Məhkəmə qərarları › İş №e-2-2(113)-766/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-766/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-766/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6nə, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6nə, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6nə, Cavabdeh1, Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2023-cü il tarixinə Banka əsas borc üzrə 200.000 manat (iki yüz min), faiz borcu üzrə 24.926,52 manat (iyirmi dörd min doqquz yüz iyirmi altı manat, 52 qəpik), dəbbə pulu üzrə 2.146,84 manat (iki min yüz qırx altı manat, 84 qəpik), ümumilikdə iddia tələbi 227.073, 36 AZN (iki yüz iyirmi yeddi min sıfır yetmiş üç manat, 36 qəpik) məbləğində pulun, 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, 2.400 (iki min dörd yüz) manat hüquqi xidmətə görə haqqın və 04 dekabr 2023-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 27,39 (iyirmi yeddi manat 39 qəpik) məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh6 MMC, Cavabdeh1, Cavabdeh2 Əlifəğa oğlu və "AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh6 MMC-nə 200.000 (iki yüz min) manat pul vəsaiti 36 ay müddətinə illik 17% ödənilməsi şərti ilə verilmişdir. Həmin kredit vəsaitləri Bank tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlifəğa oğlu və Cavabdeh5 MMC-nin zaminlikləri əsasında verilmişdir. İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanılmış xx.xx.2023-ci il tarixli 1**- KM-*** saylı kredit müqaviləsi üzrə hər hansı daşınmaz əmlakın ipotekası olmamışdır. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh6 MMC və zaminlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin 04 dekabr 2023-cü il tarixə Banka əsas borc üzrə 200.000 manat (iki yüz min), faiz borcu üzrə 24.926,52 manat (iyirmi dörd min doqquz yüz iyirmi altı manat, 52 qəpik), dəbbə pulu üzrə 2.146,84 manat (iki min yüz qırx altı manat, 84 qəpik), ümumilikdə iddia tələbi 227.073, 36 manat (iki yüz iyirmi yeddi min sıfır yetmiş üç manat, 36 qəpik) məbləğində borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh6 MMC-yə 200.000 (iki yüz min) manat pul vəsaiti 36 ay müddətinə illik 17% ödənilməsi şərti ilə verilmişdir.

10. Borcalan Cavabdeh6 MMC-nin Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 1**-KM-*** nömrəli, Bank ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 1**-KM-*** nömrəli zaminlik müqavilələri bağlanmışdır.

11. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, bankla Cavabdeh6 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul Cavabdeh6 MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə cavabdehin əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 24.926,52 manat, cərimə borcu üzrə 2.146,86 manat olmaqla, cəmi 227.073,36 manat borcu vardır.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-766/2024 saylı qərardadı ilə AFB Bank” ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) əsas və faiz borcunun və İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsi üzrə halhazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 9/2242 saylı ekspert rəyinə əsasən Cavabdeh6 MMC-nin Banka xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 24.933,33 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 33.150 manat borcu vardır.

22. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab edir ki, iddia əsas və faiz borcu hissəsində təmin edilməli, xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 24.926 manat olmaqla, cəmi 224.926 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənməlidir.

23. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də əsaslıdır.

24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 2.146 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

26. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

27. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 13 saylı mediasiya təşkilatına ödənmişdir.

29. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci bəndinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi daha ağlabatandır.

32. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 1**-KM-*** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 200.000 (iki yüz min) manat, faiz borcu üzrə 24.926 (iyirmi dörd min doqquz yüz iyirmi altı) manat, cərimə borcu üzrə 2.146 (iki min bir yüz qırx altı) manat olmaqla, cəmi 227.073 (iki yüz iyirmi yeddi min yetmiş üç) manat, 36 (otuz altı) qəpik məbləğində pul Cavabdeh6 MMCdən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh6 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsiumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul Cavabdeh6 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh6 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar