Məhkəmə qərarları › İş №e-2-2(113)-7651/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7651/2024

28.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7651/2024 28.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmi Su təchizatı” X4rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin Birləşmi Su təchizatı” X4rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Su sərfiyyatına hesablanmış borcun və Kompleksə əlavə su xəttiçəkilməsiəsasına görə yüksək məbləğdə cərimə olunmağımız barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktın ləğv olunması və həmin Akta əsasən hesablanmış 20.273,41 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “İri şəhərlərin X5 Xidməti” X9" (əvvəlki Azərsu ASC") əməkdaşları tərəfindən “X7 Kompleksi"nə qanunsuz əlavə su xəttinin çəkilməsi əsası ilə Akt tərtib olunaraq yüksək məbləğdə cərimə hesablanmışdır. Həmin Aktın hansı tarixdə tərtib olunması və cərimənin məbləği barədə də dəqiq məlumat olmamışdır. Bu səbəbdən də əvvəlki "xxxx"xxxx"Azərsu ASC"-nin (indiki “İri şəhərlərin X5 Xidməti! X9 Şirvan Su-Kanal Sahəsinə müraciətlər edərək həmin Aktın rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir. Lakin müraciətlər ilk əvvəl cavabsız qalmış olsa da, sonradan həmin Aktı rəsmi qaydada əldə edə bilməmişdir. Aktı əldə etdikdən sonra Mediasiya təşkilatına müraciət etmişdir. İddiaçınə çəkilmiş su xətti ümumi istifadədə olan su xəttinə qoşulmuş və kompleks təsis olunduğu tarixdən su xətti çəkilmişdir. Həmin vaxtdan hal-hazıra kimi su sərfiyatında heç bir borc olmamışdır. Kompleksə su sərfiyatına görə ödənişlər bir neçə ildir ki, smart kartla həyata keçirilir. Eyni zamanda, istifadə olunmuş suyun müqabilində tələb olunan borc məbləği əgər mövcud olsaydı, o halda borc məbləği müəyyən olunardı və bununla bağlı bizə rəsmi bildiriş verilərdi. Lakin bu hal ümumiyyətlə olmamışdır. Bundan başqa, Aktı tərtib etmiş əməkdaşlar qeyd olunuş faktla bağlı Kompleksə baxış keçirməmiş və heç bir araşdırma aparmamışdır. Aktla tələb olunan pul məbləğinin su sərfiyatına uyğunluğu qiymətləndirilməmişdir. Qeyd olunmuş əsaslar Aktın qanunsuz və əsassız olmasını təsdiqləyir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə dəfələrlə cəhd etsə də, mübahisə hal-hazırda da davam edir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların ( o cümlədən araşdırmaların, müayinələrin, moni-torinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Cavabdeh tərəfindən qeyd edilən normativ aktların tələblərinə riayət olunmamışdır.

3. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı akta əsasən hesablanmış 20273,41 manat borcun silinməsini xahiş edir. Tərəfimizdən təqdim edilmiş sübutdan da göründüyü kimi akta əsasən iddiaçıya 12384 manat dəymiş ziyan hesablanmışdır. Digər məbləğ isə iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğidir. Əlavə olaraq işə iştirakımız olmadan baxıb qətnamə çıxarmağınızı xahiş edir.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaldılması barədə ərizə verərək məhkəmə iclasını iştirakları olmadan keçirərək yekunlaşdırılmasını və “ akta əsasən hesablanmış 12384 manat borcun silinməsi “nə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı və cavabdehin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına həlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Azərsu ASC arasında xx.xx.2001-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə müəssisəsinin su təchizatı sistmindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

9. xx.xx.2022-ci il tarixli, 600263 saylı akta əsasən X2 yoxlanış keçirildiyi və baxış keçirilən zaman kompleks tərəfindən xx.xx.2022-ci il taixdə idarə tərəfindən abonentin borca görə su xətti dayandırıldığı, həmçinin xx.xx.2022-ci il tarixdə abonent öz başına d-32 mm-lik kəsilmiş su xəttinə qoşub sayğacın süzgəcindən istifadə olunduğu aşkar olunduğu qeyd olunmuşdur.

10. Abonent haqqında məlumat saldosuna əsasən qanunsuz sudan istifadəyə görə 6192 manat və çirkab sularından istifadəyə görə 6192 manat borc hesablanmışdır.

11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək su sayğacına baxış keçirmişlər və baxış keçirilən zaman kompleks tərəfindən xx.xx.2022-ci il taixdə idarə tərəfindən abonentin borca görə su xətti dayandırıldığı, həmçinin xx.xx.2022-ci il tarixdə abonent özbaşına d-32 mm-lik kəsilmiş su xəttinə qoşub sayğacın süzgəcindən istifadə olunduğu aşkar olunduğu qeyd olunmuşdur.

14. Hazırda iddiaçı X3 MMC ona əsassız hesablanmış cəmi 12384 manat məbləğində borcun silinməsini məhkəmədə mübahisələndirmişdir.

15. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

16. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

17. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı MMC-nin tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən (qanunsuz qoşulma) istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.

18. Belə ki, məhkəməyə sadəcə xx.xx.2022-ci il tarixli, 600263 saylı akta təqdim olunmuş və buna görə də kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

19. Bundan əlavə cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş çıxarış iddia tələbinin imtinası üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, adıkeçən çıxarışda sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edildiyi qeyd edilsə də, buna dair tərtib edilmiş akt və həmin aktın hansı tarixdə olması işin halları ilə müəyyən edilməmiş və cavabdeh tərəfindən də sübuta yetirilməmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

23. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

24. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

25. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

27. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

28. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

29. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

30. Göründüyü kimi cavabdeh PHŞ su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

31. Hazırkı işin hallarından isə görünür ki, yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.

32. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

33. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 12384 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

34. Göründüyü kimi cavabdeh orqan qanunsuz yoxlama aparmaqla iddiaçıya 12384 manat məbləğində su borcu hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir.

35. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 127,15 manat (iddia məbləğinə mütənasib olaraq, dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh «İri şəhərlərin X6 Xidməti» PHŞ tərəfindən İddiaçı MMC-yə hesablanmış 12384 manat borc məbləği silinsin. Dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 127,15 manat məbləği «İri şəhərlərin X6 Xidməti» PHŞ-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar