Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-775/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zərər, əsas borca illik 5% ilə hesablanan məbləğ) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X14 Azərbaycan” QSC) cavabdehlər Cavabdeh4 (bundan sonra Cavabdeh4 MMC), Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2013-cü il tarixli 92304/1 saylı kredit müqaviləsi üzrə 349798,15 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 51843,55 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh1, 29 avqust 2014-cü il tarixli 92304/3 saylı kredit müqaviləsi üzrə 508834,73 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 64179,66 manat pulun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,31 manat pulun cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq İiddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. “X14 Azərbaycan” QSC ilə Cavabdeh4 MMC arasında 22 fevral 2013-cü il tarixli, 92304/1 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi ilə cavabdehə 120 ay müddətinə 274500 manat məbləğində kredit xətti açılmış, 30 yanvar 2013-cü il tarixli sazişlə kredit xəttinin məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Həmin kredit xətti çərçivəsində bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 10 nömrəli kredit sazişi ilə bank tərəfindən Cavabdeh4 MMC-yə 6 ay müddətinə, illik 15% olmaqla 229680 ABŞ dolları məbləğində, 04 dekabr 2014-cü il tarixli, 11 nömrəli kredit sazişi ilə 6 ay müddətinə, illik 15% olmaqla 65580 ABŞ dolları məbləğində, 19 dekabr 2014-cü il tarixli, 12 nömrəli kredit sazişi ilə 6 ay müddətinə, illik 15% olmaqla 168200 ABŞ dolları məbləğində kredit verilmişdir. 2.2. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq X6 22 fevral 2013-cü tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evini ipoteka ilə yüklü etmiş, eyni zamanda kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1 arasında 22 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2.3. 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi ilə iddiaçı tərəfindən Cavabdeh4 MMC-yə 36 ay müddətinə, illik 13% ödəmək şərti ilə 600000 manat məbləğində kredit verilmişdir. 2.4. Həmin kredit müqaviləsinin təminatı olaraq X7 29 aprel 2014-cü tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 7 yerləşən əmlak kompleksini, X3 27 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etmişlər. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə arasında 29 avqust 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2.5. Bank müqavilələr üzrə öz öhdəliklərini tam icra еtsə də, cavabdeh müqavilələrin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmiş, öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən iddiaçıya külli miqdarda maddi zərər dəymişdir. 2.6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-105/2019 saylı qətnaməsinə əsasən Cavabdeh4 MMC və Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 92304/1 saylı kredit xətti müqaviləsi üzrə cəmi 340432.50 959.86 ABŞ dolları (qətnamədə göstərildiyi kimi) əsas borc, 27527 ABŞ dolları faiz borcu, 2752 ABŞ dolları cərimə borcu, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 526587,39 manat əsas borc, 40005,10 manat faiz borcu, 4000 manat cərimə borcunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət etmişdir. Bankın verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin etmiş, cavabdeh tərəfindən verilmiş kasassiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qərarı ilə kassasiya şikayətini təmin etmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. 2.7. Cavabdehin xx.xx.2013-cü il tarixli, 92304/1 saylı kredit müqaviləsi üzrə 349798,15 ABŞ dolları, 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 508834,73 manat ödənilməmiş əsas borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmiş, cavabdeh tərəfindən kredit müqavilələri və məhkəmənin yekun aktı üzrə irəli gələn öhdəliklər icra edilməməsi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik 5% tələb etmək hüququ yaranmışdır. 2.8. Tərəflər arasında mübahisəni məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehlərə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. xx.xx.2019-ci il tarixdən 17 noyabr 2023cü il tarixə qədər iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla borc məbləği 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı kredit müqaviləsi üzrə 51843,55 ABŞ dolları, 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 64794,53 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.1, 445.7-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, bankla cavabdehlər arasında razılaşma olduğundan bank icra şöbəsinə müraciət edərək icra sənədinin icra olunmadan qaytarılmasını xahiş etmişdir. 2022-ci ilin noyabr ayınadək ödənişlər edilmiş, daha sonra bank icra şöbəsinə müraciət edərək tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Hər üç ipoteka predmeti banka təklif edilmiş, bank razılıq ərizəsi verərək əmlakları götürmüş, alış qiymətləri borcdan çıxılmışdır. Bundan sonra da ödənişlər edilmiş, lakin borc məbləği tam ödənilməmişdir. Cavabdehlər yenə də borcun qalan hissəsini ödəyəcəyini bildirmiş, tərəflər arasında barışığın mümkünlüyü nəzərə alınaraq bank tərəfindən məcburi icra hərəkətləri ilə bağlı icra şöbəsinə müraciət olunmamış, hazırkı kommersiya mübahisəsinin icraatı gedişində də danışıqlar olmuşdur. Bank hazırkı icraatın gedişi zamanı şifahi şəkildə qərarın icrası üçün icra şöbəsinə müraciət etmişdir.
7. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəmə tərəfindən müəyyən olunan işin halları aşağıdakılardan ibarətdir: - İddiaçı ilə Cavabdeh4 MMC arasında xx.xx.2013-cü il tarixdə 92304/1 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanaraq Cavabdeh4 MMC-yə 120 ay müddətinə 274500 manat məbləğində kredit xətti açılmış, həmin kredit xətti çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 10 nömrəli kredit sazişinə əsasən 6 ay müddətinə, illik 15% olmaqla 229 680 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli, 11 nömrəli kredit sazişinə əsasən 6 ay müddətinə, illik 15% olmaqla 65580 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli, 12 nömrəli kredit sazişinə əsasən 6 ay müddətinə, illik 15% olmaqla 168200 ABŞ dolları məbləğində kredit iddiaçı tərəfindən Cavabdeh4 MMCyə verilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. - İddiaçı ilə Cavabdeh4 MMC arasında xx.xx.2014-cü il tarixdə 92304/3 nömrəli kredit müqaviləsi bağlanaraq 36 ay müddətinə, illik 13% olmaqla 600 000 manat məbləğində kredit ayrılmış, iddiaçı ilə Cavabdeh1, Cavabdeh3, Qanuni nümayəndə arasında bağlanmış 29 avqust 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən sonuncular borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksi, iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzil bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. - İddiaçı “X14 Azərbaycan” QSC cavabdehlər Cavabdeh4 MMC, X3, Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh1, X6 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC və Cavabdeh1 22 fevral 2013-cü il tarixli 92304/1 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 349921.52 ABŞ dolları əsas kredit borcunun, 221752,12 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 63940,50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla cəmi 635614,14 ABŞ dolları məbləğində borcun və 29 avqust 2014-cü il tarixli 92304/3 No-li kredit müqaviləsi üzrəCavabdeh4 MMC, Cavabdeh1, X10 və Qanuni nümayəndə 508834.73 manat əsas kredit borcunun, 277958.77 manat əsas məbləğə hesablanmış faiz borcunun, 28689.24 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 815482.74 manat məbləğində borcun, həmçinin 15.40 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişlərin (pretenziyanın) və ipoteka qoyanlara ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 90 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X14 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, X5 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinə tutma yönəldməklə açıq hərracdan ilkin satış qiyməti 450 000 manata, X4 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 7 yerləşən əmlak kompleksinə tutma yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 530.000 manata, X2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəltməklə açıq hərracdan ilkin satış qiyməti 400.000 manata satılması hesabına kredit borclarının ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borc məbləğin qalan hissəsi borcalan və zaminlərin digər əmlakları hesabına təmin edilməsi (ödənilməsi), ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 709c, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A və ünvan 3 ünvanından çıxarılmaları, bağ və yaşayış evinin, həmçinin əmlak kompleksinin boşaldılması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh X3 qarşılıqlı iddia tələbi üzrə cavabdeh “X14 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahəsindən ibarət olan ünvan 6 ünvanında yerləşən mənzilə tutma yönəlməklə açıq hərracdan ilkin qiymət 400000 manata satılması hesabına kredit borclarının ödənilməsi, həmin mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması hissəsinin rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi, onunla “X14 Azərbaycan” QSC-si arasında bağlanmış 27 sentyabr 2014-cü il tarixli, 92304/3-3 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, 15 mart 2019cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh1 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı kredit xətti müqaviləsi üzrə cəmi 340 432.5 959,86 ABŞ dolları əsas borcun, 27 527 ABŞ dolları faiz borcunun, 2752 ABŞ dolları cərimənin (tutulacaq faiz borcunun 10%), habelə cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, X8, Qanuni nümayəndə 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 526587.39 manat əsas borcun, 40005.10 manat faiz borcunun, 4000 manat cərimənin (tutulacaq faiz borcunun 10%) iddiaçı “X14 Azərbaycan” QSC-nın xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş aşağıdakı əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi, X5 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış qiyməti 450 000 manata müəyyən edilməklə, X4 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 7 yerləşən əmlak kompleksi, ilkin satış qiyməti 530 000 manata müəyyən edilməklə, X2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m. yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzil, ilkin satış qiyməti 450 000 manata müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər X3, X6 və X7 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh1 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 17 sentyabr 2014-cü il tarixli 10 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə əsas borc üzrə 116 018,15 ABŞ dolları, faiz borcu üzrə 2568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118 653,87 ABŞ dolları, 04 dekabr 2014-cü il tarixli 11 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 65 580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69292,59 ABŞ dolları, 19 dekabr 2014-cü il tarixli 12 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 168 200 ABŞ dolları əsas, 10512, 50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180 289,37 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində) habelə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, X10 və Qanuni nümayəndə 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 508834,73 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə olmaqla, cəmi 689168,08 manat pulun iddiaçı “X14 Azərbaycan” QSC-nın xeyrinə tutulması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfində ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, X10 və Qanuni nümayəndə iddiaçı “X14 Azərbaycan” QSC-nın xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş X5 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinə, ilkin satış (likvid) qiyməti 450 000 manat müəyyən edilməklə, X4 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 7 yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530 000 manat müəyyən edilməklə, X2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400 000 manat müəyyən edilməklə əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər X3, X6 və X7 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X1 cavabdeh “X14 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(102)- 2502/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən-kredit müqavilələri üzrə borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi 26 iyul 2021-ci il tarixdə verilmiş icra vərəqəsi əsasında icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş, “X14 Azərbaycan” QSC xx.xx.2021-ci il tarixli ərizə ilə adıçəkilən icra qurumlarına müraciət edərək borclularla müqavilə öhdəlikləri yenidən bərpa edildiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmiş, icra sənədi icra qurumları tərəfindən icra olunmadan geri qaytarılmışdır. - Bakı Apelyasiya Məhkəməsi tərəfindən icra sənədi yenidən icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsi xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Yasamal rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli və Füzuli rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarlarına əsasən icra sənədi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin icraata qəbul edilməsi qərarına əsasən icra sənədi icraata qəbul edilmişdir. - Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç ünvanında yerləşən 28 mənzilin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı xx.xx.2023-cü il tarixli razılıq məktubuna əsasən əmlakı xx.xx.2023cü il tarixdə 255000 manat alış qiyməti ilə əldə etmişdir. - Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 7 yerləşən əmlak kompleksinin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı razılıq məktubuna əsasən əmlakları xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 286875 və 337875 manat alış qiymətləri ilə əldə etmişdir. - xx.xx.2013-cü il tarixli 92304/1 nömrəli kredit xətti müqaviləsinin təminatı qismində çıxış edən ipoteka predmetinin alış qiymətini təşkil edən 286875 manat pul Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin kredit xətti müqaviləsi üzrə tutulması qət olunan 349798,15 ABŞ dolları əsas borc məbləğindən dollar ekvivalenti ilə (286875 manat/1.70=168750 ABŞ dolları) çıxılmış, qalıq 181048,15 ABŞ dolları (349798,15-168750) əsas borc məbləğindən 35294,11 ABŞ dolları məbləğində isə ödəniş edilmişdir. - xx.xx.2014-cü il tarixli 92304/3 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən ipoteka predmetlərinin alış qiymətini təşkil edən 255000 və 337875 manat pulun 378847,95 manat hissəsi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə tutulması qət olunan 508834,73 manat əsas məbləğdən, 165508,43 manat hissəsi faiz məbləğindən, 14824,92 manat hissəsi cərimə məbləğindən çıxılmış, xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə 121109,78 manat məbləğində ödəniş edilmişdir. - Maliyyə arayışına əsasən müəyyən olunur ki, əsas borca illik 5% hesablanmaqla tələb olunan pul məbləği xx.xx.2020 – xx.xx.2023-cü il tarixlərə hesablanmışdır.
12. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca illik 5% hesablanmaqla 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı kredit müqaviləsi üzrə 349798,15 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 51843,55 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh1, 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 508834,73 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 64179,66 manat pulun cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
13. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir, iddiaya etiraz təqdim etmirlər.
14. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
15. Belə ki, Mülki Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
20. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
21. Məhkəmə qeyd edir ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. Mülki Məcəllənin 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.
22. Mülki Məcəllənin 399.3 və 399.4-cü maddələrinin tələblərinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
24. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).
25. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
26. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.
27. Bununla yanaşı, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlə əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir.
28. Həmçinin məhkəmə qeyd edir ki, zərərin həcminə qiymət verilərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edibetməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini Mülki Məcəllənin müvafiq olaraq 21.3 və 425-ci maddələrinin tələbləri kontekstindən də qiymətləndirilməlidir.
29. Bu baxımdan, məhkəmə qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilibtörədilməməsi barədə yekun qənaətə gəlmək üçün icra işinin materiallarını sorğulayaraq iş materiallarına əlavə etmiş və hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən məhkəmə qətnaməsinin icrasını gecikdirəcək və ya ona maneə yaradacaq hər hansı pozuntunun törədildiyi müəyyən edilməmişdir.
30. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı əsas borca illik 5% ilə hesablanan məbləği iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı qətnaməsinin çıxarıldığı xx.xx.2020-ci il tarixdən hesablasa da, nəzərə almamışdır ki, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(102)-2502/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmaqla xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.
31. Məhkəmə qeyd edir ki, qeyd olunan qətnamə 26 iyul 2021-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün müvafiq icra şöbələrinə göndərildikdən qısa müddət sonra- xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə adıçəkilən icra qurumlarına müraciət edərək borclularla müqavilə öhdəlikləri yenidən bərpa edildiyi üçün icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmiş, icra sənədi icra qurumları tərəfindən icra olunmadan geri qaytarılmışdır. Halbuki qeyd olunan müddət ərzində artıq ipoteka predmeti olan əmlakların açıq hərracda satılması üçün müvafiq hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında da təsdiq etmişdir ki, cavabdehlər ödəniş etdiyi və tərəflər arasında razılıq olduğu üçün həmin ərizə ilə müraciət etmişlər. Bundan 1 il müddət sonra iddiaçının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi tərəfindən icra sənədi yenidən icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
32. Beləliklə, müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-652/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi 1 ildən çox müddətdə - 2021-ci ilin avqust ayından 2022-ci ilin sonlarınadək tələbkarın ərizəsi əsasında icrasız qalmışdır.
33. Bakı Apelyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi yenidən icra olunması üçün göndərildikdən sonra Sumqayıt şəhəri üzrə İcra idarəsi və Füzuli rayon icra və probasiya şöbəsi icra sənədini ipoteka predmeti olan əmlakların yerləşdiyi yer üzrə icra orqanı olan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etsə də, ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində icra vərəqəsinin icrasına görə digər icra qurumlarının icraatında olan icra işinin nəticələrini gözləyərək icra hərəkətləri yerinə yetirməmişdir. İpoteka predmetlərinin yerləşdiyi ərazi üzrə icra qurumları olan Bakı şəhəri Binəqədi və Xətai rayon icra şöbələri icra hərəkətlərini yerinə yetirmiş, Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç ünvanında yerləşən 28 mənzilin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı xx.xx.2023-cü il tarixli razılıq məktubuna əsasən əmlakı xx.xx.2023-cü il tarixdə 255000 manat alış qiyməti ilə əldə etmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 7 yerləşən əmlak kompleksinin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı razılıq məktubuna əsasən əmlakları xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 286875 və 337875 manat alış qiymətləri ilə əldə etmişdir.
34. Göründüyü kimi, ipoteka predmetləri açıq hərracdan satılması üçün təqdim olunmuş, icra sənədinin icrası üçün cavabdehlər hər hansı maneəçilik törətməmişlər. Əksində işin müəyyən olunan halları ilə təsdiq olunur ki, məcburi icra tədbirləri həyata keçirilmədən cavabdehlər xx.xx.2013-cü il tarixli 92304/1 nömrəli kredit xətti çərçivəsində verilmiş kreditlər üzrə 35294,11 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 92304/3 nömrəli kredit müqaviləsi üzrə isə 121109,78 manat məbləğində ödənişlər etmişdir. Qeyd olunan ödənişlərin bir hissəsi hələ icra vərəqəsi verilmədən edilmişdir.
35. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi təsdiq etmişdir ki, ipoteka predmeti əldə edildikdən və iddia ərizəsi ilə məhkəmə müraciət edildikdən sonra da tərəflər arasında müəyyən razılıq olduğundan məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün icra qurumlarına müraciət etməmişlər. Məhkəmə icraatının gedişi zamanı şifahi qaydada müraciət etmişlər.
36. Qeyd olunanlara əsasən aydın olur ki, ipoteka qoyulmuş əmlakın sahibi zərərin yaranmasına və artmasına rəvac verməmiş, cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə maneçilik törətməmiş, əksinə tələbkarın ərizəsinə əsasən icra vərəqəsi 1 il icrasız qalmış, bu müddətdə cavabdehlər əsaslı ödənişlər etmiş, icra hərəkətləri başlayanda ipoteka predmeti olan əmlaklar vaxtında təhvil verilmiş, əmlaklar ilkin satış qiymətindən 25% aşağı qiymətlə iddiaçı tərəfindən əldə edilmiş, xx.xx.2014-cü il tarixli 92304/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməsi qət olunan 689168,08 manat borc məbləğinin 680291,08 manat hissəsi ödənilərək həmin hissədə öhdəliklərə xitam verilmiş, digər müqavilə üzrə isə ipoteka predmetinin alış qiyməti və cavabdehlərin ödənişi əsasında bir hissədə öhdəliklərə xitam verilmiş, qalan hissədə tərəflər arasında razılaşma olmuş, iddiaçı cavabdehlərə möhlət vermişdir. Hazırda isə şifahi qaydada icra şöbəsinə müraciət etmişdir.
37. Odur ki, məhkəmə iddianın faktiki əsası kimi istinad olunan halları iş materialları ilə birlikdə araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh4nə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova