Məhkəmə qərarları › İş №e-2-2(113)-778/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-778/2024

07.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-778/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 467.000 ABŞ dolları əsas borcun, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faizin, cəmi 482.000 ABŞ dollarının və 1.111 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK-ya investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul vermişdir. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli idi. Axırıncı dəfə 04 Noyabr 2023-cü il tarixdə cavabdehə onun satış üzrə meneceri X6 vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini vermişdir. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metro stansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəmişdir. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini ona verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb. Sonuncu dəfə 2022-ci il aprel ayında ona 25.000 ABŞ dolları qaytarılıb. Cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pulu isə geri qaytarılmayıb. “Azadlıq” Metro stansiyasının yaxınlığındakı Ticarət Mərkəzini başqasına satdıqdan sonra cavabdeh ona həmin əraziyə yaxın “Red Plaza”adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələ ilə bağlı son müzakirm olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2, iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xhaiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7, iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

8. İş materiallarından görünür ki, “Cavabdeh MTK-nın satış üzrə meneceri X6, İddiaçı Qoşunəli oğlundan Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (Azadlıq metro stansiyasının ətrafında) xx.xx.2008-ci il tarixdə 246.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 246.000 ABŞ dolları aldım” məzmunlu iltizam tərtib edilmişdir.

9. Qeyd edilmiş iltizam “Bağırov E.K” tərəfindən imzalanmış və Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə iclaslarında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X2 Cavabdeh MTK-ya investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verdiyini, hissə-hissə pul verərkən “iltizam” yazıldığını, əvvəllər də, bir neçə iltizamın olduğunu, ancaq, onlarda göstərilmiş pulun geri qaytarıldığı üçün iltizamların atıldığını, ancaq sonuncu istinad olunan iltizamda göstərilən məbləğdən cəmi 25.000 ABŞ dolları ödənildiyini və 482.000 ABŞ dolları borcunun qaldığını bildirir.

11. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X7 isə əvvəllərdə iltizamların olmasını inkar etməmiş, sonuncu iltizamda qeyd edilmiş məbləğdə pulun verildiyini qəbul etmiş, ancaq məbləğin tam olaraq qaytarıldığını qeyd etməklə yanaşı, iddia müddətinin keçməsini bildirmiş və iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.

12. Məhkəmə qeyd edir ki, ilk növbədə tərəflər arasında olan mübahisənin həlli baxımından iddaçı tərəfindən cavabdehə istinad olunan iltizamda göstərilmiş məbləğdə pulun verilməsi müəyyən edilməlidir.

13. Bu halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf iltizamda qeyd edilən məbləğdə pulun verildiyini qəbul etmişdir.

14. Bundan sonra müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə verilmiş pulun qaytarılıb-qaytarılmamasıdır.

15. İddiaçı tərəf bu halla bağlı qeyd edir ki, cəmi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğində pul qaytarılmışdır.

16. Cavabdeh tərəf isə qeyd edilmiş pulu tam olaraq qaytarıldığını bildirərək, “Rəşidə verilən pullar” başlıqlı dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surəti təqdim etmişdir.

17. Qeyd edilən dəftərin əslinə məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında baxış keçirilmişdir.

18. Məhkəmə iclasında təqdim edilmiş ksero surət iddiaçının özünə göstərilmiş və iddiaçı tərəf də, onun adı əks olunan hissələrdə imzanın ona aid olduğunu və orada göstərilən pulların qaytarıldığını bildirmişdir. Həmçinin də, qeyd etmişdir ki, qeyd edilən pullar sonuncu istinad olunan iltizamda göstərilən məbləğə deyil, ondan öncəki verilmiş pulların qaytarılmasına aiddir.

19. Qeyd edilmiş əslinə baxış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçı tərəfin özünün qəbul etdiyi məbləğin cəmi 140.000 ABŞ dolları təşkil edir.

20. Cavabdeh tərəf isə, qeyd edilmiş kağızda “Şahbaz”, “Akif”, “Xaliq”, “Urfani” adlı şəxslərə pulun verildiyini və həmin şəxslərin də, pulu iddiaçıya qaytardıqlarını bildirir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 qeyd edilmiş bütün pulların iddiaçıya qaytarıldığını bildirmişdir.

22. Qeyd olunanlardan Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qaytarılmış iddiaçının özünün qəbul etdiyi 140.000 ABŞ dolları məbləğində pul, sonuncu iltizamda qeyd edilmiş məbləğdən deyil, hər iki tərəfin qəbul etdiyi, əvvəllər mövcud olmuş və hər iki tərəfin məhv etmiş olduğu iltiamlarda qeyd edilmiş məbləğ üzrə qaytarılmış pul olmuşdur.

23. İddiaçı tərəfin özünün də, qeyd edilmiş iltizamda göstərilən məbləğdən 25.000 ABŞ dolları məbləğində pulun qaytarıldığını qeyd etməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçının borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır.

24. Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verilməlidir.

25. Ona görə də, bu xüsusda ilk öncə, tərəflər arasında olan mülki hüquq münasibətlərinin nədən ibarət olması aydınlaşdırılmalıdır.

26. Məhkəmə iclasında iddiaçı tərəfdən qeyd edilən məbləğdə pulun nə üçün, cavadehə verdiyi soruşulmuş, iddiaçı tərəf də, investsisiya qoyulduğunu; birgə fəaliyyətlə məşğul olduğunu; vermiş olduğu pulun əvəzində əmlak verilməli olduğunu bildirdi.

27. Bundan başqa iddiaçı tərəf: əgər verilmiş pulların əvəzində əmlak verilməli idisə, nəyə görə əvvəlki iltizamlarda qeyd edilmiş pulları əmlak deyil, nağd pul şəklində almısınız? Sualına cavab olaraq qeyd etmişdir ki, əmlakın verilməyəcəni bildikdən sonra pulumuzu tələb etmişik.

28. İş materillarına əlavə edlmiş əslinə baxış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçının özünün məhkəmə iclasında qəbul etmiş olduğu pullar ona xx.xx.2009-cu il, 06.0.2010-c il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixlərdə ödənilmişdir.

29. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, əgər əvvəlki iltizamlarda olan pullar 2009-2010-cu illərdə, nağd şəkildə qayatarılıbsa həm əvvəlki, həm də, hazırda istinad olunan iltizamda qeyd edilmiş pul vəsaiti cavavdehə borc olaraq verilmişdir.

30. Həmçinin qeyd edilməlidir ki, iltizamda “Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün” ifadəsi qeyd edilmişdir, yəni verilmiş pulun əvəzində hər hansı bir əmlakın verilməsi ilə bağlı qeyd mövcud deyildir.

31. Cavabdeh tərəf də, pulun əmlakın allınması ilə bağlı verilmədiyini bildirmişdir.

32. Məhkəmə həmçinin qeyd edir ki, əgər həqiqətən də, pul əmlakın alınması ilə bağlı olsa idi, MTK-ilə mülki hüquqi müqavilə (podrat, alqı-satqı) bağlanmış olaradı.

33. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə qiymət verilərkən tərəflər arasında borc müqaviləsindən irəli gələn mülki hüquq münasibətinin olması nəzərə alınmalıdır.

34. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

35. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2008-ci il tarixdə 146.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 246.000 ABŞ dolları məbləğində pul verilmişdir.

36. 14 İddiaçı isə hazırkı iddia ərizəsi ilə, xx.xx.2023-cü il tarixdə Məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə həmçinin qeyd edir ki, hətta iddiaçının bildirdiyi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğinin qaytarılması halı da, iddia müddətinin keçməsindən sonra baş vermişdir. Yəni, iddia müddətinin keçməsindən sonra edilmiş etirafedici hərəkət, iddia müddətinin kəsilməsinə səbəb olmur. Çünki bu hərəkətlər iddia müddəti ərzində edilməli olduğu halda, nəzərə alınır.

38. Hazırda isə göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti kifayət qədər uzun müddət ötürülmüşdür.

39. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

40. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar