Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-77/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17263,59 manat əsas borc və 961,97 manat faiz borcu olmaqla, cəmi 18225,56 manat kredit borcunun və ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış 19 avqust 2022 il tariхli, 108876-314796/2 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 6 ay müddətinə, illik 17% dərəcəsi ilə 25000 (iyirmi beş min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər- Cavabdeh1 arasında 19 avqust 2022 il tariхli, 108876-314796/2 nömrəli və Cavabdeh3 arasında 19 avqust 2022 il tariхli, 108876-314796/2/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 30 oktyabr 2023-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 17263,59 manat əsas borc və 961,97 manat faiz borcu olmaqla, cəmi 18225,56 (on səkkiz min iki yüziyirmi beş əlli altı) manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində Bankın nünayəndəsi iştirak etmiş, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 isə iştirak etməmişlər. Bunun nəticəsi olaraq, mediasiya təşkilatı tərəfindən 14 noyabr 2023-cü il tarixli, MŞB/18-01523 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 210 manat məbləğində xidmət haqqı ödənilmişdir. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 19 avqust 2022 il tariхli, 108876-314796/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. İİİ.Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. İddiaçı və Cavabdeh2 arasında bağlanmış arasında 19 avqust 2022-ci il tariхli, 108876-314796/2 nömrəli krеdit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək illik 23 % olmaqla 25000 manat məbləğində kredit verilmişdir.
6. İddiaçı ilə Cavabdeh1 arasında 19 avqust 2022 il tariхli, 108876-314796/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
7. İddiaçı ilə Cavabdeh3 arasında 19 avqust 2022 il tariхli, 108876-314796/2/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
8. Müqavilənin 4.2-ci bəndinə görə zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsauliyyət daşıyır.
9. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə 19 avqust 2022-ci il tariхli, 108876-314796/2 nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka 17263,59 manat əsas borc və 961,97 manat faiz borcu olmaqla, cəmi 18225,56 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 253 gün təşkil edir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2954 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə 19 avqust 2022-ci il tariхli, 108876-314796/2 nömrəli krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan əsas borcu 15086,91 manat, faiz borcu 420,34 manat təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7995 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə 19 avqust 2022-ci il tariхli, 108876-314796/2 nömrəli krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) olan əsas borcu 25000 manat, faiz borcu 354,15 manat təşkil edir.
12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
16. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh2 MMC-yə iddiaçı ilə bağladığı 19 avqust 2022-ci il tariхli, 108876-314796/2 nömrəli krеdit xətti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək illik 23 % olmaqla 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında müvafiq olaraq 19 avqust 2022 il tariхli, 108876-314796/2 nömrəli və 19 avqust 2022 il tariхli, 108876-314796/2/1 nömrəli zaminlik müqavilələri bağlanmış, cavabdehlər kredit müqaviləsinin icrası üçün bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Cavabdeh2 MMC krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
20. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehlərdən tutulacaq borc məbləğləri ekspert rəylərinə uyğun olaraq müəyyən edilməlidir.
21. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 15086,91 manat əsas borc və 354,15 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən çəkilmiş 210 manat mediasiyaya dair xərc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat (100 manat+100 manat) təşkil edir.
25. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 150 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada, 50 manat ekspertiza xərci isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə (müştərək) qaydada 15086,91 manat əsas borc, 354,15 manat faiz borcu, 210 manat mediasiyaya dair xərc, ümumilikdə 15651,06 (on beş min altı yüz əlli bir manat altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci İddiaçı ASCdən, 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova