Məhkəmə qərarları › İş №e-2-2(113)-769/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-769/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-769/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi xxx cavabdeh xxxiştirakları ilə, İddiaçı xxx cavabdeh xxxqarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı xxx cavabdeh xxxqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 5000 manat kredit, 1050 manat faiz, 2100 manat cərimə borcu olmaqla, cəmi 8150 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki Kreditor "TAC" Kredit İttifaqı ilə borclu Sadıqov Nizaməli İmaməli oğlu (VÖEN **********) arasında xx xxx 2015-cü il tarixdə "167/SKMF-140" saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SKMF-nın vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizləri qaytarmağı, müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan "TAC" Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğinin kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabna daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Borclu 321 (üç yuz iyirmi bir) manat faiz ödəmiş, xx.xx.2016-ci il tarixdən bugünədək isə (xx.xx.2019cu il tarixdə 200 manat ödəniş istisna olmaqla) heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq borcluya borcun qaytarılması barədə bildiriş göndərilsə də, borclu tərəfındən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən "TAC" Kredit İttifaqı tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafıq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafıq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kreditin müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6%(altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bənddə göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Cavabdehin müqavilə üzrə xx.xx.2019-cu il tarixə 5000 (beş min ) manat kredit, 1050 (bir min əlli) manat faiz, 2100 (iki min bir yuz) manat cərimə borcu olmaqla, cəmi 8150 (səkkiz min bir yüz əlli) manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Rəsulzadə Rəşid Rufulla oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Sadıqov Nizaməli İmaməli oğlu verdiyi izahatda bildirdi ki, maddi vəziyyətinin ağır olması səbəbindən borcunu qaytara bilməmişdir. İddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir, cərimə hissəsində qəbul etmir. İddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx xxx 2015-ci il tarixli, “167/SKMF-140” saylı "Tac” Kredit İttifaqı (kredit verən) ilə Sadiqov Nizaməli İmaməli oğlu (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nın vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1ci bəndinə əsasən həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. xx xxx 2015-ci il tarixli, 133 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Sadiqov Nizaməli İmaməli oğlu "Tac” Kredit İttifaqından 5000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xxxverilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat, növbəti 24 ay ərzində isə hər ay 208,35 manat məbləğində ödəniş edilməklə xxxtərəfindən "Tac” Kredit İttifaqına qaytarılmalı idi. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, xxx"Tac” Kredit İttifaqı ilə bağladığı xx xxx 2015-ci il tarixli, “167/SKMF-140” saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 5000 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcu 600 manat, tələb qaldırılan günə faiz borcu 1050 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018- ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə 1200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən sonra əsas kredit borcuna görə hesablanmış cərimə 900 manat, tələb qaldırılan günə hesablanmış cərimə 2100 manat, borc üzrə tələbin məbləği ümumilikdə 8150 manat təşkil edir. "Tac” Kredit İttifaqı tərəfindən xxxünvanlanmış 10 noyabr 2019-cu il tarixli bildirişdən görünür ki, sonuncuya 5000 manat kredit, 1000 manat faiz, 2000 manat cərimə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Tac” Kredit İttifaqı ilə Sadiqov Nizaməli İmaməli oğlu arasında xx xxx 2015-ci il tarixdə ”167/SKMF-140” saylı kredit müqaviləsi bağlanmışdır. "Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləği və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş və xxx"Tac” Kredit İttifaqına borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə cavabdeh xxxxx xxx 2015-ci il tarixli, “167/SKMF-140” saylı kredit müqaviləsi üzrə "Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı xxx kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan tələb həmin hissədə tam təmin olunmalıdır. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitdiyi halda, iddiaçı tələbin qaldırıldığı tarixə, yəni xx.xx.2020-ci il tarixə hesablanmış 1050 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 600 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 5000 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 2100 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh xxxkredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh xxx 5000 manat məbləğində əsas borc, 600 manat məbləğində faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 5650 manat məbləğində pul tutularaq iddiaçı xxxna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 9,20 manat (doqquz manat iyirmi qəpik) hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20,80 manat (iyirmi manat səksən qəpik) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xxx 5000 (beş min) manat məbləğində əsas borc, 600 (altı yüz) manat məbləğində faiz borcu, 50 (əlli) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,80 manat (iyirmi manat səksən qəpik) olmaqla, cəmi 5670,80 manat (beş min altı yüz yetmiş manat səksən qəpik) məbləğində pul iddiaçı xxx xeyrinə tutulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 9,20 manat (doqquz manat iyirmi qəpik) hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar