Məhkəmə qərarları › İş №e-2-2(113)-7767/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7767/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7767/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2492,75 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 44,93 manat, bütövlükdə 2582,61 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində AİS-ZZT-150724 nömrəli tikinti texnikasının icarəsinə dair Müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən tərəfindən xüsusi tikinti texnikaları icarəçinin istifadəsinə (icarəsinə) verilmişdir. İcarəyə verən tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş və texnikalar icarəçiyə təhvil verilmiş və texnikalardan müvafiq qaydada istifadə edilmişdir. Ötən müddətdə icarəçi icarə haqqını ödəməmiş və nəticədə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hazırda icarəçinin tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 3 nömrəli təhvil-təslim aktına əsasən 1917.5, müqavilənin xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 575,25 manat, ümumilikdə 2492,75 manat ödəməli olduğu icarə haqqı mövcuddur. Müqaviləyə 1 nömrəli əlavənin 3.1-3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Müqavilənin 4.2ci bəndinə görə, müqavilədən irəli gələn yaxud bu müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) gün ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Qeyd edilənləri nəzərə alaraq, Müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödənilməli vəsaitin, həmçinin pretenziya verildikdən sonra ödəniş olmadıqda sonrakı günlərə görə də ödənilməli vəsaitin 10 (on) gün ərzində ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Sözügedən pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı hərəkət edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında çıxa biləcək bütün mübahisə və ixtilaflar danışıqlar yolu ilə, qarşılıqlı razılaşma əldə edilmədiyi təqdirdə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll ediləcəkdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Hüseynli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında imzalanmış müqavilə üzrə tərəflər arasında ümumilikdə 3 təhvil aktı imzalanmış, ilk iki ay vaxtında cavabdeh tərəfindən ödənilsə də, sonuncu aktla bağlı cavabdehə 1917,50 manat icarə haqqı borcunun ödənilməsi üçün elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən vaxtında ödəniş edilmədiyi üçün cavabdehə əlavə 575,25 manat borc hesablanmış, bununla bağlı cavabdehə əlavə elektron qaimə təqdim edilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 15 iyul 2024-cü il tarixli AİS-ZZT-150724 nömrəli tikinti texnikasının icarəsinə dair müqaviləyə əsasən icarəyə verən təsviri, icarə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikasını icarə predmeti qismində bu müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə texnikanı icarəyə götürüb qrşılığında bu müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə görə texnika üçün aylıq icarə haqqının məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd edilir. İcarə haqqına ƏDV daxil deyildir.

9. Müqavilənin 3.2-ci bəndinə görə, texnikaların icarəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 15 gün ərzində ödəniləcəkdir və bu müddət ərzində ödəniş edilməzsə icarəyə verən məhkəməyə müraciət edə bilər.

10. Tikinti texnikasının icarəsinə dair 15 iyul 2024-cü il tarixli, AİS-ZZT-150724 nömrəli müqaviləyə 1 nömrəli xx.xx.2024-cü il tarixli əlavənin 3.1-ci bəndinə əsasən, icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 15 gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 7000 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, 01 nömrəli təhvil təslim aktına görə, Hyundai Hl 760-9 S markalı frontal yükləyici xx.xx.2024-cü il tarixində icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, 02 nömrəli təhvil təslim aktına görə, Hyundai HL 760-9 S markalı frontal yükləyici xx.xx.2024-cü il tarixində icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir.

13. xx.xx.2024-cü il tarixli, 03 nömrəli təhvil-təslim aktına görə, xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edilmiş və cəmi icarə haqqı 1625 manat, ƏDV 292,50 manat olmaqla ümumi icarə məbləği 1917,50 manat təşkil edir.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT 2408 10872863 nömrəli 1917,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 11706390 nömrəli 575,25 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 15 iyul 2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 01 saylı, xx.xx.2024-cü il tarixli, 02 saylı təhvil aktları üzrə icarə haqqı borcu cavabdeh tərəfindən ödənilsə də, sonuncu 03 saylı, xx.xx.2024-cü il tarixli təhvil aktı üzrə yaranmış 1917,50 manat icarə haqqı borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış 15 iyul 2024-cü il tarixli icarə müqaviləsi üzrə 1917,50 manat icarə haqqı borcunu tələb etməkdə haqlıdır, iddia tələbi həmin hissədə təmin edilməlidir.

21. Məhkəmə cavabdehdən icarə haqqı borcu vaxtında ödənilmədiyi üçün cavabdehdən əlavə olaraq gecikən günlərə görə 575,25 manat vəsaitin tələb edilməsi hissəsində iddianı əsassız hesab edir.

22. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə icarə haqqının məbləği razılaşdırılmış, sonuncu təhvil aktı üzrə cavabdehin ödəməli olduğu icarə haqqı borcunun ƏDV daxil olmaqla 1917,50 manat təşkil etməsi qeyd edilmişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

24. Məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.

25. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

27. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1917,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 39,18 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,75 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1917,50 manat əsas borc, 39,18 manat dövlət rüsumu, ümumilikdə 1956,68 (bir min doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5,75 (beş manat yetmiş beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar