Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7711/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan X5 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X11 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə iddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı X7 iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 2001-ci ildə X4 adına tərtib edilmiş ödəniş qəbzləri əsasında formalaşdırılmış borc məbləğinin ləğv edilməsi və X5 adına qeydə alınmış 140 848.93 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 balansında 140 848,93 manat məbləğində elektrik enerjisi borcu qeydə alınmışdır. Bu borc təhsil müəssisəsinin faktiki enerji sərfiyyatını əks etdirmir və müəssisənin belə yüksək enerji sərfiyyatı mümkün deyil. Peşə liseyi 1968-ci ildən fəaliyyət göstərir. Lakin 2001-ci ildən etibarən elektrik enerjisi sərfiyyatı üzrə borc məbləğində kəskin artım müşahidə olunmuşdur. Həmin ildən başlayaraq qeydə alınan borcun məbləği əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmiş və bu artım müəssisənin real enerji sərfiyyatı ilə uyğunluq təşkil etməmişdir. Qeyd edilməlidir ki, bir tədris müəssisəsinin bu qədər yüksək elektrik enerjisi sərf etməsi texniki və real baxımdan mümkün deyil. Müvafiq müqayisələr və əvvəlki illərin sərfiyyat göstəriciləri əsasında aydın olur ki, qeyd olunan borcun əhəmiyyətli hissəsi litseyin istifadəsindən kənardır. Bu məsələ ilə bağlı X8 tərəfindən 08 may 2025-ci il tarixində "xxxx" ASC-yə 48 nömrəli rəsmi məktub ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq "xxxx" ASC tərəfindən borcun detallarını əks etdirən 2001–2025-ci illər üzrə elektrik enerjisindən istifadəyə görə üzləşmə aktları təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq qeyd etmişdir ki, məktəblərin birləşməsi məsələsi zamanı borc barədə məlumatları olmuşdur. 140848,93 manat məbləğində borc 1 il ərzində hesablanan, 2001-2002 dövrü əhatə edən borcdur. Bildirişlər üzrə tələb olunan borcu hər ay (800, 900, 1000 manat) ödəmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddianı qəbul etmirlər, borcköhnə dövrə aiddir, borc məbləğinin yeni və ya köhnə manatla olması barədə məlumatı yoxdur, çox güman ki, həmin dövrə aid olduğu üçün köhnə manatla yazılmış borc məbləğidir, sırf sərfiyyat borcudur, hər hansı akt əsasında yaranmamışdır, borc 2001-2009-cu illəri əhatə edir. Məhkəmənin suallarına cavab olaraq "xxxx" ASC-nin dövründə yaranan borc olduğu üçün ümumi məbləğlərdən həmin borcu tələb olunmayan borc kimi ayırdıqlarını, bildirişlər üzrə həmin borcu tələb etmədiklərini, borc məbləğinin abonent saldosunda əks olunduğunu, bir neçə uçot nöqtəsinin olduğunu, hər uçot nöqtəsi üzrə sərfiyyatın fərqli olduğunu, sərfiyyatın bir abonent saldosunda birləşdiyini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Tarixi olmayan, tərəflərin imzaları ilə təsdiq olunmayan, yalnız "xxxx" ASC-nin Xəzər rayonu Enerji Təchizatı və Satışı İdarəsinin möhürü ilə təsdiq olunmuş “elektrik enerjisindən istifadəyə görə üzləşmə aktı”ndan görünür ki, X6 2001-2002 dövr üzrə 140848,93 manat borc hesablanmışdır. X4 (03/03-016 saylı) abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadəyə görə BŞEŞ dövründə sayğac göstəricilərinə əsasən 77.173,964080 manat, Cavabdeh ASC dövründə aktlar əsasında 138.183,238000 və 15.545,781524 manat məbləğində borc hesablanmış, BŞEŞ dövründə 2.665.695800 manat, Cavabdeh ASC dövründə 92.719,756200 manat ödənişlər olmuş, qalıq borc 140848,93 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 2001-2002 dövr üzrə 140848,93 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş hesab-fakturalarda (bildirişlərdə) onun əvvəlki illər üzrə 140848,93 manat borcu olduğu qeyd edilməmişdir. Lakin sonradan məktəblərin birləşməsi zamanı bu borc iddiaçıya məlum olmuş, cavabdeh sonradan tarixi olmayan, tərəflərin imzaları ilə təsdiq olunmayan, yalnız "xxxx" ASC-nin Xəzər rayonu Enerji Təchizatı və Satışı İdarəsinin möhürü ilə təsdiq olunmuş “elektrik enerjisindən istifadəyə görə üzləşmə akt”larını iddiaçıya təqdim etmiş və həmin aktlarda 2001-2002-ci illər üzrə həmin 140848,93 manat borc qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən hesablaşma dövrünün bir ay qəbul olunduğunu, cavabdeh "xxxx" ASC tərəfindən son dövrlər üzrə iddiaçıya təqdim edilən hesabatlarda 2001-2002 dövr üzrə hesablanmış 140848,93 manat məbləğində borc məbləğinin tələb edilmədiyini, iddiaçının hər ay hesabfakturada qeyd olunan məbləği ödədiyini, 140848,93 manat məbləğində borcun necə hesablandığının qeyri-müəyyən olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini cavabdeh tələb edə bilməz. Nəzərə alınsa ki, iddiaçı təhsil müəssisəsi olaraq uzun illərdir fəaliyyət göstərir, cavabdeh daim müəssisəni elektrik enerjisi ilə təmin etmiş, bu müddət ərzində mübahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdən-birə iddiaçıdan tələb edilməsi sual doğurur ki, bu borc necə yaranmış, nə üçün indiyə qədər iddiaçıdan tələb edilməmiş, hesab-fakturalarda qeyd olunmamışdır. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini məntiqli şəkildə izah edə və əsaslandıra bilməmiş, həmçinin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız abonent saldosuna istinad etmişdir. Hansı ki, həmin saldo cavabdeh tərəfindən hazırlanır və orada da borcun sərfiyyat üzrə və ya başqa əsasla yaranması, köhnə və ya yeni manatla hesablanması göstərilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi borcun 2001- 2009-cu illəri əhatə etdiyi üçün köhnə manatla yazılmış borc məbləği olduğunu bildirmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 140848,93 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 140848,93 manat borc silinməlidir. Həmçinin hesab edirəm ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən, iddia qiymətinə (140848,93 manat) uyğun ödənilməli olan 430,85 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən X4 abunə kodu üzrə hesablanmış 140848 (bir yüz qırx min səkkiz yüz qırx səkkiz) manat 93 (doxsan üç) qəpik məbləğində borc silinsin. İş üzrə dövlət rüsumunun əvəzi olaraq 430 (dörd yüz otuz) manat 85 (səksən beş) qəpik məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7711/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7711/2025
13.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver