Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7705/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ERS-25-2025-02 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə ƏDV daxil 30.027 AZN (otuz min iyirmi yeddi) manat borcunun, 300 AZN hüquqi xidmətə görə məruz qaldığı əlavə zərərin və 161 AZN əsas iddia üzrə, 18.10 AZN MTT üçün ödənilmiş dövlət rüsumu xərcinin tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli, ERS-25-202502 saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcarəyə verən İddiaçı MMC İcarəçi "xxxx" MMC-ə həmin müqavilənin 3 əlavəsi ilə razılaşdırılmış qaydada nəzərdə tutulan Diesel Telehandler JLG 4017 RS model texnika İcarəçi tərəfindən icarəyə vermişdir. İddiaçı – İcarəyə verən İddiaçı MMC cavabdehə indiyədək özünə məxsus texnikaları ümumi dəyəri ƏDV daxil 32.000.37 AZN dəyərində icarə xidmətləri həyata keçirtmişdir. Cavabdeh MMC göstərilmiş xidmətlər qarşılığında indiyədək iddiaçıya xx.xx.2025-ci il tarixdə 750 AZN əsas, xx.xx.2025-ci il tarixdə isə 1260 AZN ƏDV olmaqla 2010 AZN ödəniş etmişdir. Lakin cari maliyyə məlumatlarına əsasən cavabdehin göstərilmiş icarə xidmətlərinə görə 26.400 əsas, 3627 AZN ƏDV olmaqla, cəmi 30.027 AZN borcu yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı da bunu təsdiq edir. Cavabdehin yaranmış borc barədə xx.xx.2025-ci il tarixdə həm elektron məhkəmə, həm də DVX kabineti vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu aldıqdan sonra cavabdeh adından nümayəndəsi zəng edərək ən qısa zamanda borcun ödəniləcəyi vədini vermişdir. Bu səbəbdən pretenziyada göstərilmiş müddət tamam olna kimi iddiaçı işi dərhal məhkəməyə verməmişdir. Lakin bir neçə gün keçdikdən sonra cavabdehlə əlaqə yaradıb borcun nə zaman ödəniləcəyi soruşulduqda cavabdeh bu dəfə borca dair sonuncu aktı da tərtib edib rəsmi qaydada onlara göndərilməsini istəmişdir. Cavabdehin bu dəfəki istəyi də nəzərə alınaraq 22 İyul 2025-ci il tarixdə borca dair məktubal birlikdə 01.07.25-cil tarixli üzləşmə aktı də tərtib edilib yenə DVX kabineti vasitəsilə qarşı tərəfə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən bu dəfə sonuncu tərtib edilmiş akt imzalanmamış və bunun səbəbləri barədə bizə heç bir məlumat verilməmişdir. Sonuncu aktı da təqdim etdikdən sonra cavabdehin nümayəndəsi ilə əlaqə zamanı üzləşmə aktını aldıqlarını imzalayıb möhürlə təsdiq edib ən qısa zamanda borcun ödəniləcəyi vədi təkrar verilmişdir. Lakin sonuncu aktdan sonra da bir neçə dəfə borcun ödəniləcəyi maraqlanmaq üçün zənglər edilməsinə baxmayaraq hər dəfəsində cavabdeh qeyri-müəyyən tarixlər vəd edərək borcu guya bağlayacaqlarını bildirmişlər. Beləliklə cavabdehin artıq zamanı uzatmaqla borc öhdəliyindən yayınmaq niyyəti barədə tam əmin olduğumuz üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Onu da qeyd edirik ki, cavabdehin xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10266334 №-li qaimə üzrə qalıq borc 6250 AZN, xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10386163 nömrəli elektron qaimə üzrə tam borc 8850 AZN, xx.xx.2025ci il tarixli, MT2506 seriyalı, 10355387 seriyalı elektron qaimə üzrə tam borc 7965 AZN və xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 11737214 nömrəli elektron qaimə üzrə də tam borc 6962 AZN olmaqla, cəmi ƏDV daxil 30.027 AZN borcu formalaşmışdır. Həmin qaimələrin hamısı elektron vergi sistemi üzərindən təsdiq edilmişdir. İddia ilə məhkəməyə müraciət edilən ana qədər təqdim edilmiş qaimələrə dair cavabdehdən indiyədək onların geri düzəlişə, ya da imtina əsası ilə geri qaytarılmasına dair müraciəti olmamışdır. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə xidmət haqqı və borc öhdəliyi mübahisə edilmir. Vurulmuş qaimələrə dair müvafiq sübut DVX-nin vergi kabinetindən ekran çıxarışı şəklində ərizəyə əlavə olunur. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 13-cü bəndində əsasən “bu icarə müqaviləsi ilə əlaqədar meydana gələn bütün münaqişələr İcarəçi ilə İcarəyə verən arasında əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir ” qaydası kimi göstərilmişdir. Bir daha bildiririk ki, pretenziya məktubundan sonra cavabdehin rəhbərliyi borcu tam ödəyib bağlaması üçün şirkətimizin rəhbərliyinə bir ay daha vaxt verməsini istəmişdir. Bunu nəzərə alaraq tərtib edilmiş iddia ərizəsi və digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləkilə, avqust ayının sonuna qədər cavabdehə borcunu ödəyib tam bağlaması üçün əlavə möhlət verilmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməmiş və bunun səbəbləri barədə şirkətimizə heç bir mücariət ünvanlandırmamış və əlavə möhlət istəməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən “İcarəçi icarə haqqını aylıq əsasla elektron qaimə faktura təqdim edildiyi tarixdən 15 (on beş) təqvimgünü ərzində İcarəyə verənin müvafiq bank hesabına köçürür”. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Sonuncu elektron qaimə ”22”.07.2025-ci il tarixdə cavabdehə göndərilsə də cavabdeh ödənişlə bağlı sonuncu qaimə də daxil olmaqla müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir, əsassız olaraq ödəniş etməkdən imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cavabdehin indiyədək müqavilə öhdəliyi üzrə iddiaçıya ödəmədəyi istər əsas və ƏDV borcu, istərsə də buna görə müqaviləyə istinad edərək tələb olunan cərimə məbləği birbaşa olaraq iddiaçının xüsusi mülkiyyətini təşkil etdiyindən Konstitusiya ilə qorunan həmin maddənin təsiri altına düşür.
3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16400 manat əsas, 2952 manat ƏDV borcu və digər bundan irəli gələn xərclərin tam təmin edilməsi barədə yekun məhkəmə akt qəbul olunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə verib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında imzalanmış xx.xx.2025-ci il tarixli ERS-25-2025-02 nömrəli Daşınar Əmlakın İcarə Müqaviləsinə əsasən İcarəyə verən, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan və icarəyə verilməsinə hüququ olan avadanlığı (və ya avadanlıqları) bu icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq İcarəçiyə icarəyə verməyi və İcarəçi isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən İcarəyə verəndən icarəyə götürmək barədə razılığa gəlirlər.
8. Müqavilənin 3-cü bəndinə əsasən icarəçi icarəyə götürülən avadanlıqlardan yalnız təyinatı üzrə-qaldırıcılardan qaldırıcı kimi, yükləyicilərdən isə yüklərin yüklənməsi və ya boşaldılması, məqsədilə istifadə edəcək. Avadanlıqları İcarəçinin yalnız müvafiq sürücülük vəsiqəsi, təcrübəsi olan (1 il) avadanlıqlardan istifadə zamanı təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına görə müvafiq qaydada təlimatlandırılmış sürücüsü idarə edə bilər. Sürücünün həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq sənədləri "İcarəçi" "İcarəyə verən"ə təqdim etməli və "İcarəyə verən"nin razılığından sonra avadanlığı sürücüsünə təhkim etməlidir. Avadanlıqdan istifadə qaydalarının yerinə yetirilməsinə görə İcarəçi birbaşa tam həcmdə məsuliyyət daşıyır. İcarəyə verən icarə müddəti ərzində icarəçinin avadanlıqlarından bu müqaviləyə müvafiq olaraq istifadə olunmasına nəzarət etmək hüququna malikdir. Avadanlığa istifadə zamanı icarəçinin səhvi ucbatından hər hansısa zərər (zədə) dəyərsə təmir xərci, ehtiyyat hissələri, icarəyə verənin texniki işçilərinin ezamiyyə haqları, digər bu kimi əlaqəli xərclərə görə hesablanmış məbləği eləcə də avadanlığın təmiri zamanı işləmədiyi vaxta görə hesablanmış icarə haqqını icarəçi öz öhdəsinə götürür. Qeyd olunan xərcləri İcarəçi elektron qaimə-faktura təqdim edildiyi tarixdən 5 (beş) təqvim günü ərzində "İcarəyə verən"in nüvafıq bank hesabına köçürməlidir.
9. ERS-25-2025-02 saylı müqaviləyə 1 nömrəli Əlavənin “tariflər” adlı başlığının məzmunundan görünür ki, tariflər bir növbəli iş rejimi (ayda 26 iş günü, gündə 10 saat (08:00 - 18:00)) üçün nəzərdə tutulub, Standart nəzərdə tutulmuş saatdan artıq işlədilən əlavə saatlar aylıq tarifə əsasən hesablanıb hesab fakturaya əlavə olunacaq. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. ERS-25-2025-02 saylı müqaviləyə xx.xx.2025-ci il tarixli, 2 nömrəli Əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər bu müqaviləni xx.xx.2025 tarixinədək baglayır. Əgər müqavilə bitdikdən 10 (on) təqvim günü ərzində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin xitam verilməsinə dair bildiriş göndərilməzsə müqavilə daha 1 (bir) il uzadılmış olur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. ERS-25-2025-02 saylı müqaviləyə xx.xx.2025-ci il tarixli, 3 nömrəli Əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 ədəd aylıq icarə haqqı 6500 manat olan Diesel Telehandler JLG 4017 RS (1**-FY-***) icarəyə verilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2507 11737214 nömrəli 6962 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2504 10266334 nömrəli 7375 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2506 10355387 nömrəli 7965 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10386163 nömrəli 8850 manat məbləğində və 885 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.
13. 01.04.2025-ci il tarixli, 4216 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 7375 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2025-ci ilin mart ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2025-ci il tarixli, 4273 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 8850 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2025-ci ilin aprel ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. 02.06.2025-ci il tarixli, 4313 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 7965 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2025-ci ilin may ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. 01.07.2025-ci il tarixli, 4346 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 6962 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2025-ci ilin iyun ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ERS-25-2025-02 saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə 750 manat vəsait ödənilmişdir.
18. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1260 manat ədv köçürməsi aparılmışdır.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********119928 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ədv sub-uçot hesabına 675 manat ədv köçürülməsi aparılmışdır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MVvx8XH1 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ERS-25-2025-02 saylı müqaviləyə əsasən 10000 manat vəsait ödənilmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli ERS-25-2025-02 nömrəli Daşınar Əmlakın İcarə Müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilənin əlavəsi üzrə razılaşdırılmış texnika cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 32037 manat icarə haqqı borcundan ümumilikdə 12685 manat vəsait ödənilmiş, qalıq 16400 manat əsas borc, 2952 manat ƏDV borcu ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə əsas və ədv borcunu cavabdehdən tələb etməklə haqlıdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16400 manat əsas borc, 2952 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 300 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Belə ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 161 manat dövlət rüsumu, 18,10 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16400 manat əsas borc, 2952 manat ƏDV, 300 manat hüquqi yardıma görə xərc, 161 manat dövlət rüsumu, 18,10 manat müvəqqəti təminat tədbirinin verilməsinə dair dövlət rüsumu, ümumilikdə 19831,10 (on doqquz min səkkiz yüz otuz bir manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X2