Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7756/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X9 ve X10 Ticaret Limited" Şirkətinin cavabdehlər X3 və Cavabdeh1 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Yavuz Yüksel, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X4, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı “X9 ve X10 Ticaret Limited” Şirkətinin cavabdehlər X3 və Cavabdeh1 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla) qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X9 ve X10 Ticaret Limited” Şirkəti (bundan sonra – iddiaçı) cavabdehlər X3 və Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 34391,66 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində X1 məxsus, “X14” MMC-nin istifadəsində olan “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobil “X9 X11 Dış İcaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının adına qeydə alınmış “Mercedes Benz GLS 400D” markalı, **- YU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə 38491,66 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən ziyanın məbləği “Mercedes Benz”in rəsmi distribütörü olan "xxxx" MMC tərəfindən müəyyən olunmuşdur. Həmin ziyanın 5000 manat hissəsi sığorta tərəfindən qarşılanmışdır. Hazırda avtomobilə dəymiş 33491,66 manat maddi ziyan cavabdehlər tərəfindən ödənilmədiyindən avtomobil təmir olunmadan saxlanılmışdır. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə pretenziya gönərilsə də, münasibət bildirilməmişdir.
3. Cavabdeh1 MMC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia hazırki iş üzrə cabdehlərə qarşı verilə bilməz. Əvvəla cavabdehlərdən X3 qanunun tələbinə əsasən “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobillə bağlı “X12” MMC-yə müvafiq etibarnamə vermişdir. Onun baş vermiş hadisə ilə bağlılığı və məsuliyyəti mövcud deyildir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində “X17” markalı, **-FU-*** dövlət nömrə nişanlı avtomobillə “X9 ve X10 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının adına qeydə alınmış “Mercedes Benz GLS 400D” markalı, **-YU-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Ruhan Adilbəyli tərəfindən xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Banqladeş Respublikası vətəndaşı Hossain Samun idarə etdiyi “Kia” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərək Arzu restoranının qarşısındakı işıqfordan sola geriyə dönmə edərək Mərdəkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Mersedes” markalı, ** YU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq Mersedes markalı avtomobilin ona çırpılmasına səbəb olmuşdur. Qərardan o da görünür ki, araşdırma zamanı Banqladeş Respublikasının vətəndaşı Hossain Samun tərcüməçinin iştirakı ilə alınan izahatında göstərmişdir ki, o Azərbaycan Respublikasına öz dostları ilə gəzməyə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Xətai rayonunda yerləşən Rentcardan “Kia” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında icarəyə götürmüşdür. O hadisə baş verən tarixdə dostları ilə birlikdə Şüvəlan qəsəbəsində dənizə gəlmişlər və təxminən saat 18:00 radələrindən onlar naviqator vasitəsi ilə geriyə yaşadıqları Grand hotelinə gedirmişlər. Onlar hərəkətdə olan zaman naviqator sola dönməyi bildirmişdir və o işıqfordan sola dönmüşdür. Elə həmin an qəza baş vermişdir. Dostları Arif və Musa xəsarət almışlar. xx.xx.2024-cü il tarixli qərar ilə, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə, “Kia” markalı ** FU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Banqladeş Respublikası vətəndaşı Hossain Samunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin icra olunması üçün Xəzər RPİ-nin X15 Şöbəsinə göndərilməsinə qərar verilmişdir. Xəzər rayon DYPŞnin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Hossain Samun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlər əsasında da, müəyyən edilir ki, yol-nəqliyyat hadisəsini Banqladeş Respublikasının vətəndaşı Hossain Samun törətmişdir. O, yol-nəqliyyat hadisəsini törətdiyi “Kia” markal, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşınına dair “X12” MMC ilə xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsini bağlamış və ona müvafiq yol vərəqəsi verilmişdir. Yəni o avtomaşını idarə edərkən və yol-nəqliyyat hadisəsini törədərkən avtomaşının qanuni sahibi olmuşdur.
II. Tərəflərin mövqeləri:
1. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Yüksel Yavuz iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Hossain Samunun hazırkı iş üzrə cavabdeh qismində icraata cəlb edilməsinə etiraz etdiyini göstərib verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Hossain Samun nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə etdiyi üçün cavabdehlər dəymiş ziyanla bağlı iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Cavabdeh MMC tərəfindən Hossain Samuna verilmiş yol vərəqəsi etibarnamə hesab edilə bilməz. Belə ki, ö özü də iddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Hossain Samunun yol verdiyi pozuntuya görə cavabdeh MMC məsuliyyət daşıyır.
2. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Hossain Samun nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə etdiyi üçün cavabdehlər dəymiş ziyanla bağlı iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Cavabdeh MMC tərəfindən Hossain Samuna verilmiş yol vərəqəsi etibarnamə hesab edilə bilməz.
3. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi H.Novruzzadə iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77YU269 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçının mülkiyyətindədir.
7. BA141656 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi cavabdeh X2r.
8. Cavabdeh M.Novruzova tərəfindən cavabdeh MMC-yə “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarnamə verilmiş, etibarnaməyə əsasən nəqliyyat vasitəsinə dair səlahiyyətlər başqa şəxsə verilə bilər.
9. “Car Service” Agency ilə Samun Hossain arasında bağlanmış avtomobilin icarə müqaviləsinə görə 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncunun xx.xx.2024-cü il tarixinə qədər icarəsinə verilmişdir.
10. Müqavilənin “avtomobili idarə etmək üçün etibarnamə” adlanan 1.1-ci hissəsində başlanğıc tarixi xx.xx.2024-cü il, avtomobilin idarə edilməsi üçün etibarnamənin son tarixi isə xx.xx.2024-cü il olaraq göstərilmişdir.
11. Cavabdeh1 MMC tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli yol vərəqəsinə əsasən 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək sürücülük hüququ olan Samun Hossain tərəfindən idarə edilməsinə icazə verilmişdir.
12. Xəzər rayonu DYPŞ polis mayoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə Hossain Samun “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
13. Xəzər rayonu DYPŞ polis mayoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə Hossain Samun “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur.
14. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Ruhan Ədilbəyli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara görə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “X17 Minik” markalı 99FU489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Banqladeş vətəndaşı Hossain Samun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın surəti Xəzər RPİ-nin X15 Şöbəsinə göndərilmişdir.
15. Hossian Samun xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Polis İdarəsində tərcüməçinin iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixə “Kia” markalı 99FU489 dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə icarəyə götürmüş, xx.xx.2024-cü il tarixində dostları ilə birlikdə Şüvəlan qəsəbəsində dənizə getmiş, saat 18:00 radələrində qaldıqları otelə getmək üçün naviqator vasitəsi ilə yola çıxmışlar. İşıqfora çatan zaman naviqator sola dönməli olduğunu bildirmiş, o sükanı sola döndərmiş və qəza baş vermişdir.
16. "xxxx" MMC tərəfindən verilmiş Z409/00145 nömrəli ilkin təmir sifarişinə görə, 77YU269 dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki vəziyyətinin bərpası üçün çəkiləcək xərclərin və istifadə ediləcək ehiyyat hissələrinin cəmi məbləği 38491,66 manat təşkil edir.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh M.Novruzovanın mülkiyyətində olan nəqliyyat vasitəsi ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş hadisəyə görə cavabdeh M.Novruzovanın mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş Samun Hossain inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
19. Materiallardan görünür ki, cavabdeh M.Novruzova tərəfindən mülkiyyətində olan 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarnamə (etibarnaməyə əsasən nəqliyyat vasitəsinə dair səlahiyyətlər başqa şəxsə verilə bilər) verilmiş, sonuncu tərəfindən Samun Hossain arasında bağlanmış avtomobilin icarə müqaviləsinə görə 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Samun Hossainin xx.xx.2024-cü il tarixinə qədər icarəsinə verilmiş, habelə cavabdeh MMC tərəfindən Samun Hossainə nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək idarə edilməsi ilə bağlı 31 avqust 2024-cü il tarixli yol vərəqəsi verilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman 99FU489 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Samun Hossainin qanuni sahiblik və istifadəsində olmuş, sonuncu nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
26. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
27. Sadalanan qanun normalarından görünür ki, iddiaçı hazırkı iddia tələbini tələbə cavab verməli olan cavabdehlərə qarşı yönəltməmiş, məhkəmə hazırlıq iclaslarında məhkəmə tərəfindən Samun Hossainin iş üzrə cavabdeh qismində cəlb edilməsi ilə bağlı təkliflərinə iddiaçının nümayəndəsi etiraz etmiş, verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
29. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə verildiyi üçün iddia təmin edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 191 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı "X9 ve X10 Ticaret Limited" Şirkətinin cavabdehlər X3 və Cavabdeh1 MMCyə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 191 (bir yüz doxsan bir) manat dövlət rüsumu iddiaçı "X9 ve X10 Ticaret Limited" Şirkətinin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova