Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7655/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, dəbbə pulunun azaldılması, dəbbə pulu və qanuni faizin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının səd rliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 3740-KQ nömrəli xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə üzrə 15908,16 manat əsas borc, 395,49 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu (5 %) və 1344,68 manat cərimə borcu olmaqla cəmi 17648,33 manat məbləğində pulun və 142,95 manat dövlət rüsumu, 0,80 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 3740-KQ nömrəli xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 18 ay müddətində 20000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmçinin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında 3740-İZG/1 nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. 3740-KQ nömrəli xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 60 gündən çox olmamaqla tranşlarla almaq üçün borcalan borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci tarixli yazılı müraciətə əsasən 3740-KQ nömrəli xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsi daxilində 17500 manat xətdən istifadə üçün tranş ayrılmışdır. Kredit xətti müqaviləsinə əsasən, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, zaminlik müqavilələrinə əsasən zamin kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2.2. Lakin cavabdehlər tərəfindən müqavilə şərtləri vaxtında yerinə yetirilməmişdir, bununla da müqavilə şərtləri və Müki Məcəllənin bir sıra müddəaları pozulmuşdur. Kredit xətti müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 15908,16 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu (5 %) üzrə 395,49 manat və cərimə borcu üzrə 1344,68 manat olmaqla cəmi 17648,33 borcu mövcuddur. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında həm poçt, həm elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixli 6-2-22/2-32785/2025 saylı bildiriş göndərilərək xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh, həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddiaçı Cavabdeh1 MMC-nin elektron qaimələrini maliyyələşdirilmiş, elektron qaimələr üzrə ödənişlər edildikcə həmin məbləğləri tutmuşdur. Lakin iddiaçı cərimə və faiz məbləğini əsassız hesablamış, əsas borcu da vaxtında tutmamış, həmin məbləğ sərəncam əsasında vergi borcuna silinmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 26 sentyabr 2024-cü il tarixli 3740-KQ nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə 18 ay müddətində (xx.xx.2026-cı il tarixədək) 20000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 17 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, Cavabdeh1 MMC isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən elan edilmiş hesab-faktura üzrə debitor borclarının maliyyələşdirilməsi məqsədilə istifadə etməyi öhdəsinə götürmüş, kredit xətti üzrə kreditin hər birinin ödəniş müddəti 60 gündən çox olmamaqla tranşlarla verilməsi razılaşdırılmışdır. Həmçinin sözügedən krеdit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli 3710-İZG/1 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Borcalan xx.xx.2025-ci il tarixli 11775 nömrəli məktubla kredit xətti müqaviləsi üzrə 17500 manat məbləğində pul vəsaitinin istifadəyə ayrılmasını xahiş etmiş, pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
11. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 15908,16 manat əsas bоrcun tutulmasını xahiş edir.
12. Cavabdehlər əsas borcun iddiaçı tərəfindən vaxtında tutulmadığını bildirirlər.
13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərh edilməsini zəruri sayır.
14. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
15. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
17. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
18. Məhkəməyə təqdim edilən 26 sentyabr 2024-cü il tarixli 3740-KQ nömrəli kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilməli, 3.1-ci bəndinə əsasən kredit xətti üzrə hər bir kreditin ödəniş müddəti 60 gündən çox olmamalıdır.
19. Cavabdeh1 MMC-nin xx.xx.2025 – xx.xx.2025-ci il tarixləri üzrə hesabdan çıxarışından görünür ki, 17500 manat məbləğində pul kredit üzrə hesaba köçürülmüş, əsas borc üzrə 1591,84 manat, kreditdən istifadəyə görə faiz borcu üzrə isə 619,11 manat (kreditdən istifadə və illik 5% olmaqla) ödənilmişdir.
20. Kredit müddətinin 60 gün təşkil etməsi, faizlərin kredit müddətinin sonunda əsas borcla birlikdə ödənilməsinin şərtləndirilməsi kredit üzrə yekun borcun müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsini istisna edir.
21. Digər tərəfdən, cavabdehlər xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə edilmiş ödənişlərin əsas borca silinməli olduğunu bildirsələr də, xx.xx.2025-ci il tarixdə ödənilmiş 4000 manat məbləğin xx.xx.2025-ci il tarixdə 2 hissədə hesabdan çıxarıldığı, xx.xx.2025ci il tarixdə ödənilmiş 4000 manat məbləğin isə həmin tarixdə bir hissəsinin hazırkı mübahisənin predmetini təşkil edən tranş üzrə kreditə, qalan hissəsinin isə digər kredit üzrə silindiyi görünür. Bu mənada cavabdehlərin etirazı əsassızdır.
22. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, kredit sazişi üzrə əsas borc 15908,16 manat təşkil edir.
23. Belə olan halda məhkəmə hesab edir ki, 26 sentyabr 2024-cü il tarixli 3740-KQ nömrəli kredit xətti müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla müəyyən edilməlidir.
24. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
26. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli 3740-KQ nömrəli kredit xətti müqaviləsi üzrə 15908,16 manat əsas borc cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı 1344,68 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
30. xx.xx.2024-cü il tarixli 3740-KQ nömrəli kredit xətti müqaviləsinin 6.2-ci bəndinə görə, borcalan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borcalana penya hesablana bilər.
31. xx.xx.2024-cü il tarixli 3710-İZG/1 nömrəli zaminlik müqaviləsinin 1.3.4-cü bəndinə əsasən, kredit üzrə penya gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 780 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
37. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 780 manat cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.
c) Kredit müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
38. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla cavabdehdən illik 5 faizlə hesablanmaqla 395,49 manat pulun tutulmasını tələb edir.
39. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
41. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir. d) Məhkəmə xərcləri ilə bağlı
43. İddiaçı eləcə də 142,95 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 140,93 manat, ********** nömrəli qəbzə əsasən 2,05 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 3740- KQ nömrəli kredit xətti müqaviləsi üzrə 15908,16 manat əsas borc, 780 manat cərimə məbləği olmaqla ümumilikdə 16688,16 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova