi (“iradə ifadəsi”) cavabdehin həmin müqavilələri qəbul etməsidir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələri əsassızdır, belə ki, onların təqdim etdiyi icarə müqavilələri hər iki tərəfdən imzalanıb təsdiq edilmiş, əsli icarə sahəsində qalmış, həmin müqavilələrin bir nüsxəsi həmçinin Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Həmin müqavilələr üzrə onlara bir neçə ay güzəşt edilmiş, icarə haqqı tələb edilməmiş, sonrakı aylar üzrə tərəflərindən avans olaraq ödənişlər edilmiş, daha sonra icarə sahəsindən 2022-ci ilin 1 sentyabrda çıxarılmışlar. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə ödənişlərdə istinad edilsə də, həmin qaimələr iş üzrə mötəbər sübut deyildir, belə ki, tərəflər arasında imzalanmış müqavilədə qiymət daha aşağı müəyyən edilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2096-cı məhəllə, 15X ünvanında yerləşən 2808,8 kv.m sahədən ibarət əmlak kompleksi iddiaçının mülkiyyətindədir.
10. Tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 01-02A/21 saylı icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 60 m2 sahəsini istifadə etmək üçün cavabdehin istifadəsinə verir, “icarəçi” isə həmin sahəni icarəyə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 100 manat + 18 % ƏDV təyin edilir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən gec olmayaraq ödənilir.
13. Tərəflər arasında bağlanmış 01 mart 2021-ci il tarixli 01-03A/21 saylı icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 520 m2 sahəsini istifadə etmək üçün cavabdehin istifadəsinə verir, “icarəçi” isə həmin sahəni icarəyə götürür.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 520 manat + 18 % ƏDV təyin edilir.
15. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən gec olmayaraq ödənilir.
16. 25 iyun 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBC 576104 nömrəli, EBBC 576140 nömrəli, EBBC 576256 nömrəli, EBBB 27410 nömrəli elektron qaimələrə əsasən 2400 manat ödəniş edilmişdir.
17. 06 iyul 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya iyul və may ayları icarə haqqı ödənişləri üçün 3300 manat ödəniş edilmişdir.
18. 06 avqust 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən EBBF 754358 nömrəli, EBBF 754336 ödənişləri üçün 2400 manat ödəniş edilmişdir.
19. Vergilər Nazirliyinin sistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci i tarixdə 162 manat və 270 manat, xx.xx.2021-ci il tarixdə 594 manat, xx.xx.2021-ci il tarixdə 432 manat ödəniş edilmişdir.
20. İddiaçı tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli akta əsasən iddiaçı ilə cavabdeh arasında bağlanış 01 may 2021-ci il tarixli, 01-05/21 nömrəli, 01 oktyabr 2021-ci il tarixli 01-10/21 nömrəli, 01 fevral 2022-ci il tarixli 01-02/22 nömrəli və 01 fevral 2022-ci il tarixli 01-02A/22 nömrəli icarə müqavilələrinə əsasən icarəçinin bu aktın tərtib edilən tarixə icarəyə verənə ödənilməmiş 38940 manat icarə haqqı borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc məbləği ödənilmədiyi üçün icarə predmetini təşkil edən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binası (anbar sahəsi) və 80 kv.m olan ofis sahəsi icarəçinin sahiblik və istifadəsində geri alınır və icarə münasibətlərinə xitam verilir.
21. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
28. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
31. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
32. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı və xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqavilələri bağlanmış, həmin müqavilələr üzrə qeyri-yaşayış sahələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin icarəçi (cavabdeh) tərəfindən üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmişdir.
33. İddiaçı iddia tələblərinin faktiki əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli, 01-05/21 saylı, xx.xx.2021-ci il tarixli, 01-10/21 saylı, xx.xx.2022-ci il tarixli, 01- 02/22 saylı, xx.xx.2022-ci il tarixli, 01-02A/22 saylı müqavilələrə istinad etsə də, məhkəmə həmin müqavilələri hazırkı iş üzrə mötəbər sübut hesab etmir.
34. Belə ki, iddia ərizəsinə əlavə edilmiş həmin müqavilələr yalnız iddiaçı tərəfindən imzalanıb möhürlənmiş, cavabdeh tərəfindən təsdiq edilməmişdir.
35. Belə ki, cavabdeh tərəflər arasında ümumiyyətlə həmin müqavilələrin bağlanmadığını, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyini göstərmiş, tərəflər arasında bağlanmış, hər iki tərəfin imzaları olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin surətlərini Məhkəməyə təqdim etmiş, əsillərini məhkəməyə təqdim edə bilməyəcəyini bildirmiş, səbəbini onunla izah etmişdir ki, iddiaçı tərəfindən cavabdeh məcburi olaraq qeyri-yaşayış sahələrindən çıxarılan zaman onlara məxsus olan bütün avadanlıqlar, sənədlər orada girov kimi saxlanılmışdır.
36. İddiaçının nümayəndəsi buna etiraz edərək, tərəflərindən cavabdehə məxsus yalnız istehsalat sahəsində olan avadanlıqların girov kimi saxlanıldığını, cavabdeh tərəfindən ofis sahəsinin isə boşaldıldığını göstərmişdir.
37. Cavabdehin nümayəndəsi əlavə olaraq müqavilələrin əsillərinin Dövlət Vergi Xidmətinə təqdim edildiyini bildirmiş, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsinin əsli (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsi) xx.xx.2023-cü il tarixdə Məhkəməyə təqdim edilmişdir.
38. Bundan əlavə iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş internet vergi idarəsindən çıxarışda da icarə müqaviləsinin tarixi kimi xx.xx.2021-ci il, müqavilənin nömrəsi olaraq 01-03A/21, icarə məbləği kimi də 520 manat qeyd olunmuşdur.
39. Daha sonra, iddiaçı məhkəməyə yazılı izahat (xx.xx.2023-cü il tarixdə) verərək, cavabdehin təqdim etdiyi icarə müqavilələrinin tərəflər arasında formal olaraq bağlandığını bildirmişdir.
40. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.
41. Belə ki, iddiaçı tərəfindən Məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı və xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqavilələrinin sonradan ləğv edilməsi və ya onlara əlavə, dəyişikliklər edilməsi, habelə müqavilədə nəzərdə tutulmuş qiymətlərin dəyişdirilməsi (icarə haqqının artırılması) ilə bağlı tərəflər arasında əldə edilmiş razılığı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
42. Halbuki, Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
43. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
44. Hazırda iddiaçı ona məxsus olan icarə sahələrinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cavabdehin sahiblik və istifadəsində olduğunu, lakin icarə haqlarının tam şəkildə ödənilmədiyini iddia edir.
45. Cavabdeh isə icarə sahəsinin xx.xx.2022-ci il tarixə qədər deyil, xx.xx.2022-ci il tarixə qədər onun sahiblik və istifadəsində olduğunu bildirir, bununla əlaqədar sübut qismində özü tərəfindən tərtib edilmiş akt təqdim edir.
46. Məhkəmə cavabdehin həmin arqumentini əsaslı hesab etmir.
47. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, icarə sahələrinin yaranmış borc ödənilmədiyi təqdirdə tərk etmələri tələb edilmişdir.
48. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, icarə haqları ödənilməyəcəyi təqdirdə icarə sahəsində qalmış cavabdehə məxsus avadanlıqların sökülərək iddiaçıya məxsus anbarda borc məbləği tam ödənilənə qədər saxlanılacağı bildirilmiş, cavabdeh tərəfindən həmin bildirişlərə etiraz təqdim edilməmişdir.
49. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
50. Məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələri də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
55. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsində aylıq icarə haqqının məbləği 100 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən edilmişdir.
56. Materiallardan görünür ki, mübahisələndirilən dövr (18 ay) üzrə cavabdeh tərəfindən hər iki müqavilə üzrə iddiaçıya ümumilikdə 11160 manat əsas borc ödənilməli olduğu halda cəmi 8100 manat, əlavə dəyər vergisi üzrə 2008,80 manat ödənilməli olduğu halda 1458 manat vəsait ödənilmişdir.
57. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə əsas borcun əvəzi olaraq 3060 manat (11160 manat – 8100 manat), əlavə dəyər vergisi üzrə 550,80 manat (2008,80 manat – 1458 manat) vəsait tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 3610,80 manat (ƏDV daxil) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə, 150 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
61. İddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 150 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.
62. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 6 saylı Vəkil Bürsonun hesabına 150 manat məbləğində vəsait ödənilmişdir.
63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
64. Məhkəmə hesab edir ki, 150 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3060 manat əsas borc, 550,80 manat ƏDV, ödənilmiş 50 manat dövlət rüsumu, 150 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 3801,80 (üç min səkkiz yüz bir manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova