Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7729/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi, dəymiş zərər Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1-ci bəndinə əsasən, icarəyə verən (iddiaçı) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv.m olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: icarəyə verən (16 kv.m) icarəçiyə (cavabdehə) xeyriyyə fonu məqsədi ilə icarəyə verir 1.2. 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 1.3. 4-cü bəndinə əsasən, İcarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 200 manat icarə haqqı ödəyir. 1.4. 8-ci bəndinə əsasən, icarəçi(lər) icarəyə verən(lər)in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
2. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02-142/24 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9089,85 manat məbləğində müəyyən edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a)İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı cavabdehdən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv/m olan 49 saylı mənzilə vurulmuş 9419,85 manat pulun tutularaq ona ödənilməsi barədə sonradan dəqiqləşdirməklə (xx.xx.2025) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv/m olan 49 saylı mənzil (bundan sonra – İcarə obyekti) iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının cavabdehlə arasında xx.xx.2023-cü il tarixdə İcarə obyekti barədə 1 (bir) illik icarə müqaviləsi bağlanıb. Həmin müqaviənin 8-cü bəndinə əsasən “icarəçi" İcarəyə verən"-nin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Lakin buna baxmayaraq icarəçi icarəverənin razlığı və xəbəri olmadan mənzil daxilində struktur dəyişiklikləri edib. 2024-cü ilin oktyabrın 26-27-də məlum olur ki, cavabdehi xəbərdarlıq etmədən, növbətiayın icarə haqqını vermədən işi dayandırıb. Sonra mənzilin qapısın sındıraraq otağa daxil olub, onlara və özlərinə məxsus əşyaları götürüb. Bu faktla bağlı Nəsmi rayon Pois İdarəsində araşdırma aparılır. "xxxx" MMC tərəfindən aparılan tətqiqqat zamanı məlum olub ki, qeyri-yaşayış sahəsinin divarları və tavanını boya ilə rənglənmiş, döşəməsi parket olmuş üzərinə laminat düzülmüş, sanitar qovşağının döşəməsinə metlax, divarlarına kafel, tavanına lambrin vurulması müşahidə olunmuşdur. İcarə obyektin mülkiyyətçisinin bildirdiyinə görə və baxış zamanı müəyyən olunmuş 2,4,5,6 saylı otaqların daxili arakəsmələri alçipan ilə sonradan istifadəçi tərəfindən yaradılmış, döşəməyə laminat düzülmüş, 3 və 5 saylı otaqların dekor gips künclüklər sökülmüş, 2 sanitar qovşağının kafelin üzərində dəliklər açılmışdır. Həmçinin sanitar qovşağında olan cakiziya vanna sökülmüdür. "xxxx" MMC-nin 07 noyabr 2024-cü il tarixli 02-142/24 saylı mütəxəssis rəyinin nəticə hissəsində deyilir: “ünvan 1 ünvanında yerləşən yaşayış binasının birinci mətəbəsində yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün aparılmalı təmir-tikinti işlərinə təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 9089,85 manat məbləğində olması müəyyən olunur.” b)İddiaya qarşı etirazın dəlilləri
5. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb tamamilə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində açıq şəkildə icarəyə verənin razılığı ilə icarəyə götürülmüş sahədə təmir və tikinti işlərinin həyata keçirilə biləcəyi qeyd edilmişdir. Müqavilənin həmin bəndində razılığın mütləq şəkildə yazılı formada verilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığından, hüquqi baxımdan həm yazılı, həm də şifahi razılıq mümkündür. Hazırda məhkəməyə təqdim etdiyimiz səsli mesajlardan da aydın şəkildə görünür ki, iddiaçı tərəf təmir işlərinin aparılmasına öz razılığını bildirmişdir. Hətta, həmin səs yazılarında iddiaçı “oranın natəmiz vəziyyətdə olduğunu” xüsusi vurğulayaraq təmirə ehtiyac olduğunu özü qeyd edir. Bununla belə, iddia ərizəsində tam əks mövqe tutularaq guya əvvəlki vəziyyətinə qaytarmaq üçün əlavə tikinti və təmir işlərinin tələb olunduğu göstərilir. Lakin “əvvəlki vəziyyətin” konkret olaraq nədən ibarət olduğu və hansı səbəbdən hazırkı vəziyyətdən daha yaxşı hesab edildiyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Tərəflər arasında icarə münasibətləri yaranan dövrdə bütün danışıqlar “WhatsApp” vasitəsilə aparılmışdır. İddiaçı öz əşyalarının götürülməsi üçün nümayəndə göndəriləcəyini bildirmişdir. Daha sonra icarə haqqının artırılması ilə bağlı cavabdeh icarəyə götürülmüş sahəni təhvil vermişdir. Bununla belə, 2024-cü ilin noyabr ayına aid icarə haqqı tam şəkildə ödənilmişdir. İddiaçı həmin dövrdə obyektə gələrək açarın birini cavabdehdən təhvil almış, lakin cavabdehin əşyalarını çıxarmağa imkan verməmiş və növbəti ay üçün də icarə haqqının ödənilməli olduğunu bildirmişdir. Bundan sonra cavabdeh onlarda olan digər açarla sahəyə daxil olaraq öz əşyalarını çıxarmışdır. İddia ərizəsində qeyd olunduğu kimi qapının sındırılması və ya hər hansı zor tətbiqi faktı baş verməmişdir. Bu məsələ ilə bağlı İddiaçı polisə müraciət etsə də, Nəsimi RPİ tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur ki, bu da həmin faktın əsassızlığını bir daha təsdiq edir. Cavabdeh tərəfindən aparılan bütün təmir işləri yalnız və yalnız icarəyə götürülən sahənin vəziyyətinin yaxşılaşdırılması məqsədi daşımışdır. Mövcud vəziyyət isə hətta iddiaçıya həmin sahəni daha yüksək məbləğə icarəyə vermək imkanı yaradır. Əgər yenə də iddiaçı əvvəlki vəziyyətin bərpası barədə israrlı olarsa, cavabdeh heç bir əlavə xərclə və zərər vurmadan həmin vəziyyəti bərpa etməyə hazır olduğunu bildirir. Tələb edilən məbləğ isə heç bir halda reallığı əks etdirmir. Cavabdeh tərəfindən iddiaçıya heç bir zərəri vurulmamışdır ki, zərər ödəsin.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
6. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək yazılı izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin:
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
14. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
17. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə tərəflərinvəkili və nümayəndələrinin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.
23. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Mülki Məcəllənin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gələn əsaslarla yəni əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
25. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Bu münasibətlər çərçivəsində İcarə obyekti iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş, sonuncu İcarə obyektindən 2024-cü ilin noyabr ayı da daxcil olmaqla istifadə etmiş, həmçinin İcarə obyektində müəyyən təmir işləri yerinə yetirmişdir. Tərəflər arasındakı mövcud mübahisə də məhz, yerinə yetirilmiş təmir işləri nəticəsində İcarə obyektinə dəymiş zərərlə bağlı yaranmışdır.
26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir iddia tələbinin əsaslılığına hüquqi qiymət verilərkən ilk addım olaraq iki məsələ mütləq yoxlanılmalıdır: iddiçının iddia irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması və iddianın qanunla müəyyən edilmiş müddət ərzində irəli sürülməsi, yaxud bəzi kateqoriya iddialar üzrə bu hüquqdan qanunla müəyyən edilmiş müddət ərzində istifadə edilib-edilməməsi. Qeyd edilən həmin məsələlərin yoxlanılması isə ona görə vacibdir ki, onlardan hər hansı birinin mövcud olması, prosessual qənaət prinsipi baxımından iddia tələbinin araşdırılaraq mahiyyəti üzrə qiymət verilməsi yükündən məhkəməni azad edir.
27. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir, belə ki, onun İcarə obyektinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.
28. İddiaçının iddia qaldırmaq hüququndan qanunla müəyyən edilmiş müddət ərzində istifadə etməsi məsələsinə gəldikdə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndindən görünür ki, icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, lakin onun bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikləri halda daha 1 il müddətinə uzadılmış hesab edilimişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, ilk icarə müddəti başa çatsa da, tərəflər arasında icarə münasibəti 2024-cü ilin oktyabr ayının sonuna qədər davam etmiş və həmin vaxt İcarə obyekti iddiaçıya qaytarılmışdır. Bundan sonra, iddiaçı cavabdehin İcarə obyektini istifadə etdiyi müddətdə orada təmir işləri aparması nəticəsində obyektə zərər vurulmasını hesab edərək edərək mütəxəssisə müraciət etmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-142/24 saylı mütəxəssis rəyinə görə İcarə obyektinə 9089,85 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
29. Halbuki, Mülki Məcəllənin 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır.
30. Qeyd edilən müddəanın mənasından da görünür ki, qanun kirayəyə (icarəyə) verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə kirayəçiyə qarşı iddia qaldırmaq hüququnu 6 aylıq müddətlə məhdudlaşdırmışdır ki, həmin müddət kəsici müddət hesab olunur.
31. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
32. Beləliklə şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulması hələ ona 2024-cü ilin oktyabr ayının sonlarından məlum olsa da, cavabdeh tərəfindən İcarə obyektinə zərər dəyməsini hesab etməsinə etməsinə, hətta bununla bağlı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi almasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində (6 ay) iddia qaldırmaq hüququndan istifadə etməmişdir. Odur ki, iddia təmin edilə bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı