Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7755/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqının tutulması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 14 iyun 2024-cü il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilə üzrə 4532,09 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq sonuncunun Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 169 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 260 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli 4928 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 4532,09 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2025-ci il tarixli 3-21-3/2-11753/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddəsi göstərilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin hüquqi ünvanına Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada bildiriş rəsmi qaydada göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) İcarə müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (İcarəyəverən qismində) ilə cavabdeh (İcarəçi qismində) arasında bağlanmış 14 iyun 2024-cü il tarixli 4928 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, “İcarəyə verən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 107 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 169 (registr № ***-*******3-004) ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 260.0 m2 təşkil edən “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X2 balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə “İcarəçi"nin müddətli istifadəsinə verir. (1.1). Bir aylıq icarə haqqı: 1950.0 manatdır. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) - 894.50 (səkkiz yüz doxsan dörd manat 50 qəpik) manat, illik icarə haqqının 50%-i (ƏDV-siz) - 10734.0 (on min yeddi yüz otuz dörd manat) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C), aylıq icarə haqqının 50%- i (ƏDV-ilə) - 1055.50 (bir min əlli beş manat 50 qəpik) manat, illik icarə haqqının 50%-i (ƏDV-ilə) - 12666.05 (on iki min altı yüz altmış altı manat 05 qəpik) manat “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X2 hesablaşma hesabına ödənilməlidir (2.1). Dövlət büdcəsinə ödəniləcək aylıq icarə haqqı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği“nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun olaraq (müəyyən edilən icarə haqqının minimum məbləğindən az olmamaq şərti ilə) tərəflərin razılığı ilə müəyyən edilmişdir (2.2). İcarə müqaviləsinin müddəti: xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək müəyyən edilir (3.1).
11. Məhkəməyə təqdim edilən cavabdehə aid xx.xx.2025-ci il tarixdə alınmış şəxsi hesab vərəqindən görünür ki, 14 iyun 2024-cü il tarixli 4928 nömrəli müqavilə üzrə cəmi 6261,49 manat ödəniş olmuş, xx.xx.2025-ci il tarixə olan borc isə 4532,09 manat təşkil edir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-21-3/2-11753/2025 nömrəli məktubdan görünür ki, cavabdehdən xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə olan 6261,45 manat məbləğində icarə haqqı borcunun 7 iş günü müddətində ödənilməsi tələb edilmişdir.
13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 14 iyun 2024-cü il tarixli 4928 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 169 (registr № ***-*******3-004) ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 260.0 m2 təşkil edən qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixə olan icarə haqqı borcu 4532,09 manat təşkil edir.
14. İddiaçı 14 iyun 2024-cü il tarixli 4928 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək (müqavilənin xitam tarixinin xx.xx.2025-ci il olması nəzərə alınmaqla) hesablanmış 4532,09 manat icarə haqqının ödənilməsini tələb edir.
15. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə izah edilsə də, heç bir etiraz təqdim etmir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
18. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
19. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
20. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
21. Qeyd olunan normaların dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
23. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 14 iyun 2024-cü il tarixli 4928 nömrəli icarə müqaviləsi üzrə 4532,09 manat icarə haqqı cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.14-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (4532,19 manat) uyğun ödənilməli dövlət rüsumu 65,32 manat təşkil edir və iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır.
32. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, dövlət rüsumunun əvəzi olaraq 65,32 manat məbləğində pul cavabdeh "xxxx" MMCqızından tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilə üzrə 4532,09 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ 2C) ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 65,32 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova