Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-776/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı « qiymətləndirmə hesabatının ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, QXM 3502 nömrəli Qiymətləndirmə hesabatının (rəyinin) ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) 05 may 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Cəmiyyətin nizamnamə kapitalı 1.000 manat həcmindədir və hər biri 10 manat olmaqla 100 paydan ibarətdir. İddiaçı MMC-nin təsisçiləri - iddiaçı Nümayəndə (200 manat/20 pay), "xxxx" MMC (700 manat/70 pay) və Asif Paşayev (100 manat/10 pay) olmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim A.Əliyeva) e-2-2(113)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddiası təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı V.Ələkbərovun xeyrinə 33.800 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin (hakim A.Əliyeva) e-2-2(113)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə mindiyi üçün icraya yönəldilmişdir. Səbail rayon icra şöbəsinin “Təxirəsalınmaz hallarda borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarı əsasında borclu "xxxx" MMC-nin İddiaçı MMC-də olan 70 faiz payının üzərinə həbs qoyulmuş və qiymətləndirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, QXM 3502 nömrəli Qiymətləndirmə hesabatına (rəyinə) əsasən üzərinə həbs qoyulmuş əmlak 700 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli təklif məktubu əsasında üzərinə həbs qoyulmuş 70 faiz təsis payı tələbkar V.Ələkbərova təklif edilmiş və tələbkar həmin əmlakı borcun müvafiq hissəsində qəbul edilməsinə dair razı olmuşdur. Səbail rayon icra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli Qərarı ilə borclu "xxxx" MMC-nin İddiaçı MMC-də olan 70 faiz payının üzərinə qoyulmuş həbsin götürülməsi və borclu "xxxx" MMC-nin İddiaçı MMC-də olan 70 faiz payının tələbkar V.Ələkbərovun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Vergi orqanı sözügedən 70 faiz təsis payının tələbkar V.Ələkbərovun adına sənədləşdirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən heç bir qiymətləndirmə işi aparılmamışdır. Belə ki, "xxxx" MMC-nin İddiaçı MMC-də olan 70 faiz payının nominal (sənəd üzərindəki dəyəri: 1 pay=10 manat) əsas götürülmüşdür. Halbuki İddiaçı MMC tütün istehsalı sahəsində fəaliyyət göstərən bir hüquqi şəxsdir, mülkiyyətində torpaq sahəsi, digər daşınmaz və daşınar əşyalar (tütünqurutma avadanlıqları) vardır. Deməli, payların real (bazar) dəyəri nominal dəyərindən qat-qat artıqdır. Belə olan halda, həmin təsis paylarının nominal dəyərlə tələbkar V.Ələkbərovun adına keçirilməsi qanuni sayıla bilməz Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə hərrac keçirilməmişdir. Belə ki, əmlakın göstərilən qiymətə tələbkara təklif edilməsinə razı deyildir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi, tələbkar X3, borclu "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialları araşdıraraq belə hesab edir ki, hazırkı mübahisəyə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olmadığından iş icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 saylı Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əəmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail Rayon icra şöbəsindən təqdim edilmiş e133803/2023-16-25-001 saylı icra işi üzrə borclu "xxxx" MMC-yə məxsus və üzərinə həbs qoyulmuş əmlaklar üzrə hərrac keçirilmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən icra sənədi üzrə hərrac keçirilmədiyindən hazırkı mübahisəyə icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyatı məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan iddiaçıya aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-776/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-776/2024
24.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver