Məhkəmə qərarları › İş №e-2-2(113)-764/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-764/2025

03.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-764/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, VəliyevaNigar Rauf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Mənzil-Tikinti Koorperativinin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19673.06 manat məbləğində borcun silinməsi, vəkilə ödənilmiş 320 manat xidmət haqqı məbləğinin və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yeni yüksək mərtəbəli yaşayış kompleksinin tikintisi tamamlanmış və həmin yaşayış kompleksində yerləşən mənzillərin elektrik enerjisi ilə təmin olunması üçün "xxxx" ASC-yə müraciət edilmişdir. Müraciətə əsasən obyektin elektrik enerjisi ilə təmin olunması üçün görüləcək işlərin qaydası və şərtləri barədə "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, TŞ №-20/988 saylı Texnikişərt tərtib edilmişdir. Texniki şərtin 1-ci bəndlərində enerji təchizatının təmini üçün görüləcək işlər qeyd edilmişdir. 2.1-ci bəndə əsasən isə görüləcək bütün işlər "xxxx" ASC-nin nəzarəti altında yerinə yetirilməlidir. 2-ci bəndlərdə ümumilikdə görüləcək işlərə və istifadə olunacaq avadanlıqlara olan tələblər nəzərə çatdırılmışdır. xx.xx.2020-ci il tarixli, TŞ-20/988 saylı Texniki şərtə uyğun olaraq Sifarişçi İddiaçı MMC(hal-hazırda MTK)ilə İcraçı "xxxx" MMC işlərin yerinə yetirilməsinə dair razılığa gəlmişdirlər. xx.xx.2021-ci il tarixli təhvil təslim aktından göründüyü kimi, xx.xx.2020-ci il tarixli, TŞ №-20/988 saylı Texnikişərtə və layihəyə əsasən işlər yerinə yetirilmiş və təhvil verilmişdir. Daha sonra görülmüş işlərə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin komissiyası tərəfindən baxış keçirilmiş və xx.xx.2021-ci il tarixli, № YG 18-21E-053 saylı istismara buraxılış aktı qəbul edilmişdir. Həmin aktda qeyd edilmişdir:“...Sənədlərlə tanış olub, şəxsi müşahidədən sonra müəyyən edildi: Tikinti və quraşdırılma işləri TŞ-20/988 №-li xx.xx.2020-ci il tarixli Azərişıq ASC-nin texniki şərtlərinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir.” "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ATŞ-21/703 saylı arayışdaİddiaçı MMC-nin (hal-hazırda MTK) xx.xx.2020-ci il tarixli, TŞ №-20/988 saylı Texniki şərti yerinə yetirdiyi və obyektin şəbəkəyə qoşulmasına etiraz edilmədiyi bildirilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 004244 və 004245 saylı cərəyan transformatorlarının yoxlanılma protokollarından göründüyü kimi heç bir qüsur müəyyən edilməmişdir və istismara yararlıdırlar. Daha sonra da müvafiq dövrlərdə quraşdırılmış və istifadə olunan transformatorlara "xxxx" ASC tərəfindən baxış və yoxlamalar keçirilmiş heç bir qüsur müəyyən edilməmişdir. Buna baxmayaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə xx.xx.2024-cü il tarixli, 336711 saylı aktda bildirilmişdir: “...sayğacın sxemi yoxlandı. Sayğacların A və C cərəyan giriş naqilləri tərs qoşulu idi. Ə/T və C/T ŞAvə y/qapıları möhürlüdür. TR№1 şəbəkə tərəfindən qoşularaq sxem yoxlanıldı. ” xx.xx.2024-cü il tarixli, 336711 saylı akt ilə cərəyan giriş naqillərinin tərs qoşulu olmasına istinad edərək "xxxx" ASC tərəfindən 19673.06 AZN (bax, qoşma 10-elektron qaimə faktura) borc hesablanmışdır. Transformator və digər qurğuların quraşdırılması "xxxx" ASC-nin nəzarəti altında müstəqil şirkət "xxxx" MMC tərəfindən aparılmışdır. Qeyd olunan müxtəlif sənədlərdən göründüyü kimi, görülən işlərə zəruri orqanlar tərəfindən baxış keçirildikdən sonra istismara verilmişdir. Göründüyü kimi, qurğular istismara qəbul edildiyi dövr bütün şərtlərə cavab vermişdir. Nəzərə alınmalıdır ki, istismara verildikdən sonra isə həmin ərazi "xxxx" ASC tərəfindən plomblanaraq möhürlənmişdir. Həmin əraziyə yalnız "xxxx" ASC-nin əməkdaşlarının daxil olmaq və hər hansı işləri görmək hüququ və imkanı olmuşdur. xx.xx.2024-cü il tarixli, 336711 saylı akt ilə təsdiqini tapdığı kimi möhürlərə heç bir müdaxilə və ya zərər müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərdən aydındır ki, transformator məntəqəsi istismara qəbul edildiyi dövrdə heç bir qüsuru olmamışdır. İstismara qəbul edildikdən sonra isə həmin əraziyə daxil olmaq hüququ yalnız "xxxx" ASC-nin əməkdaşlarında olmuşdur. Buna görə də, iddia olunan cərəyan giriş naqillərinin tərs qoşulu olması reallığı əks etdirmir, etdirdiyini fərz edilsə belə, həmin pozuntu yalnız "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçmiş yoxlamalar dövründə törədilmiş ola bilər. Orqanın öz əməkdaşları tərəfindən yol verilmiş səhvə görə isə istehlakçının cəzalandırılması tamamilə qanunsuz və yolverilməzdir. Buna görə də, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19673,06 AZN məbləğində borc silinməlidir.

3. İddia tələbinə dair cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx/xx-2073 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixinə qədər sayğac sxemi səhv olduğundan sayğac sxemindən axan cərəyanı düzgün qeyd etməmişdir. Belə ki, hər iki sayğacda “A” və “C” fazalar üzrə İİ tərəf giriş cərəyan naqilləri sıxaclarda tərs qoşulu idi. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ 002011 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: (80.969 göst. - 3 göst) x 3000 əms x 50.7% : 49.3% = 154164 kVt.s Tarif (0,11 man)-154164 kVt.s x 0,11 man = 16958 manat (17 göst. - 9 göst) x 3000 əms x 50.7% : 49.3% = 24682 kVt.s Tarif (0,11 man)-24682 kVt.s x 0,11 man = 2715 manat Cəmi= 19 673 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2024-cü il tarixdə KY242146250 nömrə ilə qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsəslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2021-ci il tarixli, YG 18/21E-053 saylı istismara buraxılış aktına əsasən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yüksəkmərtəbəli yaşayış binasının xarici elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğularının tikinti və quşadırma işləri TŞ- 20/988 nömrəli, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin texniki şərtlərinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir.

9. xx.xx.2024-cü il tarixli NİQ002011 saylı akta əsasən “Cavadxan-RB MMC”-yə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum oldu ki,sayğac MTK-nın daxilində (həyətdə) yerləşən transfarmator məntəqəsinin 10 kv.luq qapalı paylayıcı qutusunda quraşdırılıb. Sayğacın yaddaşı xüsusi proqramlaşdırılmış koleputor vasitəsi ilə oxundu. Məlum oldu ki, 28 avqust 2024-cü il tarixinə qədər sayğac sxemi səhv olduğundan, sayğac sxemindən axın cərəyanı düzgün qeyd etməmişdir. Belə ki, hər iki sayğacda “A” və “C” fazalar üzrə İİ tərəf giriş cərəyan naqilləri tərs qoşulu idi. Həmin tarixlərdə sayğacın yaddaşında olan aktv güc əmsallarının qiymətləri cosf:0.17 , cos=0.86, cos=0,43. Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə hər iki sayğacın sxemi bərpa edilmişdir. Sxemin bərpa edilməsi ilə bağlı 3367/1 nömrəli akt tərtib edilmişdir. Sayğacın sxemi bərpa edildikdən sonra sayğacda olan aktiv güc əmsallarının qiyməti cosf=0,97, cosf=0,98, cosf=0,97 olmuşdur. 69213010 nömrəli sayğacın sxemində yük yox idi. Pf=0. 69212990 nömrəli sayğac sxemində olan yüklər0,14A, Ptan-70,7vlt, xəta faizi Sp=50,7%, P=2x1000 WA. Tələb: EEİQ-nə SQ və HN İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində hər iki sayğacın sxeminin bərpa olunduğu qeyd olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli NİQ002011 saylı akta əsasında 19673 manat borc hesablanmışdır.

11. "xxxx" MMC-yə məxsus abonent haqqında məlumata əsasən xx.xx.2024-cü il tarixdə EİQ pozulmasına görə NİQ002011 saylı akt əsasında 16958,0400 manat həddində borc məbləğ hesablanmışdır.

12. İddiaçı MMC-yə məxsus xx.xx.2020-ci il tarixli TŞ-20/988 saylı texniki şərtdən görünür ki, güc transformator məntəqələri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi şərtləndirilmişdir.

13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, YG 18/21E-053 saylı istismara buraxılış aktına əsasən ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yüksəkmərtəbəli yaşayış binasının xarici elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğularının tikinti və quşadırma işləri TŞ-20/988 nömrəli, xx.xx.2020ci il tarixli "xxxx" ASC-nin texniki şərtlərinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir. xx.xx.2024-cü il tarixli NİQ002011 saylı akta əsasən “Cavadxan-RB MMC”-yə məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olub ki, sayğac MTK-nın daxilində (həyətdə) yerləşən transfarmator məntəqəsinin 10 kv.luq qapalı paylayıcı qutusunda quraşdırılıb. Sayğacın yaddaşı xüsusi proqramlaşdırılmış koleputor vasitəsi ilə oxundu. Məlum oldu ki, 28 avqust 2024-cü il tarixinə qədər sayğac sxemi səhv olduğundan, sayğac sxemindən axın cərəyanı düzgün qeyd etməmişdir. Belə ki, hər iki sayğacda “A” və “C” fazalar üzrə İİ tərəf giriş cərəyan naqilləri tərs qoşulu idi. Həmin tarixlərdə sayğacın yaddaşında olan aktiv güc əmsallarının qiymətləri cosf:0.17 , cos=0.86, cos=0,43. Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə hər iki sayğacın sxemi bərpa edilmişdir. Sxemin bərpa edilməsi ilə bağlı 3367/1 nömrəli akt tərtib edilmişdir. Sayğacın sxemi bərpa edildikdən sonra sayğacda olan aktiv güc əmsallarının qiyməti cosf=0,97, cosf=0,98, cosf=0,97 olmuşdur. 69213010 nömrəli sayğacın sxemində yük yox idi. Pf=0. 69212990 nömrəli sayğac sxemində olan yüklər0,14A, Ptan-70,7vlt, xəta faizi Sp=50,7%, P=2x1000 WA. Tələb: EEİQ-nə SQ və HN İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində hər iki sayğacın sxeminin bərpa olunduğu qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli NİQ002011 saylı akta əsasında cəmi 19673 manat borc hesablanmışdır. "xxxx" MMC-yə məxsus abonent haqqında məlumata əsasən xx.xx.2024-cü il tarixdə EİQ pozulmasına görə NİQ002011 saylı akt əsasında 16958,0400 manat həddində borc məbləğ hesablanmışdır.

16. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərdə keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

17. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçı "xxxx" MTK-nin təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı qeyd edir ki, texniki şərtə əsasən transformator cavabdeh qurumun balansındadır. Məhkəmə tərəfindən güc transformatorun kimin balansında olmasına dair "xxxx" ASC-yə sorğu göndərilsə də, iddiaçının arqumentinin əksinə (transformatorun iddiaçının balansında olmasına) dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

19. 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur;

20. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

21. 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir.

22. 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

23. 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

24. 8.25. bəndinə əsasən Yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır.

25. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

26. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

27. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

28. 10.18.2-ci bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur.

29. xx.xx.2024-cü il tarixli NİQ002011 saylı akta əsasən "xxxx" MTK-ya məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğac sxeminin səhv olduğundan, sayğac sxemindən axan cərəyanı düzgün qeyd etməmişdir. Belə ki, hər iki sayğacda “A” və “C” fazalar üzrə İİ tərəf giriş cərəyan naqilləri sıxaclarda tərs qoşulu olduğu qeyd olunmuşdur.

30. Göründüyü kimi qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Belə ki, "xxxx" ASC məhkəməyə İddiaçı MTK tərəfindən sayğacın yükün hiss etməməsinə İddiaçının təqsiri olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən tələb edilən borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən (MPM,77.1) qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmişdir.

31. Bundan əlavə, Cavabdehin 19673 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-in 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Çünki MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin akt əsasında iddiaçıya hesabladığı borc əsassız olduğu üçün silinməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Materiallardan da göründüyü kimi iddiaçı 150 manat dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci ödəmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və vəkil xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı üzrə elektrik enerjisinin istehlakına görə İddiaçı MTK-ya hesablanmış 19.673,06 manat məbləğində borc xx/xx-2073 saylı abunə hesabından silinsin. Vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 150 manat "xxxx" ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar